Страницы

02.11.2013

ƏBÜLFƏZ ELÇİBƏY (ƏLİYEV) KİM OLUB?!

Elçibəy-HeydərZahidə VULKAN

Azərbaycanda bir ənənə vüsət alıb. İstər iqtidar düşərgəsi, istərsə də müxalifət düşərgəsi öz liderlərini bütləşdiriblər. O qədər aludə olublar ki, uşaqlarına, nəvələrinə onların adlarını qoymaqları bəs etmir, hətta az qalıb ki, evlərində oboylarını da lider hesab etdikləri şəxsin şəkilləri ilə əvəz etsinlər. Heydər Əliyev və Əbülfəz (Elçibəy) Əliyevlər nəzərdə tutulur.
Həm müxalifət və həm də iqtidar düşərgəsi bu iki şəxsin əməllərinin olduğu kimi xalqa çatdırılması və tariximizin olduğu kimi yazılmasına imkan verməməyi qarşılarına məqsəd qoyublar sanki.
Belə olduğu halda, sual yaranır ki, niyə haqqı deyənlərə qarşı çıxaraq, xalqdan hər şeyi gizlədirsiniz?

Mən haqqı heç bir təhqir, mübaliğə olmadan yazacağam, acı olsa da belə.
Bildiklərimi xalqdan gizlətmək fikrim yoxdur. Amma, yazdıqlarım mənim subyektiv fikirlərim deyil. Mən zaman-zaman yazılmış faktların dili ilə danışacağam. Bu həqiqətlərə qarşı kimin əks fikirləri varsa, mənə yox, istinad etdiyim fikirləri söyləyənlərə qarşı bildirsinlər.
Əbülfəz Əliyev (Elçibəy) SSRİ-nin Misirdəki səfirliyinin əməkdaşı olub. Mütləq idi ki, o, Kommunist partiyasının üzvü olsun və üzvi idi də.
O zaman səfirlik əməkdaşları müəyyən müddətə işə qəbul edilirdilər. Ə.Əliyevin müqavilə müddəti bitdikdən sonra, yenidən müddəti uzadılmamış və səfirlikdən işdən azad edilmişdir. Əbülfəz Əliyev Bakıya qayıtmışdır. Bir müddət o, millətçiliyi təbliğ etdiyinə görə həbs edilmişdir. Bu səbəbdən də yaxın ətrafı onu dissident hesab edirdi və bu fikrı cəmiyyətə aşılamağa çalışırdılar. Əbülfəz Əliyev Kommunist partiyasının üzvü olub. Bu danılmaz faktdır. Onu siyasi baxışlarına görə həbs etdikdən sonra Kommunist partiyasının sıralarından xaric ediblər. Əbülfəz Əliyevin əqidəsiz və iradəsiz olmasını sübut etmək üçün “Bu gün” qəzeti 20 iyun 1999-cu il tarixli sayında onun 1975-ci ildə DTK-ya yazdığı ərizəsini dərc etmişdir. Ərizədə Ə.Əliyev göstərir: "Mən bütün səhvlərim haqda istintaq zamanı məlumat vermişəm. Xahiş edirəm ki, özümü düzəltmək üçün mənə güzəştə gedib, imkan yaradasınız. Mən də bundan sonra hər yerdə dövlət və partiyanın Leninçi xəttini ardıcıl müdafiə edib, onun həyata keçirilməsində ardıcıl səylə çalışım. Buna söz verirəm".
“Meydan” qəzetində də Əbülfəz Əliyevin zindanda yatdığı zaman Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin sədri Krasilnikova yazdığı ərizəsi dərc edilmişdir.тBu mətbu orqan da göstərir ki, o, DTK sədrinə müraciət edərək, Kommunist partiyasına bərpa olunmaqla bağışlanmasını xahiş etmişdir. Göstərmişdir ki, əgər bağışlanarsa, Kommunist partiyası qarşısında utandırıcı hərəkətlərini düzəldərək, öz kommunist vicdani borcunu yerinə yetirməyə söz verir. Onun bu ərizəsi “Meydan” qəzetində əlyazması formasında çap olunmuşdur.
Qarabağ məsələsi ilə bağlı xalq özü ayağa qalxıb birləşmişdir. Xalqı məqsədinə çatdırmaq üçün aparıcı bir təşkilat olmalı idi. O da Xalq Cəbhəsi oldu. Lakin, Əbülfəz Əliyev Xalq Cəbhəsinin yaradıcılarından biri deyildi. O, Xalq Cəbhəsinə sonradan gəlmişdir. Xalq Cəbhəsinin yaradıcıları təşkilatın başına Yusif Səmədoğlunu gətirmək istəyirdilər. Lakin alınmadı. Başqa qüvvələr Əbülfəz Əliyevi (Elçibəyi) gətirdilər.
Əbülfəz Əliyevin AXC-yə qeyri-demokratik yolla, zorakılıqla sədr seçildiyi o vaxtkı Xalq Hərakatının bəzi fəallarının etirafları ilə də təsdiq edilir.
