Страницы

02.09.2013

Safruh: “Atanın təqib olunduğu illərdə həmişə yanında olmuşam”

Ruhani Başçımız Safruh "Azər Times" Agentliyinə müsahibə verib

- Sayğılı Safruh, siz ictimai çevrədə Mütləqə İnam Ocağının Ruhani Başçısı kimi tanınırsınız. Bildiyimiz qədər, siz Ocağın qurulmasında, yaşadılmasında Asif Atadan sonra ən çox zəhməti olan insansınız. Mümkündürsə, özünüz barədə oxucularımıza bilgi verəsiniz. 
- Bizim “İnam Ata” adlandırdığımız şəxsiyyət – Asif Ata “Mütləqə İnam” adında dünyabaxış yaradıb. Bunun üçün dünyabaxışın nəzəri, ruhani hissəsini öyrənib, dünya fikrinin dərinliklərinə, ənginliklərinə, ülviliklərinə sonsuz bir ehtirasla baş vurub. O, idrak aşiqi, idrak yanğılısı idi. Onda nadir yaradıcı şəxsiyyətlərdə olan bir keyfiyyət – öyrəndiklərini ötmək, onlardan ucaya qalxmaq, daha gözəl yaradıcılıq yaratmaq vardı – öncəki pillələrə uyğun, doğma. Onlarla öcəşmək anlamında yox. Asif Ata dünya idrakının keçdiyi yolu alqışlayırdı, o yolun sevgiyə layiq olduğunu bilirdi. 

Safruh Ocaq Evladları arasında hamıdan daha çox, İnam Ata üçün ürəkdən, yanğıyla çalışan bir Ocaq Evladıdır. Bu gün mənim Ruhani Başçı olmağım həm təcrübəm, həm də idrak yanğımla bağlıdır. Eləcə də dinlərin, yüksək fəlsəfələrin axtarışları, bəşər qarşısında duran problemlərə münasibət yönündə ciddi yanğılarım, axtarışlarım var. Bu cür yanaşma Asif Ata Ocağında Safruhdan başqa bir kimsədə olmayıb. Ocaqda Safruhdan çox iş görənlər olub, indi də var. İnsanın insan olaraq qala bilməsinə yardımçı olmaq istəyən Atadan sonra Safruhdur. Ona görə də Atanın Ocağından beşəlli, tamam səmimi yapışmaq mənim ömrümün möhürüdür. Mən Ocağa o cür yanaşmışam. 
Atanın istədiyi budur: Mütləqə İnam olsun! Mütləq İnam olsun! İndi Ocağın 35 yaşı var. Mən isə Atayla 1975-ci il fevral ayının 25-də tanış olmuşam. Bu günə qədər də sanki Atayla hər gün bir yerdəyəm. Mənim üçün Onun özü, üzü, evində, dəniz qırağındakı söhbətlərimiz hamısı elə bil bugün kimidir, yenidir, əlçatmazdır, mənalıdır. Görüşlərimiz haqqındakı bütün qeydlərim də qalıb. Mənim Ata ilə tanışlığımın ildönümləri dörd dəfə qeyd olunub: 20, 25, 30, 35 illikləri. Bunlar mətbuatda işıqlandırılıb. 
İndi Ocağın Ruhani Başçısıyam. Mütləqə İnam Ruhaniyyat Ocağının Ruhani Başçısı – onun strateji hədəflərinin başçısıdır. Yəni Mütləq Həqiqətə gedən hədəflərinin başçısıdır. Ona doğru gedişi, baxışı düzgün nizamlayan şəxs deməkdir Ruhani Başçı. 
Ocaq Yükümlüsü isə Ocağın gündəlik işlərini quran, yönəldən, onun məsuliyyətini çəkən şəxsdir. 
Mütləqə İnam Ruhaniyyatı nə istəyirsə, Ruhani Başçı onu təmin edir. Yəni insanın aliliyinə inam olsun. O aliliyi görmək, insanın özünə göstərmək gərəkdir. İnsan dindən – Allahdan umduğunu özündə görməsə, Allah olmayacaq. Gərək özündə, başqasında görəsən, gördüyünü maddiləşdirəsən. Onda Mütləqə İnam Ruhaniyyatı dünyaya gələr. 
