Страницы

01.06.2013

Sayman Aruzun “Yüz il inqilab” romanı barədə düşüncələr

Elmin Nuri

Küçələrin də öz dadı var. Təbrizin küçələri isə həsrət dadır... Duzlu göz yaşı qatılmış , kifsimiş vağzal qoxuyan bir dad... Buranın küçələri insana həsrət yedirdir... Ordan bura gələn soydaşlar isə , bizlərə  bir Təbriz dolusu isə həsrət gətirirlər
Bu inqilab mütəxəssisləridir. Təbrizin küçələri ayrılıqlar üzrə ekspertdir. Təbrizin küçələri inqilabların tərbiyəçisidir. İnqilab bu küçələrdə tərbiyə alıb, böyüyüb yetişib boya başa çatıb.

Küçə-adamlar

Bu küçələr öz insanlarını özü seçib. Onları  məhv edib  və  öldürə-öldürə onlara əbədilik qazandırıb. Bu küçələr.... Dolan bac küçələr insan ruhlarının görüşdüyü, vəhdətdə olduğu yerdir.
Küçələr bu ruhların özüdür. Bəlkə də ruhlarımız bu gün o ruhlardan kənarda qaldığı üçün həsrət dadır. Vağzal qoxuyur, həsrət dadır. Bu küçələrə qədəmini qoyan insan artıq küçələşir. Küçə bütünlüklə o adamın canına hopur. Beləliklə də Küçə Adamlar çoxalır. Küçə-küçə çoxalır adamlar , adam-adam çoxalır küçələr...

Və onlardan biri... yaxud Sayman Aruz

Ordan bura gələn, bir Təbriz dolusu həsrət gətirən Sayman Aruzdan Təbriz küçələrinin qoxusu gəlir. İnsana həsrət yedizdirən küçələrin və insanı özünə çevirən küçələrin qoxusu...  Bu küçələr bir ruhi anlayışdı. Kimin ruhu o ruhla qovuşursa mütləq onun qoxusunu da üzərində gəzdirir. Odur ki, Sayman Aruzdan “Yüz il inqilab” romanı da bəlkə elə o küçələr və o qoxular barədə elegiyadır. “Yüz il inqilab”... Yüz illik insan olmaq dərsləri. Yüz illik həsrətlə nahar etmək qonaqlığı... Yüz illik “Küçə” olmaq şərəfi. Yüz illik güneyli harayı. “Dərs keçən, “qonaqlıq görən” və şərəf daşıyan bir güneyli harayı. ..
Əsər boyu konflikt  müstəntiqlə Raziyə arasında  cərəyan edir. Əslində onların özləri ayrı-ayrılıqda bir dünyadır. Raziyə tam başqa dünyadır. O saflıqdan, mərdanəlikdən, milli heysiyyətdən yoğurulan bir dünyadır. Müstəntiq isə əks qütbdür. O, Raziyənin malik olduğu üstünlükləri itirərək şəxsiyyət kimi özünün qürub çağını yaşayır. Amma uşaqlıqda bunlar çox yaxın dost olub, hətta indi zalım müstəntiq olan, irticaçılara boyunduruq altında xidmət edən müstəntiqin Raziyəyə sevgi hisləri də olub. Amma zaman bu iki insanı bir-birindən ayıraraq onların hərəsini  tamam ayrı aləmlərə çevirib. İndi Raziyə öz ana dili, mili qüruru,  kimliyi uğrunda mübarizə aparan döyüşçüdür.  Hörmətlə Seyid adlandırılan müstəntiq isə əksinə despot zülmünə təkan verən bir şəxsin  Həbsxanada Raziyə ilə qarşılaşması, təsadüf nəticəsində onu dustaq kimi dindirməsi onda öz milli kimliyinə və şəxsiyyət kimik özünüdərkə bir çığır açır. Raziyə onun üçün bir Yola çevrilir. Qopduğu insanlıq dünyasına, saflıq zonasına birləşdirə biləcək bir Yol. O, Raziyəni itirdikdən sonra başqalaşan birisidir. İndisə Raziyə ilə yenidən rastlaşaraq öz kimliyinə uzaqdan-uzağa tamaşa edir. Onun kimliyi onun uşaqlığındadır. O uşaqlıqda Raziyə də var. O uşaqlıqda onun özü də var. Və o uzaq aləmdə,  o uşaqlıq dünyasında o, bir vaxtlar Raziyənin barmağına üzük taxaraq ömürlük onunla bərabər olmasını istəmişdi. Amma indi o, uşaqlığına həsrətlə baxır. Daha doğrusu, uşaqlığında yaşayan özünə, kimliyinə həsrətlə baxır. Orda mövcud olan kimliyi indi özündə deyil, o ümumiyyətlə kimliyini itirmiş birisidir. Amma budur,  bir gün  Raziyə gəlir. Dırnaqları qoparılsa da, milli mücadiləyə görə xeyli işgəncələrə məruz qalsa da onun qarşısına qəhrəman kimi çıxır. Əslində bu qarşıdurmada ittihamı o aparsa da, müstəntiq Raziyədir, dustaq isə özü. Raziyə ondan itirilmiş kimliyinin,  şəxsiyyətinin hesabını sorur. Özü də dinmədən , danışmadan. Raziyə təkcə Raziyə səviyyəsinə çatmaqla ondan ən böyük hesabını sorur. Elə bir hesab ki, ən amansız müstəntiq ən amansız cəza tədbirləri ilə belə o hesabı bu cür kəskin sora bilməz.
Raziyə bir Yol olduğu kimi də, özü özlüyündə bir ideologiyadır.  Əslən Sulduzdan olan, Raziyə ilə bir yerdə böyüyən türk oğlu müstəntiq mütləq bu ideologiyanı özündən keçirməlidir. O, Raziyəni yenidən yaşamalıdır ki,  özünə qayıda bilsin. Çünki Raziyə təkcə onun sevdiyi qız deyil, həmçinin də özü-özlüyündə bənzərsiz bir ideologiyadır. Saflığın , mərdliyin heysiyyətin qız formasına girmiş ideologiyasıdır. İtirdiyi bu müdhiş ideologiya ilə yenidən qarşılaşmaq müstəntiqi mənəvi cəhətdən əzir. O uşaqlıq sevgisi olan Raziyədə özünü görmür. O  İdeologiya-Raziyədə yoxdur. Bu artıq bir faciədir şəxsiyyətin faciəsidir və şəxsiyyətin fonunda millətin faciəsidir. Müəllifin də əsas qayəsi bu faciənin qarşısını almaq cəhdləridir. Fars  qüvvələrinin köləsi olan ittihamçı bu gün Raziyədən keçməklə özünə qayıtmalıdır. Əks halda o heç kimdir, heç nədir. ....

