Страницы

25.06.2013

Masallıda Folklor Festivalı

Bu il iyunun 12-dən 16-na kimi Masallı rayonunda 2-ci Beynəlxalq Folklor Festivalı keçirilib. Festivalda 8 ölkədən (Azərbaycan da daxil olmaqla) 15 kollektiv öz ustalığını göstərib.
Tədbirə öz heyranlıqlarını ifadə edənlər də çox idi, bəzi sosial problemləri əsas gətirib dodaq büzənlər də var idi. Həmin fikirləri sizinlə paylaşmazdan öncə tədbirin gedişatı haqqında qısaca məlumat vermək istəyirik. Onu da xatırladaq ki, ötən illə müqayisədə bu ilki festivalda daha çox ölkə və daha çox yaradıcı qrup təmsil olunurdu. Öncə qonaqları sizə təqdim edirik:

- Türkiyə Respublikası.
- Gürcüstan Respublikası.
- Qazaxıstan Respublikası.
- Latviya Respublikası.
- Rusiya Federasiyası (2 kollektivlə - Dağıstan rəqs qrupu və Tula rəqs qrupu).
- Ukrayna Respublikası.
- İran İslam Respublikası (Rəqs və aşıqlar qrupu).
Bundan əlavə tədbirə Zaqatalanın rəqs qrupu, Ağdamın “Şur” ansamblı və “Qarabağ bülbülləri” ansamblı qatılmışdı.
Masallı rayonunu tədbirdə “Halay”, “Veteran halay”, oğlanlardan və qızlardan ibarət rəqs qrupları təmsil edirdi.
Tədbirə Masallının paytaxtda yaşayan təmsilçilərindən onlarla alim, aktyor, şair və yazıçı qatılmışdı.
Folklor festivalına Masallı Rayon İcra Hakimiyyətinin binası qarşısındakı meydandan start verildi. Hər qrup burada bir nömrə ilə çıxış edib, sonra Heydər Əliyev adına parkın qarşısında sıralanırdı.
Daha sonra festival iştirakçılarının Heydər Əliyev adına parkın qarşısından rayondakı Nizami Gəncəvi adına meydana kimi 1 saatdan artıq çəkən paradı təşkil olundu.
Burada qonaqlar Masallının xalq sənəti nümunələrindən təşkil olunmuş sərgiyə tamaşa etdilər.
İyunun 13-də festival nümayəndələrinin iştirakı ilə açılış konserti oldu.
Heydər Əliyev adına parkın yenidən qurulmuş ərazisində, təzə inşa olunmuş açıq səhnədə təşkil olunmuş konsert olduqca yüksək səviyyədə keçdi.
Tədbirdən öncə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və Respublika Mədəniyyət nazirinin müavini tədbir iştirakçılarını salamladı.
Axşam saat 21.30 da başlayıb, 23.30-da bitən konsertdə olduqca maraqlı ifalar oldu. Xüsusən, Gürcüstan, Dağıstan, Türkiyə təmsilçilərinin çıxışları, Ağdamın “Şur” ansamblı və Masallının rəqs qrupu daha maraqlı çıxışlarla yadda qaldı.
Festivalın 2-ci günü tədbir iştirakçıları rayonun Hişkədərə və Həsənli kəndlərinin qonağı olub. Axşam qonaqların şərəfinə “Nağıl dünyası” istirahət mərkəzində ziyafət verilib.
Nəhayət, iyunun 15-də yenə də Heydər Əliyev mərkəzinin təzəcə istifadəyə verilmiş açıq səhnədə festivalın təntənəli bağlanış mərasimi keçirilb. Həmin axşam parkda böyük atəşfəşanlıq təşkil edilib.
Tədbirdə Latviyanın, Türkiyənin, Qazaxıstanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfirləri və onların müşavirləri iştirak edirdilər.
