Страницы

19.09.2013

Metronun “Qocalıq” stansiyasında

Nurəddin ƏDİLOĞLU
                                  
Milləti qocaldan milli DƏRDlər silsiləsindən

...Yenə yoluzunu yaman tələsirəm; elə tələsirəm, elə tələsirəm ki, baxan deyər, bəxtəvər, yəqin işə-gücə tələsir. Amma iş tapmaq olur ki,  tələsəsən də?!  Qaldı güc məsələsinə, vallah, elə o da bekarçılıq içində keçən ömür-gün kimi get-gedə tükənir. 
“Elnən gələn qada-bəla toy-bayram olar” deyiblər. İşsizliyi daha özümə bir o qədər də dərd eləmirəm. (Dar ayaqda  Xalqlar Dostluğundakı “Qul bazarı” pis-yaxşı karıma gəlir...) Hər gün rastıma çıxan, sağımdan-solumdan ötüb-keçən bekar, işsiz-gücsüz adamlara baxıb təskinlik tapıram. Kişili-qadınlı çoxunun üz-gözündən yorğunluq yağır. Elə bil səhərdən-axşamacan DƏRD yükü daşımaqdan əzginldilər...
Həyatla ölüm arasında vurnuxan sadə, kasıb  adamlar paytaxtın  hər güşəsində dib-dibə ucalan və yüz minlərlə BOŞ mənzilləri illərlə adam üzünə həsrət qalan göydələnlərinə  elə mənim kimi küsgün nəzərlərlə baxırlar ...

Hə, nə isə... Mən deyəsən harasa tələsirəm axı! Elə bil ölkənin, ya da dünyanın  taleyüklü məsələsinin həllinə gecikirəm...
Düşünürəm ki, yenə yolda tıxaca rast gələcəm, əsəbləşəcəm, odur ki,  metroya endim. Metrodan etibarlı nəqliyyat vasitəsi, üstəlik sakit, rahat yer nə gəzir Bakıda?! 
 “20 Yanvar”da nə qədər gənc gördüm. Allah hamısini arzusuna-muradına  qovuşdursun,  bəlkə görüş yerinə tələsirlər?.. Amma onlara baxa-baxa nədənsə 20 yanvar şəhidlərini xatırladım: azad günlərin görüşünə tələsən, MÜSTƏQİLLİK eşqi ilə ölüm şərbəti içib, ömürlərinin bahar çağında torpağın qoynuna köçən yaşıdlarımı  gözlərimin önünə gətirdim...  (indi mən onlardan 23 il qocayam)
Metro  da yaman basabasdı ha. İndi şübhəsiz ki, yerin üstündəkilər  - abtobuslarda işə-gücə gedən  sərnişinlər də kef eləmirlər.... Əsəb içlərini yeyib-gəmirir. Ancaq metro da vərdişdi, elə ki, öyrəşdin, vəssalam, qurtardı getdi. Deyir,“Füzuli dərd əlindən dağa çixdı, dedilər bəxtəvər yaylağa çıxdı...” İndi mən də kefimdən metroya düşməmişəm ki?  Bizim məhəllənin Hadi  adlı  qocaman şairi demişkən:

Elə asılmışam dərd ağacından,
Sallana-sallana yellənirəm mən.
Baxan elə bilir yelləncəkdəyəm,
Burda kef eyləyib, şellənirəm mən.

