Страницы

13.07.2013

"Adicə inşa yaza bilməyənlər ssenari yazırsa..."

Əyyub Qiyas: “Ədəbi müsabiqələr mənlik deyil, onların necə və niyə keçirildiyi mənə məlumdur” 

Əyyub Qiyas xüsusi təqdimata ehtiyacı olmayan yazarlarımızdandır. Ədəbiyyata şerlə gələn yazıçı çağdaş ədəbiyyatımızda romançı kimi də tanınır. Onun əsərləri vizit kartıdır desək, ifrata varmarıq. Son vaxtlar kino işi ilə də yaxından məşğul olur. Ssenarisinə bir neçə serial çəkilib.
Elə bu görüşümüzə də ayrıdığı zamanı da yeni çəkdikləri serialın vaxtından “oğurladı”. Salam-kalamdan sonra “öncə yaradıcılığınızdan söhbət edək” dedim:


- Edək də… Yadıma ötən ilin yayı düşdü. Onda da belə istilərdə sən məndən müsahibə götürmüşdün. Mən istini sevmədiyim üçün sən də qəsdən məni yayın qızmarında haqlamağı xoşlayırsan deyəsən. Yaradıcılıqdır da, həmişə olduğu kimi. O, yayın istisinə, qışın şaxtasına baxmır ki... İki ilə yaxındır “Aslan ovu” adlı tarixi roman üzərində işləyirəm. Bu yaxınlarda Remarkın “Üç yoldaş” romanını tərcümə edib “Qanun” nəşriyyatına vermişəm, daha sonra gürcü yazıçısı, dostum Quram Odişariyanın “Prezident Kennedinin pişiyi” romanını tərcümə edib bitirmişəm. Yəqin ki, yaxın aylarda kitab halında çap oluncaq. Yeni serial ssenarisi ilə bağlı təkilf alımışam, hal-hazırda iş planı üzərində işləyirəm. Daha sonra əməkdaşlıq etdiyim “Çarx-Film” kinostudiyasında da paralel olaraq bir bədii və bir sitkom serialının ssenarisini yazırıq. Bu ilin mənim üçün ən maraqlı işlərindən biri isə gürcü həmkarım Dato Turaşvili ilə mənim hekayəm əsasında yazdığımız “Yarımçıq” adlı tammetrajlı bədii filmin ssenarisi olub. Məncə, yaradıcılıq haqqında bu qədər bəs edər.

- Son vaxtlar oxucu-yazar münasibətlərini bərpa etmək üçün müxtəlif tədbirlər görülür, müsabiqələr keçirilir. Ədəbi müsabiqələrə münasibətiniz necədir?
- Mən bu vaxta qədər ədəbi müsabiqələrdə demək olar ki, ən az iştirak edən müəlliflərdənəm. Bu, ona görə belə deyil ki, yaradıclığıma etibar etmirəm. Yox, qətiyyən, sadəcə olaraq müsabiqələrin reallığına, səmimiyyətinə inanmıram. Müsabiqə keçirənlərin əksəriyyəti dostlarım olur, onların da bu müsabiqələri necə keçirdikləri, nə üçün keçirdikləri mənə məlumdur. İştirak edib kiməsə mane olmaq istəmirəm. Odur ki, müsabiqələr mənlik deyil.

- Bu gün tərcümə mərkəzləri ədəbi əsərlərdən çox sənədlərin tərcüməsi ilə məşğul olur. Bir çox dillərə isə ədəbiyyatımız demək olar ki, tərcümə olunmur. Niyə belədir?
- Onu deyə bilərəm ki, “Qanun” nəşriyyatı tərcümə sahəsində böyük inqilab edib. Bu, həm tərcüməçilərin və ümumiyyətlə, tərcümə institutunun yetişməsinə təkan verir, həm də dünyaca məşhur əsərlər dilimizə tərcümə olunur. O ki qaldı tərcümə mərkəzlərinə, mən son illər onların nə işlər gördüyü ilə tanış olmadığım üçün bir söz deməyə çətinlik çəkirəm. Bizim müəlliflərin - içi mən qarışıq - əsərlərinin başqa dillərə tərcümə olunması məsələsinə gəldikdə isə məncə, bu işi artıq müəllif agentlikləri ilə müştərək görmək lazımdır. Müəllif agentlikləri kommersiya məqsədi ilə yalnız o əsərləri alıb tərcümə edir ki, həmin əsərlər müəllifin öz ölkəsində kifayət qədər populyarlıq qazanmış olsun.

-Sizin belə əsərləriniz varmı?
- “Qara işıq” romanım Almaniyada müəllif agentliyi tərəfindən alınaraq çap olundu. Hazırda Rusiyanın iki müəllif agentliyində “Qara işıq” və “Sonuncu büt” romanlarımın çapı ilə bağlı danışıqlar gedir.

