Страницы

23.08.2013

Əli Əmirov - YETİM ŞEİRLƏRİM


Bu sevginin günahı nə, dərdi nə?
Yetim qaldı aramızda, deyəsən. 
Qəbahətmi, sahib durmaq eşqinə?
Əlac yox bu bəlamıza, deyəsən.

Mən yazdığım şeirlər də yetimdir, 

İçin çəkib, anasını soraqlar. 
Vallah-billah, dünya ölüm-itimdir,
İnsaf elə, analıq et, nə olar?

Sığarmı qanuna həddi eşqimin? 

Qanun qarşısını ala bilərmi? 
Qanunsuz doğulmuş şeirlərimin, 
Qanuni anası ola bilərmi?


Hər zaman belədir, əzizim, öncə, 
Gələrkən məhəbbət qanuni olmur. 
Qonur könüllərə tezcə, gizlicə, 
Olsa da, sonradan qanuni olur.

Bütün kainata hakimdir sevgi, 

Ona ülviliyi Tanrım veribdir. 
Məcnunun sevgisi, Leylinin eşqi
Hansı qanunlarla tənzimlənibdir?

Çox ögey analar çıxacaq üzə, 

Şeir balamızın anası olsun. 
Çətin ki, dözəsən, gəlsən üz-üzə, 
Qoyma, özgələrin balası olsun.

Necə də oxşayır onlar, bax, sənə?! 

Övlad anasına oxşayan kimi.
Səni çox istəyir onlar baxsana, 
Elə mənim kimi çoşqun, səmimi!

Birisi kövrəkdir, duyğusü dərin,

O biri nazlıdır, nəvazişlidir.
Biri zarafatcıl, hərdənbir həlim, 
Hərdən də dəlisov... Sənin kimidir.

Hara qaçaçaqsan bu körpələrdən? 

Səni izləyirlər qarabaqara.
Öpüb məhəbbətlə gizlində hərdən, 
Başını tumarla, telini dara.

Qoysan da özünü bilməməzliyə, 

Onsuz da, bilirsən onlar sənindir. 
Yetim şeirlərim çətin gözləyə, 
Bir də görəcəksən sənə qənimdir.

Комментариев нет:

Отправить комментарий