Страницы

07.08.2013

Aşma – aşırma – aşırılma

SAFRUH
Mütləqə İnam Ocağının Ruhani Başçısı

Ağalar Məmmədovun (keçmiş Ocaqçı Göyruh Atalının) “Aşma” kitabına (“Qanun” nəşr., 2012) münasibət

Oljas Süleymenovun “Az i Ya”sı belə başlayır. Şair “Komsomolets Kazaxıstana” (“Qazaxıstan komsomolçusu”) qəzetinin redaksiyasında əyləşibmiş. Gənc bir oxucu içəri girib, Oljası qəzetin əməkdaşı sanıb şeir gətirdiyini deyir. Oljas alıb baxır. Gənç öz şeirini “Qalın orman uğuldayırdı” (“Tyomnıy les şumel”) adlandırıbmış – adın sonunda bir ad yalnışıyla: “şumel” əvəzinə, “şumer” yazıbmış. Füzuli demiş, o “bir nöqtə qüsuru” şeirin adını təxminən belə dəyişir: “Şumerin qalın cəngəlliyi”, yəni bilinməzliyi, yiyəsizliyi. Özünü Şumerin bugünü sayan qazax şairi başlayır nə başlayır! İndi Türk Dünyasında (və elə başqalarında da) hamıya bəllidir.

Mən də Bakı ş. Dəmiryol vağzalı yörəsinin bir kitab evində (mağaza) bənzər bir duruma düşdüm. Rəfdə bir kitab gördüm tanış imzalı: Ağalar Mamedov. Düşündüm ki, bu mənim tanıdığım Ağalar (Göyruh) olmaz. Nə çox Ağalar. Elə bizim keşlə qəsəbəsində, məscidin yanında bir soyuducu təmiri yeri var – Şeyx Şəbanın müəssisəsinə bənzər. Onu işlədənin də adı Ağalardır. Azərbaycanda da ki, nəyə salba atırsan, Mamedova dəyir. Mənim tanıdığımsa filosof (fəlsəfəçi) idi. Bu, deyəsən, texniki peşədən yazır. Kitabın üstündə takelajçı (takelajnik) əmək alətinin şəkli vardı: qarmaq və “Asma” sözü yazılmışdı. Bəs bu niyə bədiiyyat, fəlsəfə kitablarının arasındadır? Sonra baxdım ki, bu “Asma” deyil, “Aşma”dır, qarmağın da şəklini üzüyuxarı çəkiblər, yenə düşündüm ki, takelajnikin savadı elə belə olmalıdır. Özüm o peşədə işləmişəm. Kran qarmağı endirir, takelajçı onu daş, kərpic, metal yüklənmiş təknənin ilişiyinə keçirir... Axı son vaxtlar Azərbaycanda texniki peşə sahəsini gəlişdirmək qayğısı qabarıb. Takelajçı məsələsində yol verilmiş bu yalnış da məni tərpətdi. Kitabı əlimə götürdüm. Adətimdir, əlimə götürdüyüm kitabı gərək alam. (Bayaqdan ona görə büdrək yanaşırdım). Hə doğrudan, bu mənim tanıdığım Göyruh Ağalarmış!
Bu kitab, necə deyərlər, çağdaş bir dəbdəbəylə başlayır – sədr, prezident təqdimləriylə; Rafiq Tağı izi ilə... “Dalğa gənclər hərəkatı”; “Azərbaycan Avropa Hərəkatı” ünvanlarından. Gənclər “Rafiq Tağı” mükafatı təsis eləyirlər (Allah qaynaq yetirsin!). Nə deməkdir bu “dalğa” və bu “gənclər”? Onun yönü, qibləsi, içəriyi nə imiş? Haradandır bu mükafat? Rafiq Tağı bu gənclər üçün nədir, kimdir? Bəs bu Mamedov Ağalar necə? “Azərbaycan Avropa Hərəkatı”nın prezidenti Ramin Hacılı yazır ki, o “bizdəndir”. Bəs bu “biz” kimdir? “Azərbaycan Avropa Hərəkatı”mı? Deməli, Ağalar Mamedov da Azərbaycanda Azərbaycan yox, Avropa hərəkatçısıymış? Həm də bu prezident, yəqin ki, Azərbaycan xalqını nəzərdə tutaraq, deyir və yazır ki, Ağalar Mamedov “Azərbaycan gənclərinə tabuları dağıtsın deyə... kitab verir”. Nəymiş bu “tabular”? Sən demə, miflər, tabular (yasaqlar), mentallıqlar və nifrət (?!) imiş. (Halbuki Mamedovun kitabı nifrətlə yoğrulub, nifrətlə kündələnib, nifrətlə də yapılıb).
“Azərbaycan Avropa Hərəkatı” prezidenti Ramin bəy bu kitaba özünün bir səhifəlik “Aşma söz” adlı ön əkləməsində “bütün dinləri heç-puç” sayan Mirzə Fətəlini AXC (1918-20) qurulmasının başlanğıc ideoloqu kimi alaraq, bu ideyadan ilhamlanmış üç şəxsiyyət adı çəkir: Ə.Topçubaşov, S.Mehmandarov, N.Yusifbəyli (M.Ə.Rəsulzadəsiz! İlgincdir! AXC-nin I şəxsi Məmmədəmin deyilmi?) Və Azərbaycanın “islam dünyasının bir parçası” olduğunu deməyi unutmur. Hamı kimi. Və özünü “hətta mənim belə” vurğusuyla ayrıntılayaraq, “dalğaçıların” başında təqdim edir... Ancaq biz görürük ki, dağıdılmalılar öz yerindədir: Dinçilik də, Batıçılıq da...
Onlar xalqımızın özümlüyünü, sifətini dağıdırmışlar... Gücləri buna çatırmış!..
“Dalğa”nın Əsasnaməsindən burada verilən bir bənddə deyilir: “1.3. Dalğa GH Azərbaycanda azad, demokratik, hüquqi, dünyəvi, sivil, liberal və xoşbəxt vətəndaşları olan dövlətin qurulması naminə fəaliyyət göstərir” (s.3). Qəribədir, Azərbaycan Respublikası belə bir dövlət deyilmi?! Məncə, buradakı “xoşbəxti” çıxmaqla, biz elə o cür bir dövlətdə yaşayırıq. Qurulmuş dövlətdə bu nə “qurulma”dır – anlamaq çətindir. Vicdançılıq, ləyaqət, insançılıq, özəllikcə inteqrasiya kimi şablon şüarlar isə burada heç anlaşılan deyil.
