Страницы

09.09.2013

SÖNMƏYƏN ULDUZ KİMİ

ZƏKA VİLAYƏTOĞLU

Ustad Ələkbər Salahzadənin ruhuna ehtiramla!

Atamın arzusu idi ki, jurnalist olum və ya ən azı universitetə daxil olaraq, filoloji təhsil alım. O, bunu çox istəyirdi. Orta məktəbdə ədəbiyyat müəllimi olan atam bu yöndə təhsilimi davam etdirəcəyimə çox inanırdı. Amma məni başqa səmtə çəkib aparan, yönləndirən arzularım vardı. Mən tanınan, sevilən məşhur müğənnilərdən olmaq istəyirdim və bu sahədə musiqi təhsili almaq, konservatoriyada, baş tutmasa İncəsənət Universitetində oxumaq istəyirdim.
Bu Universitet haqqında isə doğru-dürüst bir bilgim yox idi. Ora daxil olmaq üçün hansı fənnlərdən imtahan vermək lazım olduğunu bilmirdim. Bildiyim tək şey bu idi: mən İncəsənət Universitetinin məzunu olmalıyam. Atamsa cidd-cəhdlə məni BDU-ya doğru çəkib aparmaq istəyirdi. Deyirdi: «Bala, İncəsənət Universitetində təhsil alsan da, almasan da səsin var və istədiyin zaman müğənnilik fəaliyyətini davam etdirə bilərsən. Amma jurnalistikada və ya filologiyada təhsil alsan əlində ikinci peşən, sənətin olar. Nə vaxtsa müğənnilik etmək istəməsən, müəllimlik edər və ya jurnalist kimi qəzetlərdə çalışarsan(bu o zamanlar idi ki, jurnalist adına hörmət, ehtiram, bir az da ehtiyatla yanaşırdılar. Jurnalistin sözü qılıncdan kəsərli idi).
İncəsənət Universitetinə qəbul bütün ali məktəblərə qəbuldan, səhv etmirəmsə yarım ay erkən başlamışdı. Atamın saqqızını oğurladım: «Ata, bəlkə bəxtimi sınayım! Sənədlərimi təqdim edək, bura qəbul olmasam, sən deyən kimi edər, BDU-ya gedərik!» Atam razılaşdı. Sənədləri qəbul edən xanıma yaxınlaşıb soruşdu: «Qızım, burda (o vaxtki İncəsənət İnstitutunda) ədəbiyyata yaxın hansısa bir fakültə varmı?» Gülmək məni tutdu; kişi ədəbiyyat deyib, ədəbiyyat eşidirdi. O mütləq mənada mənim ədəbiyyatçı olmağımı istəyirdi. Əslində ədəbiyyatı da musiqi qədər sevirdim. Orta məktəbdə oxuyarkən hərdən şeir, kiçik məqalələr yazır, qəzet, jurnal redaksiyalarına göndərirdim. Hərdən dərc olunanları olanda çox sevinirdim. Hətta mənə qonorar kağızı da gələndə təəccüblənir, həyəcanlanırdım...
Qismət beləymiş; həmin il İncəsənət İnstitutuna qəbul olundum...
Həmin ildən də şəhər mühiti mənim həyatıma öz güclü təsirini göstərməyə başladı. Ata-anamdan ayrılaraq, çox darıxmağım, ara-sıra çətinliklərlə üzləşməyim, müxtəlif insanların müxtəlif taleləriylə tanışlıq, hər şey mənim dünyaya baxışımı dəyişdirməyə, aydınlatmağa başladı və mütəmadi olaraq hekayələr yazmağa başladım. Kimsəyə oxutmaq, bu haqda kiməsə nəsə demək isə hələ çox çətin idi. Necə qarşılanar, nə deyərdilər mənim bu fəaliyyətimlə bağlı, bilmirdim. Bir sözlə utanır, sıxılırdım. Bir gün auditoriyaya «Azərbaycan dili» dərsliyini tədris üçün tanımadığım bir müəllim gəldi. Sonra bildim ki, bu, tanınmış ədəbiyyat tənqidçisi, professor Nizaməddin Şəmsizadədir. O, bizə dərs boyunca çox maraqlı ədəbi söhbətlər edir, ədəbiyyat