Страницы

25.07.2013

BÜRZÜNBÜL TOPONİMİ

Vüsal Hicranoğlu

Bürzünbül Yardımlıda kənddir.
Bu  toponim üç komponentin bür (bur), zü (sü),bül (bil, bel) birləşməsindən meydana gəlmişdir. Bursünbil, Bursünbel toponimin ilkin variantı hesab oluna bilər.Fikrimizcə toponimin deyiliş tərzi xalq danışıq dilinə uyğunlaşdırılaraq (sözün ahəng  qanununa tabe olması bunun bariz nümunəsidir.-V.H.) Bürzünbül  formasına düşmüşdür.
Komponentlərin mənalarına gəlincə "bur" talış dilində "hündür", "yüksək", "sü" qədim türk dilində "qoşun", "bül "(bil, bel) sözü isə qədim və müasir  türk dilləri və onların bəzi dialektlərində bir sıra mənalarla yanaşı "nişan, işarə, nişanə, əlamət , tamğa və s. mənasını da bildirir."N" hərfi isə bitişdirici samitdir.

Beləliklə toponim Azərbaycan dilində "hündürdə yerləşən qoşun yerindən nişanə " mənasını kəsb edir.
Toponimin ərazinin relyef quruluşu və tarixi keçmişilə əlaqədar yarandığının şahidi oluruq.
Ərazinin relyef quruluşunun nisbətən hündürdə yerləşməsi göz qarşısındadır.Tarixi zərurəti isə bir qədər aydınlaşdıraq.
Bül(bel/bil) sözünün qədim bulqar dilinə məxsus eyniköklü bel-ü-wi(<bel-ü-gi) sözünün yalnız bu dildə mühafizə olunmuş "qəbir daşı "mənası daha çox diqqəti cəlb etməsini nəzərə alaraq bir zamanlar burada xarici hücumlardan qorunmaq məqsədilə böyük bir qoşunun saxlandığını və bu qoşundan vəfat edənlərin məhz bu ərazidə dəfn edilməsi,bir müddətdən sonra qoşun buranı tərk etdikdə  məzar daşlarının burada qalmasını nəzərə alsaq sonralar bu yerlərdə məskən salan əhalinin tarixi yaddaşını qoruyaraq buraya Bürzünbül adını verməsi fikrini söyləmək olar.Bununla yuxarıdakı nişanənin də məzar daşları olduğunu aydınlaşdırmış oluruq.
Digər bir versiyaya görə Bürzünbül  toponimi "hündür sünbül yeri"mənasını verə bilər.Belə ki"bulqaan"sözü monqol dilində"yurd"anlamına gəldiyindən iki dəfə bül sözünün işlənməsinin qarşısını almaq məqsədilə(bu dildə ağırlıq yarada bilər-V.H.),bizcə, Bürzünbül toponimindəki bül sözünün  həm sünbül sözünün son hecası,həm də bulqaan sözünün ilk hecası anlamında işlənməsi mümkündür.Bür(bur)talış dilindəki" hündür" mənasını saxladığından burada da  fikrimizi aydınlaşdırmış oluruq.

Комментариев нет:

Отправить комментарий