Dünyanın ruhani-mənəvi problemləri qarşısında indiki fəlsəfələr, dinlər bütünlüklə gücsüzdürlər. Mütləqə İnam buna görə yaranıb. Bizim dünyabaxışımız ümumbəşəri zərurətdən yaranıb. Bunu həyatın gedişi açıq göstərir. Ona görə ki, indiyəcən ali bəşər evladlarının əmələ gətirdikləri ali dəyərlər əldən gedir, təsiri itir, sanki insan azadlığının qarşısında əngəl kimi durur. İnsan – insan olmaq istəmir. Mənəvi olmaq istəmir. Ciddi, köklü yanlış var burada, Azadlığı anlamamaq var.
-Çağımızda azadlıq məsələsinə yanaşma fərqlidir...
- Bizim bir keçmiş amaldaşımız deyir ki, Şərqdə azadlığın fəlsəfəsini yaxşı başa düşməyiblər. Sən demə, azadlığın fəlsəfəsini idrak, ruhaniyyat yox, bədən başa düşürmüş. Bədəni gərək insan üçün qoruyasan. Bədən də onun yiyəsi olan şəxsin ləyaqətilə qoruna bilər. Açıq-saçıq geyimlə insan azad ola bilməz. Ona görə ki, azadlığın iki qolu var: biri sənə, biri də başqasına bağlıdır. “Azadlıq” anlayışında iki obyekt var. Azad ol, ancaq azadlığın mənə zərər verməsin, yoxsa mən də öz azadlığım üçün döyüşəndə – yaxalaşarıq, dalaşarıq. Bu da insana yaraşmayan bir şeydir. Bu, heyvani davranışdır. Heyvanların qanunu – zordur. Bu qanunları insan yaşamına gətirmək istəyirlər. Bəşərin çözülməmiş problemləri çoxdur, ancaq bunları bəşərin bir hissəsini tapdayıb öldürməklə çözmək olmaz.
- Ocağın indiki durumu barədə qısa da olsa məlumat verməyinizi xahiş edirik.
- Mütləqə İnam Ocağı müstəqil bir dünyabaxışın yiyəsidir. Bütünlüklə yeni, ənənəsi olmayan, bəşərin indiki durumunda insanın qarşısında duran problemlərlə məşğul olan dünyabaxışın yiyəsidir Ocaq. 
Ocaq Ruhaniyyat qurumudur. Ocaq hər gün iş aparan diri orqanizmdir. Onun içində ruhani iyerarxiya var. Toplumu qorxuzmaq üçün yox, Ocağın yaşaya bilməsi üçün bu gərəkdir: Ocağın ruhu düzgünmü ifadə olunur? Ruhani Başçı olaraq bunu mən deyirəm. Bunu deyəndə o, Ocaqçılar tərəfdən çox ləyaqətlə nəzərə alınır. 
Bizdə bir “Yükümlü” deyilən məqam da var – Ailə Yükümlüsü, Ocaq Yükümlüsü. Hazırda (2009-dan bəri) ümumocaq Yükümlüsü İşıqlı Atalıdır. O, Ocağın cari işlərini qurur, ona cavabdehlik daşıyır. 
Asif Atanın Ocaq İrsi ruhani Ailələrdən ibarətdir. Burada bir neçə Ocaqçı ruhani Ailədə birləşirlər.
Yolruh Atalı “Ümid” Ocaq Ailəsinin Yükümlüsüdür. 
Çox gözəl gələnəyi olmuş “Ulu Fərəh” Ocaq Ailəsinin Yükümlüsü ruhani xislətli Uluruh Atalıdır. 
Orta yaşlı Ocaqçıların evladlarından ibarət “Dan Yeri” Ocaq Aləsi var, Yükümlüsü 13 yaşlı Uğur Atalıdır. 
Şəmkir şəhərində “Nur Yolu” Ailəsi var, Yükümlüsü orada yaşayan Yolnur Atalıdır. 
Adlarını çəkdiyimizdən başqa Sadiq Atalı, İnamyurd Atalı, Doğma Atalı, Güntəkin Atalı, Göynur Atalı, Nurtay Atalı adlı Ocaq Evladları var. 
