Страницы

29.07.2013

EYVAZ ZEYNALOVUN “BƏLƏDÇI” ROMANI NƏŞR OLUNDU

"Qanun” nəşriyyatında Eyvaz Zeynalovun "Bələdçi” adlı kitabı nəşr edilib.

396 səhifəlik kitaba yazıçının iki – "Bələdçi” və "Qisas” romanları daxildi. "Bələdçi” romanında əsasən gənc Rüstəmin çaxır zavodunda yük vaqonu bələdçisi kimi işə düzəlməsindən, Rusiyanın şəhərlərinə çaxır daşımasından və bu zaman həmin şəhərlərdə, yollarda rus qızları ilə başına gələn çoxsaylı macəralardan bəhs olunur. "Qisas” romanında isə cavan, istedadlı alim Sabir müəllimin cəmiyyətdə öz yerini tapa bilməməsindən, sevdiyi elm sahəsindən ayrı düşməsindən və onu təhqir edən polis rəisindən qisas almağa çalışmasından danışılır.
Kitab artıq kitab mağazalrında satışdadır.


"Bələdçi” romanından (ordan-burdan)

Bəşir kişi

Qatar hazırdı. Vaqonları bir-birinə calamaq, ümumi baxışdan keçirmək qalırdı. Ləngidikcə Nuruş daha artıq əsəbləşirdi. Bekarçılıqdan relslərin, vaqonların ara-bərəsindən peçi qalayanda gözünə qatıb alışdırmaq üçün bir-bir dənlədiyi taxta, şpal qırıqlarını, çör-çöpü qapının ağzında, küncdə dəstələməklə vaxtını öldürürdü. Mən də yola götürdüyüm kitabı oxuyurdum.
Bayırda kimsə astadan öskürdü, içini arıtladı. Öskürənin ayaq səsləri yavaş-yavaş ağzıbəri, bizim vaqona doğru yaxınlaşırdı. Gözümü kitabdan ayıraraq Nuruşa tərəf boylandım, çöməltmə durduğu yerdə qurumuşdu.
- Bah! Bəşir kişi, xoş gördük! - Birdən şən, gümrah səslə guruldadı. - Həmişə sən gələsən! Çıx yuxarı.
- Başın haqqı, tələsirəm, işim çoxdu. - Sözlər sanki Bəşir kişinin ağzından yox, burnundan çıxırdı, tırıldayırdı.
- Əşi, özünü naza qoyma! - Ərklə əlini uzatdı. - Balamın canna, bax, elə and içirəm, yerdən qayıtsan, xətrimə dəyərsən. Bir də üzünə baxmaram.
Suyu artıq düşmüş xəmir kimi tezcə suyulan Bəşir kişi Nuruşun əlindən yapışıb hıqqahıqla yuxarı dırmaşdı.
- Xasiyyətimə bələdsən, hər adamın vaqonuna ayaq basmıram. - Çıxandan sonra əlavə etdi. Artıqdı, əskikdi, vecinə deyildi.
İçimdə gic bir həvəs oyandı, yuyulmamış çömçə kimi ortaya atılmaq istədim, çatdırmadım.
- Eh, ay Bəşir kişi, özünü mənə tanıdacaqsan?.. - Bunun nə demək olduğunu bir özü, bir də allahı bilirdi. Əlbəttə, yozması Bəşir kişilikdi.
Hırnan-zırı qanmırmış kimi qulaqlarını sallayaraq susdu. Yozulmalısını necə yozdu, başa düşülməlisini necə başa düşdü-düşmədi, qaranlıq qaldı. Hər şey sanki hazır ssenari üzrəydi. Kimin haçan, harda nəyi deyib-deməyəcəyi, hırnan-zırı qanıb-qanmayacağı nöqtəsinə, vergülünəcən nəzərə alınmışdı. Hətta mənim xırdaca rolumacan. 