Daha anlaşılmazı isə hərəsi bir səhifəlik bu yazıların bu kitabda getməsidir.
***
“Aşma” kitabına görə isə keçmiş Amaldaşım Göyruhu – ciddi idrak zəhmətkeşi Mamedov Ağaları ürəkdən kutlayıram! Çoxlu gözəlliklə, hünərlə yanaşı, çoxlu hay-küylər də var bu kitabda. Doğma, ortaq duyğularla oxudum kitabı! Sevinçlə, qıvancla, güvənclə və təəssüflərlə (yanğılarla) oxudum. 350 səhifə oxuyub 700 səhifə düşündüm – 400-ü sevinclə, 300-ü ağrıyla.
Gəncliyimizin sevimli, özümlü (“mental”...) və lirik uçuşlarında əlçatmaz şairi Müşfiq deyir:
Mən də sözlə əmin-əmin
Daraq çəkim düşüncəmin
Zülfünə Tərtər eşqinə!
Göyruhsuz Ağaların “Aşma” kitabını oxuduqca mən də gerçəkdən daraq çəkdim düşüncəmin saçına... Göyruh eşqinə!
Elə lap başdan “Portretlər”in əməlli-başlı daraqdır! Adamın nə qədər böyüklük adına kiçiklikləri olarmış?! Bu kiçikliklər özlüyündə məsum görünür. Onların içindəki qüsurlara çox vaxt elə də diqqət eləmirik. Nə gözəldir, məsələn, gənc bir öyrənçi qızın “Müəllim, sizi televizorda göstəriblər?” soru`su! Filosof olmayan adam bundan elə xoşhallanar ki, özünü Soros qədər varlı, yaxud Cekson qədər arlı sanar. Bir dəfə məni ANS-də (“20 Yanvar öncəsi!..), dissidentlər arasında göstərmişdilər. Ondan bir neçə gün sonra Hökumət evinin yanındakı bukinistdə kitablara baxırdım. Satıcı cavan oğlan da mənə “Müəllim, sizi televizorda...” deyənə bənzər qurcuxdu. Bundan, yuxarıda dediyim halları yaşadım, bunu gəlib Ocaqçılara danışdım. Çünki... mən filosof deyiləm, yaşatdığım Ocaqsa Soros varından və Cekson oynaqlığından min ağac o yandadır!
İlk baxışda məsum görünən, hətta haqlı sayılan, çirkinliyi qabarmayan kiçikliklər şəxsiyyəti əridib yox eləyir. O öz portreti ilə özünü öz gerçək zirvəsinə çatmış sayır və oradan enməkdən oddan qorxan kimi qorxur. Heç bir məsələdə beləsinə arxalana bilmirsən, onunla çiyin-çiyinə heç bir ciddi çətinliyin üstünə yeriyə bilmirsən.
Bu yaxınlarda İnam Evində elə birisiylə üz-üzə gəldik. O elə sənin “televiziya əhli” dediyin zümrədəndi. Biz ona “rolunu oynatmaq” üçün çox yarınmalı olduq.
Mən sənin yaratdığın bu 10-12 portreti ilk oxumada “balaca və əski tənqidlər” tipindən saymışdım. Bir az da düşündükdən sonra ictimai eybəcərliklərin bu cür kiçik irmaqlardan qaynaqlandığı qənaətinə gəldim. Ağlımın bu yöndəki dolaşığına sənin darağını çəkdim. Adətim üzrə belə hal (dolaşıqlıq və onun açılması) ilə qarşılaşanda bir rahatlıq duyğusu yaşayıram, yazıya, sözə, istedada minnətdar oluram; yazının, sözün, istedadın heç də “yalnız söz” olmadığını görürəm.
Orasını da düşünürəm ki, “Böyük Fəlsəfə” yalnız fəlsəfə institutlarının öyrəniciləri, fəlsəfə bilginləri, onu siyasətə calayanlar və “fəlsəfə ictimaiyyəti” üçün deyil, həm də mənim kimi düşüncəsi dolaşıqlar ücündür.
“Azadlığın məntiqsizliyi” başlığı altındakı yazıda (yazılarının janrını özün müəyyən edib adlandıraydın kaş! “Esse” ya “izhar” nə olan şeydir? Mən bunları söz yox, söz qurusu, herbarisi sayıram.) idrakın içinə girməyin, onu oxucun ücün “daramağın” – oxuyanın üzünü işıqlandırır. Burada (yəqin ki, Azərbaycanı nəzərdə tutaraq) yazırsan: “Bizdə hələ ki, təxəyyül azaddır, təfəkkür yox. Bəlkə də elə buna görədir ki, şairlərimiz mütəfəkkirlərimizdən maraqlıdırlar.
İnkar azadlığın ilk şərtidir. İnkar tənqid deyil. Tənqid davam etmək arzusudur, inkar yenidən başlamaq cəhdi; tənqid islahatdır, re-formasiyadır, inkar isə özünü yandırıb, külündən törəmək” (s.120).
Mənim üçün yenilikdir: təxəyyülümüz azad olduğu üçün onun məhsulu gözəl (maraqlı) olur. Təxəyyül – özü üçün, deyək ki, oxumaqdır, rəqsdir; burada münsif sıxıntısı yoxdur. Təxəyyüldə özün üçün vəcdə gəlirsən:
Öylə sərməstəm, idrak etməzəm dünya nədir,
Mən kiməm, saqi olan kimdir, meyü səhba nədir!
(Füzuli)
Təfəkkür – “özgələr” üçün, başqaları üçün “məhsul” verir, onlar minbir münsifdir təfəkkürçünün qarşısında. Bəzən bu münsiflər ictimai rəy kimi, dövlət yasağı, din yasağı kimi də “birləşə – sifətlənə bilir; təfəkkürçü bunların arasında sıxıntı keçirir, ona görə də özünü qısır; bəziləri (sizə görə bütün Doğu – Uzağından başqa!) özünü qısa-qısa... qısa qalır, təfəkkür qısırı olub qalırlar.
