Страницы

01.09.2013

Nurəddin ƏDİLOĞLU. ŞAH AĞACI

İncəsənət təbiətin qurtardığı yerdə başlayır.  O. Uayld
         
...Qoca Divin qarnı bərk ağriyirdi. Ağrının şiddətindən zar-zar zarıyan bu əfsanəvi məxluqun yupyumru iri qara gözləri çuxura düşmüşdü. Yay gələndən bəri dilinə heç nə vura bilmirdi. Mağarasından çıxıb qida axtarmalı halı-həvəsi də qalmamışdı. Naz-nemətləri min bir dərdə dərman olan Meşədə dövran da o dövran deyildi: buradakı yeməli şeylərin dadı, tamı  dəyişmişdi: -İlahi, axı  niyə yeddidən yetmişəcən hər şey belə tez zay oldu? Nə yeyirəm qarnım ağrıyır, hara baxıram ürəyim bulanır...- Div ağrı-acı içində dərindən köks ötürdü. Mağaradakı qaranlıq onun ürəyini sıxırdı, yatağından qalxıb, divardan tuta-tuta bayıra cıxdı. Qədim mağaranın yaxınlığından keçən dağ çayının yatağında daşlar susuzludan ölmüş heyvan cəsədlərinin dişləri kimi ağarırdı. Əvvəllər bu çayda qızıl balıqlar kürsəyə gedərdilər. Divin könlü balıq istəyəndə, tüklü əllərini suya salıb ovunu tutardı. “Eh, hara getdi o bol ruzili, qayğısız illər…”
– düşüncəsiylə xəstə div inildəyərək Meşənin keçmiş günlərini yada saldı. Ulu Keçmişdən bu günlərə nə dəb qalmışdı, nə də dəbdəbə. 
         Vur-tut 20 il öncə bülbüllər, sarıköynəklər səhər-axşam cəh-cəh vurub, aləmə car çəkirdilər ki, DOQQUZ iqlim qurşağı olan Meşə ÖZƏLLƏŞSƏ, bütün sakinlərini ağ günə çıxaracaq! Sadə ağaclar da, quşlar da, heyvanlar da bu şirin vədə inanıb qürrələnirdilər... Xəyalda təsəvvür  etdikləri o özəl günlərin uğruna meşənin gözəl sakinləri özlərini fəda etdilər.
      ...Təbiətin və Zamanın hökmüylə özəlləşən meşənin get-gedə gözəlliyindən əsər-əlamət qalmadı, iqlim dəyişdi; ağacların - kolların barı-bərəkəti saatbasaat tükəndi. Adi ağacların ömrünə ömür calayan təbii güllər-çiçəklər günbəgün qəhətə çıxdı... İndi meşənin çox yerində qara ruzgarlar əsirdi: cənubda qızmar günəş körpə fidanları yandırıb yaxırdı. Sitirus bağlarında apelsinlər, mandarinlər, limonlar susuzluqdan quruyan budaqlarda büzüşmüşdülər.. Şimalda göydən yerə güllə kimi dolu yağırdı. Rütübətdən meyvə ağaclarının beli əyilmişdi, dərələrdə-təpələrdə yay-qış qayğıları həndəsi silsilə ilə çoxalırdı... Qərbdə uca boylu çinar ağacları düşmən meşədə bəslənən qara sarmaşıqların, odlu-alovlu nəfəsi ilə bağ-bağçaları qarsalayan qaratikan kollarının təcavüzünə məruz qalmışdı. Vüqarı sınıb iki paralıq olan qədim-qayım ağacların tüstüsü təpəsindən çıxsa da illərlə uzanan əsarət zəncirinin halqası qırılmırdı ki, qırılmırdı...  Şərqdəki böyük mavi nur dəryasının üzərinə polad ağaclar kölgə salmışdı. Onların polad köklərinin gölün dibindən sömürdüyü qara şırə uzaq meşələrə ağ işıq saçırdı. Bu polad ağacların aid olduğu meşənin dərəsində, dağında mağaralar qaranlıq içındəydi. Yelqovanlar gərəksiz əşyaya dönmüşdü, hərəkərsizlikdən sınıq-salxaq hala düşmüşdülər. Zamanə ağac-uğacları ilin fəsillərini meşədə dəyişik salmışdı. Təbii gözəlliklər azaldıqca ağaclar, quşlar, heyvanlar əzəli vərdişlərindən əl çəkirdilər. Torpağı daralan Meşə öz xarakterini, əzəmətini itirmişrdi. Mənşəyi bəlli olmayan süni ağaclar, zəhərli sarmaşıqlar,  ətirsiz güllər bura ayaq açdıqca Meşədəki ab - havanı  korlayırdılar. 
