Tural Sahab
İnsanların ən çox danışanı O-dur... Anadangəlmə lal və kar olan O... Nədənsə həmişə də bizdən danışır. Biz-yəni, iki dostla harda qarşılaşsa, mütləq “danışmağa” başlayırdı....
İnsanların ən çox danışanı O-dur... Anadangəlmə lal və kar olan O... Nədənsə həmişə də bizdən danışır. Biz-yəni, iki dostla harda qarşılaşsa, mütləq “danışmağa” başlayırdı....
***
Anar:
...Dostumla mən 5-ci sinifdə oxuyuruq. Ancaq hamını bezdirməyi yaxşı bacarırıq. Eləmədiyimiz səfehlik qalmayıb. Siqaretin belə dadına baxmışıq. Deyirlər, pisdi, çəkməyin. Amma, biz hər kəsdən öncə atalarımızın əməllərinə inanırıq. Pis olsa atamız çəkməzdi ki? Hər axşam atamızın cibindən oğurladığımız iki siqaretlə qaçırıq yaxındakı boz təpəyə. Arxası üstə boz çəmənlikdə uzanıb günəşin qürubunu seyr etmək, onunla vidalaşarkən siqaretin acısını ciyərimizə çəkmək adətimizdi. Bu təpənin adda-budda bitən otları hər nə qədər sərt, möhkəm idisə, torpağı bir o qədər yumşaq idi. Yaxşı ki, coğrafiyadan aldığım “2”-ləri unutmamışdım.
Yoxsa özümü bu təzadı dərk etmədiyimə görə çox qınayardım.
Yoxsa özümü bu təzadı dərk etmədiyimə görə çox qınayardım.
Hərdən günəşin son şüları səmadakı əlçim buludları sığallayırdı. Bu an mənə elə gəlirdi ki, səmada buludlardan hansısa hərflər yazılıb. Günəş öz şüasıyla məhz həmin hərflərin ardıcıllığını göstərmək istəyir ki, o sözü oxuya bilim...
Dostumla ən sevimli söhbətimiz gözaltı elədiyimiz qızlardan olurdu. O, eyni sinifdə oxuduğumuz Zərifədən danışanda mənə elə gəlirdi ki, nəsə uydurur həmişə. Çünki, qızın direktorun oğluna meyl saldığını yaxşı bilirdim. Dostum da bilirdi. Amma, nəsə elə bil xəyallarından əl çəkmək istəmirdi. Mən uşaq ağlımla ona elə təsllilər verirəm ki, elə bil böyüyüb dünyanı yorub yola salmışam, yenidən qayıdıb balaca olmuşam.
Mənsə 6-cı sinifdə oxuyan qızı düşünürəm həmişə. Dostuma baxanda mən daha pis vəziyyətdəyəm. Ümidim təkcə onadır ki, mən 11-ci sinifdə oxuyanda yaraşıqlı oğlan olacağam. Bunu nənəmdən eşitmişəm...Və özümə təsəlli etmişəm... Onda Arzu mənim “dərdimdən öləcək”... Xüsusi vurğuyla dediyim sözləri də nənəm deyirdi həmişə:
-Böyüyəndə qızlar sənin dərdindən öləcək....
Dayım deyir ki, bir az böyüsəm məni özüylə “urusiyət”ə aparacaq:
- Orda o qədər qız var ki, gündə biriylə kef çəkərsən-deyir.
Mənasını anlamasam da elə düşünürəm ki, qızlar mütləq məni xoşlayacaqlar. Orda çoxlu pul qazanacam. Ayda 200 manat da burda qoyduğum arvada bıs edəcək. Dayımın arvadı kimi. Arzu olacaq mənim arvadım. Ondan ona görə xoşum gəlmişdi ki, yaxşı qız idi. Mən birinci sinfə gələndə “Əlifba” kitabı tapılmırdı mənə. O, özünün keçənilki kitabını mənə verdi. Ona görə deyirəm o yaxşı qızdır.
***
Ayaz:
... Anarla çoxdan dostuq. Onunla dalaşmağı çox xoşlayıram. Çünki, tezcə də barışırıq. Hər barışıqda daha mehriban oluruq . Çərşənbə tonqallarını da birgə qalayırıq. Bir gün atalarımız sərxoş hallarıyla dalaşmışdı. Onlar danışmırdı. Elə biz də... Amma, özümüzü elə göstərirdik. Gizlində biz yenə dost idik. Mən Anarın bacısını xoşlayıram. Həmişə Anargilə gedəndə Allaha yalvarıram ki, kaş qapını bacısı açaydı. Amma, axı, bu dostluqdan olmaz ki, mən onun bacısını istədiyimi kimsə bilsin. Buna görə də həmişə Anara direktorun oğluyla idman dərsində axıra qalan Zərifədən danışıram. Anar bunu duysa ki, ona yalan danışıram, məni yaxşıca döyər. Axı o, davakardı.
Bir gün kəndimizin uşaqları qonşu kəndə davaya gedirdi. Anar bunu eşidən kimi dəstəyə qoşuldu. Oradakı davada qəşəng yumruq yeyən Anar zorla qaçıb özünü birtəhər hündür otların arasında gizləyir. Dava qurtaranda uşaqlar Anarı kəndə qucaqlarında gətiriblər. Ancaq bu da Anara dərs olmadı. O, hələ də davanı xoşlayır. Evdə də sirr açan deyil. Soruşanda ki, nolub, demişdi:
-Oynayanda yıxılmışam...