Alman dilinin aşiqü heyranı olan keçmiş dostumun türkcəyə də belə diqqət edəcəyini düşünməzdim! “Aşma”nın bütöv bir bölümü (53 – 84 s.-lər arası), G.Gəncalp demiş, “bu qonudadır”! “Yolağa”nın yol ağı (“Yol-yolağa” bizlərdə “üsul, izn, imkan, yöntəm, çəm” anlamlarında da işlənir və məncə, buradakı “ağa” əki heç də sosial anlamda deyil), “qızırqalanma”nın qısırqalanmaq açımı, “ümid”i “umud”luğu ilə özümüzə qaytarmaq cəhdi, “kef”in “kök”lük köpünün alınıb, “Göy”lüyə qaytarılması – gerçəyə gələsi olmasa da – onlara filosofun diqqət eləməsi, yəqin sözün özünə də xoşdur – onun “doğma-yad” dolaşığı açıldığı üçün. (Ancaq sözün bu gün xalqın işlətdiyi kimi deyil, bizim “kəşf elədiyimiz” biçimdə işlədilməsini daha doğru saymaq – bizim bu gün bir fəlsəfəçi deyil, iməkləyən uşaq sanılmağımız qədər doğrudur). “Onsuz da” sözü isə Azərbaycan türkcəsinin kurallarında da, gerçəkliyində də ayrı yazılır.
“Pul – bizim üçün qazancdır, əmək haqqı deyil” (s. 82) qənaətin də – yaxmadır. Bəlkə sizin üçün hə, Azərbaycan xalqı üçün o, ən çox (məhz) əməkhaqqıdır. Qazanılan və bağışlanmış pul haqqında nağılımız var. Orada qazanılmış, yəni əmək qarşılığında əldə olunmuş manatın bağışlanmış manatdan necə üstün tutulduğu göstərilir. Bu bölmənin sonunda redaktor, korrektor kimi nəşriyyat işçilərinə tutduğun irad yersızdir. Həm də hər hansı dilin söz və ifadələrinə bunca dərindən varan birisi onun daşıyıcılarını yadlıqları yadırğamağa çağırmalıdır. Sən isə... Bölmənin adı da (“Fəlsəfə işığında dil”), məncə, yalnışdır, belə ki, orada söz və ifadələrin fəlsəfi deyil, dilçilik (linqvistik) açımları yer almışdır. Həm də təsadüfi (və acıqlı...) seçilmiş beş-üç kəlmə – dil deyil, elə beş-üc kəlmədir. “Mədəniyyət”ə də biz, xalq olaraq, heç vaxt “kultura” deməyəcəyik, bəlkə “uyqarlıq” dedik. Hər çay axdıqca öz yatağına dərinləşir. “Bəstəkar”a da, örnəyin, Uzeyir bəyə, heç vaxt “kompozitor” deməyəcəyik. Yalnız Üzeyirə yox, elə Qaraya da. Və “kultura”da sizin var saydığınız anlam çalarlarının hamısı (bizim olmasa da) bizim işlətdiyimiz “mədəniyyət” sözündə (“kompazitor”da var sayılan, ağıla gələn bütün anlamçalar “bəstəkar” sözündə) var, özü də yetərincə. Bu hökmü, bu qərarı Azərbaycan Xalqı verib, bu kəsməti O kəsib – “pozusuz yazı” siqlətində. Burada Haydeggerlərin necə yazıb-cızmaları bizim eynimizə deyil. Bənzər şıltaqlıqlar ruslarda da (yəqin o birilərində də) olub. Yanılmıramsa Y.Yevtuşonko “jizn” (yaşam) sözünü hərdən “jist” kimi yazırmış, yadımda qalanı “jist – jestyanka” (“yaşam – tənəkə təbəqəsidir”) tərkibində; irad tutanlara deyirdi: “Mne tak poyottsa!” (təxminən: “belə döşümə yatır!”) Bundan rus xalqı öz sözlərinin yazılış biçimini dəyişmirdi. Bu meydanda Xalqla döyüşmək Don Kixotun yel dəyirmanları ilə döyüşməsinə bənzər. Burada mən “anlam çaları” söz birləşməsini, ilk dəfə olaraq “anlamça” kimi işlətdim. Mənim yaratdığım, bugün, elə bu yazıda yaratdığım bu söz xalqın dilinə keçə bilər, yəqin keçəçək də, çünki bu söz Xalqın öz sözündən, onun dil kurallarına uyğun yarandı. Fərd Xalqa bu yol ilə qovuşa bilər, yadların yadlıq kürsüsündən (“tribunasından”) ona ağıl öyrətməklə yox.
Sən Nitsşeni sevirsən, mən İsa`nı. Nisşe də daim bağırırdı ki, o, İsaya qarşıdır. Deməli, sən anti-İsasan, başqa sözlə, həm də anti-Safruhsan; mən anti-Nitsşeyəm, bununla belə, “həm də anti – Göyruham” deyə bilmərəm. (Qramatik “Mamedov Ağalar”ı şəxs saymıram, deməli, “ona – doğru və ya ona – qarşı” da deyiləm). Çünki bu Göyruhla mən, o, Türkiyəyə ali təhsil almağa gedən günlərdə, indi “İnam Evi” dediyim evimdə gecələmiş, günertə (sübhə) qədər “milli qeyrət” adlana biləsi mövzuda hərarətli söhbətlər eləmiş, xəyallar qurmuşduq. Mən bu gün də o xəyalların üstündə, yolundayam. Göyruh da mənim diləyimdə yaşayır. Mənim bu halım sənin (qoçaqcasına!) “Azadlığın əxlaqsızlığı” adlandırdığın yazının ifadəsinə çox uyğundur. Orada deyirsən: “Şərq inanmağı və inandırmağı xoşlayır, Qərb anlamağı və əsaslandırmağı” (s.119). Mən də inanmağı xoşlayıram (anlatmadan inandırmağa isə çox ehtiyatla yanaşıram). Çünki mən – Şərqəm, Şərqliyəm, Şərqçiyəm, Şərq idrakçısı və mövqeçisiyəm. Mən inananda sevə bilirəm və xoşbəxt oluram, biləndə çox vaxt bədbəxt oluram. Çünki inanmaq, inandırmaq – insanlararası məsələdir, anlamaq, əsaslandırmaq – o qədər də yox. Dörd cəhətin hər hansı birində kiminsə inanmağı xoşlamadığını düşünmək filosof səviyyəsi deyil. Habelə, söz arası deyim ki, sənin bu yazında da öydüyün Nitsşe, məncə, insandan bəhs etməmişdir və onun “Allah ölüb” qənaətini də mən boş söz, laqqırtı sayıram – dediyi doğru olsa belə! “Allah ölüb” – “Allah varmış” deməkdir və “olmayacaq” demək deyil. Və mənim dinçi, Allahçı olmadığımı da sən yaxşı bilirsən.
