Страницы

19.06.2013

ÜST “fast-food” və alkoqoldan narahatdır

Marqaret Çen: “Zərərli məhsullar istehsal edən şirkətlər qanunları pul ilə satın alırlar”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Marqaret Çen sağlam həyat tərzinin tətbiqi üçün daha çox çalışmağın vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda xroniki xəstəliklər ölüm hallarının əsas səbəbləri sırasında yoluxucu xəstəlikləri geridə qoyub.
Marqaret Çen bu barədə sağlamlığın təməlinin möhkəmləndirilməsi barədə 8-ci ümumdünya konfransında danışıb. ÜST-ün baş direktoru Helsinkidə keçirilən tədbirdə deyib ki, əhalinin həyat şəraiti yaxşılaşdıqca xəstəliklərin yox olacağını güman etmək daha məntiqə uyğun olduğu halda əksi müşahidə edilir. Belə ki, sosial-iqtisadi sahədə tərəqqi yoluxucu olmayan xəstəliklərin miqyasının artmasına rəvac verib.

Marqaret Çen deyib ki, iqtisadi artım, modernləşmə və urbanizasiya qeyri-sağlam həyat tərzinə şərait yaradır. Yoluxucu olmayan xəstəliklərin qarşısının alınması cəhdləri çox vaxt iqtisadi cəhətdən güclü şirkətlərin biznes maraqlarına zidd olur. ÜST rəhbərinin sözlərinə görə, bu, səhiyyə sisteminin qarşısında duran ən böyük problemlərdən biridir.
Marqaret Çen həm “fast-food” qidalar, həm tütün məmulatı istehsal edən şirkətləri, həm də alkoqollu və ya sərinləşdirici içkilər istehsal edən firmaları ittiham edib: “Bu cür istehsal nəhəngləri heç cür tənzimlənmir və onlar sağlamlığa qarşı var gücü ilə müqavimət göstərirlər. Onlar öz maraqlarını həyata keçirmək üçün qanunvericiləri pul gücünə ələ alır, saxta olduğu aşkar bilinən “tədqiqatlara” pul xərcləyərək istehlakçıları çaşdırır, öz “hüquqları”nı müdafiə etmək üçün məhkəməyə müraciət edir, özünənəzarət barədə vədlər verirlər”.
Məlumat üçün qeyd edək ki, bir müddət bundan öncə ÜST rəhbəri məktəblərdəki “fast-food” qidalanmadan da narahat olduğunu bildirmişdi. Çünki hazır qidalar və təbii şirə adı ilə satılan kimyəvi qatqılar uşaqlarda piylənmə xəstəliyi yaradır. Bu xəbərdarlıqdan sonra bir çox ölkələrdə məktəblərdə “fast-food” qidalanma qadağan edildi.
Amerikada aparılan bir araşdırmadan isə bəlli olub ki, yerli şagirdlər gündəlik enerji ehtiyaclarının 40 faizdən çoxunu kimyəvi şəkərli içkilərdən alırlar. Çünki orta məktəblərdə ucuz qiymətə qazlı içkilər və hazır yeməklər təklif edən avtomat mağazalar var. Amerikadakı bu vəziyyətə görə Fransa məktəblərində şəkərli, qida dəyəri az, kalorisi çox yemək və içki satan avtomat maşınlar qadağan edildi. Azərbaycanda da anoloji qərarla məktəblilərin qidalanması nəzarətə götürülüb.
Ümumiyyətlə, “fast-food” qidalanma insanlarda piylənmə, bağırsaq keçməzliyi, mədə xorası, allergik xəstəliklər kimi bir çox problemə səbəb olur. Təhlükəli maddələrdən ibarət yağda qızardılmış GMO-lu kartof, sıçan geni vurulmuş tərəvəz və göyərtilər, kişilik potensialını məhv etməyə belə qadirdir.
“Sağlam Aləm” Tibb Mərkəzinin həkim-dietoloqu  Sevda Abışova deyir ki, Azərbaycanda “fast-food” qidalanma nisbəti inkişaf etmiş ölkələrdəki nisbətlə eynidir: “Uşaqlar evdə yemək istəmirlər, amma hər hansı qəlyanaltıya, kafeyə aparsan yeyəcəklər. Valideynd də fikirləşir ki, ac qalmasın, nə yeyir-yesin. Hamburger, çipsi, qızardılmış kartof, qazlı və rəngli içkilər, quru süddən hazırlanmış ayranlar və bu tipli “fast-food”lar yeyən uşaqlar bu qidaların əvəzinə gün ərzində bircə alma yesə bəsdir.
Uşaq ona lazım olan enerjini təbii qidalardan almalıdır”.
Həkimin sözlərinə görə,  “tez-bazar” hazırlanan bu qidaların tərkibindəki kimyəvi və fiziki dəyişikliyə uğramış qarışıq maddələr bədənin müqavimətini zəiflədir, xəstəlik qarşısında aciz qoyur.  Həftədə 3-4 dəfə “fast-food”la qidalanan kişilərin hər 3 nəfərindən 1-i spermatozoid tərkibinə görə digər normal qidalanan kişilərdən dəfələrlə geri qalır.
Alkoqollu və energetik içkilərə gəlincə isə, onların zərəri barədə kifayət qədər yazılır. Alkoqoldan zəhərlənən və ölən, energetik işçi içərək dünyasını dəyişən kifayət qədər insan var.
Alkoqollu içkilərin başlıca təsiri isə mərkəzi əsəb sisteminədir. Spirtli içkilər  sümüklərin zəifləməsi və sınmasına da səbəb olur, sümük toxumalarının işinə maneəçilik törədir, böyrəklərin və ciyərin funksiyasını pozur. Çoxlu spirtli içki qəbul edən insanlar qara ciyər serrozuna mübtəla olur. Spirt qida maddələrini bərkləşdirir, mədə şirəsini azaldır, ruhi xəstəliklərə səbəb olur.
Marqaret Çen tütün firmalarından da şikayətlənib, əhalinin sağlamlığının təhlükədə olmasından gileylənib. Qeyd edək ki, tütün başlıca olaraq 20 növ xərçəng xəstəliyinə səbəb olur. Bundan başqa o, iflicə, infarkta, beyin qurumasına da gətirir. Siqaretin ən dəhşətli fəsadı ağçiyər və nəfəs borusu xərçəngidir.

Lalə Mehralı                     teleqraf.com

Комментариев нет:

Отправить комментарий