Страницы

06.09.2013

Təhsil tariximizin qüruru

Lerik rayonunun özünə məxsus keyfiyyətləri kifayət qədərdir. Təkcə ona görə yox ki, bura nəinki Azərbaycanın, eləcə də dünyanın qədim yaşayış məskənlərindən biri olub. Təkcə ona görə yox ki, buranın dünya şöhrətli abidəsi, misilsiz gözəllikləri var. Bu yurdun ən mühüm özəlliklərindən bir də odur ki, Lerik çox dəyərli, dəyanətli, bütün Azərbaycana şöhrət gətirən övladlar yetişdirib. Pristav İbadulla bəydən bu günümüzə qədər onlarla lerikli sadalamaq olar ki, doğrudan da onların ömür yolu çoxlarına nümunədir. Belələrindən biri də Sovet dönəmində Azərbaycan KP MK-nın katibi, Azərbaycanın təhsil naziri kimi mühüm postlara yüksəlmiş Mirzə Talıb oğlu Məmmədovdur. Bu yazının hazırlanması bir təsadüfdən başladı. İyunun sonunda Lerik rayonunun ucqar kəndi Züfücdən qayıdırdım. UAZ-da mənimlə yol gələnlərdən biri də həmin kəndin ziyalılarından sayılan Dadruz müəllim idi. Söhbət sağdan-soldan fırlanıb Lerikin tanınmışlarından düşdü. Bu məqamda Dadruz müəllim dedi ki, bu ölkənin maarif nazirlərindən biri də lerikli Mirzə Məmmədov olub.
Atasız böyüyən bu şəxs sonra yüksək vəzifələrdə çalışıb. Onun Azərbaycanın o vaxtki rəhbəri Mircəfər Bağırovla bağlı da maraqlı xatirələri olub. Təbii ki, bir qəzetçi kimi bu fürsəti qaçırtmaq olmazdı. Dadruz müəllimdən xahiş etdik ki, onun barəsində bizə yazı hazırlasın. Dadruz müəllim gec də olsa, vədinə əməl etdi. Lakin bu yazıda arzu olunan məlumatların çoxuna cavab tapa bilmədik. Yen də Dadruz müəllimin köməyi ilə onun yaxınları ilə əlaqə saxlamağa çalışdıq. Nəhayət sonda Lerikin tanınmış həkimlərindən olan Etibar həkimlə, keçmiş milis işçisi, Lerik rayonunda milis rıisi olmuş Daşdəmir Paşayevlər əlaqə qurduq. Etibar həkim Mirzə müəllimin yığcam tərcümeyi halını bizə göndərdi. Həmçinin qeyd etdi ki, bir neçə il öncə Lerikdə Mirzə müəllimin təntənəli yubileyi keçirilib. Daha sonra Lerik İcra hakimiyyəti başçısının müavini Elxan müəllimdən Mirzə müəllimin rəssam tərəfində çəkilmiş rəsminin fotosunu əldə etdik. 
Bu işdə bizə yardımçı olan şəxslərin hamısına təşəkkür etməklə yanaşı, həmin şəxslərin dediklərindən hazırladığımız yazını sizə təqdim edirik. 
“Mirzə Rəhim oğlu Məmmədov 1909-cu ildə Lerik rayonun Rəzgov kəndində anadan olub. Hələ bir yaşı tamam olmamış valideynləri Lerik rayonun Siodi (indiki Siyov) kəndinə köçmüşlər. Ata-anasını çox erkən yaşlarında itirən Mirzə 1922-ci ildə, 13 yaşında Bakıdakı 1 saylı Körpələr Evinə verilir. (1925-ci ildə o, burada komsomol sıralarına qəbul olunur. 1929-cu ildə isə Moskvadakı N.K. Krupuskaya adına Kommunist Tərbiyəsi Akademiyasına daxil olub. Burada Sov.İKP sıralarına qəbul edilib. 1932-ci ildə həmin Akademiyanın “Pedaqoji” fakültəsini bitirib. 1932-1937-ci illərdə Azərbaycan LKGİ MK-də bir sıra məsul vəzifələrdə çalışıb. Bir müddət Lənkəran rayon Partiya komitəsinin I katibi olub. Dəfələrlə SSRİ və Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilib. 1938-1942-ci illərdə Azərbaycan Respublikası Xalq Maarif komissarı olub. 1942-1944-cü illərdə Azərbaycan KP MK-a katibi işləyib. 1944-1946-cı illərdə İranın Vitse-Konsulu təyin edilib. 1946-1955-ci illərdə Bakı şəhər Partiya komitəsində, Azərbaycan SSRİ Nazirlər Sovetində və Respublika Ticarət Nazirliyində mühüm vəzifələrdə çalışıb. 1955-1959-cu illərdə isə Azərbaycan Respublikasının Maarif Naziri işləmişdir. 1959-1973-cü illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru olub. İnstituta rəhbərlik etdiyi dövrdə 2 cildlik
“Azərbaycan dilinin tarixi metodikası” dərsliklərini hazırlatdırıaraq buraxdırıb. Onun rəhbərliyi altında Azərbaycanda, Orta Asiyada bir neçə nəfər doktorluq və namizədlik dissertasiyalarını müdafiə edib.
