Страницы

02.10.2013

Mənim tanıdığım Cəmil müəllim

Kamil Vəli Nərimanoğlu

Daş qəlbli insanları neylərdin ilahi?!
Birdə bu soyuq qanları neylərdin, ilahi?!
Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!
(Sabir)

Bizdə haqqı deyən və haqq uğrunda savaşan, şəhid olan və mücadiləsini ölümündən sonra da sürdürən Mirzə Cəlillər, Sabirlər, Üzeyir bəylər, Müşfiqlər, Cavidlər... az olmayıb.
Məmməd Əmin Rəsulzadə bizimdir, Elçibəy bizimdir, Səttərxan da, Pişəvəri də. Biz millət olaraq bizim olanların yanında olmamışıqsa Allahın deyil, şeytanın yanında olmuşuq. Haqqın deyil, nahaqqın yanında olmuşuq. Həqiqətin acısı deyil, yalanların şirini, yarımhəqiqətin dörddə bir, onda bir həqiqətin bicliyi bizi özünə çəkib, öz əsiri eyləyib. 
Sabir yüz il bundan əvvəl yazırdı: 

Rahət niyə lazım edə dünyada məişət,
Quldurçuluq öyrət,
Tainki qumar oynaya, qətl eyləyə, qarət,
Xoşdur belə sənət,
Dünyanı soyub eyləyə hər gün xürşənd,
Sağ ol belə fərzənd...