Dostluq və ülvilik olmayacaqsa, sevgi və heyrət olmayacaqsa, xəyal və aldanış olmayacaqsa, inanmaq və güvənmək olmayacaqsa, dost-yar əlindən ağu badəsini alıb gözüyumulu içmək olmayacaqsa, alman`ın almanlıqda, türkün türklükdə əriyib “itməsi” olmayacaqsa, mən öz babalarımı və balalarımı unudacamsa, balalarım da məni unudacaqsa, Doğulu (Şərqli) Batı şirəsinə (və elə ağlına da) üz tutacaqsa, bir sözlə, fəlsəfə biologiya üzərində qurulacaqsa..., qadam o anlağa, o əsasa və o gələcəyə!
“Şərq əxlaqın fəlsəfi əsasını anlamadan...” (s.120).
Qadam fəlsəfəyə – onu anlayanın başı bu boydadırsa!
Doğu tarix boyu nə qanmazı (cahili) alqışlayıb, nə əxlaqsızı.
Sənin də sözün toplumsal-siyasi quruluşlaradır, insana deyil, səni dəstəkləyən (bax: “Gündəm-xəbər” qəzeti, 22 may, 2013, s.11) qüvvənin baş ideoloqu F.Fukuyama kimi. Ancaq o, filosof deyil, ideoloqdur, sənsə filosofsan – sənin mövzun insan olmalıdır – ideologiya yerliyində (fonunda) olsa da.
Bu ağıl və məntiqlə bədənin humanizmindən – K.Marksın “bədənin bayağı bilgəliyi” adlandırdığından danışırsan (s.122), “bədən”lə “səmimilik” sözlərini yanaşı işlədirsən. Unudursan ki, humanizmi olanın əxlaqı da olmalıdır. Və namusa görə arvadın öldürülməsini yamanlayırsan (hərçənd burada mən canlı sənin səmimiliyinə inanmıram, yalnız sözünün məntiqinə cavab vermək istəyirəm).
“Humanizm” – şəxsin özünə deyil, başqasına münasibətlə bağlı anlayışdır və tərpəşmə (hərəkət) stimuludur. Ağrı sevən, aclıq-susuzluq sevən, kamsızlıq sevən, alçaldılma sevən... bədən yoxdur – Yer üzündə. Və hər cür mənəvi-ruhani anlayış kimi, namus da “bədən” üçündür, bədən vasitəsiylə qorunur və ya talanır. O, azı iki tərəf arasında ortaq anlayış və... mənafedir. Heç kəs yalnız özü üçün namuslu və ya namussuz olmur – hər kəs başqası üçün, başqasına münasibətdə belə olur. Namussuzluğa uğrayanın bunun hesabını (sənin fəlsəfənə görə bədəninin haqqını) sormağa mənəvi (əslində həm də qanuni) haqqı var. Bu haqqı hərə bir cür ödətdirir. Mən öldürməni bunun ən yaxşı bədəli saymıram və namusu qadınla bağladığım dərəcədə də kişi ilə bağlayıram.
Geniş anlamda (namusu, əxlaqı da içərən) Mənəviyyat aramayanlar ictimai tərəqqi də aramırlar. Sənsə namusu, əxlaqı gözardı edərək, hətta Freydcəsinə aşağılayaraq, bizim gəlişməmiz üçün “üçüncü güc” icad eləyib, ona dolayı (“dolaylı”?) məsləhətlər verirsən: ”...siyasi iqtidara birbaşa, düzxətli yol axtarmayın” (s.270). Siyasi iqtidarın sənə nə dəxli var?! Siyasi iqtidara gələsi qüvvə gəlmişdən göyçəkdirmi? Daha uca məqsədləmi gəlir? Nəyi ilə daha göyçəkdir? Bunu kim, harada, haçağ sübut elədi? Bəlli bir ölkənin “indiki siyasi iqtidarı”, özlüyündə göyçək – çirkinliyindən asılı olmayaraq, bəlkə orada olmaqda haqlı deyil? Bunun meyarı nədir? Bunları kim, haçağ, harada sübut elədi? Bunlar müəyyənləşdirilmədən verilən məsləhətlər: arvad-uşağın tumançaqlaşmağa düskünlüyündən bəhrələnin, beyni qan gənclərin cinsi duyğularını alışdırın – tökün meydanlara ; “Yaşasın öpüş, rədd olsun polis! Belə real məsələlərlə məşğul olun” (s.272).
Belə ayıbları və acizlikləri, çirkinlik və cılızlıqları yazmaq mənim keçmiş dostumamı qalmışdı?! Müxalifətə başa salmaq istəyirsən ki, “milli-mənəvi dəyərlərimiz bivecdir” (s. 271); ulusal özümlüyümüz qəfəsdir, dışarı ölkələrə oxumağa göndərilən gənclər, yalnızca buradan qaçmaq istəyirlər (oralarda oxumaq yox). Vay evin yıxılsın, Ağalar Mamedov! Onları qınamaq, divara dırmaşdırmaq əvəzinə, onları Azərbaycanı ağ günə çıxarası “üçüncü güc” adıyla bizə sırıyaraq üstümüzə qışqırdırsan... İncimə, keçmiş dost, bizi sevmədiyin üçün bizi döyməyin çirkin çıxır.
Ditte bəşər övladı deyilmi? Azərbaycan dünyanın bir parçası deyilmi? Bu mətləbləri filosof anlatmalıdır...
Deyək ki, bu abırla yığıb gətirdiyiniz o abırdakılarla “indiki iqtidarı” iqtidarsızlaşdırıb, özünüz iqtidarlaşdınız – nə dəyişəcək? Hanı sizin toplumsal gözəllik ideyanız, idealınız, ideallığınız? Əgər təkliflərinizdən adam iyrənirsə (və hüşənirsə), gerçəkliyiniz necə olacaq? İştahlarınızı harada, necə tərbiyələndirib nəcibləşdirdiniz? Bizə o nəcibliklərdən danışın, yazın ki, biz ona baxıb “indiki iqtidarın” yaramazlığını anlayaq.