tarixindən, görkəmli ədəbiyyat adamlarının həyatından söz açırdı. Bir gün utancaq hisslərlə yazdığım bir hekayəni(bu hekayəni yazıb bitirənəcən ölüb-dirildiyim günləri hələ də unutmamışam. Mənə elə güclü yazmaq həvəsi, enerjisi gəlmişdi o zaman ki, bütün rahatlığım itmişdi. Beynimdə qurulan süjetlər biri-birini əvəz edir, onları yazmama tələsdirirdi məni. Sanki beynimdə, ürəyimdə bir bulaq qaynayır, aşır-daşırdı. Yazıb bitirincə isə elə zənn edirdim ki, şedevr yaratmışam və dahiyəm)Nizaməddin müəllimə təqdim etdim. O, hekayəmi böyük məmnunluqla qəbul etdi və növbəti gün auditoriyada tələbələrin qarşısında məni təriflədi, hekayəmi oxuduqdan sonra mənə hörmətinin artığını dedi. Bir deyimlə, məni, gələcəkdə yaxşı bir yazıçı olmağa inandırdı, həvəsləndirdi. Yeni hekayələrimi gözlədiyini bildirdi. Daha çox hansı yazıçıları oxumağımı da tövsiyə etdi və biz o gündən dostlaşdıq. Daha bir gün hörmətli müəllimimə «Keçi südü» adlı bir hekayəmi təqdim etdim. Oxudu və apar bunu «Ulduz» jurnalına təqdim et, çox gözəl hekayədir, mütləq dərc edəcəklər» dedi. Və mən səhəri gün inamla, həyəcanla «Ulduz» jurnalı redaksiyasına yollandım. Çox çətinliklə olsa da, axtarıb redaksiyanın yerləşdiyi binanı tapdım. O vaxt redaksiya Baksovetdə yerləşirdi.
Çox həyəcanlı və çox da utancaq bir gəncin o vaxtkı halını təsəvvür edin... Qarşımda bəstəboy, nurçöhrəli bir kişi dayanmışdı. Barmaqları arasında «can verməkdə» olan siqaretin odu az qalırdı barmaqlarını yandırsın. Bütün bədənim gərilmişdi ki, indicə barmaqları yanacaq. Siqaretin külü nəhayət bir su damlası oxşarı qopub yerə düşəndə od közərtisini lap aydın gördüm, tam əmin oldum ki, bu nurçöhrəli adamın barmağı yanacaq. Amma yox, Adam «canı üzülməkdə olan» siqeritə daha bir qullab vurub üzümə gülümsədi və soruşdu:
-Kimi axtarırsınız?-Adamın mənimlə bu cür hörmətlə danışması özümə bir az inamımı artırdı.
-Ələkbər müəllimi-Ələkbər Salahzadəni!-səsim titrəyib qırıldı, qızarıb istiləndim.
-Buyurun, eşidirəm!
-Hekayə gətirmişəm!
-Hə, lap yaxşı! Verin mənə, mütləq oxuyaram, mütləq! Bəyənilsə hökmən dərc edəcəyik, narahat olmayın!
-Sağ olun!-dedim, əllərim əsə-əsə hekayəni təqdim etdim və sağollaşıb tez ondan ayrıldım. Aradan düz üç il ötdü. Bu illərdə utancaqlıq hissi imkan vermədi ki, bircə dəfə hekayəmin taleyilə maraqlanım. Demə, Ələkbər müəllim mənim hekayəmi çox bəyənmiş və həmin il jurnalda dərc edibmiş. Düz üç il məni axtarıb, soraqlayıbmış da. Nəhayət üç il sonra təsadüf nəticəsində «Ulduz» jurnalının hekayəm dərc olunan sayı əlimə keçdi və təsəvvürə gəlməz dərəcədə böyük bir fərəh hissilə yenidən Ələkbər müəllimlə görüşə tələsdim. Yadında qalmamışdım. Yenə də otağında var gəl edirdi. Yenə də barmaqları arasındakı siqaret «son nəfəsinəcən» yanıb külə dönməkdəydi.
-Salam, Ələkbər müəllim!
-Salam!.. Hekayəmi dərc etdiyinizçün sizə çox minnətdaram!
-Hansı hekayəni?
- «Keçi südü»