1973-cü ilin may ayında, 64 yaşında vəfat edib. O, Bakıda Fəxri xiyabanda dəfn edilib. 
İşlədiyi müddət ərzində 2 “Şərəf nişanı “ ordeni, “ “Qırmızı əmək bayrağı” ordeni və digər medallarla təltif olunub. Onun yeganə övladı Aliyə xanım Bakıda yaşayır”. 
Təqdim etdiyimiz hissə həkim Etibarın bizim xahişimizlə hazırladığı materialdır.
İndi isə Dadruz müəllimin göndərdikləri əsasında hazırladığımız hissəni diqqətinizə çatdırırıq. 
“Mirzə Talıb oğlu Məmmədov Lerik rayonunda anadan olmuşdur. Lakin onun Lerikin hansi kəndində dünyaya göz açması uzun illərdir ki, mübahisə mövzusu olaraq qalmaqdadır. Jurnalist İsaq Əmənullayev “Bir kənddən iki nazir” kitabında onun Siyov, təqaüddə olan yüksək rütbəli zabit Daşdəmir Paşayev isə “Mənim Doğma Rəzgovum ” kitabında onun Rəzgov kəndində anadan oldu unu qeyd etmişdir. 
Mirzə Məmmədov özü isə tərcüməvi halında Siyodi kəndində doğulduğunu yazmışdır. 
Uzun illər Lerik Rayon Milis öbəsində rəisi i ləmiş
D. Paşayev kitabında göstərir ki, ümumiyyətlə, Lerik rayonunda Siyodi adlı yaşayış məntəqəsi olmamışdır. Bu ad Daster kəndində, təxminən 150-200 metr yuxarıda yerləşən üç-dörd yaşayış evinin yerləşdiyi obaya aiddir. Bunlardan biri də Mirzə gilin evi idi. Mirzə Məmmədov özünün tərcüməyi-halında Siyodi kəndində doğulduğunu göstərməsi haqqında da iki fikir mövcuddur. Birincisi, o, Uşaq evinə kənddən göndərildiyi üçün bu ad onun uşaq yaddaşında, həkk olunmuşdur Lakin belə bir fikir də irəli sürülmüşdür ki, o, bilərəkdən kəndini adını və atasının adını olduğu kimi yazmamışdır. Daşdəmir Paşayev yazır: “Görünür ki, o vaxt Azərbaycan KP Mərkəzi komitəsinin birinci katibi M.Bağırovun Böyükağa Mirsalayevlə Mirzənin bir kənddən olduqlarının bilməmişdir. (məlumat üçün bildirək ki, Böyükağa Mirsalayev də Lerik rayonundadır və Mirzə Məmmədovdan əvvəl Lənkaran Rayon Partiya Komitəsinin 1-ci katibi işləmiş və M.Məmmədov həmin vəzifədə onu əvəzləyən dövrdə vətən xain kimi güllələnmişdir. Onların eyni kənddən olduğu bildirlir”) Mirzə Məmmədovun atasının adını dəyişməsi, doğulduğu yerin Rəzgov kəndi deyil, Siyodi kəndi yazması da ehtimal olunur ki, bununla ba ı olmu dur. Yəni M. Məmmədov istəməmişdir ki, vətən xaini ilə bir kənddə doğulduğu aşkarlansın. D. Paşayev, “Mənim doğma Rəzgovum” kitabında xatırladır ki, bir neçə il bundan qabaq Lerikdə M. Məmmədovun yubileyi təşkil olunmuşdu. Lerik Rayon Mədəniyyət Evində, zoxlu qonaqlar qarşısında çıxış edib faktlarla sübut etdim ki, Mirzə Məmmədov Siyovlu deyil rəzgolludur. Sübutlarımdan biri də odur ki, o, Rəzgovun Adnalı tayfasındandır. Müəllif belə də yazır və hazırda da bu nəslin nümayəndələri Rəzgov kəndində yaşamaqdadırlar. Mirzə Məmmədov SSRİ ali Sovetinin deputatı olarkən Lerikə gəlib, tərcümeyi-halının danışıb və at belində Dasterə getmişdir. Bu kəndə yaxın olan Siyodidə evlərinin yerini göstərmişdir, Dasterdə qohumları liə görüşmüşdür. Onun Lerikin hansı kəndində olması kimsədə şübhə doğurmur.