- Əyyub Qiyas özünü Nobelə layiq görürmü?
- Niyə də yox? Nobel mükafatı alan müəlliflərin demək olar ki, hamısı elə Əyyub Qiyas kimi yazan, zəhmət çəkən, həyatın müxtəlif üzlərini görüb müxtəlif əzablarını və səfalarını yaşayan insanlardır. Amma Nobelə qədər gərək hər bir müəllif öz xalqının, öz oxucusunun sevgi mükafatını ala bilsin. Nobel dediyin xalqın sevgi mükafatından sonra gəlir.

- Yazıçılar Birliyinin ünvanına bəzən tənqidlər səsləndirənlər də tapılır. Siz AYB-çi olaraq AYB-dən razısınızmı? 
- AYB mənim həyatımın bir parçasıdır. Vaxtilə AYB-yə üzv olmaq üçün mən müraciət etmişəm, mən ərizə yazmışam, heç kəs məni zorla ora qəbul etməyib. Bunu necə dana bilərəm axı? Ola bilsin ki, AYB missiyasını bitirib, ola bilsin ki, bəzi proseslər üzvlər tərəfindən birmənalı qarşılanmır. Elə mənim özümün də razı və narazı qaldığım məqamlar var. Amma bütövlükdə götürsək, AYB bizim evimizdir, adam evindən küsməz. Evin söz-söhbətini kənara çıxarmaq mənlik deyil. Küsülü olmaq olar, ərk etmək, ərklə nəsə ummaq olar, amma topa tutub danışmaq olmaz. Mən AYB-ni deyə bilmərəm, mənim həyatımda nələr edib, amma Anar müəllim vaxtilə çətin günlərimdə mənə ağsaqqallıq edib, onun nüfuzu mənim problemlərimin həllinə yol açıb. Mən bunu heç vaxt dana bilmərəm.

- Bəs necə düşünürsünüz, oxucuda kitaba maraq yaratmaq üçün nə etmək lazımdır?
- Yaxşı kitablar yazmaq... Bunun başqa yolu yoxdur. XXI əsrin oxucusunu heç nə ilə aldatmaq mümkün deyil. Bunu nəzərə almayan müəlliflərə acımaqdan başqa əlimdən heç nə gəlmir.

- Bəziləri deyir ki, xarici mütəxəssislər dəvət etsək, film və seriallarımızn səviyyəsi artacaq. Siz necə düşünürsünüz?
- Bu fikirlərə müəyyən qədər haqq qazandırıram. Amma bu heç də o demək deyil ki, bizdə peşəkar mütəxəssislər yoxdur. Əgər bu gün milli filmlərdən, milli seriallardan söhbət gedirsə, onları ancaq milli mütəxəssislər ortaya qoymalıdır. Amma xarici təcrübədən, ümumiyyətlə, yaxşı nə varsa ondan bəhrələnmək həmişə lazımdır. Mütləq təcrübə və təhsil üçün xaricə getmək lazımdır. Və ən əsası isə görülən işlər peşəkar səviyyədə olmalıdır. Orta məktəbdə inşa yaza bilməyənlər ssenari yazırsa, İncəsənət İnsitutunu zorla bitirənlər rejissorluq iddiasına düşürsə, bunu operator və başqa kino mütəxəssisləri haqqında da deyə bilərəm. O zaman yaxşı işdən söz belə gedə bilməz. Yaxşı iş ancaq peşəkarların işidir.

- “Azərbaycanfilm” kinostudiyası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə son 6-7 ildə xeyli film çəkib. Bəs bunların büdcəsi nə qədərdir? Bu filmlər telekanallarda niyə nümayiş etdirilmir? 
- Bunu onların özündən soruşsanız, daha yaxşı olardı. Amma mən onu deyə bilərəm ki, əgər söhbət bədii filmlərdən gedirsə, onların telekanallarda göstərilməsi işin ən son mərhələsidir. Filmlər prodüser filmləri olur və prodüserlərin əsas işi çəkdiyi filmi satmaqdır. Kino bir kommersiya işidir. Kino birgə yaradıcılıqla ərsəyə gələn əmtəədir. Tutaq ki, biri boru istehsal edir, onu havayı satmır ki… Kino da satılır. Gərəkdir ki, telekanal filmi alsın və göstərsin. Hər çəkilən təzə filmin o dəqiqə ekranda göstərilməsi qəbuledilməz bir şeydir. Buna vaxt lazımdır. 

Tural Balabəyli           virtualaz.org

Комментариев нет:

Отправить комментарий