Belə ki, Meydan Hərakatı dövründə Müdafiə Komitəsinin sədri olmuş, hazırda Demokratik Azərbaycan Dünyası Partiyasının sədri olan Məmməd Əlizadə “Xural” qəzetinin redaksiyasında keçirilən dəyirmi masada, o vaxtkı AXC idarə heyətinin üzvü Pənah Hüseynovla debatda etiraf edib demişdir ki, Azərbaycan Xalq Cəbhəsinin ilk təsis konfransı hazırlananda, yəni iyulun 16-da mən, Nürəddin, Məhyəddin və digər 10-15 nəfər danışdıq ki, AXC-nin artıq konfransı keçirilir. Bülletenlər paylanıb. Həmin vaxt məlumat aldıq ki, Əbülfəz Elçibəy deyil, müəyyən adamların marağı dairəsində Yusif Səmədoğlu Xalq Cəbhəsinin sədri vəzifəsinə seçiləcək. Məmməd Əlizadə bildirir ki, bu məlumatdan sonra mən Müdafiə Komitəsinin müavinlərinə- Nürəddin İsmayılova, Məhyəddinə və digərlərinə dedim ki, 100 nəfərə yaxın yoldaşlardan götürün, nə edirsinizsə edin, elə edin ki, Əbülfəz Elçibəy sədr seçilsin. (Bax: “Xural” 8-14 Noyabr 2009-cu il, say 42).
Əhəd İbrahimovun “Görkəmli insanların həyatı” kitabının 378-ci səhifəsində bildirilir: "AXC-nin Rəyasət Heyəti 15 nəfərdən ibarət olması barədə razılıq əldə edilmişdir. Özü də Rəyasət Heyətinə Milli Azədlıq Hərəkatının fəalları təyin edilməli idi. Amma, Əliyevin səyi nəticəsində AXC icra orqanı Naxçıvan klanından təşkil olundu".
Heydər Əliyev dəfələrlə demişdir ki, Əbülfəz Əliyevin həbs olunmasından mənim xəbərim olmayıb amma, buraxılmasından xəbərim var. Burdan belə nəticəyə gəlmək olar ki, Əbülfəz Əliyev DTK-nın agenti olub. DTK-nın xüsusi proqramı ilə AXC-yə üzv olub və qaracuruhçu adamların hay-küyü altında zorakılıqla AXC-nin sədri seçildikdən sonra fəaliyyətini Heydər Əliyevin Azərbaycana gətirilməsi üzərində qurub.Və buna nail olub.
Heydər Əliyevin həmin vaxt Azərbaycanda nüfuzunun aşağı olduğunu nəzərə alaraq, razılaşdırılmışdır ki, Əbülfəz Əliyev hakimiyyətə gətirilsin, sonra Heydər Əliyevə hakimiyyəti təhvil verər. Belə ki, 1992-ci ildə prezidentliyə namizədliyi irəli sürülərkən Əbülfəz Əliyev bəyan etdi ki, mən namizədliyimi vermək istəmirəm, ancaq məni məcbur edirlər. Əvvəlcə bildirdi ki, mən prezident olsam da 6 ay olacam. Sonrakı çıxışında isə dedi ki, mən prezident olsam da bir ildən artıq işləməyəcəyəm. Lakin o, kimlərin onu məcbur etdiyini açıqlamadı.
Müstəqil Azərbaycan Respublikasında da seçkilərin saxtalaşdırılmasının bünövrəsi 1992-ci il prezident seçkilərində qoyuldu. Bu barədə Nadir Ağayev “Fəlakətlərimizin baiskarı” kitabının 2-ci cildinin 47-ci səhifəsində ətraflı məlumat vermişdir.
Turqut Ərin “Azadlıqdan tıranlığa” kitabında göstərilir: "Müstəqillik hərəkatının əfsanəvi lideri, bir çağırışla iki milyon insanı “Azadlıq” meydanına toplayan, türkçü, filosof, Atatürkün əsgəri, xalqın səsilə ilk dəfə prezident seçilmiş Əbülfəz Elçibəy mühasirəyə alınmışdır. Güvəndiyi, inandığı, bağlı olduğu insanlar onu yalnız qoymuşdurlar".
Əslində isə bu belə deyildi. Əbülfəz Elçibəy bəzi çıxışları ilə ətrafını şoka salmışdı, sözün əsil mənasında. Belə ki, 16 sentyabr 1999-cu il tarixli “Yeni musavat” qəzetində Qabil Abbasoğlu yazır: "Əbülfəz Elçibəyin Kələkidən gəlişinin təmtərağı səngiməmiş, qəzetlərə müsahibə verdi ki, mən evimdə Heydər Əliyevin portretini saxlayıram. Bu sözləri söyləyən Elçibəy bununla tərəfdaşlarını, illərlə müdafiəsində dayanan insanları bilərəkdən, ya bilməyərəkdən çətinə saldı. Onu 4 il 4 ay təcriddə saxlamış bir rejimin rəhbərinə Elçibəyin belə bir mümasibət göstərməsi təbii ki, milli qüvvələri təmsil edən insanlarda xeyli suallar yaratdı və həmin sualların böyük bir hissəsi hələ də cavablandırılmamış qalır".
Əbülfəz Əliyev və Heydər Əliyev birliyi ilə bağlı AXC Ali Şurasının üzvü olmuş, AXC hakimiyyəti dövründə Ali Məhkəmənin sədri olmuş, hazırda isə “Vəhdət” partiyasının sədri olan Tahir Kərimli də “Vəhdət” qəzetinin 12 noyabr 2004-cü il tarixli sayına verdiyi müsahibəsində bildirmişdir: "15 nəfərin içində olan söhbətdir. Mən Əbülfəz Elçibəydən başının üstündən Heydər Əliyevin şəklini niyə asdığını soruşanda, dedi ki, bilirsiz Heydər Əliyev böyük şəxsiyyətdir, siyasi büronun üzvü olub, generaldır və biz onunla fəxr edirik.
