Страницы

08.08.2013

Şərqdə ilk opera yazan bəstəkar qadın haqda

Ramilə Qardaşxanqızı

Axundova Şəfiqə Qulam qızı — Şərqdə ilk opera yazan bəstəkar qadın. Azərbaycanın şöhrət ordenli xalq artisti.
Şəfiqə Axundovanı uzun illərdir ki, bütün dünyaya belə təqdim edirik. Şərq ölkələri, Azərbaycan xalqı, mədəniyyət və incəsənətimizə dəyər verən cəmiyyətimizin hər bir fərdi onun varlığı ilə fəxr edir. Bütün dünyada vətənimizi layiqincə təmsil edən bu xanım onu yaxından və uzaqdan tanıyan hər kəsin məhəbbətini qazanıb. 

O, həqiqətən də canlı nümunə idi. Onun həyat sevgisi, ana məhəbbəti, qadın sədaqəti, sənətinə olan son dərəcə bağlılığı, dövlətinə və xalqına olan layiqli xidməti məni həmişə heyran edib. Amma nə yazıq ki, yoxluğunu hiss etdiyim zaman dəyərini daha dərindən anladım. Nə yazıq ki, yenə “sağlığında” şüarı burda öz yerinə düşdü. 
Ürəyim içimdə sızıldadı, yalnız Allah, bir də mən duydum. Şəfiqə xanımdan həmişə yazmaq istəmişəm, həmişə də yox, bu gün olmaz!  Sabah mütləq yeni bir keyfiyyəti aşkarlanacaq, bir az daha kəşf edim, bir az daha öyrənim deyərkən itirdim onu. Düzdür, onu tək mən yox bütün Şərq dünyası, Azərbaycan xalqı itirdi ancaq mən şəxsən özüm üçün itirdim deyirəm. “Bəli mən onu itirdim!” 
O, əsil xanım, ana, qadın və bir sənətkar olaraq mənim qəlbimə və həyatıma çox yaxın idi. Ancaq mən ona yaxın ola bilmədim, onu necə çox sevdiyimi son anında da deyə bilmədim. Bəlkə mənim gözümdə olan böyüklüyünün, cəsarətinin, həyat eşqinin yanında cılızlığımı hiss edəcək qədər aciz idim deyə uzaqdan sevdim onun qadın qeyrətini. 
“Öz böyüməyimi, onun dizləri dibində oturub ondan ilham aldığımı demək üçün güc toplayarkən unutmuşam zamanı. Dünyanın faniliyini, ömrün qısalığını, ölümün bu an qədər yaxın olduğunu unutmuşam.” 
Buna görə də itirdim, mən Şəfiqə Axundova kimi bir ananı, nümunəvi Azərbaycan qadınını itirdim. Onun yaşadığı həyat başdan-başa mənə nümunədir, ümiddir, təsəllidir amma yenə də...
Yenə də çox istərdim onu son anında görmək, qayğısına qalmaq. Çünki o çox həssas, qayğıya, diqqətə möhtac bir sənətkar idi. Ətrafında olan hər kəsdən, bütün sevənlərindən diqqət umurdu. Oəlbi əsil qadın qəlbi idi, hər zaman sevgiyə möhtac...
Son illər həyat tərzi biraz yaxşılaşmışdı, dövlətimizin qayğısından razılıq edirdi amma yenə fələk onu sınadı. Həmdə bu dəfə daha betər acı ilə, bala dağı ilə...
“ Taleh”-ini itirən Şəfiqə xanım bu dəfə də yıxılmadı, ayaq üstə durmağı bacardı.”
1998-ci il, yaxşı yadımdadır. Mənim onda cəmi 15 yaşım var idi. O vaxtlar Şəfiqə xanımın həyatı çox çətinliklər, maddi sıxıntılar içərisində idi. Oğlunun, özünün səhəttində olan problemlərindən, diqqətdən kənar qalmasından elə hey gileylənirdi. Hətda deyərdim ki, o zamanlar Şəfiqə xanımı sevənlərinin qayğısı, yardımı ayaq üstə saxlayırdı. Şəfiqə xanım elə həmin il Xalq artisti adına layiq görüldü, onun sevincinə bütün sevənləri şərik oldu.
Deyəsən elə 1998-ci il idi, proqramların birində doğulduğu Şəki şəhərindən, ata yurdundan ürək ağrısı ilə danışırdı. Ata evinin ona məxsus olmadığını amma pulu olsaydı evi yenidən geri alıb ömrünün son anlarını da uşaqlığ illərində olduğu kimi o evdə yaşanmaq istədiyini qəlb ağrısı ilə vurğulayırdı. Ona elə gəlirdi ki, uşaqlığını keçirdiyi o evə dönə bilsə sənətinə olan ülvi məhəbbəti təzələnər, yeni şedevr əsərləri doğulardı. O vaxtdan hiss edirdim ona olan məhəbbətimi. Hətda bir gecə sabaha kimi Alaha dua etmişdim ki, mənə imkan versin və mən o evi geri alıb Şəfiqə xanıma qaytara bilim. Sonralar bilmədim o evlə bağlı xəyalları necə oldu, arzusuna çatdımı yoxsa yox. Bilmədim son anlarını o evdə yaşaya, yarada bildimi ya yox. Eşidib bildiyim yalnız Şəki şəhərinə qohumlarına qonaq qismində gedib gəldiyi, ara-sıra bacısı Rəfiqə xanımın evində qaldığı idi. Çünki həyat məni də sınadı, problemlər ilə büsbütün məşğul etdi. Nə az, nə çox, həmdə düz 15 il qatdı başımı. Mən özümə gələndə, ayağa qalxıb ətrafa baxmaq imkanı əldə edəndə isə...
Şəfiqə xanımın sənəti, bu günə kimi gördüyü işlər göz önündədir. Onu dünyaya tanıdan şedevr sənəti artıq tarixə yazılıb. Buna görə də mən bu barədə çox yazmayacam. Şəfiqə xanım sənətindən danışanda ilk olaraq verdiyi qurbanların başlanğıcını belə canlandırırdı: “Atam seçmək istədiyim sənəti heç cür qəbul etmirdi, şəxsiyyətinə sığışdırmırdı. Qəzəbindən mənə bəzi cəzalar da verirdi. Yadımdadır ki, o, bir dəfə mənim konservatoriyaya getdiyimdən xəbər tutanda məni hətta evə buraxmadı. Və mən qonşuda gecələməli oldum. Dəfələrlə qarlı, soyuqlu havalarda o mənə belə cəzalar verirdi. Bəlkə də elə qarlı-soyuqlu havaların təsirindən mənim hətta böyrəyim zədələndi və professor Cavadzadə cərrahiyyə yolu ilə mənim bir böyrəyimi çıxartdı. Bax, o düzdür ki, sənət qurban tələb edir. Mənim də ilk qurbanım elə bu xəstəliyim oldu.” Amma şükürlər olsun ki, mən xeyirxah insanların sayəsində öz sənət ideallarıma qovuşdum.” 
Bəli Şəfiqə xanım, siz çox qurban verdiniz. Yaşamaq istəyib yaşamadığınız qadın səadətini, şəxsi həyatınızın bütün gözəlliklərini bu qurbanların davamı olaraq sevə-sevə sənətinizə həsr etdiniz.  “Xalqımıza verdiyiniz bütün dəyərləri halal edin”
Atasına görə Şəfiqə xanım cəza alaraq “ağıllanmalı” idi: ”Atam anama da acıqlanır və deyirdi ki, qoy onun ağlı başına gəlsin və özünə düz-əməlli bir sənət seçsin. Şəfiqə xanım isə, bütün bu çətinliklərə sinə gərdi, qəlbində olan sevgini onu gözləyən daha böyük maniələri dəf edərək xalqına qədər daşıya bildi. “Bütün zəhmətlərinizi bizə bir daha halal edin”
Doğulduğu ili isə, anasının dilindən belə xatırlayırdı:  “Mən doğulandan sonra anam gözlərini açıb ki, yanında heç kəs yoxdur. Yalnız bir qadın var idi. Soruşub ki, bəs bu camaat necə oldu? Cavabında o qohumumuz qadın deyib ki, ay Züleyxa, bilirsən V.I.Lenin vəfat eləyib. Buna görə də hamı mitinqə gedib. Bu ölüm xəbərini eşidən anam çevrilib mənə baxır və deyir,- Can bala, nə pis gündə doğuldun.” 
Dünyaya gəlişi o zamanın dahi şəxsinin gedişi oldu, bu dünyadan köçməsi ilə də mənim dilimdə: “Can Şəfiqə xanım, nə pis vaxtda vəfat etdiniz” kəlməsi ilə qaldı. Çünki mənim qəlbim Şəfiqə xanım ilə dolu idi amma o bunu bilmədən köçdü.  Hər şey Allahın əlindədir ancaq Şəfiqə xanım cəmi bir il daha yaşayaydı... Üsyan etmirəm, Allah böyükdür ancaq mən çox təəssüf edirəm ki, onu son anında görə bilmədim. 
Yenə qeyd edirəm, hətda dönə-dönə vurğulayıram: “ O, mənim üçün anaların ən gözəli, ən güclüsü, qadınların ən sədaqətlisi idi. O, həqiqətən də sənət aləmində xanımlar üçün böyük və canlı bir nümünə idi.” İndi bu yazını yazıram, gözlərim dolur amma ürəyim boşalmaq bilmir ki, bilmir. Mən heç vaxt mənə yaxın olmayan bir yazı üçün qələmi əlimə almamışam. Ancaq gözlərimni dolduran, qəlbimi isidən və ya titrədən, məni riqqətə gətirən, diqqətimə hakim kəsilən mövzular olduğu zaman yazmaq ehtiyyacımı hiss etmişəm. Bu gün də bu yazını yazdım və heç bir düzəliş etmədən, bəzək-düzək vermədən sizlərlə paylaşıram hisslərimi.
Şəfiqə xanım, Allah sizə qəni-qəni rəhmət etsin. Bu dünyamızda dilinizə giley gətirən həyatınız, İnşAllah ki, Axirətdə sizin üçün Cənnətə çevrilən savab olar. Amin!

Комментариев нет:

Отправить комментарий