          Mətinliyi ilə ad çıxaran Dəmirağaclar – sapı özündən olan iti baltalrarın ucbatından meşənin dərinliyinə çəkilirdilər. Qəhrəmanlıq rəmzi olan palıdlar da vaxtsız-vədəsiz budanır, ilbəil seyrəlirdi. Sərvin, Şümşadın Eldar şamının qamətinə Yel sarmaşıqları dolaşmışdı... Azad ağaclar cinsindən olan nadir ağacların ömrü gödəlirdi... 
      ...Div qıvrıla-qıvrıla gəlib ulu əcdadından miras qalan mağaranın qabağında - başı təzə kəsilmiş enli nil kötüyünün üstündə oturdu. Alacalanmış gözləri ilə ətrafa boylandı.  Mağaranın həndəvərində baltalanmış xeyli Zeytun ağacını görüb məyus oldu. Ətrafda yemişanın, Dədə nilin,  çökə və ulsların kötükləri şəhid ağcların baş daşına oxşayırdı... “Bu kəshakəs, bu qırhaqır, bu qovhaqov nə vaxt qurtaracaq, İlahi? – Div fəryad edərək başını tutub, dərin fikrə getdi... 
      Meşə də qəmli düşüncələrə dalmışdı. Sadə, qara ağacları bir köləlikdən qurtarıb, digərinə ürcah olmuşdu. Bu sadə, qara ağacın çoxu halal qida axtaran div kimi köhnə Meşəbəyinin xiffətini çəkirdilər. Təzə Şah ağacı qocalıb qartımış Meşəbəyini Meşə xaini elan etdi. Yabanı Yel ağacları Şah ağacın göz-qulağı təyin ediləndən bəri Meşə səssizliyə qərq olmuşdu. Amma bu səssislikdə lal  ağaclar da fəryad edirdi. 
        Son zamanlar uzunömürlü qoz, findiq, şabalıd ağaclarının canına əcaib-qəraib qurdlar daraşmışdı. Həris Qurdlar budaqların yaşıl yarpağını, təzə  tumurcuq  vuran  qozaların ləçəklərini acgözlüklə  gəmirirdilər.  
      Yel ağaclarının himayə etdiyi Qurdlar dəstəsi günboyu öz işlərindəydilər. Arxalı qurdlar əfsanəvi Divi, pəncəsi güclü Aslanı, bir təkanla ağaca dıprmaşıb ovunu pusan Pələngi pəsənd eləmirdilər, gəmiricilər və ziyanvericilər dəstəsi nəhəng ağacların, iri caynaqlı quşların nə adlarından qorxurdular, nə də zəhmlı görkəmindən... Ziyanvericilık işlərini qurdlar sülaləsi mütəşəkkil və nizamlı şəkildə aparırdılar. Vadidəki qurdlar küləklə, kələklə, fələklə əlbir olub ağacların iç dünyasına  soxulurdular. 
- Sizi görüm lənətə gələsiniz! Belə getsə bu meşədə bir dənə də sağlam ağac qalmayacaq... – Div  qəmli fikir dünyasında  öz-özünə deyindi.