Dedim ki, Stalin nəinki, general, hətta generalissimus olub. Bəşəriyyətin ən böyük siyasi xadimlərindən biridir. Bəs balaca gürcü xalqı necə oldu ki, ondan imtina etdi? Hətta “Tövbə” (pokayanie) filmini də çəkdi. Necə olur biz əl çəkə bilmirik?
Mən ağlıma gətirə bilməzdim ki, Əbülfəz Əliyev hakimiyyəti yerliçilik prinsipi əsasında Heydər Əliyevə ötürsün. Həyat bunu sübut etdi. Onda necə bu müxalifətin birliyi alınsın? Xalğın məğlubiyyətinin kökləri bəlkə də bu acı həqiqətin etiraf olunması ilə bağlıdır".
Tahir Kərimli həmin müsahibəsində son zamanlar ictimaiyyətdə Rəsulzadə -Elçibəy yoluna çağırış səslənməsinə də münasibət bildirərək demişdir: "Bu çağırışlar var, burada Rəsulzadənin adını Heydər Əliyevin adı ilə dəyişmək lazımdır. Heydər Əliyev-Elçibəy yolu demək lazımdır. Biz Elçibəy yolunu milli tənəzzül yolu hesab edirik. Bu yol millətin 10 illərlə toplanmış və milli dövlət quruculuğuna həsr edilmiş enerjisinin KQB (DTK) generalının ayaqları altına atılması, sülalə rejiminin qurulması yoludur.
Əbülfəz Elşibəyin adı Rəsulzadənin adı ilə bir yerdə necə çəkilə bilər ki, XX əsrin əvvəllərində Rəsulzadə hakimiyyətin kommunistlərə verilməsi məsələsi müzakirə edilərkən Parlamentdə çıxış edərək bildirdi ki, rus ordusunun başında türkün gəlməsinə inanmayın, Sizi aldadırlar. Millətin verdiyi haqqı, kürsünü kimsənin kimsəyə verməyə haqqı yoxdur. Bu millətin haqqıdır. Bəs nə üçün Əbülfəz bəy millətin ona verdiyi kürsünü millətdən soruşmadan Heydər Əliyevə verdi? Heç kim olmasa da buna mən şahidəm ki, Əbülfəz hakimiyyəti bilərəkdən Heydər Əliyevə verdi. Mən Rəsulzadə ilə Elçibəy adının birgə çəkilməsinə bir azarbaycanlı kimi etiraz edirəm.
Tahir Kərimli “Yeni musavat” qəzetinin 16-17 mart 2000-ci il tarixli sayında gedən müsahibəsində bildirir: "Milli Azadlıq Hərəkatı zamanı aşağılar milli azadlıq uğrunda mübarizə aparırdı, AXC rəhbərliyi isə Heydər Əliyevin hakimiyyətə gətirilməsinə çalışırdı. Və istədiklərinə də nail oldular".
Həqiqətən də Əbülfəz Əliyev Heydər Əliyevi hakimiyyətə gətirmək uğrunda hərəkət etmişdir. Belə ki, Heydər Əliyevin hakimiyyəti bütövlükdə əlinə keçirməsinə maneçilik törədilməməsi üçün, ölkə müharibə vəziyyətində olmasına baxmayaraq,17 iyun 1993-cü il tarixində gündüz öz fərmanı ilə Respublikanın güc strukturlarının nazirlərini-Təhlükəsizlik, Müdafiə və Daxili İşlər Nazirlərini vəzifələrindən azad edib, özü isə həmin gün axşam Azərbaycan Respublikasının Prezidenti kürsüsünü və Ali Baş Komandan postunu qoyub doğma, ucqar dağ kəndi olan Kələçiyə qaçmış, hakimiyyəti Heydər Əliyevə təhvil vermişdir. Göstərilənlərin hamısı əsas verir ki, Respublikada cərəyan edən hadisələr Heydər Əliyev və Əbülfəz Əliyevlərin qurduğu məkrli plan olması fikri söylənilsin. Və bu deyilənlərlə öz təsdiqini tapır. Sual yaranır, necə olur ki, Milli Məclisə 15 iyun 1993-cü il tarixində Heydər Əliyev gətirilir, 2 gün sonra Əbülfəz Əliyev qaçır. Qaçmamışdan əvvəl isə güc nazirlərinin postunu da boşaldır? Onun qaçması məqsədli olmasaydı, son fərmanı verməsinin anlamı nədir sualı yaranır ki, cavabı isə məlumdur- Heydər Əliyevlə Əbülfəz Əliyevin 8 saat təkbətək görüşlərində ondan aldığı tapşırıq olmuşdur. Bu barədə mətbuatda lazımi qədər yazılar da dərc edilmişdir.
Tahir Kərimli 28 avqust 2001-ci il tarixində “İmpuls” qəzetinə müsahibə verərək demişdir: "Əbülfəz Elçibəy KQB-nin ən böyük liderini, generalını Azərbaycana gətirib. Əbülfəz Elçibəy Azərbaycan torpaqlarının itirilməsi və Azərbaycan xalqının bu günə qalmasının birinci səbəbkarı kimi göstərilə bilər".
