Страницы

24.06.2013

Rövşən NOVRUZOĞLU - YALAN

rovshen novruzoglu 300x222 YalanAraşdırma materiallarına görə, indiyədək dünyanın yanacaq resursları ilə zəngin ölkələrində dilimizin əzbəri olan və geniş miqyaslı “Yalan”la bağlı 356 kitab yazılıb. (Əlbəttə, bu son yüz ilin məlumatıdır.) Bu əsərlərin 193 janrına görə, bədii-sənədli, 59 pamflet, 48 publisistik, 63 sırf siyasi ədəbiyyat, qalan 3-ü isə səhnə əsəri hesabındadır. Məlumata görə, o üç səhnə əsərinin də ən dəyərlisini mərhum yazıçımız Sabit Rəhman qələmə alıb. Onun “Yalan” komediyası bu gün də öz dəyərində qalıb… O, qalsaydı, kim bilir, bəlkə bu günkü həyatımızın yeni “Yalan”larını qələmə alardı.
Düşünürəm, görən bu gün Azərbaycanda ən çox kim yalan danışır? İş adamları, məmurlar, gəlmələr, din xadimləri… qeyri-hökümət təşkilatları, qrant verənlər, qrant alanlar… yoxsa siyasətçilər?
Yalan deyə-deyə Müstəqil Azərbaycandan hərə bir çimdik götürür. Fikrimcə, ən böyük çimdiklərdən birini 1997-ci il avqust ayının 2-də Hyustonda (ABŞ) götürdülər. Məsələn, Bakıda öz fəaliyyətini “Müdafiə Strategiyası” prinsipi ilə quran, güclü iqtisadi və hərbi strateji informasiya blokları olan “Pennzoil” neft şirkətinin prezidenti cənab Tom Hamilton o vaxt deyirdi: “…Fəxr edirik ki, mavi yanacaq Azərbaycanın ehtiyacları üçündür və qışda evləri qızdıracaqdır…”. Anlamadım, niyə siz fəxr edirsiz?.. Sonra cənab Tom qeyd edir ki, “…biz (yəni amerikalılar) Azərbaycanda təbii ehtiyatları milli ehtiyatlara çevirdik…” (?) Bu yalandan sonra, yeni yalanlar eşitdik. Məsələn, onun ardınca şirkətin başqa bir rəhbəri kürsüyə qalxıb, Azərbaycan Prezidenti, ümummilli liderimiz Heydər Əliyevə yalan satdı, dedi:”…Əmin olun ki, 907-ci maddə məhz bu payızda (1997) aradan qaldırılacaq…” (?)
Onun ardınca başqa bir yalan eşitdik. “Konoko” şirkətinin prezidenti Arqu Bunxam:”…Cənab Prezident! ABŞ konqresinin 1992-ci ildə “Azadlığı Müdafiə Aktı”na (?) qəbul etdiyi 907-ci düzəlişin aradan qaldırılmasına yaxından kömək göstərəcəyimə əmin olun və bu sahədə ciddi iş aparacağıma söz verirəm…” (Bundan da səs çıxmadı).
Yenə onun ardınca “BP-Amoko” şirkətinin rəhbəri Maykl Taypehem danışdı:”…Cənab Prezident! Biz 907-ci maddədən xəbərdarıq. (Bərəkəllah!). Bu ədalətsizliyin aradan qaldırılması üçün hər cür köməklik göstərəcəyik…” (Bəs hanı?)
Yenə onun ardınca “Frontera resurs” şirkətinin rəhbəri Uilyam Uayt dedi:”…Cənab Prezident! Qəbul edilmiş 907-ci düzəlişin ləğv edilməsi istiqamətində əlimizdən gələni edəcəyik…” (Bu ağ yalan oldu.)
Dözdük. Dedik, nə vaxtsa bu neft şirkətləri bizə yardımçı olarlar. Amma Azərbaycanda əməlli-başlı nöyütlü yalanla baş kəsilirdi… Ondan sonra “Şevron” şirkətinin başçısı Riçard Matske dedi:”…Cənab Prezident! 907-ci düzəlişin ləğv olunması barədə konqresmen Piter Rinqin irəli sürdüyü layihəni yüksək qiymətləndirirəm…” (Əhsən. Anladıq.)
Sonra “Yunokal” şirkətinin başçısı kürsüyə çıxdı:”…Cənab Prezident! Biz 907-ci maddənin ləğvi üçün səylə çalışırıq…” (Yalan davam edirdi.)
Yenə onun ardınca “Eksson” neft şirkətinin başçısı Terri Kuns danışdı:”…Nəyin bahasına olursa olsun, biz 907-ci düzəlişi ləğv edəcəyik. Bizim bu yolda xüsusi proqramımız var…” (Varmı belə proqram?)
Daha sonra “Şell” neft şirkətinin başçısı Filip Bate (Beyt) dedi:”…907-ci maddənin ləğvi üçün çalışacağıq ki, ədalət bərpa olunsun…”
Onun ardınca “Mobil” neft şirkətinin başçısı Bill Skomens meydanda göründü:”…Ədalətsiz (bunu düz dediniz) 907-ci maddənin ləğv edilməsi sahəsində səylərimiz çoxdur və nəticəsi də olmalıdır…”
“Amoko” neft şirkəti isə əsl mənada qırmızı yalan danışdı. Şirkətin başçısı Lourens Fuller dedi:”…düzəlişin tezliklə ləğv olunmasına inanıram. Bu yolda bizim şirkət də xeyli iş görüb…” (Məsələn?)
Fikrimcə, dünyanın neft dəllalları bu yalanları bizə sırımadılar,.. bizə yedirtdilər. Biz də baxmadıq, yedik. O qədər uzun yalandır ki, hələ ki yeyirik. On altı ildir ki, yeyirik…
Mən neft tariximizi yazanlara məsləhət görərdim ki, tariximizi bu yalanlarla başlasınlar. Güman edirəm, nə vaxtsa bir Sabit Rəhman da çıxacaq, 357-ci yalan kitabını qələmə alacaq. Amma inanmıram bir daha Sabit Rəhman doğulsun. Utanar… Doğulan günü də elə rəhmətə gedər…
Bu neft yalanları idi. Kim yalan danışa-danışa (istər müxalifət olsun, istər iqtidar) nə qədər apardı, hara apardı o da məlumdur.
Amma tarixdə yalanla öldürməkdən, zindanlara atılmaqdan, yalanla yaşamaqdan dəhşətli heç nə yoxdur…
Bizi aldatmayın cənablar! Biz aldanan millət olmamışıq. Nə istəmisiniz, vermişik. Hələ də veririk. Yenə də verəcəyik…

ayna.az

Комментариев нет:

Отправить комментарий