    Bu zaman quruyan çayın məcrasında eşşək anqırırdı. Div diksindi, ona elə gəldi ki, eşşək susuzluqdan şivən qoparır, amma bir də baxıb gördü ki, eşşək anqıra-anqıra caz oynayır. “Yoxsa bədbəxtin başına hava gəlib?”  Çayın o biri sahilindən  səs gəldi. Birdən eşşək dayanıb uzun qulaqlarını şəklədi. Vadidən yuxarıda, keçmış at meydanında iki-üç eşşək səs-səsə verib anqırırdı. Onlar susuz çayın bu biri sahilindəki eşşəyı Sulu Təpəyə çağırırdılar.  Eşşək Qurdlar vadisindən keçməyə qorxurdu.
       - Qorxma, - dedilər həmcinsləri, - bu meşədə qurdlar da, gənələr də, bütün qansoran həşaratlar bizə qulluq edirlər. Buradakı at meydanı da bizim ixtiyarımıza verilib. Doyunca arpa yemək, su içmək istəyirsə bizə qoşul! Biz bu meşənin görən gözü, eşidən qulağı vəzifəsində çalışan yel ağaclarının ortaqlarıyıq. Onların sayəsində əlahəzrət Şah ağacı üzümüzü görmədən bizə də qulluq verib. Bizim də borcumuz uzaqgörən Şah ağacına kor-koranə itaət, Yel ağaclarına  isə canla-başla qulluq etməkdir! 
     Eşşək quyruğunu bulaya-bulaya sünü şəlalələr çağlayan Eşşəkmeydana sarı addlmladı.   
 -Toxumunuz kəsilsin, siz eşşəklər bu Özəl Meşədə qulluq sahibi olan gündən mən at ətinə həsrət qalmışam... Meşə güləmeyvə ilə, çay da balıqla doluydu... Böyürtikan kollarına elə bil qara kürü ələnmişdi... 
     Hicran çəkməkdən beli bükülən qocaman Dəmirağac dedi:  - Sən demə 20 il öncə tikanlı məftillərdən azad olmaq hələ əsarətdən xilas olmaq deyilmış... 
       Div hıqqana-hıqqana ayağa qalxıb Dəmirağaca yaxınlaşdı. Tükü tökülmüş əllərini ağacın yaralı gövdəsindəki düyünlərə sürtdü. Qocaman Dəmirağacın bağrı  dərddən qabar bağlamışdı. – Bizi də qirmızı palıdlar kimi amansızcasına kəsib-doğrayırlar...  Bir vaxtlar yolunu azmış birisi  burada Dəmirağac krallığı yaratmaq istəyirdi. Özü başqa meşəyə köçüb getsə də indiyə kimi  onun  günahlarının əzabını çəkirik...
       - Bu meşədə  kəsilib-doğranan təkcə qirmizi palıdlar, ya da sənin cinsindən olan ağaclar deyil ki, ay qoca Dəmir, - gövdəsi  qırışmış Qızılgöz dilləndi,  – Bax, o Divin mağarasının ətrafındakı şəhid edilən Dədə Nilın yeddi yüzdən cox  yaşı vardı..  Koğuşunda  minlərlə bal arıları yuva salırdılar...  
       -  Bəs o arılar... bal arıları necə oldu? – Div ağaclardan çox bal arıların halına  acıyırmış kimi həyəcanla xəbər aldı.  
       - Qoca Nili  mişarlayandan sonra arılar ailəlikcə baş götürüb özgə meşələrə üz tutdular...
        Divin dərdi təzələndi:- Gör, hər ağac kəsiləndə, nə qədər arı ailəsi sürgün olunur...
        Qızılağac dedi: -Nədir, ay Dədə Div, yoxsa könlünə bal düşüb? Elə isə özünü ver Özəl meşənin gözəl talalarına. İndi hər talada bir bazar var. Talalarda nə talananların sayı var, nə də zurna çalanların... 
        - Yox, yox, əlhəzər. Mən, yabanı şeylər yeməyə tövbə etmişəm. Son vaxtlar özgə meşələrdən gətiriləni də,  öz meşəmizdə yetişəni də dilimə vururam ürəyim bulanır...  Hər şey xarab olub, hər şey... 
