Страницы

22.06.2013

Türkiyəmiz Sınaq qarşısında

Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Türkiyənin indiki durumuna münasibət bildirir

Üstün Atalı:   Soylu bəy, istərdim bir neçə sualıma cavab verəsən. Birincisi, bu gün Azərbaycanın Türkiyə ilə münasibəti hansı səviyyədədir?            
Soylu Atalı: Burada mən bəlli siyasi detalları sadalamayacağam, yazılarımızda bu barədə çox demişik. Bu gün Azərbaycanın nəinki Türkiyə ilə, əslində bütün ətraf ölkələrlə münasibəti normal deyil. O ölkələr ki, dünya düzəni deyilən gedişata təsirləri var. Məsələn, İran, Rusiya, Ermənistan, üstəlik Avropa dövlətləri, Amerika və s. Başqa dövlətlərlə münasibətin  aşağı - yuxarı olmasına dözmək olar, ancaq Türkiyə ilə münasibətin ürək açan səviyyədə olmaması düşündürücüdür. Üzdə Türkiyə ilə münasibət normal görsənir, yəni başqa dövlətlərlə müqayisədə yumşaqdır.
Məsələ üzdə görünəndə deyil. Adətən problemlərin ortaya gəlməsinə qədər münasibətlərin hansı səviyyədə olması görükmür. Mən konkret olaraq, Türkiyə - Azərbaycan münasibətlərinin bir cəhətinə diqqət yetirirəm. Mənim umduğum odur ki, Türkiyə və Azərbaycan strateji hədəflərə bir yürüməlidir. Strateji hədəflər razılaşdırılmalıdır. Ancaq bunlar baş vermir. Bir var dövlət marağı, bir var millət marağı. Təəssüf ki, burada dövlət və millət marağının ayrılığından bəhs etməli oluruq. Halbuki, dövlət və millət bir - birindən ayrı hadisə deyil.  Amma bu gün dövlət və millətə ayrı-ayrılıqda baxılır. Siyasət bu halı yaradıb. Xüsusilə Türk dövlətlərində. Vahid bir etnos kimi dilə gətirilsə də, xüsusilə SSRİ dağılandan sonra özünü tanıma prosesi getdi, amma bu tanıma üzdən tanımadır, genetik tanımadır. Milli mahiyyəti tanıma deyil, milli şüurun inkişafı deyil. Yaxud çox zəifdir. Bütün bunları doğru dəyərləndirib Azərbaycan və Türkiyə  bu yöndə birgə addımlar atmalıdır. Uzun illərdir, bizim gözlədiklərimiz və umduqlarımız öz həllini tapmır təəssüf ki. Fakt odur ki, Türkiyə - Azəbaycan münasibətləri ümumtürk prinsipləri baxımından öz həllini tapmayıb. Belədə isə istənilən vaxt başqa qüvvələrin türkə qarşı istəyi, niyyətləri həyata keçə bilir. Mən əminəm ki, maraqlı qüvvələr bu iki dövlətin arasında istənilən vaxt nifaq yarada bilər. Bu yaxınlarda İnternet səhifələrində Türkiyə vətəndaşları ilə, Azərbaycan vətəndaşları arasında çəkişmələr getdi. Konkret olaraq, “Mühtəşəm yüzil” filmində Şah İsmayılı təhqir edən fikirlər səsləndirildi və Azərbaycanda ona qarşı çox sərt reaksiyalar baş qaldırdı. Bu bir işarədir. Çaldıran döyüşü şüurlarda milli həllini tapmayıb,  odur ki, istənilən vaxt bu və buna bənzər vasitələrdən istifadə  edə bilərlər. Nə Azərbaycanda, nə Türkiyədə Sultan Səlim - Şah İsmayıl ayrılığı yaranmamalıdır. Tarixdə baş verən səhvlərə qayıtmaq fəlakətdir. Bu səhvi öyrənib nəticə çıxarmaq ki, bir daha baş verməsin. Daha durub intriqa mühitinə çevirmək olmaz ki. Onların səhvən qarşıdurması insanların şüurunu zəbt etməməlidir.  Ruhani iş getməlidir. Türk öz milli mahiyyətini aşkarlamalıdır. Böyük Birlik ortaya qoymalı, vahid  mövqe sərgiləməlidir. 
