Страницы

23.06.2013

Özünə “jurnalist” deyən bəzilərinə

haberLəman Məmmədova

Öncə onu qeyd edim ki, artıq yazmadan bilirəm, yazımı “haqq qazandırmaq” kimi dəyərləndirənlər olacaq.
Cavab verirsən, çöldə müharibə başlayır, susursansa, öz içində.
Hərdən mənə elə gəlir ki, ananın qayıtmasında əməyi olan hər kəsə təşəkkürümü ifadə edəndə “hər kəs” sözünü cümləmdən çıxarmalıydım.
İndi mətbuatı izləyirəm və bəzilərinin “birinci müsahibə alan” statusuna layiq görülmədikləri üçün incimiş qələmləriylə yazdıqları yazılara gülməkdən başqa heç nə əlimdən gəlmir.
Məsələn, on nəfəri qarşımıza düzsək, hərəsinə ayrı-ayrı müsahibə verməli olsaq, istər-istəməz “birinci müsahibə” onlardan birinə qismət olmayacaqdımı?
Şeyxin yanında ANS təmsilçisindən başqa heç birinizi görmədim, mən də bununlamı sizi qınayım? Lazımi sualları isə özünə heç kəs vermir. Heyf...
Gülməyə davam...
Ananın verdiyi müsahibənin nöqtələrini unudub, vergüllərindən yapışıblar və “kabab, plov” yeməyini gündəmdən çıxarmırlar. Elə bil Xalidə Xalid şou-biznes nümayəndəsidir və ulduz kimi parlamağa davam etsin dəyə hər kəsə qalmaqallı müsahibələr verməli idi. Gülürəm hələ də, vallah. Müsahibənin əvvəlində onun gözlərinə dolan yaşların qaynağının övlad həsrəti olmasını və bu həsrətin bütün əziyyətlərdən ağır olduğunu necə nəzərdən qaçırmaq olar?
Məhz, qələm tutmağı bacarmayanlara, özünə “jurnalist” deyən bəzilərinə, “zurnalist” desəm, yəqin ki, bu dəfə də məndən inciyərlər. Amma nə etmək olar? Ürəyim doludur.
Öncə onu qeyd edim ki, artıq yazmadan bilirəm, yazımı “haqq qazandırmaq” kimi dəyərləndirənlər olacaq. Onlara da bildirmək istəyirəm ki, tapdanılan haqq varsa, üçüncü tərəf - bitərəf olmaq da mənə yaraşmaz. Şeir və hekayələr yazmağa qələmimdə mürəkkəb varsa, kağıza o mürəkkəbdən anam üçün axıtmamağım bir az mənə tərs davranışdır.
Mən üçüncü tərəf olacam, ancaq mənim “üçüncü tərəf” olaraq tutduğum tərəf görməzlikdən, duymazlıqdan gələnlərin qarşısında həqiqət mənzərəsini açan pəncərə tərəfdir. Bir də, ən bəsiti : hamı danışır, biz bacarmırıq? Biz də danışaq.
İyirmi iki ildir ki, Xalidə Xalid mənim anamdır və türklər demiş “ne mutlu bana”. İyirmi iki ildir ki, mən onun həyatını beynimdə video lentə alıram. Məncə, Xalidə Xalidi 1-2 aydır tanıyanlardan daha yaxşı danışa bilərəm ondan. Bizdə öyrəşiblər tənqid edilən şəxsi müdafiə etməməyə və ya “özünkülər müdafiə etməsin, qoy xalq müdafiə etsin” təfəkkürünə. Onda deyin görüm, Xalidə Xalidi məndən daha yaxşı kim tanıyır ki, məndən də yaxşı müdafiə etsin? Hm? Niyə aqressivik?
Ortadan qırmızı şriftlə qeyd etməliyəm ki, ağsaqqalların “valideyn olarsan, bilərsən” məsləhəti deyəsən yavaş-yavaş özünü doğruldur. Hətta mənim gözümdə də.
Sən demə Xalidə Xalid müsahibəsində İran həbsxanasını və ETTELAT məmurlarını pisləməli idi, çünki orada digər soydaşlarımıza qarşı amansız rəftar nümayiş etdirilir. Xalidə Xalid isə dedi ki, mənə qarşı orada yüksək səslə danışan belə olmayıb.
Bəs yaxşı, Xalidə Xalid sizin oxumaq ya da görmək istədiyiniz, ancaq özünün görmədiyi amansız rəftardan danışsaydı, yalançı olmazdımı? Sonra başqaları da onu yalan ittihamlarda qınamazdımı?
Sizin tutduğunuz “baltayla” mərdi qova-qova namərd edərək həbsdə olan soydaşlarımızı daha böyük təhlükə altınamı alaydı?
Amma əlbəttə ki, indi bunu heç kəs düşünmür. Axı düşünmək nəyə lazımdı?
Ortada qınamağa və məşhurlaşmağa bu cür mövzu var. Yaxşı da, etiraz etməyin, yaxşı bilirəm ki, sizi belə “uydurmalar” yazmağa məcbur edən özünüzün də etiraf etmək istəmədiyiniz aciz instinktlərinizdir. Qınamağa fürsət olan kimi fəallaşan neyronlarınızdır. Ha gözləyirsiniz ki, qınadığınız insanın beynində yazdıqlarınız tətik çəkər və o da sizə hücum edər, ancaq boşuna. Xalidə Xalid nə bundan əvvəl şou göstərən biri idi, nə də bundan sonra sizin qarşınıza şouyla çıxan biri olacaq.
Oyandılar “zurnalist”lər, ekspertlər! Oh! Sabahınız xeyir! Bu neçə vaxtı Məhəmmədhüseyn Şəhriyarı araşdıran insanlar haqqında yazmadığınız qələminizə indi mürəkkəb nə tez doldu?
Harda qaldı o “Azərbaycan qadınına azadlıq” canfəşanlığı?
Harda qaldı reytinq dağıdan “Milli qeyrət” şüarlarınız?
Bilirəm, bilirəm tarixdə qalmayacaq imzalarınızın acısıdır, indidən yaşayırsınız və hücuma keçirsiniz. Allah köməyiniz olsun deyərdim, amma sizə kömək lazım deyil ki!
P.S. Suallarıma cavab verməyin, mənim üçün fərqi yoxdur. Mən aqressiv biri deyiləm, asılı biri də deyiləm. Çünki güclü və səbrli olmağı mənə öyrədən qadının övladıyam. Beynimdəki süzgəcdən istifadə etməyi bacarıram və fikirlərimi paylaşmaq ehtiyacı hiss etdikdə paylaşıram. Bu da həmin anlardan biri idi. Gülümsəməyimi də ürəyinizdən asılan daşlara bağışlayıram.

islamazeri.az

Комментариев нет:

Отправить комментарий