Qar yağıb bircə-bircə
Göylərdən səpələnib.
Qar yağıb dünən gecə
Hər yanda təpələnib.
Soyuqdur. Qışdır artıq.
Beləcə açdı səhər.
Baxırlar yazıq-yazıq
Uzaqdan boz sərçələr.
Məzarlıq qapısından
İçəri keçib qoca.
Qəbirlər arasından
İrəli gedib qoca.
Bir qəbrə gəlib yaxın
Başladı hey öpməyə.
Başladı xısın-xısın
Uşaqtək hönkürməyə.
Qocanın qəm-qüssəsi
Çevrilib yaşa döndü.
Göz yaşı-nəm qüssəsi
Üzündə yaşa döndü.
Bərk qucub başdaşını
Diz üstə çökdü qoca.
Xeyli vaxt baxışını
Bir şəklə dikdi qoca.
Qocanın buz nəfəsi
Andırır Arktikanı.
Ney kimi qəmgin səsi
Bədəndən çəkir canı.
“ Deyirdim xoşbəxt oldum
Sevilib-sevən günü.
Ömürlük bədbəxt oldum
Sən ölüb-gedən günü “.
“ Arzular parça-parça”
Qışqırdı dönə-dönə.
“ Getmişəm qaça-qaça
Tənhalar ölkəsinə “.
“ Qurumuş ot kimi mən
Qupquru qurumuşam.
Dondurub qəlbimi mən
Sevgisiz yaşamışam “.
Qocanın qucaq-qucaq
Köksündən ağrı qopdu.
Dözməyib partlayaraq
Yerindən bağrı qopdu.
Damarda dondu qanı,
“ Gəlirəm ” - deyib güldü.
Bədəndən çıxdı canı,
“ Gəlirəm ” – deyib öldü.
Qar yağıb bircə-bircə
Göylərdən səpələnib.
Qar yağıb dünən gecə
Hər yanda təpələnib.
Soyuqdur. Qışdır artıq.
Beləcə açdı səhər.
Baxırlar yazıq- yazıq
Uzaqdan boz sərçələr.
Комментариев нет:
Отправить комментарий