Allahın yaratdığı, bizə bəxş etdiyi övladı tərbiyədən bəhs edir Sabir. Və heyf ki, “Əvvəl nə idiksə, yenə biz şimdi hamanız”.
Yalan deyənlər ən üstə çıxdı, yarım dörddə bir həqiqət deyənlər xoşbəxt oldu. “Dəymə mənə, dəyməyim sənə”, “Mənə dəyməyən ilan min il yaşasın” məntiqi ilə ömür-gün sürənlər bu məmləkəti zəlil günə qoydular. 
Azərbaycan iqtidarının bugünkü siyasəti nə Qarabağ probleminin həllidir, nə demokratiya və hüquqdur, nə də xalqın rifah halı.
Iqtidarı qoruyub saxlamaq, klan-ailə hakimiyyətini qurmaq üçün qurulmuş avtoritar, yarımtotalitar rejim Rusiyaya, Avropa və Amerikaya istənilən güzəştə etməyə hazırdır və hər cür güzəştlərə də gedir. 
Bu ağır durumda millətin öndə gedən siyasiləri, ziyalıları önə çıxmış və sinəsini sipər edərək həqiqəti söyləyə bilir və mücadilə meydanına çıxır. Bu böyük insanlardan biri prof. Cəmil Həsənlidir. 45 ildir tanıdığım Cəmil müəllim M.Rəsulzadə, Elçibəy məktəbinin layiqli yetirmələrindən biridir. 25 illik siyasi mücadilə, 10 illik millət vəkili təcrübəsi Cəmil müəllimə mübarizə meydanına geniş imkan yaratmışdır. 
Təmiz həyat yolu, saf əqidəsi, dərin zəkası və biliyi Cəmil müəllimə bu bədnam rejimə qarşı mübarizədə güc və ilham verən əsas amillərdir.
Alim-araşdırmaçı kimi Cəmil müəllim nəinki öz sərhədlərini, həm də öz millətinin sərhədlərini çùoxdan keçmişdir. O, Azərbaycan tarixçiliyinin nəzəri və əməli istiqamətdə dünya standartları səviyyəsinə qaldırmağı bacarmışdır. 
Harvard Universiteti Dünya elminin zirvəsi sayıla biləcək elm-təhsil mərkəzidir. Hər il milyonlarla dollar sponsorluq haqqı qazanan bu universitet yalnız Amerikanın deyil, bəşəriyyətin güvəndiyi elm-təhsil ocağıdır. Əgər bu möhtəşəm elm-təhsil mərkəzi Cəmil müəllimin iki kitabını dərs vəsaiti statusundan yayımlayıbsa, bu “Əkinçi” qəzeti, “Molla Nəsrəddin” və “Füyuzat” dərgiləri, Üzeyir bəyin ilk operası kimi, Yusif Məmmədəliyevin, Xudu Məmmədovun, Azad Mirzəcanzadənin kəşfləri müstəvisində də yerləşdirilə biləcək uğurdur.
Cəmil Həsənli Azərbaycan tarixinin ən qaranlıq, mübahisəli dövrlərini bütöv Azərbaycan konsepsiyasında sistemləşdirilməklə post-sovet məkanında, eləcə də Türkiyə də daxil olmaqla Şərq və Avrasiya tarixçiliyində önəmli yer, şərəfli mövqe qazana bilmişdir.  
Tarix fəlsəfəsini, sosial tarix və milli mədəniyyətin əsas özəlliklərini, bütövlükdə Qərb-Şərq dəyərlərini birləşdirən Cəmil müəllim yeni elmi istiqaməti, nəzəri dolğunluqu, bilinməyən arxiv materiallarını üzə çıxarılıb yeni baxış bucağından şərh edilməsi diqqət çəkməkdədir.
Tarixi təhriflər, hadisəçilik, uydurmaçılıq, millətə deyil torpağa istiqamətlənmək bəsitlikdir... kimi yalnışların təmizlənməsi, M.Ə.Rəsulzadə, Ilbər Ortaylı, Ziya Bünyadov, Yusif Yusifov, Süleyman Əlyarlı Türk tarixçilik elmi ənənəsinin qorunması, bədii-publisistik tarixi qaynaqların önəmli prinsiplərini diqqətə alan və dünya tarixçilərindən nəzəriyyənin uğurlarına dərindən bələd olan Cəmil müəllimin tarix konsepsiyası Əliyevçilik ideologiyasına söykənən yalançı tarixçiliyin ifşasında ən önəmli elmi-nəzəri və təcrübi qaynaqdır. 
Cəmil müəllim siyasət aləminə elm gətirən, elm aləminin siyasi dayanaqlarını müəyyənləşdirən elm, siyasət, düşüncə adamıdır.  
Sakitlik, təmkinlik, aydınlıq və səlislik onun siyasət üslubunun ana xəttini təşkil edir. Uzun illərin müəllimlik təcrübəsi, alimlik səriştəsi onu hər kəsdən fərqləndirir. Heç təsadüf deyil ki, onunla dialoqda fakta, dəlilə, sübuta, elmi yoruma, konseptual baxış sisteminə malik olmayan ara siyasətçiləri təhqirə əl atmaqla özlərini daha pis vəziyyətə salmış olurlar. Əlbəttə ki, hər cür mübahisəyə tab gətirən  Cəmil müəllimin məntiqinə qarşı butulka tullamaqla pis vərdişləri ilə cavab vermək məcburiyyətində qalırlar. Ustadı Ramiz Mehdiyev kimi elmi Kommunizm çuxasından çıxa bilməyən Əli Əhmədov demaqoji ilə xal qazanmaq istəyir. Unudur ki, harda olursa olsun, elm və düzlük, ədalət və vicdan qalib gəlir. “Yalanın ayaq aça bilər, amma yeriməz” məntiqini unudan Ilham Əliyevin “müxalifət” adlı yandaşları, özlərinin üstündən öz əlləri ilə xətt çəkənlər bilməlidirlər ki, təzə sabun həmişə köhnə sabundan yaxşıdır. 
Müxalifət donunda bu dəllallar düşən fürsəti tez dəyərləndirib bir yerə təpiləndə unudurlar ki, bu işin dünəni olduğu kimi sabahı da var. O adamları elə bu iqtidar pulunu verib üzünə tüpürəcək. Bu murdar mövzudan çıxmaq lazımdır. Boğulduq...
Milli Şuranın son mitinqi kimin kim olduğunu göstərdi. Günəşdən gizlənən yarasaların fitnəsi də üzə çıxdı, gücü olmayan yalançı müxalifətin boş hay-küyü də Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyaları, Gənclik, Qadın qurumlarının, sıradan insanların gücü öz sözünü dedi. Cəmil Həsənlinin, Əli Kərimlinin, Isa Qəmbərin, gənclərin çıxışları millətin gələcəyini bəlirləyən insanların qətiyyətini, iradəsini ortaya qoydu. 
Cəmil müəllimin çıxışı dərinliyi, kəskinliyi, elmiliyi, aydınlığı ilə millətin ürəyinin ifadəsi kimi dünyaya yayıldı. Dünya demokratik ictimaiyyəti bu çıxışda qaldırılan mühüm problemlərə laqeyd qala bilməz. Bu bir həqiqətdir. Bu həqiqəti heç kəs unutmamalıdır. Oktyabrın 9-na qədər uzanacaq və günbəgün saatbasaat kəskinləşəcək bu mücadilə yalnız prezident kürsüsü uğrunda mübarizə deyil, xeyirlə şərin, yaltaqlıqla şərəfin, yalanla doğrunun, vicdanla alçaqlığın mücadiləsidir. 
Biz Cəmil Həsənliyə inanırıq. Cəmil Həsənlinin timsalında xeyirə, şərəfə, həqiqətə və vicdana inanırıq. Bu inamı bizə millətimizin böyük insanları, ilk sırada Mirzə Cəlil, M.Ə.Sabir, Əli Bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Xudu Məmmədov, Elçibəy aşılamışdır. Haqq qalib gələcək!
Mevlana deyir ki, nəyə güldün zəkanı, necə güldün tərbiyəni göstərir. Qoy Azərbaycan xalqı da bu telegörüşlərdə millətin vergisi ilə yaşayıb, təpədəkindən əmr alan yandaş Ictimai Televiziyanı da, adını müxalifət qoyan qab dibi yalayanları da görsün. Bir sözlə, səsinə sahib çıxsın, gələcəyinə, övladına, Vətəninə, dövlətinə sahib çıxsın. 
...Və yenə də Sabir demişkən:

Intellegentik gəzirik naz ilə,
Ömr edirik nəşeyi-dəm saz ilə,
Həftədə bir dilbəri-tənnaz ilə,
Həmdəm olub işləri sahmanlarıq,
Ay bərəkallah, nə gözəl canlarıq...

Başqa nə deyim?!

azadliq.info

Комментариев нет:

Отправить комментарий