Kitabı qatlayaraq hərbi paltarlı, saç-saqqalı ağarmış, apıq, uzun, əlli-altmış yaşlı kişinin ayağına durdum, əl uzatdım. Nuruş mənə dedi:
- Ə, yeşiyi çək bəri, üstünə qəzet sər, pendirdən, olan-olmazdan tök ortaya. Varın verən utanmaz. - Uyuq kimi yerə yıxdığı peçin borusunu dikəltdi. Ehtiyac olmasa da peçi kağız-kuğuz, taxta-tuxta ilə doldurub yalanpışdan işıldatdı. - Bəşir kişi, balamın canna, bayaqdan peçi qura-qura səni düşünürdüm. - Guya indi qururdu. - Deyirdim, kişiynən görüşməmiş qatarı yola salsalar, heç nə. - Çaxır yeşiyini yanına çəkdi. - Acsansa, utanma, de, bəlkə səninçün əlavə başqa bir şey hazırladım? - Guya restoran, kafe-zad müdiriydi, nə buyursa, yerinə yetirəcəkdi.
Bəşir kişi burda hökmən etiraz eləməliydi, elədi də, adamın qanacağı vardı.
- Başın haqqı, toxam, indicə durub gedirəm. - Qoltuğundakı qovluğu böyrünə qoyub yerini rahatladı. 
Sözün işə nə dəxli? Taleyinə yazılanı oynayırdı.
Nuruş əlinə götürdüyü çaxır butulkasını çalxalayıb başıaşağı çevirdi. Taybatay açıq qapıdan düşən zəif gün işığına tutaraq guya diqqətlə dibindəki çöküntüyə baxdı, qaytarıb yeşiyə qoydu. Bir başqasını da nəzərdən keçirib (şeytanın dal ayağıydı), üçüncüsünü boğazladı. Bəs necə, Bəşir kişi bunu görməli, qiymətləndirməliydi.
- Zavoda bax, e! - Deyindi. - Buraxdığı hamısı brakdı. Bilmirəm rus köpəyoğlu bunu necə içir? Dibi osadka, zir-zibil, cücü-mücüdü. Balamın canna, keçən səfər birinin içindən siçan ölüsü tapmışam...
Sonra yolda dəmlənərək bunu Ursetə Yerevan konyakı daşıyan artaşatlı ermənidən, vaqon bələdçisindən, o da allah bilir kimdən eşitdiyini söylədi. 
Hesabla, Bəşir kişi siçan ölüsü söhbətindən sonra dilinə çaxır vurmamalıydı. Di gəl alnının arasını da turşaltmadı. Təəccübünü də belə bildirdi: "Yox, əşi?..” Yediyi-içdiyi anasının südü tək halaldı ona, əgər o südü doğru-düzgün əmmişdisə! 
Nuruş, nəhayət, stəkanları Yerevan konyakından heç də geri qalmayan Ağdam çaxırı ilə ağzınacan silələdi. Xalaxətrin qalmasın məndən soruşdu: "İçirsən?..”
Ssenariyə görə də, adətim üzrə də burda etiraz mənasında başımı bulamalıydım. Buladım da. Ancaq sitlik edib bulamasaydım, ara qarışıb məzhəb itərdi. Çaxırdan zəndeyi-zəhləm gedirdi, ümumiyyətlə, içkini xoşlamırdım. Əyyamında bir dəfə sıradan qalıb qotur olmamaq xatirə dilimə vurmağım, əlbəttə, hesabdan deyildi.
Birinci stəkanı əlüstü, boğazyaşlamasıydı, bir "xoş gəlmisən”ə gillətdilər. 
- Təzədi?.. - Boş stəkanı qaytarıb yerə qoyan Bəşir kişi uzun, şüvərək boyuma, qara, pırpız saçlarıma, qonur gözlərimə diqqətlə elə baxdı, elə bil məni indicə gördü. Görəsən bayaqdan fikri hardaydı? Lənət şeytana! Nuruş məndən əvvəl başqa bir cavan oğlanla yol yoldaşlığı eləmişdi, yəqin məni onunla dəyişik salmışdı. 
- Belə də, - deyəsən, burda niyəsə bir balaca burcutmaq istədi, nə fikirləşdisə burcutmadı, - təzədi, həm də qohumxasiyyətdi. - Bu sözdən zəhləm gedirdi. - Təmiz-tarıq uşaqdı. - Elə bundan da.
- Təmiz-tarıq uşağa can qurban!.. - Bəşir kişi dedi.
- Balamın canına, ürəyim yanır. İstəmirəm avara, cüvəllağı uşaqlara qoşulub pozulsunlar. Bacardığım qədər bu yolun yör-yöndəmini, çəm-xəmini öyrədirəm. Qədrimi bilər də rəhmət atasına, bilməz də. - Üzünə təəccüblə baxdığımı görüb əlavəsindən vaz keçmədi. - Diriyə də rəhmət var.
Axırıncı cümlə, dəxli yoxdu, balacadı, böyükdü, yaxud əlavədi, qızışıb ağzının yüyənini vaxtında yığa bilməyənlərin bəraət, üzrxahlıq cümləsidi. Sağ adama rəhmət oxuyan müsəlman ssenarini-filanı hərrəmədən bu cümləni hökmən işlətməlidi ki, diri sahibinin xətri xoş olsun. Oldu da. 
- Necə deyərlər, balığı at dəryaya, balıq bilməsə də xaliq biləcək! - Bəşir kişi tanışlığı bir müdrik folklor nümunəsi ilə yekunlaşdırdı.
Nuruş növbəti stəkanını da Bəşir kişinin sağlığına qaldırdı. Ələtdə kişi varsa da, yoxsa da, elə oydu, vəssalam! Təşəkkür-filan öz yerində, Bəşir kişi burda bir az utanıb sıxıldı, hətta qızardı. Bəlkə də gözümə belə göründü. Deyəsən, ssenaridə yoxdu bu heç. Böyük xəta deyildi. Tərifdən utanıb-qızarmaq nəciblik əlamətidi. Əlbəttə, əgər adamın canında varsa.
- Ə, Bəşir kişini yaxşı tanı! - Yeri gəldikcə adamları mənə tanıtmaq, öyüd-nəsihət vermək Nuruşun böyüklük borcuydu. Atam tapşırmışdı. Hətta hərdən qulağımı burmaq ixtiyarını belə vermişdi ona. Demişdi, işdi-şayət qulağını buranda çəm-xəm eləsə, mənə çatdır, təpiyimin altın salım. Əslində o xasiyyətin yiyəsi deyildi, dilxoşluğa demişdi. Şükür, buracan hələlik nə Nuruş qulaq burmaq fikrinə düşmüşdü, nə də mən üzünə ağ olmuşdum. - Bəşir kişi bizim dayımızdı. Cikimizi də bilir, bikimizi də. İstəsə, sabah hamımızı baqaja qoyar, keçi qiymətinə satar, amma satmır. Çünki kişi adamdı! Voyennizirovannı axrana olanda noolar? Bilir ki, hamının balası var, hamı dolanmalıdı.
- Düzdü, düz, mərdiməzara lənət! - Bəşir kişi protez dişlərini ağzında iri, lax qaloşlar kimi şaqqıldadaraq sözləri təzədən tın-tın burnuna salıb boğdu. - Özünü gözdə ha, Nuruş, zamanə çox xarabdı.
- Uşaq-uşaq danışma, əşi. - Ətli sinəsini yumruqladı. - Qazdan ayığam.
Dünya görmüş Bəşir kişi başını bulayaraq istehza ilə qımışdı.
- Ehh, indikilər qaz-maz hərrəmirlər!
- Doğru, lap doğru buyurursan. - Hallansa da səhvini anladı, nədisə tez valı dəyişdi, zildən düşdü. - Balamın canna, çörəkpulu qazanmaq çox çətinləşib. Əvvəlki haqq-hesablar daha yoxdu. Qurumboş o yanadı, qurumboş da bu yana! Həə, bir-iki reys də gedim-gəlim, bu cür davam etsə, tüpürəcəyəm bu işə birdəfəlik!..