Ocaqçılar Mütləqə İnam dünyabaxışını yaşadır, onun ədəbiyyatını yaradırlar. Ocaqda başlıca göstərici – ləyaqət, səmimiyyət, doğruçuluqdur, ideyaya ürəkdən bağlılıqdır. 
Atanın İrsini yaşadırıq, xalqımıza çatdırırıq. Xalqımız gəlir, bizi dinləyir, alqışlayır. Mütləqə İnamı yaşadanlar təkcə Ocaqçılar deyil. Burada “İnamçı”lar dediyimiz Mütləqə İnamı öz inancı kimi qəbul eləyənlər, habelə “Gələnlərimiz” adlandırdığımız, toplantılarımızın ardıcıl iştirakçıları Atanın peyğəmbərliyini qəbul edənlərdir.
- Asif Atanın Sovet quruluşu tərəfindən ardıcıl təqib olunmağından xəbərimiz var. Onun yanında olan şəxs kimi yəqin ki, siz də basqılara uğramısınız?
- Ata qədər yox, ancaq təqib olunmuşam. Ata çox təqib olunub, bu da gözlənilən idi. Ona görə ki, Atanı özünə qəbirqazan sayan ideoloji güclər ən çox ondan çəkinirdilər. Ata ideoloji hökmranlığa zərbə vurmuşdu. Safruh burada yalnız ona köməkçi ola bilərdi və gözəl köməkçilik eləmişəm. Bu köməkçiliyin mənim yazılarımda gözəl də ifadələri var. “İstedad və Xoşbəxtlik” adında içsəsim var, orada Ataya xidmətimi qeyd edirəm. “Bilqamısın axtardığı” içsəsimdə də bənzər məsələlər var. 
Bir də mənim məşhur deyimim var: “Qalın Oğuz Elinin Qaraqoyunlu boyundan "Asif Ata" deyilən bir Ər qopdu, miladın 1975-ci ilində gəlib Ağanın oğlu Elman'ı tapdı, ona "Safruh" adı verib, "Ardımca gəl!" dedi. Miladın 1979-cu ilində O Ər "Mütləqçilik" adında bir İnam yaratdı. Safruh O Ərə "İnam Ata" adını verib, Onu "Həqiqətin Yiyəsi" deyə tanıdı.” Bu mənim Asif Ata ilə tanışlığımın mənasını, tarixini zənnimcə, Dədə Qorqud üslubunda gözəl ifadə edir. 
Atanın təqib olunduğu illərdə həmişə yanında olmuşam. Ev dustağı olanda belə həmişə yanında olmuşam. Onun üstündə məni Dövlət Təhlükəsizlik Komitəsinə dəfələrlə çağırıblar. İş yerimdə dönə-dönə sorğu-suala tutublar. Asif Atayla görüşməmək haqqında dilimdən kağız alıblar. Mən Atanın ideyasını öz ideyam kimi sevmişəm. O ideyanın dünyaya gəlməsini Ata kimi mən də istəmişəm. Bəlkə bir az da artıq istəmişəm. Ona görə ki, Ata idraklı idi, təxəyyülü güclü idi, mən isə həyatın basqısını daha çox hiss etdiyim üçün ideyadan daha bərk yapışmışam. 
Atanın kimliyi, gündəlik addımları, yaşadığı yerlər, əhvallar hamısı mənim “Başlanğıc”, “Ata Səcdəsində” kitablarımda elə gözəl ifadə olunub ki, elə bil indi yaşanır. Özü də onlar heç kitab deyildi vaxtilə. Mən Atayla görüşdüyüm hər gündə qeydlərimdə onun çox canlı portretini yaratmışam. Ərkli bir deyimin var ki, Atanın yazdıqları yox edilsə, onun bütün yazdıqlarını Safruhun yaradıcılığı ilə bərpa etmək olar. 
«Asif Ata Peyğəmbərliyinin 5 təsdiqi» adlı içsəsim, kiçik həcmli əsərim var. Orada Asif Ata Peyğəmbərliyinin canı, siqləti qısa və bitkin şəkildə verilib. Mənim Ataya xidmətlərimdən biri İnam Evi – bir növ Mütləqə İnam məbədi yaratmağımdır. Ocağın 23-cü ilindən – 12 ildir ki, İnam Evi Ata Yoluna xidmət edir. Ata ilə əməkdaşlığımın sonucu kimi onu da qeyd eləmək olar ki, ötən yüzildə Azərbaycanda adı çəkilən 11 dissidentdən biri Asif Atadırsa, biri də Safruh Atalıdır.
