Страницы

14.07.2013

İSTANBULDAN SAMSUNA

AKİF ABBASOV
                                   
“Samsundan başlanan yol” romanından

Mustafa Kamal sabah Samsuna gedəcəkdi. Zübeydə xanım xəstə idi. Ürəyi ona rahatlıq, dinclik vermirdi. Həkim dava-dərman yazmaqdan başqa, məsləhət görmüşdü ki, yataq rejimini gözləsin, yoxsa vəziyyəti ağırlaşar. Məkbuləyə də tapşırmışdı ki, anasına göz qoysun, birdən peşmançılıq olar. Zübeydə xanım nə vaxtdan idi ki, həyət-bacaya çıxmırdı. Qızı qulluğunda durmuşdu, vaxtlı-vaxtında dərmanlarını, yeməyini-içməyini verir, otağı yığışdırır, onun əyin-başını, otağın havasını dəyişirdi.
Mustafa Kamal indi anasının Sişlidə yaşadığı evində idi. O, bacısını çağırıb dedi:

-Məkbulə, bacıcan, acmışam, burada yox, anamın otağında bir süfrə sal. Sabah Anadoluya yola düşürəm. Sizə deyiləsi sözlərim var.
Süfrə salındı. Mustafa anasının üst mərtəbədə yerləşən otağına keçdi. Zübeydə xanımın əllərindən, üzündən öpdü:
-Anacan, gözümün işığı, narahat olma, qorxulu bir şey yoxdur. Özüm həkimlə danışdım. Sənə dinclik, sakitlik lazımdır. Əlinə-ayağına dolaşan yoxdur, istirahət elə.
Sonra Mustafa bardaş qurub yerdə əyləşdi. Xörəyini yedikdən sonra söhbətə başladı:
-Anacan, ölkəmizin durumu yaxşı deyil. Bu gün yunan dəniz piyadaları ingilis və amerikan zirehli gəmilərinin köməyilə İzmirin sahillərinə çıxıblar. İzmirdə yaşayan türklərə divan tutulub. 300 türk qətlə yetirilib, 200 yaralı var. Aralarında şəhər valisi də olmaqla iki yüz min türkü əsir alıb Yunanıstana aparıblar. İngilislərin iştahasından İstanbulu tutmaq keçir. İstanbul da Salonikin gününə düşə bilər.
Mustafa Kamal sinirli idi. Zübeydə xanım də həyəcan¬lanırdı. Bunu görən Mustafa özünü ələ aldı:
-Anacan, bunları ona görə sənə demirəm ki, təlaşa düşəsən. Mən hələ mətləb üstünə gəlib çıxmamışam.
Məkbulə fincanda qəhvə gətirdi. Mustafa Kamal qəhvəni qarışdırdı və dadına baxdı. İsti idi. 
-Anacan, həyəcanlanırsansa, sözümü yarımçıq kəsim. Fəqət istəyirəm ki, mənim sözlərimi sən də, bacım Məkbulə də eşitsin.
Zübeydə xanım əli ilə işarə verdi ki, davam etsin. Mustafa Kamal qəhvədən bir qurtum içib dilləndi:
-Sabah Samsuna gedirəm. Bu millətə, bu xalqa, bu ölkəyə gün ağlamağa gedirəm. Düşmənlər üstümüzə yeriyir. Onlara qarşı duran yox, cavabını verən yox. Bu, nə qədər sürəcək?! Bundan sonrakı taleyimin necə olacağını heç özüm də bilmirəm. Bu yolda ölüm də var, itim də. Anacan, mən geri dönməyə bilərəm. Başıma bir iş gəlsə, özünüzü itirməyin, daralmayın, sarsılmayın. Allahın verdiyi candır, onsuz da bir gün alacaq. Özünüzə korluq verməyin. Pullarınızı xərcləyin, qurtarsa, xalıdan-xalçadan satın, ev əşyalarından satın…fəqət buralarda nə baş versə, yola çıxmayın, İstanbulu tərk etməyin. Yenə deyirəm: nəbadə buradan başqa yerə gedəsiniz.
Zübeydə xanım artıq özünü pis hiss edirdi. Mustafanın, yeganə oğlunun təhlükə qarşısında olduğunu görürür və başa düşürdü ki, onu bu yoldan heç bir qüvvə döndərə bilməyəcək. Oğlunun xasiyyətini bilirdi. Planlaşdırdığı bir iş olurdusa, onu yerinə yetirməmiş rahatlıq, dinclik tapmazdı. Amma indi üzərinə götürdüyü işdən qan qoxusu gəlirdi, bu iş ölüm saçırdı. Məkbulənin də rəngi saralmışdı. Birdən Zübeydə xanımın halı qarışdı. O, ürəyini tutdu və özündən getdi. Məkbulə tez otağın pəncərələrini açdı ki, içəri təmiz hava dolsun. Mustafa anasının yanına qaçdı. Həkim Rasim Fərid bəyin dalınca adam göndərdilər. Rasim Fərid bəy vaxtında özünü çatdırmasayıdı, Zübeydə xanım ölə bilərdi.
Az sonra Zübeydə xanım özü xahiş etdi ki, oğlu söhbətini davam etdirsin. Mustafa Kamal boyun qaçırsa da, anası əl çəkmədi. Məcburiyyət qarşısında qalan Mustafa davam etdi:
