Страницы

19.07.2013

Milli Şuranın doğurduğu ümüd və təşviş

İlqar Salmanlı

Siyasi hakimiyyətin narahatlığı ilə müxalif düşərgədəki agentlərin əks hücumları necə də bir-birini tamamlayır
Bütün dünyanı dolanan Rüstəm İbrahimbəyov və iyi
rmi ildir kabinetindən kənara çıxmayanlar...
Seçki qutusunda qalib olmaq qələbənin yarısıdır, əsas odur ki, qutudan qalib kimi də çıxasan

Qələbəyə doğru ilk addım

Azərbaycan müxalifəti heç vaxt indiki kimi monolit görünməmişdi. Bxamayaraq ki, indiyə qədər də bu istiqamətdə cabalar xərclənib. İyirmi ildir ki, bizlər müxalif cəbhədə iyirmidən çox sabun köpüyü kimi birliklərə şahidlik edirik. İllər ötdükcə həm siyasi düşərgədə, həm də ictimai arenada bu birliklərə yumşaq desək qeyri-ciddi yanaşmalar formalaşdı. Şübhəsiz ki, bu da səbəbsiz deyildi... Amma Milli Şura nə qədər təsəvvürolunmaz olsa da belə, Azərbaycan insanı üçün yenilik oldu.
İyirmi ildir ki, ölkə ictimaiyyatı bunu arzulayırdı. Həm müxalifətin, həm də nüfuzlu ziyalıların bir mərkəzdə cəmlənməsi qələbəyə doğru ilk addım da sayıla bilər. Ən azı o səbəbdən ki, xalq bu günə qədər bir-birinə salam belə verməyənləri bir masa arxasında görür. Və bu da kütlədə məlum ümüdün formalaşması ilə müşahidə olunur. Üstəgəl, Milli Şuranın qısa vaxtda atdığı müəyyən addımlar da ümüdləri stimullaşdırır.
Artıq həm beynəlxalq aləmdə, həm də ölkə daxilində Milli Şura növbəti prezident seçkilərində siyasi hakimiyyətə yeganə alternativ kimi görünür və qəbul olunur. Həm də günbəgün bu görüntünün əhatə dairəsi də genişlənməkdədir.

Rüstəm İbrahimbəyov faktoru

Rüstəm İbrahimbəyovun sənətində qazandığı uğurlar bütün dünyaya bəllidir. “Oskar” mükafatçısını bütün dünya tanıyır və etiraf edir.
İndi isə özü istəməsə də belə tale onu siyasətçi kimi sınağa çəkir. Ölkədəki məlum mənzərəyə bir ziyalı kimi Rüstəm İbrahimbəyovun seyriçi qalması mümkün deyildi və olmadı da. Nəhayət ki, belə birisi olmalı idi, oldu da.
İyirmi ildir ki, həlledici məqamda bir masa arxasında oturmağı bacarmayan siyasiləri birləşdirəcək yeganə fiqur məhz Rüstəm İbrahimbəyov ola bilərdi. Bir ziyalı kimi etiraf olunması, siyasi ambisiyasının, hakimiyyət hərisliyinin yoxluğu, cəsarət nümayişi, beynəlxalq aləmdəki nüfuzu və s. müxalif siyasilər və geniş ictimaiyyat tərəfindən onun qəbul olunmasını şərtləndirən amillərdir.
Doğrudur, bu arada Cəmil Həsənli, Mehman Əliyev kimi tanınmışlarında adları hallanır. Amma bunlardan fərqli olaraq Rüstəm İbrahimbəyovun həm də beynəlxalq aləmdə nüfuz sahibi olması faktı var. Hansı ki, bu fakt indiki halda bəlkə də həlledici sayıla biləcək qədər əhəmiyyətlidir. Bu və digər səbəblərdəndir ki, siyasi müxalifət istəsə də, istəməsə də məhz onu qəbul etmək zorunda qaldı. (KAXCP sədri Mirmahmud Mirəlioğlu kimi bəzi Milli Şura üzvləri də bunu açıq etiraf etdi.)
Adam mövqeyini qəti və açıq şəkildə ortaya qoyur: iki il dövlət başçısı olmaqla məlum siyasi islahatlar aparmaq, növbəti parlament və prezident seçkilərinə nail olmaqla yenidən geri dönüb sənəti ilə məşğul olmaq. Bu Milli Şuranın vahid namizədi kimi onun öhdəlikləridir. Həm də yayınılması mümkün olmayan öhdəliklər.
Hazırkı proseslər də Rüstəm İbrahimbəyova Azərbaycan insanının ümüdlərini artırmaqdadır. Söhbət onun hədəfinə doğru praqmatik siyasilərə xas təmkinli və cəsarətli addımlarından gedir.
Seçkidə şəffaflığın və demokratikliyin vacibliyini çoxları kimi Rüstəm İbrahimbəyov da bilir. Seçki qutusunda qalib olmaq qələbənin yarısıdır, digər yarısı isə qutudan da qalib kimi çıxmaqdır.
 “Mən seçkidə qələbə qazanacağımıza əminəm, həm də ona əminəm ki, iqtidar seçkini maksimum saxtalaşdıracaq”. Bu sözlərin müəllifi indi bütün enerji və vaxtını bu təhlükəni önləməyə xərcləyir. Seçkidə şəffaflığa nail olmağın yolu məlum xarici dövlətlərdən və beynəlxalq qurumlardan keçir. Ədalətli beynəlxalq müşahidəyə maksimum nail olunması nəinki vacibdir, hətta əksi mümkün olmayan faktordur.