- Azərbaycan iqtidarı Ocağın fəaliyyətinə necə yanaşır? Sizə məhdudiyyətlər tətbiq olunurmu?
- Azərbaycan iqtidarı Ocağa özünün elan etdiyi idarəçilik prinsipinə uyğun yanaşır. Yəni iqtidar tərəfindən heç bir məhdudiyyət hiss etməmişik. Azərbaycan demokratiya, sivil, söz və vicdan azadlığı olan bir ölkə kimi özünü dünyaya təqdim edir, biz Ocaq olaraq ondan başqa cür münasibət görməmişik. Kitablarımız, yazılarımız sərbəst şəkildə nəşr olunur. Nəyəsə münasibət bildirəndə özümüzü qısmağa məcbur edilmirik.
- Öncəki sualımızın tam tərsi olaraq, Ocaq iqtidar barədə nə düşünür?
- Azərbaycan xalqı yüzillərdir ki, müstəqil dövlət qayğısı görmürdü. İndiki dövlətimizin 22 yaşı var. Ona görə də düşünürük ki, Azərbaycanda qeyri-dövlət qurumları, ayrı-ayrı şəxslər, düşüncə adamları bu durumu nəzərə almalıdırlar. Gənc Azərbaycan dövləti ilə oturuşmuş (özəllikcə Qərb) dövlətlərə eyni gözlə baxmaq doğru deyil. Yəni bizim iqtidara münasibətimizdə bu məqam nəzərə alınır. Bizim başlıca işimiz ruhaniyyatdır. Ruhaniyyat isə insanın kamilləşməsi ilə məşğul olur. Ruhaniyyat bütövlükdə siyasətə qarşıdır.
- Qarşıdan gələn seçkilərə necə baxırsınız? 
- Biz Mütləqə İnam Ruhaniyyat Ocağı olaraq siyasi ehtiraslara qarışmırıq. Seçkilər adətən qalib gəlmək istəyi üzərində qurulur. Burada qalib gələnin məqsədi, məramı o qədər də rol oynamır. Və bu məqsədlər, məramlar öncədən xalqın müzakirəsində öz ifadəsini tapmır. Ona görə də biz seçkilərə qarışmırıq. Qarşıdan gələn seçkilərdə isə çox dolaşıqlıq var. Mətbuat cürbəcür bloklar haqqında yazır. Bu bloklarda təsadüfi şəxslər, simalar bir araya gəlir. Bunların çoxu dövlətçilik işində nəzəri baxışı olmayan adamlardır. Mən deyərdim ki, onlar Azərbaycanda nə üçün hakimiyyətə gəlmək istədiklərini aydın bilmirlər.
- İslam dini sizin inancınızda nə kimi yer tutmaqdadır?
- Mütləqə İnamın hansısa dinlə, o cümlədən islamla heç bir əlaqəsi yoxdur. İnam – din deyil, onda heç bir mövhumi başlanğıc yoxdur. Mütləqə İnam insan idrakına, insan mənəviyyatına və ruhuna əsaslanır. Buna görə də burada dinilik, dinlə bağlılıq heç yoxdur. Lakin Mütləqə İnam dinin insanlara gərək olan, onların idrakı ilə təzad yaratmayan xidmətlərini göstərməyə qadirdir və borcludur. İnamda hər məqamda məntiq rol oynayır. 
Mütləqə İnamda fövqəlməntiq heç nə yoxdur. “Fövqəlməntiq” deyəndə insan ağlının dərk eləməyəcəyi təzahürlər nəzərdə tutulur. Lakin bu, onun ruhaniyyat olmasını əngəlləmir. İnam özünün ruhani qənaətlərini insanın öz vəcdindən, ehtizazından və vəhyindən hasil eləyir. Məsələn, Asif Ata insana belə tərif verir: «İnsan – Özündə Mütləqilik gəzdirən, bu səbəbdən də Şəraitdən, Mühitdən, Cəmiyyətdən Üstün olan, Mütləqiliyə can atan və Mütləqləşməyə Qadir olan Ruhani Varlıqdır». Qısası: İnsan ruhani varlıqdır. 