Üstün Atalı: Türkiyənin son dönəmində Atatürkün qurduğu, yaratdığı nə varsa, “islahatlarla” aradan qaldırılır. Bu gedişat Türkiyəyə nə vəd edir?
Soylu Atalı: Əlbəttə, bu məsələ ilə bağlı mən hədsiz narahat idim. Bu gün bir az nikbin danışmaq mümkündür. Türkiyədə baş verən son olaylar, yəni Taksim meydanıyla bağlı yaranan hadisələr onu göstərdi ki, Türkiyə insanları toparlanıb ayağa dura bilir. Ərdoğan olayları  hara bağlamağa çalışır çalışsın, içi açıldı. Düzdür, bu hər şey demək deyil. Adətən belə hadisələrlə insanların enerjisini göyə sovura bilirlər. Xüsusilə dövlətin rəhbərliyi Türklüyə yad olan insanlardır.  Hakim partiyanın içərisində mən hələ normal münasibət sərgiləyəni müşahidə etmirəm. Ərdoğan hakimiyyətə gəldiyi gündən Türkiyəyə zərər verir. İqtisadi cəhətdən Türkiyəninin problemlərini çözdülər. Müəyyən bir gəlişmə baş verdi. Ancaq müəyyən sosial problemlərin həll olunması, heç də Türkiyənin uğurlu bir gələcəyə addımlaması deyil. Türkiyə insanların mədəsindən ibarət deyil. Türkiyədə milli kimlik basqı altına alınıb. Milli şüur basqı altına alınıb, o cümlədən Türkiyə dövlətçiliyi basqı altına alınıb.  Bu cür davam edəcəksə, Türkiyəyə uğurlu gələcək vəd eləmir. Bir var qıraqdan basqı, bir var içəridən. Türkiyənin sınırları həddində mücadilə olarsa, mən bilirəm ki, Türkiyə toplumu Atatürkün dönəmindəki kimi olmasa da, ona yaxın səviyyədə toparlana bilər.  Ancaq düşmən içindədir, dağıdıcılıq içindədir. Ona görə də nikbin danışmaq olmur. Ərdoğanın məqsədi  bəs qədər hesablanmış bir gedişdir. Vaxtilə Ərdoğan hakimiyyətə gələndə də biz onun siyasətini tənqid edirdik. O vaxtlar ona sayğı ilə yanaşırdılar, istər Azərbaycanda, istər Türkiyədə. Yoxsa səs verməzdilər ona. O vaxtlar biz onların hardan qaynaqlandığını, hardan stimul götürdüyüny vurğu edirdik. Bəllidir ki, Nurçuluq məhz təriqqət kimi vasitədir onların əlində.  Bu təriqət vasitəsi ilə dini hissləri ələ almaq və Türkiyəni siyasi din dövlətinə çevirmək məqsədi güdülür. Çünki insanlara təsir etmək üçün onların dini hisslərinə sahib çıxmaq gərəkdir. Bilirlər ki, insanların inancına sahib çıxsalar, onda bir çox addımlarını asanlıqla gerçəkləşdirə bilərlər. Bir şeyi anlamaq gərək: İnanc  məsələsi ciddi məsələdir (ancaq İslam səviyyəsində yox). İndi Türkiyə dövlətçiliyi, millətçiliyi türklüyün xilası üçün daha əsas məsələdir. Əgər Türkiyə toplumu özündə güç tapıb, Ərdoğanın dinçiliyinə yox deməsə, onda Türkiyəni yaxın  gələcəkdə uğursuzluqlar  gözləyir. Ərdoğan orduda “islahatlar” apara bildi. Bu da Türkiyənin dövlətçiliyinin təməlinə külüng çalmaq idi. 