Kimlərinsə hakimiyyətə gəlmək – yeni fontan vuran quyuların mazutunu üzünə sürtmək həsrətinə o qədər bac verirsən ki, yalnız bəzilərini xatırlatdığım “məsləhətlərdən” də irəli gedirsən – “indiki iqtidarı”... ölkənin, xalqın simasını, sifətini qorumaqda qınayırsan! Bu dönüklüyü o qədər açıq eləyirsən ki, adamın, necə deyərlər, “matı-qutu quruyur”: Ölkəmizdə dəyər dəyişikliyi gedir, ənənəvi dəyərlər böhran keçirir... Bizim (yəni Mamedovgillərin – S.) dəyər dəyişikliyimizin kökündə Qərb yönümlü akkulturasiya prosesi gedir. “Akkulturasiya” dedikdə, bir kulturanın ondan fərqli kultura ilə, yəni ona oxşamyan başqa dəyər sistemi ilə təması nəticəsində, ondan aldığı təsirlərlə, ona oxşaması, ona uyğunlaşması başa düşülür “(s.152 – “Yeni dəyərlər elitası”).
İndiki iqtidara ”idaloji” hücum üçün belənçi alt yapı yapdıqdan sonra filosofumuz keçir saldırıya: ”Mövcud siyasi hakimiyyətimiz akkulturasiyanı ləngidir, dəyər dəyişikliyinə çalışmır” (s.152); “siyasi hakimiyyət cəmiyyətin Qərb dəyərləri istiqamətində akkulturasiyasını istəmir” (s.153). (Hərçənd mən buna inanmıram).
İndi gəl bundan sonra “Ağalar Mamedov İlham Əliyevdən daha yaxşı oğlandı” de görüm, necə deyirsən?! Belə məqamda “Qadam Qərb də, Qərbçiyə də!” demək gərək ki, mən də bütün qeyri-Qərb gənclərini, ilk sırada Azərbaycan gənclərini (elə yaşlılarını da) belə deməyə çağırıram: Qadam Qərbə də, Qərbçiyə də!
Mənə qitədən danışma, sözün var – söz danış!
Biologiya elmi deyir ki, birhüceyrəlilərdən tutmuş ən aliyə qədər bütün canlılarda özünü, özümlüyünü qoruyub saxlamaq fəhmi var... Bunu (bu səviyyədə) indiyə qədərki iqtidarlar da bilib-istəmişlər, bundan sonrakılar da biləcəklər və istəyəcəklər.
Yox, qardaş, düz demişlər ki, “məşhur olmaq yaxşıdır, sakit olmaq daha xoş”...
“Müxalifət üşün sual: Necə etməli?” adlı yazında baş-ayaq ifadə olunmuş bir fikir var: “Yeni şüarların yarana bilməsi yeni hədəflərin yarana bilməsi deməkdir” (s.270). Bu fikrin “Yeni şüalar yeni hədəflərdən doğar” kimi ifadəsi daha doğru və tutarlı olardı. Bəs sənin hədəfin nədir? Qərbi Avropaya təpilməkmi?! Özüm təpil, qardaşım, necə ki, təpilmisən! Biznən işin olmasın. Sənin xülyana görə, “...heç gözlənilmədən və hesablanmadan, hansısa səadət küləyi ölkəyə (Azərbaycana? – S.) bir qurup intellektual gətirib...” (s.275). Onlar kimlərdir? Bəlkə yeni Oqtay Eloğlulardır? Biz onların erkəklərini burada ağzı saqqızlı, qulağı sırğalı, saçı dabana dolaşan; dişlərini firəng əxlaqına ağız suyu axıdan görürük. Onlar burada başı üz kimi (güzgü kimi), üzü baş kimi (telli), yaxud çadraya can atan başqa bir tip “intellektuallarla” təzad əmələ gətirməkdən başqa bir işə yaramırlar. Azərbaycan xalqı – bizim özümlüyümüz (“mentalitetimiz”) isə ilanın ağına da nəhlət deyir, qarasına da.
Sənin Uzaq Doğu aşiqliyin də elə qərbçiliyindir, Şərqdə Qərb axtarışındır, Niyazi Mehdini onlara bənzətməyin də. Mən Niyazi Mehdini türk özümlükçüsü sayıram; onun şəxsini belə görmüşəm, oxuduğum xırda-para yazılarında da belə görmüşəm – “Dünya” jurnalında, “Alma” qəzetində və s.; kişidə mümkün ola biləcəyi qədər həyalı, öz ləyaqətini gözləyən, başqasını sayan, qanmaza qanmaqla qarşılıq verən birisi kimi tanıyıram mən Niyazi bəyi; özündən fəlsəfə yaratmaq iddiasını isə heç eşitməmişəm.
Xalqın özümlüyünə qarşı çıxmaq – xalqın özünə qarşı çıxmaqdır. Nəyin xatirinə?! Özümlük (“menta.”) yaranar, yaradılar, zənginləşdirilər, cilalanar, qorunar, gəlişdirilər – dəyişdirilməz, uğunlaşdırılmaz! Onu aşağılayan – aşağılanar, aşağılamaqda dayanıb-duran – tapdalanar və tapdalamalıdır. Onu (Xalqı) doğmacasına, dostcasına döymək – başqa məsələdir...
Sənin Azərbaycan fəlsəfəsini N.Mehdidən “başlamağın” da Niyazi bəyi ucaltmaq (və ya onun ucalğını göstərmək) istəyindən deyil, İnam Atanı (Asif Atanı) kölgələmək istəyindən irəli gəlir – Sənin “Belənçi Niyazi Mehdi–60” kimi ciddiyyətsiz başlıqlı yazından (“Aşma”, s.92) 20 il öncə yazıblar ki, “Azərbaycan fəlsəfəsi” adlana biləcək Başlanğıcı İnam Ata (Əfəndiyev Asif Qasım oğlu) yaradıb“ (Safruh. Oğuz yönü. AzENB, 1997, s.30).
Azərbaycandan Batıya qaçan intellektuallar əsasən iki obyekti yıxmağa (”aşmağa) çalışırlar: İslamı və son illər qismən İnamı (Asif Atanı, Onun Mütləqə İnam Öyrətisini). Ancaq onlar İslamı yıxa bilməzlər, çünki, xalq demiş, “Abbasını bəyənməyən beş Şahisini qoymalıdır ortaya”. Onların isə bir qəpikləri də yoxdur. Özü də bundan sonra İslamın yıxılması yoxdur, taxtdan düşməsi (salınması), çəkilib getməsi, əriyib itməsi – tarixləşməsi var ki, bu da yalnız “Beş Şahi” ilə mümkündür (və gərəkdir), Salman Rüşdilərin hədyanı ilə yox.
Dağıdıcı Qurucunu yenə bilməz.