Yenə də küçələr və adamlar...

Raziyə bayaq haqqında danışdığımız Küçələrin adam formasıdır. O Küçə-adamdır. Həsrət yedirdən bir adam. O, müəllifin yaratdığı bir Saf İşıqdır. İnsanlar ondan keçərək küçələrin sakini ola bilirlər.   Raziyəni özündə sakin edən insan mütləq bu Küçələrin sakini olur.  O  küçələr ki, burda həsrət qonaqlığı var, o küçələr ki ayrılıqlar və inqilablar üzrə mütəxəssisdir. Bu gün Güneydə və Quzeydə insanlar Raziyə işığından keçməklə öz milli kimliklərini sübut edə bilərlər.

Və necə ki....

həmin müstəntiq də bu yolu keçir. O Raziyə Yolunu keçir. Raziyə böyük mərdanəliklə öz həqiqətinə və milli hissiyyatına hörmətlə yanaşaraq haqlı olaraq heç nəyi boynuna almır. Onu sonda edam gözləyir. Lakin Raziyəni buna məhkum edənlər anlamırlar ki, onlar bununla Raziyənin qələbəsini təmin etmiş olur. Çünki Raziyə ölsə də sonda Raziyəlik qalib gəlir. Raziyə fərddir amma Raziyəlik bir ideologiya. Fərd öz ölümü ilə ideologiyanı dirildir. Lakin tək ideologiyanı yox,  müstəntiqin qismində mənən ölmüş insanları da dirildir. “Dirilən” müstəntiq Raziyə sayəsində yenidən kimliyini tapır, özünü dərk edir. Onların görüş səhnələri çox təsirlidir. Müstəntiq özü öz ittiham etdiyi insana nələrisə etiraf edir. Onun öz mahiyyətindən kənarlaşdırmır. Bununla da müstəntiqi şəxsiyyət kimi ölməkdən xilas edir. Amma bir fərd kimi edam olunur. Bu edam bayaq dediyimiz kimi həm Raziyyəçilik ideologiyasının, həm də müstəntiqin mənəvi dirilişidir.
Bundan sonra müstəntiq Raziyəyə həbsxanada işgəncə verən xanım Feyzi və Hacını öldürür... Artıq çıxış yolu yoxdur. O özünü Raziyə Yoluna qurban edir. Sağ qalmayacağını bilə-bilə tapançanı öz gicgahına çəkir... Və... Və... Dirilir.
P.S. Kaş müstəntiq kimilər də bu gün bu cür dirilə biləydilər....

Комментариев нет:

Отправить комментарий