Bir azdan özü kimi sürtük papkası qoltuğunda vaqonların arasıynan "səkkiz” yaza-yaza uzaqlaşan Bəşir kişinin arxasınca baxıb tüpürdü: "Tfu, qarınotaran köpəyoğlu!..” Bununla məsələ bitəcək, xətm olunacaqdı. Xamlığıma salıb uzatdım. Öyrənmək istədim görüm Bəşir kişi, doğrudan, hər cikimizi-bikimizi bilir?
- Ə, sözdü də, üfürürəm. Dizimi qatlayıb bahasına pul-zad saymışam? Amma... - nədənsə burda bir balaca duruxdu, - bilə də bilər. Sarıqulaqlar biləndə o bilməyəcək? - Rusları deyirdi. 
Bilmək istədim görüm bu işə tüpürəcəyi də quru sözdü? 
- Rəhmətliyin nəvəsi, - dedi, oğlu yox ha, nəvəsi, həqiqətən, qazdan ayıqdı! - Bəşir kişini tanıyandan tələsir, di gəl iynəsini sancdımı, tikir. Ancaq adamın üstündə allah var, mərdiməzar adam deyil. Yaxşı cəhəti odu ki, lövbər saldığı vaqona it-qurd hərlənməz. Təsadüfən hərlənsə də, onu görəndə dönüb gedər. Gördüyün kimi, sən deyən elə böyük bir umacağı da yoxdu.
Yarım saat çəkmədi, dəmiryolçular qatarımızı hazırlayıb yola saldılar.   

Petux

Balaca, kasıb bir stansiyada dayanmışdıq. Yol uzunu alverimiz alınmamışdı. Ağlımız heç burdan da bir şey kəsmirdi. Hesabla, mənzil başına çox qalmamışdı. Bir neçə stansiyadan sonra Tulaydı. Nuruş bu dəfə bilə-bilə reysini yaxına götürmüşdü. Çaxırı təhvil verib atüstü Moskvaya dəyməli, ordan da geri qayıtmalı, oğlanlarının ad gününəcən özümüzü evə çatdırmalıydıq. İkisi də eyni ayın eyni günündə doğulmuşdu, ancaq bir-birindən iki yaş yarım fərqləri vardı.
Havada şaxta olsa da adamı kəsmirdi. Nuruşun radiosuna inansaq, qar "vot-vot”daydı, bu gün-sabah yağasıydı. Qorxumuz yoxdu. Peçimiz gurhagur yanırdı. Yerimiz istiydi. Qayğımız bircə müştəri sarıdandı. 
Vaqonların arasıynan ağzıbəri gələn 35-40 yaşlarında arvadsifət bir kişi bizə çatanda ayaq saxladı. Hər ikimizi növbə ilə altdan yuxarı sürtük, sürüşkən baxışlarıyla xeyli süzdü. Hırıldaya-hırıldaya dedi:
- Deyəsən, darıxırsınız?.. - Guya buna qalmışdı bizim darıxıb-daxmamağımız.
- Belə də, bir balaca. - Nuruş könülsüz dilləndi.
Çaxırla maraqlandı. Hardan gətiririk, necədi, neçəyədi. Pulunu verib yarımlitrlikdən birini götürdü. Butulkanı çevirib yarlığına baxdı, üstünü oxudu, barmağı ilə kapron qapağını yoxladı. Çalxalayıb içindəki qabarcıqların necə sakitləşməyini, yatmağını gözlədi. Yolda düzəltdiyimiz çaxırdandı. Başı bir şey qaynatsaydı, elə bu qabarcıqlardan şübhələnərdi. Ancaq arvadsifətin fikri, deyəsən, başqaydı. Sözlü adama oxşayırdı. Sanki içində hardan, necə başlayacağını ölçüb-biçir, götür-qoy eləyirdi.   