Bu baxımdan, İnam Ata da Qurucudur. O, Öz İnam Taxtına doğru yoldadır. O, bəşəri çərçilərdən, çərənçilərdən, qulağının dibindən halva iyi gələn, nəfəsi ölüm və ruhani lümpenlik qoxuyan Batıcılıqdan qurtarmağa gəlir.
Sənin bu kitabının adı da Asif Atanı aşmaq anlamında düşünülə bilərdi. Aşaydın kaş! Çılğın cəhdləri sevirəm, Göylərə meydan oxuyanları sevirəm. “Aşma”da isə bunun işartısı da görünmür.
Asif Ata Heraklitin “Bir çayda iki dəfə çimmək olmaz” deyimini, onun etik çalarını Özünün “Bir çayda iki dəfə çimmək olmazsa, çay yoxdur” deyimi ilə rədd edir, Atanın keçmiş öyrəncisi isə Heraklitin yanında yer alır. Ata qədim yunan filosofunun deyimindəki “hər şey axır, dəyişir” gerçəyinə qarşı çıxmır, dəyişilmələri gerçək sayır, dəyişməzliyi (sabitliyi) Həqiqət sayır və Həqiqətin yanına... çağırır: dəyişə-dəyişə sabit qal, özün olaraq dəyişil, art, ucal, böyü. Yəni özümlüyünü qoru, itirmə...
Mən də, Atanın öyrəncisi – Evladı olaraq, buna əkləyirəm (əlavə eləyirəm): Batı kimi (Qərb kimi)...
Sənin ulusal özümlüyə qarşı döyüşün ruhani-əxlaqi-mənəvi dəyərlərə qarşı çıxışın – sənin duza getməyindir. Dünya həmin dünyadır – hər cür çaxnaşmanı adladıb duracaq yerində. Özümlükləri söyməyiylə dəbə düşənlər dəbdən düşəcəklər, pis
günə qalacaqlar.
***
Mən sənə necə umudluydum, səni necə sevirdim! “Həm çalışqan, həm eşqli, həm ciddi çağdaş fəlsəfi idraklı, həm də başdan-ayağa səmimi” – deyə obrazın yaranmışdı qəlbimdə. Keçmişdə inanıb-güvəndiklərimdən bəzilərini öz keçmişdəki sifətlərindən dönmüş görəndə əlim üzümdə qalmışdı, “Aşma”dan sonra “əlim üzümdə” matlığı yetmədi, əlimi dişləməli oldum! Bunca inanıb-güvənirdim sənə! Sənsə ayrıca, bir hızla tapşırıq yerinə yetirirmiş kimi (müsəlman demiş, imanım Allah amanatı!) ulusal özümlüyümüzə hücum eləyirsən.
Elə bil Azərbaycan ədəbiyyatı yox imiş!
Elə bil Sovet çağı ədəbiyyatına it dəyibmiş!
Elə bil o ədəbiyyatı yaradanlar bədii təfəkkürlü insanlar deyilmişlər. Sanki içlərində düha, talant heç yox imiş!
Elə bil Azərbaycan Vətəni Utancıstan imiş, Ayıbıstan imiş!
Sənin “yeni dəyərlər elitası” (“seçkinləri” yazaydın barı!), “üçüncü (guya ki) güc” saydıqlarının xidmətindən etik-estitek aləmimizin daşı daş üstündə qalmamaqda, ev-eşiyimiz kimi, Yurdumuz da hərracdadır. İçimiz hansıdır, çölümüz hansı – bilinmir.
Bununçünmü Avropadasınız?!
Bu yeni minsifət münsiflər haradan çıxdılar? Topluma, Allaha nə verdilər?! Asiyanın hansı yanlışından törədi bu Avropa çəyirtkələri, cırcıramaları sürü-sürü?! Bu Batı vızıltısından adam lap cana doyur. Asiya ilə məzələnmək bu qədərmi asanlaşıb?! Bunun çox ağır bədəli ola bilər!
Bu baxımdan, Heydər Hüseynovla bağlı mübahisənizdə Səlahəddin Xəlilov haqlıdır, sən yox. Səlahəddin H.Hüseynovdan büt düzəltmir, onun xidmətlərini və faciəsini diqqət mərkəzinə çəkir. Bəlkə bu zaman ağları bir qədər qabardır, qaraları gözardı eləyir. Heydər Hüseynovda (habelə, “Azərbaycan fəlsəfi mühiti”ndə) nələr olmayıb – sənin dediklərin doğrudur; nələr olub – S.Xəlilovun dedikləri doğrudur (“düha” və bənzər təyinlər dışında). Bu mövzuda sənin yazın “Bütün mübarək, filosof! Heydər Hüseynov mübahisəsinə davam“ adıyla “525-ci qəzet”in 19 iyun 2009-ilsıralı sayında çıxıb; kitabında onu ”...Heydər Hüseynov və Martin Haydegger “yazısına cavabım” adlandırmısan (“Aşma”, 95-101-ci s.-lər). Onun birinci abzasında “xalq gərək öz dahisini köhnəltsin də” kimi, tanış uşaqların xoşladığı qənaət var. (Kitabda “də”ni “köhnəltsin”dən önə keçirtmişəm. Məncə, qəzetdəki daha doğru vurğudur). Bu, müsəlman ifadəsiylə “Bismillah eləməmiş əlhmədülillah” deməyə bənzər. Xalqın “öz filosofunu köhnəltməsi” və ya dirçəltməsi üçün: I – Xalqın özü Olmalıdır, II – onun pis-yaxşı, olmuşları uçqunların altından tapılıb çıxarılmalıdır. S.Xəlilov buna xidmət eləyir. Sən isə xalqın üstünə yeni uçqunlar yağdıran axtarışındasan.
Dirənişsiz yaranış – yaradıcılıq yoxdur. Fərd üçün olduğu kimi də xalq üçün. Sənin İslama dirənişin Azərbaycan Xalqının varlığını hədəfləmir, İslamın Batılaşma yolundan qaldırılmasını hədəfləyir. Bunu sən özün çığıra-çığıra deyirsən. S.Xəlilovun bu yöndəki çabaları, elmi-fəlsəfi obyektivliyi də gözləməklə, bu xalqın varlığına xidmətdir. Onun bəzi yazılarında İslama (hərdən, iqtidara da...) bac verməsi, məncə, dinin burada xalq yaranmasına maneçiliyini korşaltmaq məqsədlidir. (Mən bu bacverməni – “İslamda mübahisəli sayılan məsələlər” və s. “525-ci qəzet”, 18.VI.2009 – anlayıram, ancaq alqışlamıram). Sənsə bizə meydan oxuyurcasına deyirsən “Azərbaycan nə karədir ki, Qərbi bəyənməsin?!” Dünyəvi uğurlar baxımından doğru olsa da, mahiyyətcə bir xalqı başqasından üstün və ya aşağı saymaq, özü də bu qırımda!..