1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri olmuş Yaqub Məmmədov həm də Respublika prezidentinin səlahiyyətlərini həyata keçirən şəxs kimi “Azərbaycan övladı” qəzetinin 30 mart – 03 aprel 2003-cü il tarixli sayına verdiyi müsahibəsində bildirir: "1988-1993-cü illərdə Azərbaycanda baş vermiş olayların həqiqiliyini və Respublikanın acınacaqlı vəziyyətə güşməsinin səbəblərini regionçuluqda və 1992-1993-cü illərdə hakimiyyətin ələ keçirilməsində Dağlıq Qarabağ kartından istifadə edilməsində görürəm. Bildirirəm ki, bu işdə xarici qüvvələrin də iştirakını qeyd etmək lazımdır. Biz aldanmışıq, ona görə ki, ölkədə olan 10 il ərzində çox işlər görmək olardı. Burada ən böyük problem milləti parçalamaq oldu. Vəzifələrdə olan məmurların özbaşınalıqları, layiqli adamların işdən uzaqlaşdırılması, onların dövlət idarəçiliyinə yaxın buraxılmaması və s. oldu ki, bu özü gələcəkdə də böyük problemlər yaradacaq. Keçmişdə və sonradan Respublikada baş verən hadisələr saxtalaşdırılıb ki, bu da siyasi rəqiblərin aradan götürülməsi üçün mühüm rol oynayır. Olmuş hadisələrin – istər 20 Yanvar, istərsə Şuşa, istər Xocalı, istərsə də digərlərinin heç biri obyektiv açılıb indiyə qədər xalqa çatdırılmayıb. Torpaqlarımızın işğalının səbəbkarları həm daxildə və həm də xaricdədir. Daxildə hakimiyyət uğrunda gedən mübarizə və o mübarizədə iştirak edən adamlardır".
Əbülfəz Elçibəy özü “Yeni musavat” qəzetinin 10 mart 2000-ci il tarixli sayına verdiyi müsahibəsində hakimiyyəti Heydər Əliyevə ötürməyini və eyni zamanda səhv etdiyini və aldandığını etiraf edib.
Elçibəy də bir çox rayonların Heydər Əliyev tərəfindən verilməsini “Yeni musavat” qəzetinin 10 mart 2000-ci il tarixli sayına verdiyi müsahibəsində bildirmişdir. O, “səhv etməyinizi nə vaxt başa düşdüniz” sualını cavablandıran zaman bildirir ki: "Rayonlar bir-bir əldən gedəndə başa düşdüm ki, hakimiyyəti Heydər Əliyevə ötürməkdə səhv etmişəm. 32 batalyonu bir-bir ləğv edəndə mənə çox şey aydın oldu".
Əbülfəz Əliyev Heydər Əliyevin Rusiyanın adamı olmasını və Rusiyanın kəşfiyyat orqanlarının əməyi nəticəsində Azərbaycana gətirildiyini də həmin müsahibəsində açıq-aydın bildirmişdir. Bu əməlində bir çox sirrlər olduğunu və bu sirrləri açsa, gərək siyasətdən getməli olduğunu da bildirmişdir.
Bu sözlərdən aydın olur ki,Əbulfəz Əliyev siyasətdə, hakimiyyəti Heydər Əliyevə ötürdükdən sonra kölgə kimi qalmaq xatirinə belə, tarixi xəyanəti açmadı və bu sirrlərin saxlanılmasının nəticəsidir ki, bu gün Heydər Əliyevin klanı xalqımızın başına olunmazın oyunlar açmaqla, xalqı dilənçi vəziyyətinə salmışdırlar və hələ də davam etdirirlər.
Əbülfəz Əliyevin qardaşı Almurad Əliyev “Yeni musavat” qəzetinin 07 oktyabr 2000-ci il tarixli sayına verdiyi müsahibəsində “Sizcə Heydər Əliyevin hakimiyyətə gətirilməsində Əbülfəz Əliyev düz elədi?” sualalına birmənalı cavab verir ki, bəs neyləməliydi?
Ümimiyyətlə, Əbülfəz bəyin hakimiyyətdən getməyini nədə görürsünüz sualına isə, Almurad Əliyev cavabında bildirir: "Çünki yoldaşları xain çıxdılar".
“Xural” qəzetinin 05 -11 avqust 2007-ci il tarixli saylarındakı müsahibəsində Əbülfəz Əliyevin qardaşı Almurad Əliyev bildirir ki, Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçiləndə bəy sevindiyindən keçdi öz otağına. Nə var idi ortaya tökdü, yedik-içdik. 1991-ci ilin sentyabr ayı idi. Qonaqlığını da verdi. Gələnə də deyirdi ki, Heydər Əliyev Almuradın dostudur. Onun qonaqlığını verirəm.
Həmin müsahibəsində Almurad Əliyev bildirir ki, o, özü də şəxsən Heydər Əliyevin qəbuluna gedib və onu təbrik edib. O, bildirir ki, Heydər Əliyev heç vaxt yerindən durub, qapıyadək heç kimi yola salmırdı. Heç Bəyi də. Məni qapıya kimi ötürdü. Məni yola salanda Heydər Əliyev mənə bir neçə şey dedi. Onların bəzilərini bəyə dedim. Amma Heydər Əliyevə özümdən dedim ki, Bəy deyir hazırlaşsın, seçkidə namizədliyini versin. (Azərbaycan Respublikasının prezident sekçılərindən söhbət gedir). Sonra Bəyə dedim ki, Heydər Əliyevə belə bir söz sənin adından demişəm. Dedi yaxşı eləmisən, dostundur demisən.
1993-cü ildə Heydər Əliyev gələndə mən Bəyin yanında güldüm. Dedi niyə gülürsən, sənin döstundur da. Elə bərkdə qoyub qaçırsınız.
Həmin müsahibəsində Almurad Əliyev Heydər Əliyev hakimiyyətini tərifləyir və bildirir ki, bu hakimiyyət dağılsa, Azərbaycan dağılar. Mən ömrümdə bu hakimiyyətin pisinə getməmişəm.
