Страницы

10.06.2013

Qəddafi üçün ağlamaq

Cavidan

Qəribə bir zaman kəsiyinə düşmüşük.
Axın bizi qarşısına alıb da aparmaqda.
Amma sonu haraya gedib dirənəcək bütün baş verənlərin, kimsə bilmir, düşünürəm. Gözlərimizin qarşısında bir-birinin ardınca imperiyalar çökür, rejimlər devrilir, diktatorlar ölür. Bəli, məhz ölür!
Və onların hər birisinin ardınca ağlayanlar var.
Bu məqamda Müəmmar Qəddafinin cəsədi yanında növbəyə dayanıb, meyitlə xatirə şəkli çəkdirən liviyalıları kimsə xatırlayacaqsa, mən də öz növbəmdə, Qəddafinin doğma şəhəri Siirtdə, onun ölümündən sonra minlərlə tərəfdaşlarının da qadınlı-kişili zorlanıb öldürülməsi faktının internet saytlarında yayımlandığı xəbərlərini xatırladacam. Və kim bilir, Liviyada hələ də məhv olmuş rejimə, öldürülmüş diktatora nə qədər ağlayanlar, dağıdılmış, xarabalığa çevrilmiş ölkəyə görə nə qədər başına-dizinə döyənlər var?!
Özgə ölüsü yatmış görünər, deyiblər.

Qəddafi bizə yatmış göründü, həyatının son saatlarında nə çəkdi, nə çəkdirdilər, arsız-abırsız yayımladıq da internet imkanlarımız çatan yerlərdə, izlədik və izlətdik dəfələrlə dəfə, bir ailənin və bir ölkənin acısını alqışladıq.
Amma düşünmədik, Avropanın istəyi və Amerikanın diqtəsi ilə bu dəqiqə yer üzündə elə bir psixosahə yaradılıb ki, əhatə dairəsinin dalğavari bir artımla az qala bütün planeti örtdüyünü görməmək mümkün deyil.
Qərbin Şərqə həmişə gizlicə bir ruh ehtiyacı olub.
Şərqin Qərbə soyuq beyin ehtiyacı olduğu kimi.
Amma Qərbin içində bircə zərrə Şərq, Şərqin içində bircə zərrə Qərb olması yetər ki, bu dünyada hər şey özünün harmonik İn və Yan qarşılığını rahatca yaşaya bilsin.
Səhvlər – Qərbi şərqləşdirmək, Şərqi qərbləşdirməkdən doğur.
İslam və Xristianlıq ən qarışıq yerində qapanıb bu xaosun. Yalnız dindən xəbərsiz siyasətçilər və siyasətdən anlayışı olmayan dindarlar aldana bilər Yer üzündə bütün xalqların bir-birinin ardınca oyanıb demokratiya arzulamasına və diktatorların ölümünü istəməsinə.
“Ərəb baharı” deyib də, zavallı ərəbin ümumiyyətlə, bahar deyilən bir şeydən xəbəri olduğunu düşünmək miskinliyin son həddi olmalıdır. Ərəbin baharı olmaz, canım, ərəbin olsa-olsa, səhrası olar, bir də zaman-zaman karvanı azar, dəvəsi ölər, su ehtiyatı tükənəndə uzaqdan gözlərinə görünən ilğımı olar.
Bu ilğıma doğru nə qədər qaçırsa, qaçsın, nə üfüqə çatmaq mümkündür, nə səhradan köç etmək.
O zaman, özünün genetik və ruhi bağlılıqları olan bir xalqı nə haqla ömründə göz dolusu Günəş belə görə bilməyən soyuq insanlarla bir tutur, onlar kimi yaşamasını istəyirik – adımızı demokratiya savaşçısı qoyaraq?!
Yadınızdamı, bütün dünya Şimali Koreyada baş verənlərə dikmişdi gözünü. Ölkə başçısı dünyasını dəyişmişdi, ölkə vətəndaşları başlarına döyüb ağlayırdılar. Hətta Kimin son dəfə göründüyü eskalatorda, onun əlini qoyduğu yerə toxunub fəryad edirdilər koreyalılar. Ən dəhşətli absurd isə - ölkədə dekabrın 28-dək ağlamamağın yasaq edilməsi idi. Təsəvvür edirsinizmi – Ağlamamaq olmazdı!!!
Bu, diktaturanın pik həddi, diktənin gözlə görmək mümkün olan son zirvəsi, diktatorun öz xalqına qoyduğu axırıncı qadağa idi – ölümündən sonra!
Hərdən iqtidarları, hərdən müxalifətləri anlamağa çalışıram, hərdən buna nail də oluram, amma zarafat bir yana, hərdən də mənə elə gəlir ki, bu dünyada bütün ölkələri, bütün məmləkətləri, bütün diktatorları özünün diktəsi altına almaq istəyən dəhşətli bir diktatura da var artıq.
Baxın, onun uzun-uzun barmaqları necə də qabarmaqda hamımızın üstünü almış buludların o tərəfindən.
Və bu barmaqlardan üzü Yerə bir-birindən uzun, bir-birindən möhkəm iplər görünür tarım çəkilmiş.
Hər birisi birimizi oynatmaqda...

az.azvision.az

Комментариев нет:

Отправить комментарий