       - Fikrin nədir bəs? Acından öləcəksən? Axı sən bu meşədə keçmişdən yadigar qalan sonuncu divsən...  Biz sənin hekayətlərini danışıb körpə fidanlara mübariz olmağı öyrədirik.
       - Əlahəzrət Şah Ağacınin yanına şikayətə gedəcəyəm. Məncə bu meşədə nələrin baş verdiyindən o bixəbərdir. Təkcə o yabanı şeylər deyil,  meşədəki iqlim buranın sakinlərinin  atar-damarını qırıb. Ruhlarını paslaşdırıb.
      -  Kimdən şikayət edəcəksən ay Dədə Div?!. Elə bilirsən,  Şah ağacının üzük qaşı kimi dövrəyə  alan  Yel ağacları səni ona  yaxın düşməyə qoyacaqlar?..
          - Bu yabanı  ağaclar hardan peyda olublar, məgər göy yarılıb oradan düşüblər?...
          - Bu ağacların toxumunu küləklər qərbdən – indi bizim meşəyə qənim kəsilən düşmən meşədən gətirib. Ona görə də adına Yel ağacı deyirlər. Yel ağacıları öz əcdadlarının  meşəsindən əl çəkəndən bəri bizim meşənin barlı – bərəkətli güçələrinə tamah saldılar.. Onlar qərbin qəribə ənənələrini – yazılmamış qanunlarıni da özləri ilə meşəmizə  gətirdilər. Hər şeydən öncə özlərinə rəqib bildikləri yerli ağacları sıxışdırıb meşədən çıxardırlar... Talalarda göbələk kimi artan bazarlara hakim oldular. Qədim-qayım palıdların qol-budağını budadılar. Bu ağacların da mənşəyi barədə meşədə müxtəlif söhbətlər gəzir. Biri özünə Həyat ağacı deyir, biri Tanrı ağacı, o biri də Çörək ağacı. Bu üç müqəddəs söz dillərinin əzbəri olandan Meşədə  Həyat sönüb, Tanrı da burdan üz döndərib, Çörək də ceyran belinə çıxıb. Yelağacların hər küncdə-bucaqda qulaqcığı var. Dediyim kimi, YEL AĞAClar cəngəllik qanunu ilə pöhrələnirdilər...  Div agah olsun ki, onun bu qədim mağarası da Yelağacları təcavüz edib. Mağaranın ətrafındakı nillərin, zeytunların, palıdalrın axırına çıxan bu ağacların məqsədi səni də meşədən didərgin salmaq, qədim mağaranı ələ keçirməkdir. 
    - Axı bu qaranlıq mağara Yelağaclarının nəyinə gərəkdi.
    -Bəlkə barxana, ya da güzli bir xəzinə yaradacaqlar?.. Amma əsac niyyətləri  Dədə Div əfsanəsinə son qoymaqdır. Əmindilər ki, Divi susdurandan sonra bu meşədə aslanlar, pələnglər özlərini  quzu kimi aparacaqlar. 
       Dədə Div başını aşağı saldı. Ulas ağacı dedi:  - Bu meşədə haqq-ədalət axtarana dəli kimi baxırlar. Məgər Dədə Palıdın, Məcnun Söyüdün başlarına açılan oyundan agah deyilsən?..  
        - Eşşəklər Vələsdən, Qovaqdan, Narratdan Dar ağacı düzəldiblər. Dildə və əməllərində bir şüar var: Ya Çörək ağacı, ya da  Dar ağacı! Zavallı Qara ağaclar ayaqda qalmağın yolunu Yel ağaclarınin kölgəsinə sığınmaqda görürlər...  Yelağacları meşədə deşici, dağıdıcı, sömürücü gücə malikdirlər. Onlar dimdik duruşundan qiyam yağan ağacları bir göz qırpımında zərərsizləşdirir, onları bir araya gəlməyə qoymurlar… 
       Dədə Div ağ saqqaına sığal verib sərv ağacından əsasına söykənə -söykənə Şah ağacının hüzuruna yollandı. Dərələrin dibində zindan əzabı çəkən ağaclar da onu arxasınca Təpəbaşına tərəf yürüş etdilər. Eşşəkmeydanda onların qabağını cırtdan palmalar kəsdilər. Meydan kölgə salan xan çinarları qlrıb əvəzinə xeyli palma və mənşəyi bəlli olmayan başqa ağaclar  özlərini meydanın əsl sahibi kimi aparırdılar.