Əbülfəz Əliyevin “Bu mənim taleyimdir” kitabının 72-ci səhifəsində göstərilir ki, 21 aprel 1990-cı ildə Bakı Dövlət Universitetində ”Yurd” cəmiyyətilə keçirdiyi görüşdə 20 Yanvar qırğınının günahkarları ilə bağlı ona verilən suala cavabında bildirir ki, təqsirimiz var. AXC-nin müəyyən təqsiri var. Mən bunu gələcəkdə deyəcəyəm. Amma indi ona görə demirəm ki, hələ Yazovun, Qorbaçovun təqsiri üzə çıxmalıdır. Vəzirovun, Mütəllibovun filankəslərin təqsiri çıxmalıdır üzə. Birinci günahkar onlardır.
Lakin, Əbülfəz Əliyev AXC-nin üzvlərinin və şəxsən özünün 20 Yanvar qırğınında günahının nədən ibarət olmasını açıqlamadı.
Əbülfəz Elçibəy Heydər Əliyevin pərəstişkarı olduğunu etiraf edərək, “Şərq” qəzetinin 14-16 sentyabr 1999-cu il tarixli sayına verdiyi müsahibəsində deyir: "Açığını deyirəm, Heydər Əliyev Siyasi Büronun üzvü seçiləndə şəklini yaymışam, müdafiə etmişəm. Danmıram ki…"
Əhəd İbrahimovun “Görkəmli insanların həyatı” kitabının 391-ci səhifəsində bildirilir: "Hörmətli oxucular! Bildiyiniz kimi Əbülfəz Əliyevin məqsədi, daha döğrusu Naxçıvan klanının məqsədi Heydər Əliyevin təkrarən Azərbaycan hakimiyyətinə gətirilməsi planını davam etdirmək istiqamətində fəaliyyət göstərmək üçün Əbülfəz Əliyev AXC-in lideri seçilmişdir".
07 fevral 2010-cu il tarixli “Azadlıq” qəzetində “Turqut Ərin kitabı həqiqətləri əks etdirir” başlıqlı yazıda Pənah Hüseyn həmin kitabda bəzi şişirtmələrin də olmasını bildirmişdir. Pənah Hüseynin müsahibəsində göstərilir ki, o, prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründən başlayaraq 1995-ci ilin mart hadisələrinə Cavadov qardaşlarının rəhbərliyi ilə OMON-un tərk-silah edilməsinə qədər təsvir olunanları obyektiv sayır. Türkiyə xüsusi xitmət orqanlarının Heydər Əliyevin Naxçıvana qayıtmasında sonradan Azərbaycan Milli Məclisinin sədri seçilməsində öz rolunu şişirdir. Regionda hansı ölkələrin sözü keçdiyi hamıya məlumdur.
Burdan belə bir sual yaranır ki, Turqut Ər kitabında Əbülfəz Elçıbəyin ətrafının, dostlarının ona xəyanətindən yazdıqları da düzdür? Axı Turqut Ər 1993-cü ildə hakimiyyətin Heydər Əliyevə ötürülməsini onun ətrafının xəyanətinin nəticəsi olmasını bildirir. Pənah Hüseyn həmin illər barədə yazılanların həqiqət olmasını təsdiqləyir. Bu halda Pənah Hüseyn də daxil olmaqla onların indi də siyasətdə olmaları və öz dostlarına, sədrlərinə, cəbhədaşlarına xəyanət etmələri faktından sonra Azərbaycan xalqına zaman-zaman xəyanət etməmələri inandırıcıdırmı?
Həm Turqut Ərin və həm də Əbülfəz Əliyevin qardaşı Almurad Əliyevin dedikləri üst-üstə düşür. Hər ikisi birmənalı bildirirlər ki, Əbülfəz Elçibəyə ətrafı, dostları xəyanət etdilər. Bunun nəticəsində onun hakimiyyəti Heydər Əliyevə ötürməkdən başqa yolu qalmadı. Hal-hazırda özlərini müxalifət adlandıran qüvvələr, vaxtı ilə Əbülfəz Elçibəyin ətrafında olanlar mətbu orqanlarda yazılanları təkzib edən fikir bildirməmişdirlər. Pənah Hüseyn də həmçinin. Pənah Hüseynin də Əbülfəz Elçibəyin ətrafında olanlardan biri olması nəzərə alınsa, onda, Turqut Ərin yazdıqlarını həqiqət adlandırdığı halda bəs, onun müxalifət kimi fəaliyyət göstərməyə, dəfələrlə Millət vəkili seçilməyə, hal-hazırda da buna iddialı olmağa haqqı varmı?
2011-ci ilin aprel ayının 21-dən başlayaraq “Mən Elçibəyin məxfi tapşıırıqlarını yerinə yetirirdim” başlıqlı marka.az saytında Eyvaz Kamranoğlunun hal-hazırki müxalifətə qarşı ağır ittihamlarla silsilə yazıları dərc edilir. Yazının əvvəlində Eyvaz Kamranoğlu 1989-cu il Milli Azadlıq Hərəkatının yaradılmasında böyük rolu olan şəxs kimi geniş ictimaiyyətə təqdim olunur. Bildirilir ki, Eyvaz Kamranoğlu görünməyən cəbhənin əsgərlərindən olub. Əbülfəz Elçibəy ilə mütamadi olaraq görüşüb və hər dəfə də ondan məxfi tapşırıqlar alıb. Bu tapşırıqlardan o vaxtkı siyasi fiqurların heç birinin, yəni Elçibəyin yaxın əhatəsinin xəbəri olmayıb. Çünki Elçibəy özü bunu sirr saxlayıb. Səbəbini isə oxuduqca biləcəksiniz…
Həmin yazıda “Elçibəyin və mənim ehtimalım” yarım başlıqda bildirilir: "1990-cı il idi, rəhmətlik Elçibəylə söhbət edirdik, ona dedim ki, bəy, inşallah 1992-ci ilin ən geci mayına hakimiyyətə gəlirik. O, isə bildirdi ki, yox, mən 1998-ci ilə kimi tam hazır olaram. Dedim ki, bəy, artıq hazırsan, 1992 bizim ilimizdir. Elçibəy isə cavab verdi ki, ola bilsin ki, 1992-ci ildə hakimyyətə gəldik və ya məcburi gətirildik, amma bir il çəkməyəcək ki, bizi yaba, balta ilə qovacaqlar. Səbəbini soruşanda isə ətrafımızın sağlam olmaması ilə izah etdi. Yəqin ki, belə olmasaydı, sənə məxfi işləri tapşırmazdım. Yan-yörəmdəkilərlə bu işləri birgə görərdik, deyərək sözünü bitirdi".