- Bəs nə əcəb təksiniz, yanınızda qızdan-zaddan yoxdu? - Arvadsifət birdən soruşdu. - Qız olsa, darıxmazsınız.
- Bəxtəvər başına! Bu çölü-biyabanda qızı hardan alaq?.. - Nuruş dedi.
- Həvəs, istək olsa, darıxmamaq xatirinə belə də, ikilikdə də bir iş görmək, baş qatmaq olar. - Arvadsifət göz vurub pis, həyasızcasına hırıldadı.
- Nə iş?.. - Düzü, bir şey başa düşmədim.
- O bilir. - Nuruşa işarə elədi.
- Cəhənnəm ol, petux oğlu petux!.. - Nuruş birdən dolu səkkizyüzqramlıq çaxır butulkasını qapıb qəzəblə arvadsifətə sarı qıcandı, lakin əlindəkini atmadı. - Lənət sənə, kor şeytan!.. 
Arvadsifət kötək yemiş it kimi arxasına baxa-baxa uzaqlaşdı. Nuruşun birdəncə niyə belə qəzəbləndiyini öyrənməyə çalışdım, sualdan yayındı. 
"Petux” rusca xoruz deməkdi, bunu bilirdim. Amma burda xoruzluq bir şey yoxdu axı. Biz insanlar qəribə məxluquq, hərdən yazıq heyvanları, quşları, lap elə başqa canlıları da özlərindən xəbərsiz çirkin işlərimizə bulaşdırırıq. Belə başa düşdüm ki, hər nədisə, petux pis, həzm edilməsi mümkün olmayan bir söyüşdü. Həm də arvadsifətin bizə dediyi məsələ ilə əlaqəsi vardı. Yoxsa Nuruş boş yerə ona petux deməzdi. Xoruza yox, əksinə, toyuğa oxşayırdı.
Yadımdadı, bir dəfə Bakı küçələrindən birində divara yazılmış qəribə bir yazı oxumuşdum: "Xoruz, zibil atma, bura zibillik deyil!” Onda da bu xoruzun pis bir söyüş olduğunu başa düşsəm də düz-əməlli izahını tapmamışdım. Öz-özümə elə hey sual vermişdim: niyə məhz xoruz? Məgər xoruzlar zibil atır? Zibilin, söyüşün xoruza, lap elə petuxa nə dəxli?..
Arvadsifətin bizə nə demək istədiyinin daha dəqiq mənasını sonralar anladım. Əgər Nuruş onu söyüb qovmasaydı, bir az mülayim davransaydı, bizə öz partnyorluğunu da təklif edə bilərdi. 

Qaqaş

İmran ağıldan seyrək, gödəkdi, əsgərlik üzü görməmişdi. Çağırış yaşı çatanda atası hərbi komissarlıqda tanış tapmış, həkim komissiyası ilə danışmış, qurub-qoşmuş, ona "devit B”, yəni dəlilik kağızı düzəltmişdi. Anasına görə, balası "soldat” getsə, "stariklər”in təpə-qapazı olan-qalan bir qırıq ağlını da başından uçuracaq, quşbeyin qalacaq, əl-ayaq altında itəcəkdi. Fikri onu tezbazar evləndirməkdi. Kəndimizdə qayda beləydi, istər oğlan olsun, istər qız, bir az dirçəldi, özünü tanıdı, səkkizincini bitirdimi valideynləri onu ya evləndirir, ya da ərə verirdilər. Atası isə hələ oğlunun ağıllanmağını gözləməyin tərəfdarıydı. Özünü idarə eləyə bilmirdi, arvadı necə saxlayacaqdı?! 
İmran özü də evlənmək istəmirdi. Arvaddan it ağacdan qorxan kimi qorxurdu, guya gəlib onu döyəcəkdi. Anası nə qədər başa salsa da arvad adamı döymək, söymək üçün deyil, ev-eşiyə baxmaq, yemək-içməyini hazırlamaq, pal-paltarını yumaq, səni çimizdirmək üçündü, beyninə batmırdı. Deyirdi, əgər bunları eləmək üçündüsə, hamısını sən eləyirsən də, arvadım elə sənsən, tay başqasını neynirəm?