Səlahəddin bəlli bir bəşər boyasına, boyuna – öz Vətəninə, Millətinə yiyə mövqeyindən çıxış edir. Yiyə olmaq adamdan güc istəyir, böyüklük istəyir, bütövlük istəyir, bəlli hədəfə zillənmiş gözlər üstündə qaş düyünü istəyir. (Sənin Nitsşen buna “qabarıq sinə” deyir və bu sinədən dörd yana yağılıq, mahiyyətcə, sonucda “sinəlilərə” yaxılma çıxır. Səlahəddinin qaşının düyünündə bütün dünya var özünün dörd cəhətiylə – Azərbaycan ünvanı, türk imzasıyla. Nitsşelərin “sinə qabarıqlığında” Batı “Avropa bəşəriyyəti” (?!) var və onun gözündən də, sözündən də bu “bəşəriyyət” dışında hər kəsə nifrət yağır, yekəxana baxış yığır – bütün yalançı böyüklərdə olduğu kimi).
***
Vaxtilə “Alma” qəzetində “Fəlsəfə və Dil” adı ilə çıxmış (13.XII.2009, N 39; “Aşma”da “Ən sonuncu həqiqəti dillə demək olmur”) müsahibədə deyirsən: “Nitsşe üçün fəlsəfə Avropanın taleyi demək idi. Özü açıq deyir ki, mən bu saat Avropanın taleyini həll edirəm. Yəni fəlsəfə kitabı yazmıram mən, mən Avrapanın taleyini qaldırıb qoymuşam stolun üstünə” (s.317).
Bəs sən nə ilə məşğul olursan, ey Göytürk varisi Ağalar bəy?!
“Nitsşeləri tərcümə etməliyik. Tərcümə də olmasa, onu almanca oxuyan adamlar (?! – iraq olsun! – S.) hələ onu anlamalıdır” (317). Ayıb deyilmi belə sözlər düşünmək, danışmaq, yazmaq, yaymaq?! Ayıbdır! Özü də elə bundan öncəki abzasda ifadə olunan, Saruhun “Yaradanı yaratmaq” içsəsindən (Bax: “İnama Doğru. Haraylar”, s.8) alınmış ruhdan sonra: “verilmiş hədlərdən qırağa çıxmalısan...; həddi aşmaq lazımdır”.
Yeri gəlmişkən, guya “alman dili başqa dillərdən fərqli olaraq (?!), insanı daha çox düşünməyə vadar edirmiş” sualına cavabında da Safruhun “Oğuz yönü” kitabından yarım s.-lik ”Kəşflər“ içsəsindən (AzE NPB, 1997, s.45) bərələnməyin hiss olunur (yenə imanım Allah amanatı!) – ad çəkmədən. Ancaq çəkəydim kaş! Çəkmirsən, ona görə ki, mən Oğuzun “taleyini qaldırıb qoyuram stolun üstünə,“ sən isə german`ın taleyini qaldıranlara qulbeçəlik eləyirsən.
***
Göyruhun ünvanına Safruhdan belə sözlər?! Olmamalıydı, oldurulmamalıydı!
Halbuki sən mənim sevimli yazarım idin, mən də sənin oxucun, oxuyucun idim. Harada yazını görmüşəm – saxlamışam.
Mən səni ülvi bir ümidlə (umudla) sevirdim. Sən mənim səndən böyük, səndən əziz, səndən uca, çox-çox uca (mütləq) sevgililərimin ünvanına o qədər naxoş sözlər, əhvallar yağdırmısan bu kitabında ki,... zorlandım! (Bu cümlədəki “sən” əvəzliyinin yerinə “mən” əvəzliyini də, “atam, anam, balam”... sözlərini də yaza bilərdim). Reaksiyam eyni olacaqdı.
Neylim! Aləm mənə düşməndir – Doğrunu sevdiyimçün.
Elə bilirdim ailə pozulmaz (dağılmaz),
Elə bilirdim qardaşlıq pozulmaz,
Elə bilirdim dostluq pozulmaz,
Elə bilirdim Amaldaşlıq pozulmaz...
Bügün bunların hamısından yetiməm. Əyani yalqızam, tamam təkəm, təklənmişəm; qiyabi sənli – Göyruhlu sanırdım özümü... Sən də ki, belə... Bunların qarşılığında sənin, uğrunda çabaladığın “dəyərlər” bir heç deyilmi?! Deyə bilərsən, “niyə təksən, dediklərindən biri ölübsə, biri ki, sağdır?” Ona görə ki, ölənlər qalanlara inamı sarsıdıblar...
Mütləqə İnam Ocağında mübarizəmiz mübarizəliyində. O umudlar açısından isə yalnız Uluruha şükür! deyə bilərəm.
Sənin də “bu yöndə” sayıla biləsi niskilin var. “Var olmaq, varı olmaq” adı ilə “Alma” qəzetinin 2 may 2010-ilsıralı sayında dərc olunmuş mühazirəndə oxuyuruq: “Maddiyyatçılıq insanları kütlə halında həşirə, axına salır... Maddiyyat mülkiyyəti üzərində qurulan varlıq, süni, normativ vardan başqa bir şey deyil... Bu, Şərq fəlsəfəsində belədir... Qərb fəlsəfəsində isə əksinə, deyirdilər ki, substans, yəni alt qat ola bilməz... Deməli, insanın varı, Qərbə görə, içimizdə olan yox, yığdıqlarımızdır”.
Bu haldakı maddiyyat da cismaniyyat üçündür – məni yuxarıda sadaladığım alt yapıdan, içimdə olan vardan yoxsun buraxanların motivi... Sən onlarınmı sırasındasan artıq?!
... İslama qarşı Doğu (Şərq) adıyla döyüşürsünüz – yuxarıda dediyim uğurla. İslam isə – Doğu deyil, Güneydir, o qədər Güney-Batıdır ki, məcazca Afrikaya daha yaxındır, nəinki Asiyaya. Uzaq Doğu isə Asiya bölgəsidir. Biz türklər də Asiyalıyıq...