Ata bu qənaəti özü insanları, ruhani ədəbiyyatı öyrənməklə, müşahidə eləməklə və dərin düşünməklə əldə etmişdir.
-Ocağın Güney Azərbaycan barədə fikri necədir? Bildiyimə görə, vaxtı ilə Asif Ata Güney Azərbaycandan olan Piruz Dilənçi, Siyamək və Güntay Gəncalpla (Cavanşir) görüşmüş və onları müsbət qarşılamışdır...
- Güney Azərbaycan Bütöv Azərbaycanın çox böyük və ayrılmaz hissəsidir. Onsuz Azərbaycan mənası açıla bilməz, bütöv ola bilməz. Asif Ata bu məsələyə son dərəcə böyük önəm verirdi. Bu mövzuda onun bir kitabını nəşr etmişik: «Uluyurd Aqibəti – Bütöv Azərbaycan». Bu kitabda Atanın Güney Azərbaycan – Bütöv Azərbaycanla bağlı fikirləri geniş əksini tapıb. 
Güney məsələsi zənnimcə, həm Azərbaycanın, həm bütövlükdə türk millətinin, eləcə də dünyanın ən qarışıq məsələsidir. Məncə, zaman göstərməkdədir və göstərəcək ki, Güney Azərbaycan məsələsi Yaxın Şərq məsələsindən az mürəkkəb deyil. Çünki Bütöv Azərbaycan – bütöv yeni məna və bütöv yeni dünyabaxış deməkdir. Yalnız bütövləşən Azərbaycanın öz fəlsəfəsi və öz inamı ola bilər, yaşaya bilər. Dünya belə hala hazır deyil. İçində yaşadığımız dünya, zaman insani sima tanımadığı kimi, milli simanı da əsla tanımır. O, hər şeyi qlobuslaşdrır, yumrulaşdırırır. Millətin sifətini görmək istəmir indiki dünya, ona görə də Mütləqə İnam gərəkdir. 
Atanın 6 ideyasından bir də “Müstəqil Vətən”dir. Bu, yalnız Azərbaycana aid deyil. Atanın “Müstəqil Vətən” ideyasından doğan qənaət budur ki, insan varsa, onun Vətəni var və bu Vətən müstəqil olmalıdır. İndi dünya bunun həllini necə tapacaq? Bunun üçün İnam Atanın ruhaniyyatından fəlsəfə yaranmalıdır, bu ruhaniyyatın fəlsəfəsi yaranmalıdır. 
Sualda adlarını çəkdiyiniz şəxslər özləri Atanın ziyarətinə gəlmiş, Atanı dinləmişlər. Ata da onlara Güneylə bağlı öz fikirlərin demişdir. Ata deyirdi ki, Güneylə Quzeyin birliyi “Mütləqə İnam” ideyası əsasında, aşağıdan – xalqdan başlamaqla əmələ gələ bilər. Yəni dini dünyabaxış, irançı dünyababaxış, Qərbçi dünyabaxış rədd olmaqla. Lakin sualda adları keçən şəxslər Atanı gərəyincə dərk edə blmədilər.
- Dünyaya səpələnmiş çoxsaylı azərbaycanlı oxucularımıza demək istədiyiniz hər hansı sözünüz varmı?
- Azərbaycanlılar dünyaya səpələnməməlidirlər. Onlar dünyaya səpələniblərsə, onların Vətənlə birliyi məncə, həlli olmayan müşkülə düşür. Ona görə ki, Azərbaycanda bütün azərbaycanlıları özündə birləşdirəsi cazibə mərkəzi yoxdur. Bütlər yoxdur, tapınaq yoxdur, biz onu indi yaratmağa başlamışıq. Dünyaya səpələnən azərbaycanlılar özlərini, balalarını gələcəkdə vətənli, millətli görmək istəyirlərsə, Asif Atanın Mütləqə İnam dünyabaxışı ilə maraqlanmalıdırlar. Mən bu münasibətin ən qısa şəklini deyirəm: maraqlanmalıdırlar!

Müsahibəni apardı: Sevda Əliyeva

Комментариев нет:

Отправить комментарий