Страницы

05.06.2013

Gözəl qızlar Bakıdan hara çəkildi?

Niyazi Mehdi

Millətlərin gözəllər yarışı

Sayğılı oxucu, nə gizlədək, gözəl qızlar, qadınlar millətin dəyərləri, möcüzələridir. Millətlər gözəl qızları ilə öyünürlər, hətta bu, namus ideoloqlarında hiddət doğursa da ki, neynirsiniz, qızlarınızı satışa çıxarırsınız?!
Bizim çoxumuz millətin gözəl qızlarını yabançılara qısqansaq da onlar söyləyəndə ki, yaman gözəlləriniz var, məmnun oluruq. Necə ki Bakını öyəndə xoşnud oluruq. Başqa ölkələrə gedəndə mütləq öz gözəllərimizlə yabançı ulusların gözəllərini tutuşdururuq. Sovet dönəmində Bakı gözəlləri haqqında əfsanələr vardı, bunu metistlərlə, yəni azəri türkləri ilə başqa ulusların qarışığından doğulmuş uşaqlarla izah edirdilər.


Qərbdə gözəllər haralara çəkilirlər?

Mən öz səyahətlərimdə ilk şoka Amerikada düşdüm. Bu qədər gəzdim, bu qədər baxdım, nə Nyu-York, nə Vaşinqton küçələrində gözəl qız və qadın görmədim (bəlkə də, gördüklərim tək-tük olduğu üçün belə bildim). Hollivud gözəllərinin fonunda Amerika küçələri belə zəif estetikada göründükləri üçün söylədim: “Yox, amerikalı qızlar kobud və maraqsızdırlar”. Bax, bunu deyəndə bilmirəm, amerikalımı, yoxsa Batını yaxşı bilən öz azərbaycanlımızmı söylədi: gözəl qızların küçələrdə nə işi var? Onlar varlı firmalarda, ofislərdə, moda evlərindədirlər.
Sonralar eyni vəziyyətə Macarıstanda, İsveçdə düşdüm. Budapeşt, Uppsala küçələrində Allahın qadın möcüzəsinə az rast gəlmək olardı. Yenə izah eşitdim ki, gözəl qızlar o çevrələrə toplaşırlar ki, orada böyük pullar fırlanır. Ona görə də küçələrdə nadir hallarda adamın rastına çıxırlar. Eyni izahı İstanbulla, Ankara ilə, Moskva ilə bağlı da eşitdim və sonralar bu şərhi özüm səsləndirməyə başladım.

Gözəl qızlardan danışmağın əxlaqi çətinliyi

Anlayıram, kimlərsə öfkələnəcək ki, sən qızları nə sayırsan? Özlərini satışa çıxaranmı sayırsan?! Ancaq belə soruların cavabını Froydun davamçısı Erix Fromm yaxşı verib. Söyləyib ki, bazardakı mal, əmtəə, tavar (türkün sözüdür bu kəlmə) ilişgiləri kapitalizm dönəmində insanlara da keçib. Kapitalizm məcbur edir ki, yaxşı işə düzəlmək istəyən nəinki qızlar, elə oğlanlar da özlərini satışa çıxaran, müştəriyə göstərən kəslər kimi aparsınlar. Öz CV-lərini tavar xarakteristikası kimi paylayırlar, öz geyim-kecimləri, səliqələri ilə sanki “mənim qiymətim bahadır” deyirlər.
Gözəl qızlar interyer bəzəyi kimi

Dizayn prinsiplərindən biri boş məkana ağac, gül silueti ilə, hansısa fiqurlarla yaraşıq gətirici cizgilər vurmaqdır. Çağdaş dünyada qız və qadınlar dizayn amilinə çevriliblər: onlar ofislərdə, sərgilərdə, boks yarışlarında gözəl-göyçək dizayn cizgiləri kimi iştirak edirlər. Bir düşünün, yaraşığı olmayan qadın saatlarla ev yığışdırıb qəpik-quruş alır. Professional boksçuların yarışında hər döyüşün başlanğıcında və sonunda rinqə çıxan yarıçılpaq qızlar isə bir o yana, bir bu yana getməklə böyük qonorar alırlar.
Tavar ilişgiləri nəsnə, şey-şüy münasibətləridir. Bizim yaşamımızda bu ilişgilər yetərincədir. Bir nəsnə çox olanda dəyərdən düşür. Eləcə də, tutalım, şou-biznesdə gözəllər çox olduqca dəyərdən düşürlər, əvəzində hansısa deffektinə görə etalona, standarta uyğun gəlməyən gözəllər daha yüksək dəyərləndirilirlər. Culiya Robertson dediyimə bir örnəkdir. Təkrar edirəm, söylədiyim bazar qanunu kimi nəsnələr arası ilişgilərdir, indi insana da keçib.

Paytaxtın gözəlləri

Bakıda son illərəcən Tarqovı küçəsi podiumu andırırdı. Bütün gözəl qızlar oradan keçərək üzlərini, fiqurlarını, geyimlərini tamaşaya qoyurdular. Cüt-cüt yeriyəndə gözaltı adamların onlara necə baxmasına fikir verirdilər. Tarqovı Bakı qızlarının hamısının gözəl olması ilə bağlı ilğımlar, əfsanələr yardırdı. Ancaq bir olay məni çaşdırdı. Çoxdandı Tarqovıda olmamışdım. Bu yaxınlarda ora gedəndə gördüm ki, daha, həmin küçə gözəllər podium deyil. Oradan ən adi görünüşlü qızlar keçir. Bax, bu zaman barmağımı dişlədim: aya, bizdə də gözəllik tavara çevrilib? Bizdə də gözəllik yüksək pullar gətirdiyi üçün qızlar küçələrdən ofislərə, bahalı əyləncə dünyasına çəkiliblər? Bunu tanışıma söyləyəndə dedi: gözəl qızların küçələrdə nə işi var?! Onlar maşınlarındadırlar.
Bu yazını mən, sadəcə, “bizdə nələr baş verir” seriyasından məqalə kimi yazdım. /teleqraf.com/

Комментариев нет:

Отправить комментарий