Azərbaycanda İslamın da öz Qərbi, öz Qərbçisi var. Azərbaycandan baxanda ikisi də bir bezin qırağıdır. Hər kəs öz yerində – özüdür, yəni yaxşıdır.
Mən sizə qoşulub Həccə gedə bilmərəm, sizə qoşulub Oksforda gedə bilmərəm – getmərəm. Mənim Həccim (kutsal gəzi`m) Atakəndədir (Bakıyadır) – Mütləqə İnam Peyğəmbərləri İnam Atanın (Asif Atanın) nəfəsi ilə, İnsanlaşma harayı ilə kutsallaşmış məkana; mənim Oksfordum – Mütləqə İnam Ocağıdır, həm sakral, həm sekulyar kitabım – Mütləqə İnam Onluğudur. Biz nə yazırıq-yazaq, nə danışırıq-danışaq, sözümüzün canı budur: Mütləqə İnam dünyabaxışı, Ruhani varlıq – İnsan tərkibiylə.
***
Mən sənin kitabını alıb evimə gətirdim. Onun yaranması üçün çəkdiyin əməyin bir parçasını xəyalımda canlandırdım: iki gözlü kirayə evin it əli boyda giriş otağında pəncərə ləməsinə yığdığın türkcə, almanca kitablar, kağız-qələm, ləməyə dirənmiş “yazı stolu”... Nəfəs çəkməyə, qolu qulaclamağa fəza yox. Amma özünə inanan, sevincdən, gələcək umudundan, əsl ziyalı olan həyat yoldaşından, iki-üç yaşlı oğul-bala Odruhdan ilhamlanan, par-par yunan gözəl qara gözlər...
Ona görə də elə həmin gün (29 Sərt 34-il – 29. XII. 2012), oxumadan vərəqləyib sonuna – 352-ci s.-nə bu sözü yazdım:
“Kutsal əməyin ürünü bitik! Bitiqim, xoş gəldin!” Və başladım oxumağa. Saya gəlməz cızqılar elədim – həm kitabda, həm qıraqda. Onların bir bölümündən bu yazını düzəltdim. Gördüm ki, gözəl sökücü-tökücüsən, quruculuğunsa yoxdur (elə Nitsşe kimi). Mövzuları gözəl darayırsan, saç hörməyin yoxdur.
Gözlərinin gözəl işığını yazılarında görmədim. Ağaqulugillərə kitabında yer verməmisən. Köklər danışmır yazılarında. Kimliyin bilinmir – əlim üzümə qalxdı. Kimliklərimizə qarşı yadlarla bir cəbhədə üstümüzə gəldiyini görəndə isə – əlimi dişləməli oldum: bu, mənim sevdiyim Göyruhdurmu?!
Bununla belə, mən sənə uyarı (xəbərdarlıq, hədə) yaza bilməzdim – qıymıram sənə; sənə giley yaza bilmərəm – suçun bundan artıqdır. Mən sənə yanğımı bildirdim, çünki hələ səni özümdən (və ya özümü səndən) tamam qopmuş saymıram.
***
Yurdunda Yurdsuz elədilər səni – başını götürüb Yurdundan qaçdın, gəlişmişlik ilğımlarına sığındın. Sənin bu halın Safruhun “Beliboşluq” harayında və “Məhlədaş” cikkəsində (“Oğuz yönü”, s.201, 202), məncə, yaxşı ifadə olunub.
Bizi Yurdumuzda yurddaşlıqdan çıxarıb (Vətənimizdə Vətənsiz eləyib) Məhlədaşa çevirən üç zor var bu dünyada: İslam, Rusiya, Batı. Biz bunların hər birinə qarşı, onları bizim üçün zərərsizləşdirən, köklü impluslar qoymalıyıq. Biz (səninlə mən və bənzərlərimiz) böyük Türk Dünyasının zərrələriyik. Zoru yaratmağın da, zərərsizləşdirməyin də yolu özümlü İnamdan və Fəlsəfədan keçir. Bizdə bunların rüşeymləri (hətta artıq torpağa kök atmaqda olan tingləri) var. Biz (səninlə mən və bənzərlərimiz) onları məhz öz Dünyamızın gənclərinin ürəyinə və beyninə əkməliyik. Bunu, artıq çoxdan doymuş məhlula çevrilmiş Batı fəlsəfəsiylə eləmək olmaz. Öz İnamımız və Fəlsəfəmizlə eləmək olar.
Öz taleyimizi (gələcəyimizi) qaldırıb qoymalıyıq stolun üstünə.
***
Bir neçə söz də kitabının iç və dış quruluş prinsipləri haqqında demək istəyirəm.
Kitabın başdan-ayağa hərəkət (bəlkə də cırmaqlaşma) fəlsəfəsi üstə qurulub, çünki aldığın fəlsəfə təhsili idrakını o cür qurub. “... soruşan fəlsəfənin tarixində nöqtə yoxdur, orada yalnız vergüllər var” deyirsən (s.11). Mən bunu bədbəxtlik fəlsəfəsi (bədbəxtliyin fəlsəfəsi) sayıram.
Bir də, buna uyğun olaraq, deyirsən: “Aşmaq – adlamaq, arxada qoymaq, ötmək, uzaqlaşmaq, keçib getmək, öhdəsindən gəlmək, qalib gəlmək deməkdir” (üz qabığının 4-cü s.-si). Mən bunu xof və düşmənçilik, cırmaqlaşmaq və bədxahlıq fəlsəfəsi sayıram. Bu sözün də Nitsşedən gəlir. Mən buna 20 il bundan öncə “Nitsşeçilik” içsəsimdə toxunmuşam (“Oğuz yönu”, s.116-117).
Kitabını tərtibləmiş “hərəkatlar” (“Dalğa gənclər...”, “Azərbaycan Avropa...”) zəncinin onsuz da dolaşıq saçını elə dolaşdırıblar ki, onu daramağa girişmədim. Gah İslam – gah M.F.Axundzadə, gah Vətən, gah anti-Vətən, gah millətçi – gah qlobalçı, ümmətçi, gah mentalçı – gah mentaldağıdan...
Bütün bunları da Rafiq Tağı (tipik, açıq Qərbçi) oxu üzərində. Nə edəsən!.. Doğrudan da “söz hər şeyə dözür”...
***
Mən bu yazını oxucular üçün yazmadım. “Oxucular üçün yazı” başqa cür olur. Bu mənim Yaşamla, Dünyayla vidalaşma silsiləmdən bir yazıdır, bir sonərkdir.
Atamız var olsun!

Комментариев нет:

Отправить комментарий