         Liliput bir palma nəhəng Dəmirağacın qabağını kəsmib cır səslə ona təpinirdi: -Dizə çök!  Dəmir ağacı  da  dəmir cingiltisi kimi səsini qaldırdı: -Sən bu meşəyə aid deyilsən, mənə meydan oxumağa haqqın yoxdur! 
     Liliput palma halını pozmadı, cır səslə: - Mən boyumun kiçikliyinə baxma, dəyərim səndən üç dəfə bahadır, - dedi, - biz  Şah Ağacın  məhəbbət arşınıyıq.
      - Bu meşə sizin kimi gəlmə, bahalı ağacların ucbatından müflis olub, - Dədə Div sinəsini qabağa verdi, – Məhəbbət arşınına bax, sən  bu cırtan boyunla Xan Çinarın, Dədə Palıdin, dəmir kimi köküylə bu torpağa bağlı olan Dəmirağacın sevgisini necə ölçəcəksən? Yox! Əlahəzrət Şah ağacı meşənin əsl durumundan xəbərdar olmalıdır. Qoyun sözümüzü deyək!  
     Bu zaman Eşşəkmeydana təzə gələn Eşşək anqırdı: - O gün sən bizi qarğıyıb deyirdin  ki, toxumunuz kəsilsin? İndi mən sənə burda bir toy tutaram ki,  öz  toxumun  kəsilər...
   Cırtdan palmalar çiyin-çiyinə verdi:   - Sizi bura gətirən cılız arzular olduğunu bilirik. Bu yolu, bu meydanı bizə etibar edən Tanrı ağacı arzunuzdan xəbər tutsa, sizi bu meşədən sürgün edər...- bunu deyən liliput palmalar meymun kimi vay-şivən qopardılar, eşşəklər də səs-səsə verib anqırdılar, onların səsinə Təpəbaşında Şah ağacını üzük qaşı kimi dövrəyə almış Yel ağacları tez  meydana hücum çəkib  oranı  müahsirəyə aldılar. 
     - Nə istəyirsiniz? – Şah Ağacının baş ağacvuranı zoğal dəyənəyini havaya qaldırdı. 
     -  Bizim məqsədimiz qırğın törətmək deyil,  istəyirik Şah Ağacı fərman verib Təpəbaşında kef çəkən sizin cinsinizdən olan bütün Yel ağaclarıni bizim gəldiyimiz dərəyə köçürsün! Bizim çəkdiyimiz əzab-əziyyəti  bir az da siz çəkin, Yalnız bu yolla meşədə bərabərliyi, sosial ədaləti bərpa etmək olar...  
      Şah ağacının ağacvuranları meşə titanı sayılan Dədə Divə elə divan tutdular  ki, gəl görəsən! Meydana yığışan qiyamçı ağaclar da bir göz qırpınında şil-küt edildi.   
     Dədə Divin harayını Şah ağacı eşitmədi. Eşidə də bilməzdi. Axı o uzaqgörən gözlərini, darı dələn qulaqlarını Yel ağaclarına etibar etmişdi.  Qiyam yatırıldıqdan sonra  Dərəyə kor peşman qayldan qara ağaclar bir daha qamətlərini dikəltməyə cürət etmədilər. Dədə Divlə uğursuz qiyamçıların halını görən başqa ağaclar vəhşicəsinə zopalanmaqdansa Şah ağacına könüllü kölə olmağı qərara aldılar. 