-Ay ana, niyə üzülürsən. Nə ölən var, nə itən. Bax, mən sənin yanındayam, ayaq üstəyəm. Mən müqəddəs bir işə qatılıram. Siz gərək özünüzü elə aparasınız ki, mənim fikrim-zikrim burada – sizin yanınızda qalmasın, arxayın işimi, mübarizəmi başa çatdırım. Anacan, mən ölüm-itimdən danışdım, unudursan ki, bu yolda zəfər də var, ölkənin azadlığı, müstəqilliyi var. Düşmənin ana Vətənimizdən qovulması da var. Bəs nə üçün bunları düşünüb toxtaqlıq tapmırsan?! Anacan sabah, dediyim kimi, Anadoluya yola düşürəm. Haqqını mənə halal elə!
Zübeydə xanımın gözləri yaşarmışdı:
-Mustafa, oğlum, sən hərbi məktəbə gedən gündən haqqımı sənə halal etmişəm. Sənin həyatın asan keçməyib. Erkən yaşlardan atanı itirmisən. Həmişə çətinliklərin qoynunda, savşlarda, mübarizələrdə olmusan. İndi də özünü oda atırsan. Amma xeyirxah iş üçün, vətən üçün, millət üçündür bütün bunlar! Yaxşıca başa düşürəm. Gəl səni öpüm, xeyir-duanı verim!
Mustafa Kamal anasına yaxınlaşdı. Zübeydə xanım sağ əlini onun başını qoydu, alnından öpdü:
-Mübarizən xeyirli olsun, oğlum! Allaha dualar edəcəyəm ki, sənin köməyində dursun!
Məkbulə də qardaşının boynuna sarılıb onu öpüşlərə qərq etdi. Həmin gecəni Mustafa Kamal anasının yatdığı otaqda keçirdi. Fəqətnə Zübeydə xanımın, nə Məkbulənin, nə də Mustafa Kamalın o gecə gözlərinə yuxu gəldi…
Mustafa Kamal Samsuna getmək üçün 1916-cı il mayın 16-da İstanbulda gəmiyə oturub yola düşdü. O, tək deyildi. Silahdaşlarından Müzəffər Qılıc, Rəfiq Saydan və başqaları onunla idi. Onlar mayın 19-da səhər saat 6-da Samsuna çatdılar. Sahildə xeyli adam toplaşmışdı. Haradansa onlara xəbər çatmışdı ki, Mustafa Kamal Samsuna gəlir. Sahildəkildər gələnləriin pişvazına çıxmışdılar. Aralarında əsgər və zabitlər, mülki və vəzifəli şəxslər də vardı. Qonaqlara Mıntıka Palas hotelində yer düzəltdilər. Hotelin restoranında nahar etdilər. Günortadan sonra Mustafa Kamal hökumət idarələrinə və bələdiyyəyə getdi, görüşlər keçirdi. Samsuna gəlməmişdən on beş gün əvvəl o, IX Ordu hissəsi müfəttişi təyin olunmuşdu. Bir hərbi müfəttiş kimi XV Ordunun Samsundakı bölməsindən istifadə edərək, jandarm və polisləri təftiş etdi.
Mustafa Kamal Samsundan Osmanlı dövlətinin Baş vəzirinə müraciət etdi: «Millət vəhdət təşkil edərək, hakimiyyətin əsaslarını, türklük duyğusunu hədəf kimi qəbul etmişdir».
Sonra Amasiyadan bəyan etdi: «Daha İstanbul Anadoluya hakim deyil, tabe olmaq məcburiyyətindədir….Millətin qarşıya qoyduğu məqsədə çatana qədər sadiq nökəriniz kimi millətin sinəsi olan Anadoludan getməyəcəyəm və bu məsələdə millətin bir fərdi kimi axıra qədər vuruşacağım haqqında müqəddəs hesab etdiyim millətə söz vermişəm. Heç bir qüvvə bu milli qərara mane ola bilməz».
Mustafa Kamal sonradan milki və hərbi qurumlara son dərəcə mühüm mesaj göndərdi: «Vətənin və millətin istiq¬laliyyətini yalnız millətin əzm və qərarı qurtaracaqdır. Bundan sonra müqəddəs milli məqsədimiz uğrunda fədakarlıqla çalışmaq üçün sevimli millətə bir fərdi mübariz rolunda olduğumu ərz və elan edirəm».
1920-ci il mayın 11-də Damad Fərid paşa kabinetinin təşəbbüsü ilə hərbi məhkəmə Mustafa Kamalı və silahdaşlarını edama məhkum etdi.cHəmin edam hökmü padşah VI Mehməd Vəhdəddin xan tərəfindən təsdiqləndi.
Bu xəbər Zübeydə xanıma da çatmışdı. O, bərk narahat idi. Oğlunu edam edə bilərdilər. Məkbulə anasını sakitləşdirdi: «Mustafaya heç nə olmayıb». Zübeydə səksəkədə idi. Bu ara Zübeydə xanım Mustafa Kamalla Samsuna gedən yoldaşlarından birinə rast gəldi. Mustafanı onun yanında görməyəndə qadın haldan-hala düşdü: «Yəqin Mustafanı edam ediblər, ona görə bu kişi İstanbula yalqız dönüb». Həmin şəxs güc-bəla ilə Zübeydə xanımı inandıra bildi ki, Mustafa sağ-salamatdır, başladığı müqəddəs işlə məşğuldur və onu edam etmək heç də asan deyil. Ətrafında çoxlu hərbi qüvvə, silah var. Padşahın özündən çox-çox güclüdür.
Türkiyədə milli-azadlıq hərəkatı gedirdi. Qurtuluş mübarizəsinin başında Mustafa Kamal dayanırdı.

Комментариев нет:

Отправить комментарий