İmran ağıldan seyrək olsa da üzüyola, çöl-bayır işlərində qoçaqdı. Kəndimizin ətrafındakı meşədən odun, çır-çırpı gətirib satmaqla məşğuldu. Eşşəyini canavar parçalayandan sonra (belə eşitmişdim) bekar qalmışdı, darıxırdı. Başqasını almaq istəsə, eşşəyə nə gəlmişdi, eşşəkdən çox eşşək vardı, ancaq nədənsə almırdı. 
Bekar qalandan İmran meylini mənə salmışdı. Reysdən qayıdanda gəlib görüşür, yollarda başıma gələnlərlə, ən çox da rus qızları ilə maraqlanırdı. Başqa şeydən danışanda əsnək tuturdu. Söhbəti hərlədib-fırladıb rus qızlarından salır, hayıl-mayıl qulaq asır, ağzının suyunu axıdırdı. Hardan beyninə vermişdisə rus qızlarıynan tanış olmaq həvəsinə düşmüşdü. Oturub-durub soruşurdu: "Məni haçan Ursetə aparacaq, rus qızlarıynan tanış edəcəksən?” Elə bilirdim mənimlə məzələnir, "gələn dəfə”, deyib başımdan eləyirdim. Gerçəkləyəndə, əl çəkməyib dirənəndə:
- Ə, sən rus dilində "net”nən "yes”i qanmırsan axı, - dedim. - Qıznan nə danışacaqsan?
- Qaqaş, iş görmək üçün hökmən dil bilmək lazımdı? - Təəccüblə soruşdu.
Dəlidən doğru xəbər, doğrudan da, qızla iş görmək üçün dil bilmək əsas deyildi. Ona qalsa, hər dil bilən məgər iş görməyi bacarırdı?
Bu dəfə İmranı Ursetə aparmaq fikrim qəti olsa da bir şeydən ehtiyatlanırdım. Qorxurdum əl quzusu kimi ilk tanış olduğu rus qızına qoşulub hara gəldi gedə. (Təki işini görsün, rus qızları beləsinin çoxuna dil öyrətmişdi.) Di gəl çaxır vaqonunu Ursetin düzündə başlı-başına burax, düş İmranın dalına, iynə axtaran kimi o boyda Rusiyada onu axtar. Kef tapmayıb kəndə qayıdanda, ata-anası "oğlumu ver!” deyib yaxamdan yapışandaydı. 
Anası İmranı göydə allaha, yerdə mənə tapşırdı. Urseti gəzdirib sağ-salamat geri qaytarsan, sənə bir damazlıq ları xoruz verəcəm, dedi. Ları xoruz sizə elə-belə gəlməsin. Arvadın gözündə "Jiquli” kimi bir şeydi. Hesabınızı götürün, həmin xoruzların cütləşdiyi (kənd diliynən, basdığı) toyuqların yumurtalarını minnət-sünnətlə baha qiymətə satın alıb kürt düşən toyuqlarının altına qoymağa it ilindən növbəyə duran kənd arvadları vardı. Bunu ona görə belə ətraflı, yerli-yataqlı danışıram ki, arvadın sözünü qəribçiliyə salmayasınız. 
İmran da qayıdan kimi bir zaman ona bağışladığım, daha doğrusu, cayılların yarı xoş, yarı zor əlimdən alıb ona verdikləri məftil arabamı özümə qaytaracaqdı. Demə, onu hələ də qoruyub saxlayırmış.