Eyvaz Kamranoğlu bildirir ki, əslində Elçibəyin prezident olmaq fikri yox idi. O özü bunu istəmirdi və öz istəyi ilə prezident olmadı.
Sözügedən yazıda “Elçibəyin yaxın əhatəsi” yarım başlıqda isə bildirilir: "Elçibəyi 3 nəfər daima əhatə edirdi, amma bütün bunlara baxmayaraq bizimlə olan işlərinin böyük əksəriyyəti bu şəxslərdən gizlin saxlanılırdı. Çünki həmin adamların əsas planı tezliklə Elçibəyi hakimiyyətdən uzaqlaşdırıb, hakimiyyətə yiyələnmək idi. Bu bir plan idi, qabaqcadan hazırlanmış və düşünülmüş bir plan. Elə həmin adamlar da Elçibəyi digərləri ilə təmasdan imkan dairəsində qoruyurdular. Elə bu adamlardan ehtiyat etdiyi üçün də Elçibəylə görüşlərimiz gizlin olurdu. Bəzən isə biz onunla vasitəçimiz olan qadınla informasiyamızı ötürüb, yeni tapşırıq alırdıq".
Eyvaz Kamranoğlu həmin silsilə yazısında bildirir ki, tərəfimizdən Elçibəyə gizlin dəstək olunduğunu hiss etmişdilər və Elçibəyin bizə olan güvəninin son hadisədə bir daha şahidi oldular. Odur ki, məqsədləri hansı yolla olursa olsun, Elçibəyə sadiq insanları bir-bir sıradan çıxarmaq və bir müddət sonra onu hakimiyyətdən uzaqlaşdıraraq hakimiyyətə yiyələnmək idi. Elçibəy isə bu şeyləri çox gözəl bilirdi, amma artıq gec idi. Elçibəy vaxtilə onlara inanmışdı və inandığı üçün isə aldanmışdı.
Yenə orada “Heydər Əliyev Naxçıvanda sədr seçilən günü Elçibəyin evində” yarımbaşlıqlı yazıda bildirilir: “Heydər Əliyev Naxçıvan MR-nin sədri seçilən günü Elçibəyin evində idik. Elçibəy çox sevinirdi, xəbərlərə baxandan sonra Bəyə bildirdim ki, axı niyə Heydər Əliyevin Bakıya gəlməsini istəmirsən? Azadlıq radiosunda Heydər Əliyev çıxışında Elçibəylə bir komandada işləməyə hazıram deyirdi axı? Elçibəy isə cavab verdi ki, birini bilirsən, birini yox. Məndən olsa günü bu gün Heydər Əliyevi Bakıya gətirərəm. Amma bunlar məni parçalayarlar ki, Naxçıvan mafiyası yaradırsan. Bunlar ondan dəhşətli dərəcədə çəkinirlər və bilirlər ki, o, Bakıya gəlsə bunların qaranlıq əməlləri baş tutmayacaq. Soruşdum ki, bəs bunların bu əməllərini bilə-bilə niyə gətirilməyi üçün bir iş görmürsən, əksinə gətir, qoy bütün bu məsələ bitsin. Elçibəy bildirdi ki, əgər mən onu gətirməyə qalxsam, bunlar ölkənin altını üstünə cevirəcəklər. Aləmi biri-birinə qatacaqlar, vəziyyət çox gərgindir. Açığı bacara bilmirəm.
Yenə də orada “Elçibəy adı altında spekuliyasiya” yarımbaşlıqlı yazıda isə bildirilir: "Bu gün Elçibəy yolu gedən, Elçibəyin portretini kabinetində asan siyasətçilərə və ya oyunbazlara gəldikdə isə onlar haqqında bir şey deyə bilərəm ki, bu adamlar hamısı Elçibəyə xəyanət edən, Elçibəyi satan və utanmadan onun adından siyasi alver edənlərdir. Elçibəyin anım günü yalandan qəbri üstünə gedənlər sağlığında Elçibəyə kifayət qədər arxadan zərbə vurdular. Uzun sözün qısası siyasi spekuliyantlar, onun haqda yaxşı olar ki, danışmasınlar, çünki buna mənəvi haqları yoxdur. Kişi öz adından danışar, başqasının qoltuğunun altından başını çıxarmaz. Bu söhbətləri birdəfəlik yığışdırmaq lazımdır. Bu uğur qazanmaq üçün seçilmiş ən ucuz və ən axırıncı yoldur".
Bu ağır ittihamlara susmaq və cavab verməməklə hazırkı müxalifət bir daha iç üzlərini ortaya qoymuşdurlar.
