Страницы

22.07.2013

Məndən xəbərin oldumu?

Əfrahim Hüseynov

MƏNDƏN XƏBƏRİN OLDUMU?

Yadındamı
O axşam?-
Sənə zəng eləmişdim...
-Unut məni, unut hər şeyi.-
Deyib,
Asmışdım dəstəyi.
...Dönürdüm evə sarı,
açılmaq istəmirdi
metro stansiyasının
qapıları...
Hər gün
Endiyim pilləkənlər
Tanımırdı ayaqlarımı.

Qatarın səsi
Deşırdi qulaqlarımı.
Gedırdim üzü küləyə,-
Çıxmaq istəyirdim
Küçəyə.
Ekskalator da işləmirdi...
Elə bil
Var imiş kini.
Gözlərimin içinə baxıdı
Tavandan
asılan yazılar - sual kimi.
...O gecə pencərəmi
səhərədək
külək döydü.
Çaşıb, qonşu Muradın
Qapısını döydüyümsayaq
Doğma qapı da
Üzümə ağ idi, ağ.
...Yadındamı o axşam?-
Sənə zəng eləmişdim;
-Unut məni, unut hər şeyi,-
deyib
asmışdım dəstəyi...
Doğru de,
Gözlərin doldumu?..
Eh... məndən xəbərin oldumu?

EVİM UZAQ DEYİL QƏBİRSTANLIĞA

Özümdən kiçiyə əyilirəmsə,
Özgə qapıları ha döyürəmsə,
Yalandan özümü ha öyürəmsə,
Bu stul, bu otaq nəyimə lazım.
*
Hər fəsil gözümdə qış görünürsə,
Hər addım yolumda daş görünürsə,
Qələmim ucunda yaş görünürsə,
Bu işiq, bu çıraq nəyimə lazım.
*
Ömür yol gedirsə dağ çıxa-çıxa,
Arzular, gümanlar çıxırsa yoxa,
Evim uzaq deyil qəbirstanlığa,
Bu döşək, bu yataq nəyimə lazım.

BU ŞƏHƏR

Varmadım işlərin əyri-düzünə,
İnandım çoxunun şirin sözünə.
Gecəsi bənzədi göyün üzünə;-
Sandım kəhkəşanda təkdi bu şəhər.

Dedim düzü düzdü, dedim ağı ağ,-
Çörək kəsdiklərim dayaqdı, dayaq.
Neçə sadəlövhü çəkdiyi sayaq
Məni də qoynuna çəkdi bu şəhər.

Gecəli - gündüzlü umdu dostlarım...
Çağırdım, gözünü yumdu dostlarım.
Gözümdə sınmazdı, sındı dostlarım,-
Dərdi küçə-küçə əkdi bu şəhər.

Kimə inanasan, deyəsən sirri?
Doğrunun, əyrinin bilinmir yeri.
Gələndə yüyürdün, ayağım, yeri!-
Çiynimin üstündə yükdü bu şəhər.

...Bu yerlər dumanmış, duman, gəlirəm,
Çək gözünü yoldan, sonam, gəlirəm!
Sözünə baxmadım, anam, gəlirəm,
Daşı ətəyimdən tökdü bu şəhər.

Комментариев нет:

Отправить комментарий