Yolda buyruğuma can-başla baxan İmran rus qızlarından özgə heç nəynən maraqlanmırdı. Vay oydu dincəlmək üçün bir hovur qılçamızı qatlayaydıq, o saat ona haçan rus qızı tapacağımı soruşurdu. A zalım, deyirdim, rus qızı yük vaqonu deyil axı, gəlib dayana dəmiryol stansiyasında səni gözləyə. İyli-qoxulu yük vaqonlarının, dəmiryol relslərinin, mazutun içində rus qızını sənə hardan tapım? Tələsmə, səbrini bas, çaxırı təhvil verər, mehmanxanada nömrə götürər, yuyunar, bəzənib-düzənər, şəhərə çıxar, restorana, tansa-mansa gedər, nə qədər desən, qız taparıq. Ursetə gəldiyini eşidib həsrətlə yolunu gözləyirlər. Ürəkləri hərbi orkestrin təbilləri kimi gup-gup eləyir. Deyirlər, görəsən İmran harda qaldı? Niyə gəlib alığımızı aşırmadı?.. 
Sözlərimdəki, səsimdəki istehzanı duyub-duymadığını bilmirəm, amma qara gözləri od-alov saçırdı: "Doğrudan?..” Doğrudan, İmran, deyirdim, doğrudan. Müvəqqəti sakitləşir, aradan bir az keçən kimi təzədən zəhləmi tökürdü. 
Stansiyalardan birində dayanmışdıq. Vaqonumuzun yanından keçən üst-başı çirkli dəmiryolçu arvadı görüb tez İmranı çağırdım.
- Bu da sənə rus qızı, - dedim, - gəl səni tanış eləyim.
Əlindəki işi ataraq sevincək özünü yetirsə də baxıb ağzını burdu.
- Bah, nənəm yaşındadı, - dedi. 
- Qudurasan səni qurbağa, - dedim, - bilirsən bizim provadniklər beləsiynən yatmaq üçün nə qədər çaxırından keçirlər? Eşşəkdən pisdi? 
Qadın onu İmrana göstərib nəsə dediyimi görəndə dayandı, "çto, sınok?”, deyərək dişlərini ağartdı. Dedim, həmyerlim səninlə tanış olmaq istəyir. Dedi, həmyerlin gecikib, yaş o yaş deyil. Ancaq qəşəng bir qızım var evdə, getsə, aparıb onunla tanış eləyərəm. Dilim-dilim olasan, dilim, di gəl bundan sonra İmranı saxla görüm necə saxlayırsan! Dirəndi ki, arvadla gedirəm. Sən neçə gündü başımı piyləyir, aldadırsan, qız tapmırsan, məni avara eləmisən. Amma bax, arvadın qızı oturub evdə məni gözləyir, nağdı budu! Dedim, a xırsız, allaha-tanrıya bax, işimiz-gücümüz var. Bəs bu boyda çaxır vaqonunu neyniyək? Dedi, sən vaqonda məni gözlə, gedim qızla tanış olum, işini görüm qayıdım. Elə bil nağıl danışırdı.
- Çatdırmazsan, - dedim, - indicə qatarı yola salacaqlar. Sonra mən səni hardan tapacağam? Ata-anana nə cavab verəcəyəm? 
Yenə öz dediyini dedi:
- Arvadın adresini öyrən, məni qoy get, qayıdan baş götürərsən. 
Arvad da elə İmran ağıldaydı. Dedi, arxayın ol, əmanətə xəyanət yoxdu, sən qayıdınca mən ona oğlum kimi baxacağam. Hirsləndim ki, babulya, ona sən yox, qızın lazımdı, onun havasına uçur. Arsız-arsız gülüb dedi, qoy uçsun, vaxtı ilə beləsinin biri də mənim havama uçub gəlmişdi bu tərəflərə. Soruşdum, bəs axırı necə oldu? Gəncdim, gözəldim, dedi, dünyanın gərdişini başa düşmürdüm, qanadlarını yandırdım o oğlanın, küsüb birdəfəlik getdi, hələ də peşimanam. Qızın da bir gün bu fağırın qanadlarını yandıracaq, dedim, bizim kişilər özləri gözüdağınıq olsa da, arvadlarının gözüdağınıqlığını bağışlamırlar...