Sıra müxalif maskalı agentlərindir

Siyasi hakimiyyətin Rüstəm İbrahimbəyovа qarşı kampaniyası anlaşılandır: Bu bir siyasi mübarizədir və qarşı tərəf də bütün cəbhə boyu rəqibinə hücumdadır. Bu səbəbdən də “Rüstəm İbrahimbəyov ermənilərin marağına işləyir”, “Rüstəm İbrahimbəyovun namizəd kimi qeydə alınması mümkün deyil”, “nədən iyirmi ildir hakimiyyət uğrunda vuruşan müxalifət birdən-birə yerini bir kinodramaturqa verdi” və s. iqtidar mənsublarının bu kimi “arqument”lərini başa düşmək olar.
Başa düşülməsi çətin olduğu qədər də, asan olan həm də müxalifət cəbhəsindəki Arifhacılıların, Raufarifoğluların, Sərdarcəlaloğluların və s.-lərin “arqument”ləridir. Əslində bunların səsinin çıxacağı və “Yeni Müsavat” qəzetinin də “Yeni Azərbaycan”-dan daha çox və daha ustalıqla iqtidara işləyəcəyi gözlənilən idi. İyirmi ildə Azərbaycan məkanında siyasi prosesləri izləyən heç kimsə bundan şaşırmaz. Nə isə...
Bu “müxalif”lərin iki “arqument”i xüsusi ilə təəccüb və təəssüf doğurur.
Birincisi, bunlar israr edirlər ki, hakimiyyət Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almaya bilər və bu səbəbdən də Müsavat başqanı İsa Qəmbərin ehtiyat namizəd kimi qalması vacibdir. Bu çox ziyanlı bir təbliğatdır.
Əvvəla, bunu “əsaslandırmağ”a çalışanlar heç bağça uşağını da inandıra bilməzlər ki, öz namizədini qeydiyyata aldırmağı bacarmayan Milli Şura, ehtiyat namizədinin qələbəsini rəsmiləşdirə biləcək. Tragikomediya-məğlub olacağına əmin olub, kütləni döyüşə sürükləmək budur.
Mən hələ ehtiyat namizədin Milli Şura daxilində müəyyən çaşqınlıqlara səbəb olacağını demirəm.
Digər tərəfdən, İsa Qəmbərin Milli Şuradan ayrılması onun siyasi olaraq sonu ola bilər: iyirmi ildə gözlənilən belə bir tarixi şansa zədə vurmaq ona olan ictimai rəğbətin sona yaxınlaşması ilə paralel, Müsavatın ən yaxşı halda 2003-cü ildəki taleyini təkrar yaşayacağı ilə nəticələnəcək.
Başqa sözlə Milli Şura İsa Qəmbərsiz də keçinə bilər, İsa Qəmbər isə...
İkincisi, bu “müxalif”lər həm də onu “əsaslandırmağ”a çalışırlar ki, Rüstəm İbrahimbəyov vahid namizəd kimi qələbə qazanmaq istəyirsə Azərbaycanda olmalıdır. Düşünülmüş şəkildə deyilən yanlış iddiadır.
Əvvəla, yuxarıda da qeyd etdiyim kimi, qazanılan qələbəni rəsmiləşdirməkdən ötrü beynəlxalq müşahidənin maksimum təşkilinə nail olmaq vacibdir. Rüstəm İbrahimbəyov da bunu gərəkincə bilir və dəyərləndirir.
İyirmi ildir ki, kabinetindən çıxmayanların, “Biləcəridən uzağa” getməyənlərin “arqument”lərinə bir bax. Məgər bilmirsiniz ki, iyirmi ildə yerinizdə saymağınızın başlıca səbəbi elə budur?
Həm də başa düşmək olmur, 131 nəfərlik təşkilatın sədri olduğu halda, Rüstəm İbrahimbəyovun ölkədə olmaması niyə də problem yaratmalıdır? Bəs yerdə qalan 130 nəfər sədrin qələbəsi uğrunda çarpışmamalıdırmı?
Bu vaxta qədər getdiyiniz yol qələbəyə aparmadı. Bəlkə elə, sizə bu yolla getmək tapşırığı var? Bu da bir sadiqlikdir, amma başqa cür.  

Комментариев нет:

Отправить комментарий