    İndi meşənin qocalı-cavanlı sakinlərinin Şah ağacının çevrəsində şahlıq edən Yel ağaclarına  yaltaqlanmaqdan başqa əlacları qalmırdı....  Şah ağcına itaət etsinlər deyə qiyamçı ağacları  ram etmək üçün hər Yel ağacının xüsusi ağacvuran dəstəsi vardı. Onlar meşədə özləri yandırdığı süni qiyam alovunu elə məharətlə söndürürdülər ki... naşı ağaclar ilin bütün fəsillərində keçmiş qiyamçılara lənət yağdırıdılar... Səmaya qara bulud gələndə, ya da meşədə şiddətli külək əsəndə  hamı qiyamçı ağacları qınayırdı. Palıdlar meşədə əsən saxta rüzgarlara duruş gətirə bilmirdi. Meşənin qocalı–cavanlı ağacları Yelağaclara ÇÖRƏK ağacı kimi baxırdılar. Hansı ağac Yelağacların kölgəsinə sığınırdısa, o bəxtəvərliyə çıxırdı. 
      Qocaman Qızılağaclar, Dəmirağaclar, nillər də özlərini xilas etmək üçün Yel ağaclarına pənah aparırdılar... Azad ağaclar cinsindən olanlar belə narıncı qiyafəsini dəyişib  yabanı  Yel ağaclarının çörək şəklli bayrağını qaldırdılar.
        Meşədəki quşlar, saqqız ağacları  xorla “Çörək ağaclarının” şəninə mahnılar oxuyurdular.  
        Bir gün Qurdlar vadisindən gələn qurdlar Divin dədə-baba mağarasının ağzını kəsdirdi. Alabəzək qiyafəli Yel ağacının əmriylə qurdlar Divlə bərabər onun köhə-
      Div Eşşəkmeydanda döyüləndən sonra yeddi gün idi ki, qan qusurdu. Xıriltılı səslə alabəzək  qotazlıYelağacına dedi: - Unutma ki, bir dəfə bu məşəyə yelbeyin meşəbəyi gəlmişdi. O sizin cinsinizdən olan ağacların qol-budağını elə budamışdı ki, öz dibinizə də kölgə sala bimirdiniz... İndi lap qudurmusunuz. Meşəyə yaraşmayan DAR libas geyindirmisiniz! Tanrının qəzəbindən qorxun, Yaradanın yaratdığını bu qədər urvatsiz etməzlər! Bu meşədə düz ağacları əyib qəsdən dəliyə - bambılıya döndərirsiniz, qorxursunuz ki, onlar meşənin xarakterini özünə qaytarar, qara ağaclar əydiyiniz qamətlərini dikəldib  şahlığınıza son qoyar… 
      -  Ovuclarını yalayarlar. Onların belini elə qırmışıq ki, qamətlərini qiyamətədək düzəldə bilməyəcəklər... Sən də öz xoşunla burdan itil get cəhənnəmə. Dədə Div deyibən başımızı ağrıtma!  Sən keçmişin qalığısan. Bizim ağacvuranlar səni qarışqa kimi əzər...  
     - Cəhənnəmə gedərəm! –dedi Div,-  İlboyu bu meşədə  aclıqdan, susuzluqdan əziyyət çəkməkdənsə, ölmək yaxşıdır...  Mən keçmişin qalığı yox, azadlıq obraziyam, əfsanvi məxluq olsam da meşənin mübarizlik ruhunu canlı saxlayıram! Siz yaranmışı məhv etməklə Yaradana asi olursuz. Məndən sonra qılınclar qınında pas atacaq. Qoy bu  meşədəki zavallı qara ağaclar bilsinlər ki,  ən dəhşətli ölüm canlı ola-ola dərələrin dibində kölgə kimi sürünməkdir. 
      Bu sözləri deyıb  Dədə Div dar ağacına sarı yollandı.
      Meşədəki qarğalar xorla qarıldaşdı: - Ağlını itirmiş Dədə Div özünü intihar etdi. Özəl meşədə Div halal ruzu axtaran  sonuncu xəyalpərəst  və əcaib məxluq idi... 