-Həəəə, dayanın,.. xatırladım... Həəə, belə bir hekayə olub bizdə. Çox emosional bir hekayə idi... Hə, yadıma düşdü. Amma adınız,.. adınız necə idi?-hiss etdim ki, Ələkbər müəllim özü də mənim kimi hədsiz utancaq adamdır. Bu, düzünü deyim, mənə bir az təskinlik, toxtaqlıq da verdi. Elə bil sıxıntım da azalan kimi oldu və dedim:
-Adım Zəkadır. Zəka Vilayət (hekayəm bu imzayla dərc olunmuşdu)
-Həəə, çox gözəl! Biz sizi çox arayıb-axtardıq, təəssüf ki, tapa bilmədik. Sizin istedadınıza inanırıq. Yeni yazılarınız varsa mütləq gətirin. İstedadla yazılmış heç bir yazı bizim diqqətimizdən kənarda qala bilməz, mütləq dərc edəcəyik! Bir də,.. etiraz etməsəniz bir söz deyim sizə...
-Buyurun!
-Zəka Vilayət yox, Zəka Vilayətoğlu imzasıyla yazsanız daha yaxşı olar!..
...Özümü çox bəxtiyar sanırdım. Ələkbər müəllim Böyük Ədəbiyyatın qapısını açmışdı üzümə və çox ehtiyatla, həyəcanla, vahiməylə içəri daxil olmaqdaydım. Başım gicəllənir, gözlərim qaralırdı. Bu nəhəng, sirli-sehrli dünyaya baxdıqca ruhum, bədənim titrəyir, əsim-əsim əsirdim...
Artıq dostlaşmışdıq. Elə bilirdim bütün yazılarım sanballıdır və ən azı dostluğumuza görə Ələkbər müəllim onları jurnalda dərc edər. Amma belə olmadı. Bəyənmədiyi yazılarımı həmən özümə qaytarır, ya «yaxşı yazı ola bilər, yenidən və ciddi işləsən» ya da «bu çox zəifdir» deyirdi. Ona hədsiz inandığım üçün incimir, sözlərindən istilənmirdim. Hərdən boş vaxtlarımda ona baş çəkməyi unutmurdum da. Bu zaman heç bir yazı-filan aparmadan Ələkbər müəllimlə görüşə gedirdim. Bu dəfə Yazıçılar birliyinin binasında yerləşən redaksiyanın kiçik otağında öz yazı masası ətrafında əyləşərək yenə də siqareti siqaretin oduna calayan bu gözəl, sevimli insan, dəyərli şair, bir sözlə ədəbiyyat fədaisi məni çox böyük sevinclə qarşılayır «yeni nəsə gətirmisən?»maraqla soruşurdu. Sonda inamla deyirdi: «Yaz, mütləq yaz, sənin istedadın var, dilin də çox gözəldir... Rusca oxuya bilirsən?.. Rusca oxuya bilirsənsə bu, sənin bir yazıçı kimi inkişafına təkan ola bilər. Mütləq çox oxumalı, dünya ədəbiyyatından çox öyrənməlisən. İnan ki, bu, çox yaxşı ola bilər. Sən çox yaxşı yazıçı ola bilərsən. Yenə də deyirəm, geniş mütaliə, axtarışlar, mütləq, mütləq lazımdır!»
Sonuncu dəfə biz görüşəndə ciddi tərcümə işilə məşğul olduğunu söyləmişdi. Bosniya yazıçısı Meşa Selimoviçin «Dərviş və ölüm» əsərini illərdir dilimizə çevirdiyini demişdi və nəfis tərtibatla nəşr olunmuş həmin kitab indi stolüstü kitabımdır, ustadın mənə bağışladığı «Vaxt vadisi» adlı kiçik şeirlər kitabıyla birgə.
Ölkəmizin və ədəbiyyatımızın ağır durumda olduğu keçən əsrin doxsanıncı illərində Azərbaycan Ədəbiyyatının «Ulduz»unu sönməyə qoymayan, gecə-gündüz fədakarlıq göstərən, iki aydan, bəzən üç aydan bir də olsa nəşrinə nail olduğu «Ulduz» jurnalı deyəndə ömrümün sonunacan Ələkbər müəllimi, mənimçün heç zaman sönməyən bir ulduz kimi xatırlayacam! Ruhun şad olsun, Ustad!

Комментариев нет:

Отправить комментарий