Страницы

07.09.2013

Liberastlıq

Elşən Atayev

Xatırlayırsınızsa 11 sentyabr hadisələrini TV ekranlarından canlı şəkildə izləmək mümkün olmuşdu. Və o ərəfədə ekranlar ikiyə bölünmüşdü: bir yanda yıxılan binaların içində yaxınları olan amerikalılar qorxu və təəccüb içində ağlayır, digər yanda dünyanın müxtəlif yerlərində sevinc göstəriləri vardı. Çünki ABŞ sərt bir silləyə tuş gəlmişdi. Amerikan imperializmindən çox çəkmiş olan Yaxın Şərq və Asiyada yaşayan bir çox insan üçün bir bayram günüydü o gün. Bir yanda anasının, həyat yoldaşının, övladının fotosu əlində cəsədlərin arasında tanıdıq üz axtaran Amerikalı, digər yanda bu baş verənlərə sevinən, bunu bayram edən Ərəb, Kubalı, Vyetnamlı.. Üsəma Bin Ladenin öldürülməsindən sonra da bənzər bir səhnə təkrarlandı. Ağ Ev önünə toplananlar sevinərkən, digər tərəfdəkilər qınadılar, yas elan etdilər. İnsan ölümünə sevinən insanlar ayrı-ayrı ölkələrin vətəndaşları deyil, ayrı bir canlı növü kimi davrandılar..

Hitler, Mussolini, Stalin kimi liderlərin kommunizm, faşizm kimi totalitar rejimləri geridə qaldı. Amma totalitarizm yenidən doğulur. Çünki yeni güclərlə texnologiya və pul ilə əlaqəli insan etirazları ağılın və vicdanın sərhədləri kənarında inkişaf edib. Totalitarizm məhz bu səbəblə geri gəlir. Üstəlik heç gözlənmədik bir silahla vurur bizi - fərdi haqlar və azadlıqlar. Totalitar rejimlər keçmişin zalım kralları kimi əskəri gücü, iqtidarı, iqtisadiyyatı əllərində toplayırlar. Amma köhnə despot modellərdən fərqli olaraq insanların duyğularına da hakim olurlar. Bir başqa sözlə desək, beyniniz və qəlbiniz də dövlətə aiddir. “Dövlət hər şeydir, dövlət xaricində heç bir şey yoxdur” deyirdi Mussolini. Nazi Almaniyasının əsas şüarı isə “Tək xalq, tək dövlət, tək lider” idi. Klassik bir despot xalqına işgəncə verə bilərdi, amma xalq onu sevməmə haqqına sahib idi. Gizlində də olsa öz etirazını müəyyən bir şəkildə bildirərdilər, ən azından kimin pis, kimin yaxşı olduğunu görə bilirdilər. Yenidən doğan totalitarizmdə isə milli təhsil və ya medya yolu ilə insanların nəyi sevəcəkləri, nələrdən qorxacaqları da onlara öyrədilir. İnsanların müxaliflik etmə eşqi sönür, çünki gerçəklikdən qopur insan. Müasir dövrün totalitarizminin klassik totalitarizmdən əsas fərqi insanları öldürmək deyil, insanlığı öldürməkdir. Ağıl və vicdan anlayışından məhrum olan insanlar böyük ölçüdə heyvanlaşmış olur.
Siyasi anlamda insansız siyasət mənasını verən totalitarizm xalqa xidmət göstərən bir dövlət yerinə, dövlətə fəda edilən xalq yığını yetişdirir. 1930-ların dünyasından geriyə nə “üstün Alman irqi” qaldı, nə də “mütləq müzəffər proletariya”. Amma totalitar təhdid başımızın üstündə bir qılınc kimi sallanmaqdadır. Çünki siyasi haqlarından məhrum bir vəziyyətdə olan xalq kütlələri var yenə. Qətliam, aclıq və sürgün qorxusuyla kökündən qoparıldı insanlar. Tək bir nəfsdən yaradılmış olan insan Özünə bir geyim kimi geydirilən Məni Özü zənn edir. Texniki fərqlərə rəğmən Nasizmə, Faşizmə qorxunc dərəcədə bənzəyən yeni bir totalitarizmin qollarına qaçır insanlıq: Liberal totalitarizm..

Комментариев нет:

Отправить комментарий