Страницы

26.06.2013

SEVDA KASTALARI

GÜNAY SƏMA ŞİRVAN

I
Sevdasını gəzdirənlər var,
Sevdada gəzinənlər var,
Sevdasını gəzənlər var,
Sevdasinda gəzənlər var.

II

Dəvəsi ölmüş ərəbə bənzəyir
sevdasını gəzdirənlər.

Qoşa ömrün yükünü
tək yastıqda daşıyar.

“Ölənlə ölünməz, 
Gedənlə gedilməz”—
qınasalar da...

O tək yanar.
Ruhu ilə,
qanı ilə,
anıları ilə.

III

Nə vecinə,
Sevdada gəzinənlərin?!--
Araz aşığından,
Kür topuğundan.

“Dünya beşgünlükdü”--deyib
sevgini bazara çəkər:
--“Pis” sən burda dur,
“yaxşı” tapmasam,
gələcəyəm...

Qəlb qırar,
könül sındırar...

IV

Sevdasını gəzənlərsə...
Aydan arı,
sudan duru...

Xəbisliklərdən xəbərsiz,
Pisliklərdən ətərsiz.
Bir az başı havalı,
Bir az gözü qaralı.

V

Məndən salam deyin,
Sevdasında gəzənlərə.
Deyin!...
Eh... heç nə deməyin!
Dəyməyin,
dəyməyin onlara,
siz Allah!

YAĞIŞ OLMAQ İSTƏYİRSƏN

Yağış olmaq istəyirsən?-
Ürəyimə yağ onda.
Bəlkə yuyula
illərin
könlümə yığdığı
möhnəti.
Yüngülləşə
günlərimi qurudan güllərin
töhməti.

Az yürümədik səninlə
yağmurlu yollarda.
gah doluya düşdük,
gah da çiskinə.

İndi
yuxusuzam,
həsrətin qollarında.

Çətirsizəm...
Yağış üstümə yağır, üstümə.

Yağış olmaq istəyirsən?-
Ötən günlərin xətrinə
qoyma tamarzı ətrinə,
küçəmizə səpələn.
Hə... vəfalım,
ürəyimə, ürəyimə,
ələn, ələn, ələn...

***
Atamı itirdiyimdə
anamdan başqa
heç kimi, 
heç kimi sevmərəm---dedim.

"O" gəldiyində
"atadan-anadan yar şirin olur"—
fikirləşdim.

Uşaqlarım doğulduğunda
"bala dadı, bal dadı"
Uşaqmış ən böyük sevginin adı—
düşündüm.

Tıq-tıq-tıq...
--Oğlum, qapını aç,
Atan gəldi.

Комментариев нет:

Отправить комментарий