Bir dəfə də özündən çox balaca uşağı iki qatlayıb su çəninə salmışdı. Yaxşı ki, uşağa heç nə olmamışdı. Əslində, onun davalarından çox danışmaq olar. Amma, bir az da danışsam, Anar elə bilər xəbərçiyəm. Deyəsən, birini danışmasam dura bilməyəcəm. Keçən yay Anar yenə bir uşağı küçədə döydü. Anası onu danlasa da, vursa da olmadı. Anar anasının əlindən çıxıb uşağı bərk döydü. Xətrimizə dəyən adamların maşının təkəri altına şüşə qırıqları səpmək, mismar düzmək də sevimli peşələrimizdəndir. Elə bizim dostluğumuz da belə başlayıb. Təkərinə mismar batırdığımçün məni tutub aparan kişinin qolundan Anar dişləməsəydi yəqin ki, o gün atam kəmərini təzələməli olacaqdı. Ona görə də Anarla əlimizi kəsib qan qardaşı olmağı özümə borc bildim.
***
Anar:
...Yağışlı bir gün idi. Kəndimizdə yağış iki cür olur. Ya hava qaralır, elə bil ağlayır, ya da elə bil günəş gülümsəyir deyə utandığından çiçəkləri yuyur. O çiçəkləri yuyanda həmişə ləçəkləri parıldayır. Bu parıltı göy üzünə də düşür. Biz ona “Göy qurşağı” deyirik. Mən toyuq, ördək, qaz ətini xoşlayıram. Hələ yumurtalarını demirəm. Ancaq nədənsə qaz həmişə bizdə qışda, xüsusilə də, yeni il bayramında kəsilir. Elə yağlı ət olur ki. Nənəm hərdən qazın yağını süzdürüb qaba yığır. Sonra qışın soyuq günlərində o yağdan mənə qayğanaq bişirir. Elə ləzzətlidir ki...
Belə yağışlı günlərin biri idi. Yazın əvvəlləridi deyə toyuqlar kürt yatırdı. Yumurta qəhətə çıxmışdı. Ağlasam da yumurta tapılmadı. Qonum-qonşu da toyuqlarını kürt yatırmışdı. Qəribə adətlər vardı ey bu kəndə. Heç vaxt öz yumurtası ilə kürt yatırmazdılar toyuğu. Qonşuyla dəyişirdilər həmişə. Mən o qədər ağladım ki, yumurta üçün. Yenə tapılmadı. Bir həftə kürt yatan qazın altından yumurta çıxarıb bişirdilər. ancaq yeyiləsi deyildi... Yemədim, dişləyib atdım, getdim yatmağa. Daha bir də toyuq kürt yatan vaxtı yumurta sevdasına düşmədim... (Bu da nənəmin sözüdür, sevdaya düşmək... Mən nəyisə çox istəyəndə o həmişə belə deyirdi.)
Yenə bir gün yadıma ət düşdü. Anam bu istəyimi vecinə almadı. Mən də tənbəllik etmədim. Qaçıb çilli fərənin belinə daşla vurdum. Yazıq yerindəcə yırğalanırdı. Babamın yanına qaçdım ki, gəl bunu kəs, yoxsa öləcək, basını qapıya çırpıb. Babam toyuğu kəsəndən sonra dediyim sözün fərqinə varsa da, artıq gec idi. Deyəsən, mənim kələyimi elə təkcə o anlamışdı. Ancaq üzümə vurmadı.
Bir dəfə yenə yabayla toyuq vurmağa gedəndə qırmızı xoruz çığırdı. Qorxumdan yabanı ona vurdum. Bir də gördüm xoruz yabanın ağzındaca ölüb. Qorxumdan onu bağda basdırdım. Evdəkilər xoruzu çox axtardılar. Ancaq tapa bilmədilər. elə bildilər ki, tülkü yeyib. Mənsə bunu Ayazdan başqa kiməsə demədim... Yaxşı dostdur, sirrimi saxladı...
***
Axşamüstü Qəmbər kişi eşşəyinə minib meşədən qayıdırdı. Bir də gördü ki, boz təpədə iki qaraltı var. Öncə onların qurd-quş olduğunu düşündü. Yaxınlaşanda burada Anarla Ayazı ovcunda siqaret görüb pörtməyə, tüpürməyə başladı. Az sonra isə eşşəyinin səmtini kəndə çevirdi. Uşaqlar isə Qəmbər kişi susmasa evdə onları nə gözlədiyini düşünüb qorxudan əsirdilər. Ayaz:
-Fağır adamdı, bizi satmaz-desə də öz dediyinə zorla inanırdı.
Anar isə bilirdi ki, lal-kar olan Qəmbər kişini yaşlılar anlaya bilir. Hətta, babası Qəmbər kişiylə dəfələrlə tində durub söhbət edib... Əslində, bu lal-kar qoca heç də pis adam deyildi. Həmişə də hamıya yaxşılıq etməyə can atırdı. Onu üzən uşaqların əl boyda vaxtlarında siqaret çəkməsi idi yəqin ki... Və elə yəqin ki, deməyəcəkdi də...Axı, o pis adam deyildi...
***
İndi aradan illər keçib, Anarla Ayaz böyüyüblər. onlar bu kəndə az-az gəlirlər. Çünki, şəhərdə yaşayırlar. Qəmbər kişi isə hələ də onlarla rastlaşanda pörtür, əlini-qolunu ölçür, arada tüpürür. Sanki, bununla onların əməlini unutmadığını deyir. Vaxt olub ki, əliylə onları gpstərib yanındakılara da nəsə anlatmağa çalışıb, amma deyəsən, kənd camaatı bu işarələrin onlara yox, xarici avtomobillərinə ünvanladığını fərz ediblər.
Комментариев нет:
Отправить комментарий