Страницы

30.07.2013

GMO məhsullar bizə qorxunc gələcək hazırlayır

Elçin Bayramlı

Bütün dünyanı cənginə almış genetik modifikasiya olunmuş (GMO) məhsullar ciddi narahatlığa səbəb olur. 
Kimya sənayesinin və genetika elminin inkişafı bəzi digər sahələrdə olduğu kimi, qidalanmada da qeyri-təbii texnologiyaya start verib. İndi bazar-dükan zavoddan çıxmış kimi standart görünüşlü, parıldayan meyvə-tərəvəzlərlə, şirniyyatlarla, süni qidalarla... xəstəxanalar isə xəstələrlə doludur.
Son vaxtlar dünyada təbii toxumlu məhsul əkin sahələrinin sayı xeyli azaldılıb. Hazırda dünya əhalisinin 70 faizindən çoxunun GMO mənşəli məhsullarla qidalandığı ehtimal olunur.
Genetik təcavüzə məruz qalmış məhsullar insan orqanizminin bioloji vəziyyətini və genetik strukturunu dəyişir. Bu, sonrakı nəsillərdə özünü daha çox büruzə verir. 
GMO təhlükəsini dərk edən və artıq ilk əyani təcrübələrlə tanış olan inkişaf etmiş ölkələrdə buna qarşı ciddi tədbirlər görülür. Bir sıra ölkələr, o cümlədən İtaliya, Fransa, İsveçrə geni dəyişdirilmiş məhsulların istehsal və satışına qadağa qoyub. 
Rusiya, Belorusiya və Ukraynada da geni dəyişdirilmiş məhsulun xüsusi işarələnməsi qaydaları tətbiq olunur. Qərara əsasən, istehsalçı məhsulun üzərində geni dəyişdirilmiş orqanizmin olması haqqında məlumat yerləşdirməlidir. Bu işarələri görən istehlakçılar belə məhsulları almaqdan çəkinirlər.
Biz isə “bəh-bəh”lə alırıq, gözəlliyinə valeh oluruq, sağlamlığımıza zərər vursa da, görünüşü və dadı gözəldi, daha doğrusu, dəbdədir deyə yeyirik. 
Genetik Modifikasiya ilk dəfə SSRİ-də kəşf olunub. Lakin bu texnologiyanın təbiətə və insan sağlamlığına zərər vuracağını anlayan sovet rəhbərliyi bitkilərin genetik modifikasiya edilməsinə qadağan edib və Stalinin əmri ilə bu sahədə elmi təcrübəılər dayandırılıb.
Sonralar ABŞ-da GMO təcrübələri geniş vüsət alıb və artıq demək olar ki, bütün bitkilər geni dəyişdirilmiş vəziyyətə gətirilib. Bitkilərə müxtəlif heyvan, hətta insan genləri vurulmaqla onları təbii vəziyyətindən çıxarırlar. Nəticədə həmin bitki öz təbii mineral, vitamin və s. orqanizmə yararlı olan maddələrdən məhrum olur, ancaq çox məhsul vermək və uzun müddət saxlanmaq imkanı yaradır.
Dünyada biznes maraqları hökm sürdüyündən əsas məsələ budur - tez, çoxlu, az xərclə və davamlı pul qazanmaq. İnsan sağlamlığı boş şeydir, bundan qlobal transmilli şirkətlər şəbəkəsi xeyir qazanmır. Lakin GMO ilə immunitet sistemi çökdürülmüş, bioloji olaraq xəstələndirilmiş insanlara on minlərlə bahalı dərman növlərini satmaqdan daha çox gəlir götürülür.
GMO məhsullar Azərbaycana 90-cı illərin əvvəllərindən ayaq açıb. Getdikcə süni məhsullar təbii məhsulları sıxışdırıb bazardan çıxarır. Ona görə yox ki, daha keyfiyyətlidir, ona görə ki daha ucuzdur və daha görünüşlüdür. Bu ucuzluğun və gözəlliyin arxasında isə dəhşətli təhlükə dayanır.
Mütəxəssislərin dediyinə görə, hazırda Azərbaycanda qarpız, pomidor, çuğundur və sair məhsullardan toxum götürmək mümkün deyil. Çünki ölkədə əkilən pomidorların 95, kartofun azı 50, qarpızların, günəbaxanın, çuğundur və qarpızın 80 faizi GMO-dur. Hələ bu rəqəmlərin daha çox olduğu iddia olunur.
Daha bir məqam var ki, bu, iqtisadi və siyasi baxımdan da strateji planda ciddi təhlükə vəd edir. Bu da ondan ibarətdir ki, GMO toxumlar torpağı özünə öyrəşdirir, toxum vermir. Bu toxumlar ucuz təklif olunduğundan hamı təbii toxumu qoyub onu əkməyə çalışır. Çünki tərkibində xeyirli heç nə olmasa da, burda daha çox məhsul götürülür ki, bu da maddi qazanc deməkdir.
Beləliklə, yerli toxumlar sıradan çıxır, ölkə qalır GMO toxum istehsal edən və bütün dünyada ixrac edən “Monsanto” kimi cinayətkar transmilli korporasiyanın əlində. Bu isə ərzaq təhlükəsizliyi baxımından son dərəcədə təhlükəli perspektiv vəd edir. Buna görə də, respublikada ölkə başçısının tapşırığı ilə toxumçuluq təsərrüfatlarının və yerli toxum bazasının qorunub saxlanması istiqamətində digər addımları təqdirəlayiq hesab etmək lazımdır.
2007-ci ildə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanun qəbul edilib. Bu qanunla GMO mallarının Azərbaycana gətirilməsinə icazə verilib. Azad İstehlakçılar Birliyinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, Ümumdünya Səhiyyə Təşkilatının təzyiqləri nəticəsində Azərbaycana GMO məhsullarının gətirilməsinə icazə verilib.
Ölkədə GMO məhsulların tərkibini yoxlaya biləcək laboratoriyanın olmaması vəziyyəti pisləşdirir. Məndə olan məlumata görə, belə laboratoriyanın yaradılması cəmi 2-3 milyona başa gələr.
“McDonalds” və bu kimi digər “fast-food” şəbəkələrinin menyusunun bəzəyi olan hamburger, hot-doq və digər ət yeməklərində istifadə edilən qidalar tamamilə transgen məhsullardır. 
2012-ci ilin 7 fevral tarixində ölkə prezidentinin genetik modifikasiya olunmuş məhsullarla bağlı ayrıca fərmanı oldu. Lakin fakt budur ki, bu qanunların tələblərinə əməl olunmur.

teleqraf.com                     elcin.az@mail.ru

Комментариев нет:

Отправить комментарий