...Mirzə çox uşaq ikən onun atasının ayağına alça tikanı batır. O zaman tibb elminin zəifliyindən Mirzənin atası o tikanı yaratdığı yaradan dünyasını dəyişır. Bir müddət balaca Mirzənin rezgovlu, yəni həmkəndlisi fatali kişi saxlayır. Sonra onu Bakıya aparır Uşaq Evinə verirlər. Burada onun yüksək zəkası, bacarığı, təşkilatçılığı üzə çıxır. Orta məktəbi bitirdikdən sonra əvvəlcə pioner, sonra komsomol işində çalışır. Daha sonra onu yüksək bacarığına və savadına görə Moskvaya oxuma göndərilir. Moskvada təhsil alandan sonraMirzə Məmmədova 1937-ci ildə Lənkəran Rayon Partiya Komitəsinin 1-ci katibi təyin edilir. M.Məmmədov həm də gözəl şahmat oynayırmış. Dostları xatərsində göstərir ki, Mirzənin yaxxşı şahmat oynaması xəbəri Mircəfər Bağırova da çatır.Bir dəfə Moskvaya tədbirə gedərkən onunla bir vaqonda olan Mirzəni şahmat oynamağa dəvət edir. Mirzə ilk oyunda hörmət əlaməti olaraq bilərəkdən uduzur. Bağırov bunu hiss edir və Mirzəyə deyir ki, kişi kimi oynayaraq. Mirzə Məmmədov təkrar görüşdə qısa müddətdə onu mat edir. Mircəfər Bağırov yenə də oynayır və yenə də çox tez məğlub olduqda Mirzəyə deyir:
-Görünür, ay yetim,(Uşaq Evində böyüdüyü işarə edir-red) sən o nazirlikdə başqa bir iş görmürsən, elə gecə-gündüz işini şahmat oynamaqdır.
Bu əhvalatı bilənlər danışır ki, həmin oyun ətrafında söhbətdən sonra Mirzə Məmmədov çox 
Narahat olur, ona elə gəlir, artıq işi bitdi. Lakin işlədiyi müddətdə Mircəfər Bağırov Mirzə Məmmədova toxunmamışdır. 
Redaksiyadan: Tərcümeyi-halından da bəlli olur ki, sovet dövründə belə yüksək postlara Mirzə Məmmədov kimi “yetimlər” ancaq yüksək zəkaları, təşkilatçılığı, yüksək biliyi və saflığı ilə yüksələ bilərdilər. Ən maraqlı məqam isə odur ki, Mirzə Məmmədov təkcə Mircəfər Bağirovun vaxtında yox, o həbs ediləndən, tərəfdarları min cür təzyiqə məruz qalan dövrdə, Maarif Naziri təyin edilib.
Sirr deyil ki, indi hər imkanlı, hər sahibkar özü, valideynləri haqqında bir dastan bağlatdırır. Təəssüf ki, Mirzə Məmmədov kimi dəyərli insanlar haqqında onların adına layiq araşdırmalar aparılmır. İnanırıq ki, leriksevərlər bu boşluğu dolduracaq, Mirzə müəllim haqqında mümkün xatirələri, materialları araşdırıb ortaya sanballı bir kitab material çıxardacaq və Vikipediyaya yerləşdirib onu hamı üçün əlçatan edəcəklər. Bu işi isə Lerik rayona hazırda rəhbərlik edən icra başçısı öz üzərinə götürsə çox savab və yaddaqalan bir əməl etmiş olar.

Zahir ƏMƏNOV             "Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий