Страницы

06.09.2013

Hə... biri var idi, biri yox idi...

Əfrahim Hüseynli

ÖLÜM, SƏNNƏN QURTARMIŞAM

Azdırdın, azdırdın məni,- 
De, kimlər qorxuzdu səni? 
Demədin ürək deyəni,
Dilim, sənnən qurtarmışam.

Ələnirsən üzümə də,
Tökülürsən gözümə də.
Qısqanırsan közümə də, 
Külüm, sənnən qurtarmışam.

Dərdə əlactək gəlmədin,
Gülənlə belə gülmədin,
Məni mənimtək bilmədin,
Günüm, sənnən qurtarmışam.


Ömür gözəldi deyirsən,
Bəlkə düzəldi deyirsən,
Dağ aşıb daşa dəyirsən,
Ünüm, sənnən qurtarmışam. 

Tanrı versə də, bu canı,
Qayalar üstə dolanır...
Gəzirsən səndən qaçanı,
Ölüm, sənnən qurtarmışam.

Haça-haça olan sevinc,
Ünyetməzdə qalan sevinc,
Məndən uzaq dolan, sevinc,
Bilim, sənnən qurtarmışam!

İŞ YOLDAŞLARIMA

Mənə qaraqabaq deyib bezməyin,
Sevinə bilmirəm dərdin önündə.
Var namərd yanında deyib - gülməyim
Ağlaya bilirəm mərdin önündə.

Başımın üstünə qar yağır belə,
Dünyanın nəbzini tuta bilmirəm.
Hamının üzünə gülənlər kimi
Yalanı, böhtanı uda bilmirəm.

Bilirəm dərd-sərdən xəbərsiz qalıb
İrişə-irişə şöhrət alan var.
Üzə gülə-gülə kölgələrə də
Tanrı əvəzinə səcdə qılan var.

Bacara bilmədim..."böyük" sözünə
Əyilə-əyilə "hə" deyən də çox.
Stollar, məclislər qurulu qalır,
Gəlməyən şahları gözləyən də çox.

Hardan biləsiniz, ağrı-acınız
Gecələr gözümü yuxusuz qoyur.
Bəzən hirslənirəm, sizdən xəbərsiz
İşdən də, gücdən də əlim soyuyur.

Nə var dilimdədi, ürəyimdəsə
Sizə olan sevgi, məhəbbət yatır.
Saxta salamların, üzə gülməyin
Bilin, arxasında xəyanət yatır.

Bəzi adamlartək yalanmı deyim?-
"Sizin başınıza dönüm - dolanım."
Qovun, üzümdəki buludu qovun,
İçimdə gizlənib olub - olanım.

Ağrı-acısını çəkdiyim dünya
Mənsiz də illəri yola salacaq.
Deyən olmasa da, yaxşı bilirəm,-
Bu kürsü, bu otaq kimə qalacaq?!

DAHA GECƏLƏR DƏ GÖZÜMDƏN DÜŞÜB...

Kaş ki sözlərimə inanmayaydın,
Bir yalan biləydin doğru arzunu.
Əlçatmaz, ünyetməz gümana belə
Əlimi açmazdım ömrüm uzunu....

Bəlkə nahaqq yerə ürək sirrimi
Xahişsiz, filansız açmışam mən də...
Vəsfinə yazdığım şeirlərimi
Oxuyub kiməsə, öyünürsən də.

Gecənin gözündə əriyən kimdi?-
Bu qismət soyuqluq üzündən düşüb.
Ay da doğma idi, ulduz da döğma,
Daha gecələr də gözümdən düşüb.

Necə yaxın idik gözlə qaş kimi,
Necə uzaq düşdük göy üzü qədər.
Duman da biz olduq, qaya-dağ da biz,
Uzanan yolları qınadıq...hədər!

Yollarım üstünə yağan qar kimi
Ələnir üstümə suallar indi.
Yüz-yüz sorğuların cavabı bumu?-
Hə... biri var idi, biri yox idi...

Комментариев нет:

Отправить комментарий