Elə bu zaman qatar yerindən dəbərdi. İmran aşağı düşmək üçün dartındı, mane oldum, geri itələdim. Dəmiryolçu qadın üz-gözündə kədər arxamızca baxa-baxa əlini yellətdi. Mısmırığını sallayan İmranın bir müddət alt dodağı yer süpürdü, üst dodağı göy. Uşaq kimi ovundurmağa çalışdım.
- Ə, a xırsız, gör Moskvada sənə necə qızlar tapacağam də!
- Mən indi, burda istəyirəm, - dedi. - Moskvada özümün də var.
Ağzım açıla qaldı. Bu nə danışır, nə səyliyir, ə? Moskvanı ömründə görməyib, amma artıq orda qızı var! Nə danışırsan, ə, dedim, qız hardandı? Dedi, dayım oğlundan payızda Moskvaya mer-meyvə satmağa gedəndə evində qaldığı qəhbənin adresini almışam. Qayıdanda ona salamını yetirəcəyəm. Dayım oğlu tərifləyir ki, yaxşı candı, çoxlu da padruqası var. Deyəcəyəm, birini də səninçün gətirsin.
Gəl beləsinə dil çatdır. Özünə omac ova bilmirdi, mənə əriştə doğramaq fikrindəydi. Dayın oğlunun qəhbəsinə qalmamışam, qaqaş, dedim. Dil bilsəm, mən də qalmazdım, dedi, neyniyim, dədəm-nənəm qoymadı əsgərliyə gedim, dil öyrənim. Elə bilirdi rus qızları özlərini allah yoluna qoyublar, çətini dillərini bilincədi, hansına yaxınlaşsa, toyuq kimi yasacaq, altına yıxılacaq.
İmranın dəlilik kağızı almasının gülməli tarixi vardı. Hərbi komissarlığa çağırırlar. Həkim komissiyasında deyirlər, paltarlarını soyun. 
Təəccüblə soruşur:
- Bura hamamdı?
- Səni müayinə etməliyik.
Soyunur. Truski qalır. Deyirlər, onu da çıxart, şeyinə baxmalıyıq. Elə bilir sünnət olunub-olunmadığını yoxlayırlar.
- Vallah, sünnət olunmuşam, - deyib and-aman eləyir.
Zorla soyundurmaq istəyirlər, imkan vermir. Həkimlə tutaşır, stolun üstündəki mürəkkəb qabı aşır, həkimin ağ xalatı, üst-başı batır. Başlarının qarışdığını görüb İmran aradan çıxır. Evdə niyə qaçdığını soruşurlar. Deyir, məni təzədən sünnət eləmək istəyirdilər, qaçdım. İmranı əsgərlikdən saxlatmaq istəyən atasının əlinə bəhanə düşür. Hərbi komissara deyir, sizə deyirdim də, bunun ağlı çatmır. 
İşi başqa bir tərəfdən də düz, rast gətirir. Tay-tuşları, bic-vələdüznalar İmranı inandırırlar ki, trusikini soyunmamaqda çox ağıllı tərpənib. Məqsədləri, doğrudan da, onu təzədən sünnət eləməkdi. Bu bəladan canını qurtarmağın tək bircə yolu var. Əsgərə getmək istəmədiyini hərbi komissara mərdi-mərdanə bildirməlidi. Hökumətimiz dünyada ən humanist hökumət, əsgərliyə getmək də könüllüdü. 
Deyilənlər ağlına batır. Növbəti dəfə həkim komissiyasına çağıranda komissara yaxınlaşıb deyir, voenkomat əmi, məni əsgərə aparırsınız, amma vallah, getməyə heç axotum yoxdu. Komissiya üzvləri bir-birinə qoşulub gülüşür, dəlilik kağızını təsdiqləyirlər. Bununla onu yalnız əsgərlikdən yox, eyni zamanda rus dilini öyrənmək, rus qızları ilə tanış olmaq şansından da məhrum etdikləri ağıllarına da gəlmir. Halbuki qorxutmasaydılar, rus dilinə, rus qızlarına görə İmran əsgərliyə uça-uça gedərdi.   

kult.az

Комментариев нет:

Отправить комментарий