Biz tədbiri əvvəldən axıradək izlədik, qonaqların çoxu ilə söhbətləşdik. Bir məqamı hiss etdik ki, qonaqlar, sadəcə etika xatirinə yox, doğrudan da Masallının təbiətinə, onlara göstərilən qonaqpərvərliyə heyran olaraq təəssüratlarını bölüşmək istəyirlər. Türkiyədən gələn qrupun rəhbəri Adnan Karaca bildirdi ki, mən tədbirin bu səviyyədə gözəl olacağını gözləmirdim. Onlarla ölkədə olmuşam. Bu tədbiri ancaq yaxşılarla müqayisə etmək olar. Siz bütün istiqamətlərdə özünüzü gözəl təqdim etməyi bacardınız. İran, Gürcüstan, Latviya, Qazaxıstan və Ukraynadan gəlmiş təmsilçilər də bu festival zamanı təşkilatçılıqdan, qonaqlara hədsiz diqqətdən çox razı qaldıqlarını dönə-dönə təkrarladılar.
Amma gileylilər də var idi. Kimi xaraba küçələri, kimi əhalinin dolanışığının aşağı olduğunu əsas gətirib, belə tədbirlərə külli miqdarda vəsait xərcləməyin yersiz olduğunu bildirirdi və heyf ki, belələri adlarının çəkilməsini istəmədi.
Məxsusi olaraq bu tədbiri izləmək üçün Lənkərandan Masallıya gələn, özünü Bahadır Xəlilov kimi təqdim edən və müəllim işlədiyini bildirən şəxs dedi ki, Masallı Lənkəranı ilk dəfə 10-15 il əvvəl, Teymur Yəhyayevin vaxtında keçmişdi, bir də indi keçir. Sirr deyil ki, ölkənin başqa rayonları bir yana (Qəbələ rayonu istisna olmaqla), belə tədbirlər qonşu rayonlarda, hətta bu sahədə böyük ənənələri olan Lənkəranda belə keçirilmir. Masallının yeni parkına baxanda isə düşündüm ki, bura da yavaş-yavaş şəhərə oxşamaq istəyir.
“Bəs bəziləri deyir ki, əhalinin çoxlu sosial problemləri olan vaxtda belə tədbirə bu qədər vəsait sərf etməyə dəyməzdi?” fikrinə
Bahadır müəllim belə münasibət bildirdi:
-Tutaq ki, bu tədbirə 100 min manat xərclənib. Həmin tədbir olmasa idi, guya həmin 100 min manatı xalqa paylayacaqdılar? Amma konsertdən hamıya pay düşdü. Masallı, onun timsalında isə Azərbaycan neçə ölkədə tanındı.
Özünü Masallının ilk dramaturqu, ilk rejissoru, ilk teatr rəhbəri kimi təqdim edən Ağalar İdris oğlu da tədbir haqqında xoş sözlər söylədi:
-Çoxlu tamaşalar hazırlamışam, çox böyük səhnələr görmüşəm. 100-dən yuxarı tamaşaya quruluş vermişəm. Teatr təhsilimi Moskvada almışam. 40 ildir ki, peşəkar teatrdayam. Elə bilirdim ki, məni teatrla bağlı heç nə ilə təəccübləndirmək olmaz. Amma Masallı bu rədbirlə məni təəccübləndirdi. Əgər bu tədbir televizorda göstəriləndə rayon adı yazılmasaydı, elə bilərdim ki, bu festival hansı ölkəninsə paytaxt şəhərində keçirilir. Qürur duydum.
Tək-tük belə fikirlər istisna olmaqla, böyük zəhmət hesabına başa gələn, 3 gün ərzində yüzlərlə insana sevinc, fərəh bəxş edən bu tədbirə görə festivalın təşkilatçılarını təbrik etsək, yəqin ki, bizi qınayan az tapılar. Hərdən yaxşıya yaxşı deməyi də bacarmalıyıq. Nöqsanları, kəm-kəsirləri tənqid etməyə isə həmişə vaxtımız olacaq.

Zahir Əmənov                   "Cənub xəbərləri"


Комментариев нет:

Отправить комментарий