Amma öz aramızdı, adamı hərdən qəribə hisslər çulğalayır yerin altında -  düşünürsən ki, birdən Allah eləməmiş, ordan yer  üzünə qayıdıb, gəlməzsən ha!..
Bir tərəfdən də baxanda metroda sülh və əmniyyət hökm sürür. Maşinistlər abtobus sürücüləri kimi  dayanacaqda  nəqliyyat departamentinin adamlarına  nə “nızir” pulu verirlər, nə də “nazir”  pulu!... Bir-biri ilə  dava-dalaş salmırlar. Burada yer üstündəki kimi  aksiya-filan, mitinq-zad olmur. Düzdü, bir dəfə müxalifət qəzetləri yazmışdı ki, metroda möhtəşəm mitinq olub! Odur ki, metronun Qoçu Əsgəri  qoçuların gücünə müxalifət qəzeti satanları burdan pərən-pərən salmışdı.  Bəlkə də fikrəşib ki, ayə, gül kimi dilənçilik peşəsini qoyub, bu adamlar niyə çörək pullarını  qarıyıb-qocalmış müxalifətin qəzetlərini  satmaqla  qazanırlar?!
Odur ki, metroda ayağı yalın, başı açıq azyaşlı uşaqdan tutmuş yaşlı dilənçilərəcən  adamlara rast gələndə düşünürsən: - Bunlar hardan gəlib düşüb bu bu yeraltı dünyaya?
Musiqi çalınır... “28 May”.  Dilənçilər vaqonları dəyişirlər. 
  - Bura vaxtilə “28 Aprel” idi.
 İki nəfər başı buxara papaqlı kişi şirin-şirin söhbət edir, elə bildim ki, çoxdanın tanışıdırlar:
- “28 Aprel”də 28 May”dakı qədər  dilənçi olmazdı  metroda....
- ... Çoxdandır yuxarıda heç nə və heç kəs xoşuma gəlmir. Nə yaxşı ki, metro var. Allah razı olsun Tağı Əhmədovdan, bax, gör necə iri televizorlar qoydurub vaqonların o baş, bu başına. Bura nəinki dilənçilərin, hətta mənim də yaman  xoşuma gəlir. Vallah, qovub- çıxardan olmasa, burdan getmərəm. Evdə üşüyürəm. Bir də burdakılar yerin üstündəkilərindən insaflıdılar. Hətta, cavanlar hərdən  qocalara  yer  də  verirlər...
 -Bay, deyəsən “Gənclik” arxada qaldı. 
-Rəhmətliyin oğlu, biz səninlə əsl gəncliyi lap çoxdan keçmişik... Bir azdan “Koroğlu”ya çatırıq.
- Biz Köroğluya  heçə vaxt çata bilmərik. O,  öz zamanəsində  sadə xalqa  zülm edən xanlara, paşalara, bəylərə qənim kəsilmişdi. Onlara divan tuturdu.  İndiki məmurlara isə  bir yox, on Koroğlu da gəlsə, gücü ərişməz.  
Bir azdan musiqi çalınır. 
- Bura“Xalqlar dostluğu”dur. 
- Vallah, nə xalqlar dostluğu, nə də qohum - qardaş  məhəbbəti qalıb  indi. Yaxşı nə vardı, hamısı keçmişdə qaldı.
- Əşi sənin neçə neçə yaşın var?
- Özümün  heç 60  yaşım yoxdur, amma ürəyimin  80-90 yaşı var . Dərd çəkmək məni tez qocaltdı...
-Buyy!... Mən səndən 10 -15 yaş böyüyəm ki! Amma ürəyim cavan qalıb.
-Yəqin  dövlət də,  arvad da sənə yaxşı baxır. Amma bu millət son vaxtlar yamanca qocalıb... Başına min bir oyun açırlar. Ayağa durmağa halı qalmayıb. Ürəyi girdən,  dizi  taqətdən , qolu gücdən düşüb... 
-Hə, dövlət  mənə yaxşı baxır, hərdən pensiyamı bir-iki manat artırır. Amma arvadı  düz 20 il əvvəl elə bu metroda itirmişəm. Heç tikəsi də ovsanaya gəlmədi ki,  torpağa tapşıram. İndi hər gün saat 6-dan  gecə 12-yəcən onu  burda axtarıram.
- Allah rəhmət eləsin!  Yaxşı, bilmirsən bura haradır?  
-“Həzi Aslanov”
- Hə! Aslanov Həzi əsl general idi. Sərkərdə idi. Stalinqrad boyda beş-altı şəhəri faşistlərdən azad etmişdi. İndi Qarabaği erməni faşistlərinin əlində qalan bu  məmləkətin gör  nə qədər generalı var...  Barı bir-iki kənd alandan sonra bu rütbəyə layiq görüləydilər. Biləydilər ki,  GENERAL olmaq asan məsələ deyil.
- Qarabağın kənlərini neynirlər, rəhmətliyin oğlu, Bakının dənizqırağı kəndləri qala-qala. Hər kənddə də gül kimi villaları , bağ evləri... 
- Yenə “28 May”a  qayıdırıq , qoca! Hamısını alıb  uşaq baxçası edəcəklər...
- Eh, “28 May”, “28 Aprel”... Mən nə onda, nə də bunda da bir xoş gün görmədim. İndi mənim üçün  hər yan  “20 Yanvar”dır.
-“28 May”ı mən havasından, iyindən tanıyıram, hə, hərdənbir qoxusu gəlir burnuma.   İnqilab qoxusu...
-Əşi, nə inqilab, inqilab deyirsən?  Onçun Bakıda gərək “İmqilab” adında metro  da  ola! Yoxsa“Gənclik” yenə arxada qaldı?!
-Eh, ay qoca, gənclik irəlidə olsaydı,  bu qədər dərd  belimizi  bükməzdi ki. Biz  nəinki metronun, həm də  ömrümüzün qocalıq stansiyasındayıq, geriyə dönüş yoxdur!  Olmayacaq da... İrəlidə isə bizi  əbədiyyət gözləyir.  ƏBƏDİYYƏT!
     Vallah-billah  yerin altında olsaq belə,  gerçəyi dilə gətirmək çətindir. 

Комментариев нет:

Отправить комментарий