     ...Əfsanəvi Divin ölümü Yel ağaclarının vecinə də deyildi. Meşə titanının ölümü qələbə bayramı kimi qeyd edildı,  qalıblər hər yerdə meşənin cənnət olduğundan dəm vururudular: - Bizim Meşənin  yer üzündə  misli-bərabəri yoxdur. Eşq olsun, əfsanələr və möcüzələr aləminə!
   Payizda küləklər meşədəki  toz ağaçlarının  tozunu çırpdı.  Qışda meşə ağ yapıncıya  bürünüb  dizə çökdü. Dədli ağacların bəyaz saçılarına covğun daraq çəkdi.  Meşə Mediyası (MM) Hikmət Bulağının - Yaşamaq! Bir ağac kimi tək və azad və bir meşə kimi qardaşcasına - nəğməsi ilə üşüyən ağaclara quruca təsəlli verirdi. Şah Ağacı Meşə Kodeksinə (MK) görə azad yaşamaq, Meşənin oduna qızınmaq rüsxətini yel qanadlı yabanı ağaclara vermişdi... lovğa Yelağacları çarpaz tozlanma yolu ilə ilin bütün fəsillərində göbələk kimi artıb- törəyirdilər. Onların toxumu  meşənin hər tərəfində bitirdi: istər soyuq dağ yeri olsun, istər isti aran, Yelağacları ora tez uyğunlaşır, əyri-üyrü boy atır, qol-budaqlarını şaxələndirir, həmin yerlərin köklü-köməcli ağaclarını Şah ağacının əsarət kölgəsi altına salirdılar... Şah ağacını öyə-öyə onu əfsanəvi Su Tanrıçasının dəyərli töhfəsi adlandıran Yel ağacları Yaradanı tanımırdılar, ona görə də Meşənin təbiətini istədikləri şəklə salırdılar. Yeri-göyün Sahibinə arxa çevirən bu ağaclar içlərinə su səpən Şah Ağacına ehtiramla Süni Çarhövuzlarda Su Tanrıçasının heykəllərini qoyur, ona sitayiş edirdilər. Bu heykəllərin sayı artıqca Meşənin  flora və faunası  daha çox təcavüzə uğrayırdı. 
   Suya - işığa möhtac qalan Qara ağaclar diləklərini həyata keçirmək ümidi ilə Su Pərisinin sorağındaydılar. Yel ağaclarının halaypozanları Qara ağacların hamisi olan xeyirxah Su Pərisinin  obrazını elə bil Meşənin yaddaşından  həmişəlik silmişdilər.
    Sadə ağaclar susasalar da öz diblərindən su içirdilər. Lakin Divin aclıq və səfalət içində ölümündən sonra meşədə aslanların, pələnglərin gözü tamam qorxdu, hamısı səsini içlərinə salıb Yelağaclarının verdiyi tula payına qane olurdular.. Qoynunda kabus dolaşan Meşənin sakinləri  mütilik və biganəlik xəstəliyinə  tutulurdular.
   ...Özlərini hər yerdə Şah Ağacının əzizləri kimi qələmə verib, sadə ağaclara divan tutan Yel ağacları meşəni bioloji fəlakətlə üz-üzə qoymuşdu...  
   Köləliklə barışmağa məhkum olan Meşə sakinləri xəlvətdə Yerin-göyün Sahibinə yalvarırdilar:
   - İlahi, bizə rəhm elə, ömrümüzün qalan hissəsini bu zalımların təcavüzündən və tilsimindən hifz elə!  Bizim nicatımız yalnız sənsən! 
  ...Yerin-göyün Sahibinin  səbri sonsuz  idi.

1 комментарий:

  1. Meşədəki qarğalar xorla qarıldaşdı: - Ağlını itirmiş Dədə Div özünü intihar etdi. Özəl meşədə Div halal ruzu axtaran sonuncu xəyalpərəst və əcaib məxluq idi...

    ОтветитьУдалить