Buradan məntiqi nəticəyə gəlmək də olur ki, həm müxalifət və həm də iqtidarda olanlar əslində bu xalqın qatı düşmənləridirlər. Və göstərilənlər belə düşünməyə əsas verir ki, Əbülfəz Elçibəyin ətrafı, dostları ona xəyanət etdiyindən, o, bütöv bir xalqı bilərəkdən faciə ilə üz-üzə qoyaraq, hakimiyyəti Heydər Əliyevə ötürmüşdür. Dostlarının qisasını bütöv bir xalqdan almışdır.
Mən dissident Nadir Ağayevdən “Fəlakətlərimizin baiskarı” kitabında medalın ikinci üzünün Əbülfəz Əliyev olduğunu niyə göstərdiyini soruşduqda, o dedi ki, mən Əbülfəz Əliyevin AXC-yə sədr seçildiyi günü yəni, 16 iyul 1989-cu il tarixini Azərbaycanın fəlakətinin başlanğıc günü sayıram. SSRİ-nin dağılması labüd idi. Lakin SSRİ-nin dağılmasında ən çox itirən Azərbaycan oldu. Bunun səbəbi də Əbülfəz Əliyev-Heydər Əliyev birliyidir.
Əbülfəz Elçibəyin 10 mart 2000-ci il tarixli “Yeni musavat“ qəzetinə verdiyi müsahibəsindən də aydın olur ki, o, həqiqətən də ətrafında olan bir neçə şəxsin qisasını bütöv bir xalqdan alaraq hakimiyyəti Heydər Əliyevə təhvil verdi. O, müsahibədə bildirir: "Bilirdim o, bizi qıracaq, həbsxanalara dolduracaq…" (Heydər Əlyevdən danışarkən belə deyir).
Bütün bunlardan hal-hazırda özünü “ana müxalifət”in lideri, “Musavat” ideyasının davamçısı və daşıyıcısı adlandıran İsa Qəmbərin də xəbəri olmasını Əbülfəz Əliyev məhz, həmin müsahibəsində bildirmişdir. “Niyə hakimiyyəti məhz Heydər Əliyevə verdiniz” sualını cavabladıran zaman belə demişdir: "Qiyamdan əvvəl belə söhbətlərin birinə İsa bəyi də dəvət etmişdim. O, dedi ki, bəlkə silahlanaq? Rusiya qayıda bilər. Dedim, bu iş elə qurulmayıb ki, ruslar geriyə dönə bilsin. Bu işi necə yoluna qoymağımı hələ heç kim bilmir. Bu sirri açsam gərək siyasətdən gedəm.
İsa Qəmbərin də hakimiyyətə Rusiyanın adamının gətiriləcəyindən xəbərinin olması və bunları xalqdan gizlətməsi həm xalqımıza xəyanətdir və həm də Musavatın yaradıcılarından biri olan Məmmədəmin Rəsulzadənin fikirləri, ideyası, məram və məqsədilə ziddiyyət təşkil edir. Məmmədəmin Rəsulzadə hakimiyyətin XX əsrin əvvəllərində kommunistlərə verilməsi məsələsi müzakirə edilərkən parlamentdə çıxış edərək bildirdi ki, rus ordusunun başında türkün gəlməsinə inanmayın, Sizi aldadırlar. Millətin verdiyi haqqı, kürsünü kimsənin kimsəyə verməyə haqqı yoxdur. Bu millətin haqqıdır.
İsa Qəmbər də belə demək əvəzinə, silahlanmaq təklifində bulunmuş və sonradan hakimiyyətin Heydər Əliyevə ötürülməsində iştirak etmişdir. Onun bu hərəkətini xalqımıza onun tərəfindən arxadan vurulan zərbə adlandırmaq əsil yerində olan fikirdir.
26-27 dekabr 2010-cu il tarixli “Azadlıq” qəzetində Qan Turalının "Kitab yazmaq zamanı" başlıqlı köşə yazısında göstərilir: "AŞPA həmməruzəçisi Andres Herkel də kitab yazır. Görünür bu kitab da böyük polemikalara səbəb olacaq. Kitabın son fəsli belə adlanır: “Hakimiyyətin bir Əliyevdən digər Əliyevə ötürülməsi”. Mən ilk növbədə Əli Kərimli və İsa Qəmbərin kitab yazmasını istəyirəm. Bu kitablar Xalq Hərəkatından başlayaraq günümüzə qədər baş verən siyasi hadisələri təsvir və təhlil etməklə rejimin cinayətlərini sənədləşdirməli və hakimiyyəti dərin böhran və çaşqınlıq vəziyyətinə salmalıdır. Bu gün İsa bəyin, ya da Əli bəyin imzası ilə hər ifşaedici kitabın çap edilməsi hökumətin asan həzm edə bilməyəcəyi işdir". Bəli, mən də belə düşünürəm ki, Qan Turalı doğru deyir. Əli Kərimli, İsa Qənbər, Etibar Məmmədov, Pənah Hüseyn, Arif Hacıyev, Sərdar Cəlaloğlu, Qurban Məmmədov, Rəhim Qazıyev, Eldar İbrahimov, Becan Fərzəliyev, Eldar Namazov, həm sovet imperiyasının dağılması ilə mübarizəsinə görə və həm də Əbülfəz Elçibəyin hakimiyyəti zamanı yol verilən qanunsuzluqları həzm edə bilmədiyinə görə etiraz edən Miralim Bəhrəmov, ara-sıra bu iqtidarın eninə-uzununa mətbuatda döşəyən, özlərini müxalifət adlandıranların hakimiyyəti zamanı Baş prokuroru əvəz edən, Baş prokurorun Birinci müavini vəzifəsində çalışan, 2 dəfə Millət vəkili seçilmiş Mətləb Mütəllimli və digərləri də kitablar yazmalıdırlar. Amma, nədənsə yazmırlar. Artıq hər birinin yaşları 60-ı haqqlayıb. Fikirləşirəm ki, görəsən niyə bildiklərini xalqdan gizlədir, xalqın əsil tarixinin yazılması üçün xatirələrini kitab şəklində yazıb xalqa çatdırmırlar? Çox fikirləşməyə ehtiyac olmadı. Sualıma cavab elə müxalifət düşərcəsinin tanınmışlarının son günlər qəzetlərə verdikləri bir-birlərini ifşa edən müsahibələrini oxuduqda tapdım. Belə ki, İsgəndər Həmidov mətbuatda İlham Əliyev barəsində bir necə fikir bildirmişdir. Çingiz Qənizadə özünün iç üzünü açaraq, əslində kim olduğunu ortaya qoydu. Qəzetlərdə verdiyi müsahibələrində həm İsgəndər Həmidovu və həm də Əbülfəz Elçibəyi sözün əsil mənasında ifşa etdi. Özü də ifşa oldu. Xalq bildi ki, əslində Çingiz Qəniyev əvvəldən hakimiyyət hərisi olduğundan hansı düşərgə olursa-olsun özünü yerləşdirib vəzifə almaq onun məqsədidir.
