Страницы

22.08.2013

Bağışlayın günahımı

Ələddin Əzimov

Gəl çıxaq
Dəniz sahilinə.
Gəzə-gəzə
Dənizdən danışaq.
Neçə illər uzunu
Ürəyimə xal salan
Sənsizlikdən danışaq.
Qayğısız qağayılar
Ötsün başımız üstdən.
Günlər kimi,
İllər kimi.
İstəyirəm o zamanlar olan təki
Heç olmasa bircə anlıq
Titrəsin qəlbimin simi.

İndi, bu anda
Köhnə limanda
Sahilə yan alan
Yorğun gəmi kimiyik.
Görürsənmi?
Ləngər vurur gəmi.
Can atır sahilə -
Nəfəsini dərmək üçün.
Biz də yorulduq deyəsən?
Axı niyə?
Axı nə üçün?
Üzümü tuturam illərə
Və deyirəm!
Bağışlayın səhvimizi,
Keçin,
Günahlarımdan keçin...

Foto eskiz
Ş-ya

O an
Çox xoşbəxt idim.
Çünki sən yanımda idin –
Gözləyirdin məni
Yad baxışlardan,
Dolanbac yoxuşlardan.

O günlərdən
Bir foto yadigar qalmışdı.
Fotoların içində
mən onu axtardım.
Heyf tapa bilmədim.
O gecə səhərə qədər,
Yata bilmədim.
Foto fraqmentlər
Doluşmuşdu gözlərimə -
Qırıq-qırıq,
Parça-parça,
Cırıq-cırıq...

Foto...
Bir an...
Hisslər...
Və rənglər...
Bunlar artıq
Adi söz...
Nə qədər istəyirsən yoz
Dözə bilərsənmi buna indi?
Cavab sənindi...

Комментариев нет:

Отправить комментарий