Страницы

15.06.2013

Mənə başqa qadınlardan danış

Nilufər Muğantürk

Mənə başqa qadınlardan danış,
bir zamanlar sevdiyin, sevişdiyin.
Yoruldum
gözlərində başqa qadınlar görməkdən...
Danış,
danış silinsin gözlərindən başqaları.

Mənə ilk məhəbbətindən danış.
Hələ də adı gələndə, bir anlıq düşündürən
üzünə təbəssüm qonduran
o, birinci sevgindən.
Danış ki, unudulsun...

Acımı içimə gömüb
həsrətinlə sevişdiyim gecələrdə

Sən intiqam adıyla hər gecə
üç-beşini bir-birinə dəyişdiyin,
bir gecəlik qadınlardan
ucuz fahişələrdən
mənə başqa qadınlardan danış.

Mənə başqa qadınlardan danış.
Dodağından soyuq öpüş izləri
qoy silinsin
gözlərində başqa qadın gözləri...
Saçlarında, məndən öncə olanların
unudulub gedənlərin
min ahı, naləsi var.
Danış, danış, uçub getsin
bir az daha unudulsun...

Toxunanda diksinirəm,
əllərində başqa qadın bədəninin
ən incə yerləri var.
Yu əlini keçmişinlə
danış mənə olanları...
Mənə başqa qadınlardan danış,
qoy silinsin, bütün gəlib keçənlər.

Mənə başqa qadınlardan danış,
ən çox sevdiyin qadından.
Saçlarında,
yanağında,
əllərində,
gözlərində,
bədənin hər yerində əllərinin izi olan
o qadından...

Dodağından qoy düşməsin heç adı.
Aldığın hər nəfəsdə mənə onu xatırlat
Məni də ona bənzət
Onun kimi sev məni
Mənə anandan danış...

Комментариев нет:

Отправить комментарий