Hər kəsin gözünün qabağındadır, Ərdoğan hakimiyyəti  Fələstin “sevgisi” sunur topluma. Hansısa uzaq bir ölkədəki müsəlmanlara sevgi nümayiş etdirir topluma. Halbuki, Ərdoğan İraqda yaşayan soydaşlarımızın, Ərbil, Kərkük, Mosul türkmanlarının taleyinə tamam biganədir. O vaxt Səddam Hüseyin rejimini uçurtmaq üçün Qərbin yürütdüyü siyasətə müdaxilə etmədi. Başqa sözlə, o gedişatda Türkiyə yer almadı. Açıq şəkildə Türkmanların soyqırımına göz yumdu. Nə qədər ki, Ərdoğan hakimiyyəti sürür, Türkiyənin durumu yaxşı olmayacaq. Ərdoğandan sonra isə, sağlam Türk millətçiliyi Türkiyəni xilas edə bilər. Hər kəs millətçilik sözündən qorxur. Millətçilik sözünü Avropa gözdən salır. Millətçilik milli dəyərlər əsasında millətin və dövlətin qorunmasıdır.  
Üstün Atalı: Son olaylar Türkiyənin siyasi həyatında nəyə işarədir?
Soylu Atalı: Bu onu göstərir ki, Türkiyə toplumu müəyyən mənada ayılıb, başa düşür ki, Ərdoğan Türkiyəni hansı uçuruma sürükləyir. Orta Doğu Projesini Qərb həyata keçirir. Burada məzhəblər yaratmaq, ölkənin ordu dayanıqlığını sarsıtmaq əsas hədəfin birinci mərhələsi idi, elədilər. Bu cür əməllərlə türkçülüyü məhv etmək, mücərrəd müsəlmançılıq ab - havası yaratmaq və bundan sonra Türkiyəni tədricən parçalamaq. 
Belə bir şübhə var: Qərb, başda Amerika olmaqla, Türkiyənin indiki hakimiyyətinə ərəblərin içərisində əsas söz sahibinə çevrilmək imkanı tanıyacağını vəd edib, qarşılığında isə İstanbulu, İstanbul ətrafı boğazları Türkiyənin əlindən çıxartmaq. Bu bölgələr strateji bölgələrdi. Türkiyənin dünyaya çıxışı üçün əhəmiyyətli bölgələrdir. Bunun üçün İstanbulu tədricən türksüzləşdirmək, orada başqa toplumların nüfuzunu artırmaq, bir sözlə, türk varlığını hədələyən addımlar atmaq. Məncə bu gün o görünür, artıq üzə çıxır, aydınlaşır deyə türk toplumu ayağa durdu. İstanbulda Atatürkün varlığını da aradan qaldırmaq, ləğv eləmək. İstanbulda yaşayanların birlik baxımından güvənc yeri olan, milli sərvəti saydığı Taksim meydanını dağıtmaq və orda biznes şəbəkələri yaratmaq bu deyilənləri pərdələyərək irəli getməyi görsədir. Üzdən görünə bilər ki, onlar biznes şəbəkələri yaradırlar və guya iqtisadiyyatın dirçəlməsinə xidmət edəcək və s.  Ordakı abidələrin məhv olması, insanların ordan məhrum edilməsi, bunların hamısı Orta Doğu Projesinin maddələrindən biridir. Bəlkə də bunu Türkiyə toplumu anladı, ona görə ayağa durdu, bu məsləni təxirə saldı. Məncə Türkiyə toplumu bununla arxayınlaşmalı deyil. Bu, məsələnin bir cəhətidir. İndiki yürüdülən siyasət çoxbaşlıdır, onların hamısına qarşı ayıq olmaq lazımdır. Eyni zamanda Ərdoğanın nüfuzu sındı, sarsıldı. Bu özü türklük üçün böyük bir avantajdır.  
Üstün Atalı: Təşəkkür edirəm.
Soylu Atalı: Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız Var olsun!

Комментариев нет:

Отправить комментарий