İsgəndər Həmidovun, qardaşı Sərdar Həmidovun, Çingiz Qəniyevin İsgəndər Həmidovun fikirləri barəsində mətbuata verdikləri açıqlamalarında açıq-aydın onların hətta qatı cinayətkar olmaları belə öz dilləri ilə üzə çıxdı. Hətta, ölüm işlərində belə bir-birlərini ittiham etdilər.
Son parlament sekçilərdən sonra “Musavat” partiyasından qopan İsa Qəmbərin yaxın ətrafının, Musavatın əsas fiqurlarının da mətbuata açıqlamaları bir daha vaxtı ilə Əbülfəz Əliyevin komandasında olan bu şəxslərin xalqa xəyanət etmələri müsahibələrində ictimaiyyətə çatdırıldı. Əsil simaları üzə çıxdı.
Becan Fərzəliyev Türkiyədə deyib ki, Heydər Əliyev haqqında mən bildiklərimi heç kim bilmir. Şübhəsiz ki, Heydər Əliyev haqqında Eldar İbrahimov və Eldar Namazov bildiklərini də heç kim bilmir. Heydər Əliyev təkrar hakimiyyətə gətiriləndən sonra yüksək tribunadan tez-tez deyirdi: "Xalq hər şeyi bilməlidir". Əbülfəz Əliyev hər şeyi gizli saxlamaqla ölümü ilə də əsil tarixin yazılmamasına, həqiqətlərin açılmamasına xidmət etdi. Deyirdi ki, zaman gələndə deyəcəyəm. Lakin o, heç bir şeyi açıqlamadı. Yəqin ki, açıqlamaq fikri belə olmamışdır. Olmuş olsaydı, xəstə olan zaman heç olmasa kiməsə danışar və yazılmasını xahiş edərdi. Elçibəy də bütün insanlar kimi bilirdi ki, ölüm haqqdır. Və gələndə heç kimdən soruşmayacaqdır. Bildiklərini də özü ilə o biri dünyaya apardı. O biri dünyada isə onun bildiklərinin kiminsə bilməsinə ehtiyac yoxdur.
Heç olmasa yuxarıda adlarını qeyd etdiyim və etmədiyim şəxslər, Siz bildiklərinizi o biri dünyaya aparmayın, açıqlayın. Qoyun, xalqımız dostu ilə düşmənini tanısın. Dostuna xain, xainə millət atası tutulu verilməmək naminə bunu edin.
Hekel hakimiyyətin bir Əliyevdən digər Əliyevə keçməsi barədə kitab yazır. Mən Hekelin yazdıqlarının nədən ibarət olacağını deyə bilməsəm də, tam əminliklə bidirirəm ki, Azərbaycanın ilk tanınmış dissidenti Nadir Ağayev “Varis” kitabını illər öncə yazmışdır. Onun yorulmadan, qorxmadan heç nədən çəkinmədən yazdıqları “Fəlakətlərimizin baiskarı”, “Varis”, “İlhamlı günlər” kitabılarını isə, özlərini demokratik düşərgənin liderləri adlandıranlarin mətbu orqanları dərc etməyə nədənsə cəsarətləri çatmır.
“Azadlıq” qəzetinin köşə yazarı Xaliq Bahadurun 10 may 2011-ci il tarixində, Heydər Əliyevin ad günü münasibətilə “gül bayramı” keçirən iqtidara sanki bir hədiyyə təqdim edən “Azərbaycanın sınmazlıq simvolu- dissident Nadir Ağayev” başlıqlı yazısı dərc edildi. Yazıda göstərilir:
Hesab edirəm ki, Nadir Ağayevin “Fəlakətlərimizin baiskarı” kitabında “1988-1993-cü illərdəki proseslər: Medalın bir üzü Əbülfəz Əliyevdirsə,o biri üzü də Heydər Əliyevdir” başlıqlı yazısında, yəni bu fəsildə yazdığı faktların-arqumentlərin təkrarən təhlilə ehtiyacı olmadığından, həqiqət əsasında toplanıb və yazıldığından təkrar təhlil etməyə ehtiyac yoxdur.

psnota.com

Комментариев нет:

Отправить комментарий