Страницы

16.11.2013

Elçibəy və Tayfa

22 avqust Elçibəyin ölüm günüdür. Bu günü daha üstün tuturam nəinki bəyin doğum günü. Ziyarətini tərkitsəm də, kişiyə minnətdaram. Dünyada tək siyasətçidir ki, ölümü partiyasına daha çox xeyir verib nəinki fəaliyyəti. Açıqlayım.. 
Bir çox fikrin əksinə Elçibəyin vəfatı ilə AXCP dağılmadı. Əksinə zir-zibildən təmizləndi. Mirmahmudun getməsi ilə qaragüruhlardan, Fazil Mustafanın getməsi ilə donqililərdən, Qüdrətin Həsənquliyevin gedişi ilə H.Əliyev agenturasından. Ortada kim qaldı?
Praqmatik gənclər, idealist partiya üzvləri və liberal düşüncəli siyasətçilər. O təbəqə ki, Azərbaycan partiya sisteminin ehtiyacı vardı. Ancaq tayfabazlıq, turançılıq, garagüruhçuluq zərbəsi altından heç cürə çıxa bilmirdi. 2003-də AXCP-yə üzv olmamın səbəbi ölkədə zir-zibildən təmizlənmiş tək partiya olması idi. Halbuki Müsavatın "bugün-sabah hakimiyyətə gəlirik" deyən vaxtları idi. Fürsətçi olsaydım Müsavatı, xamxəyal olsaydım "gənc, xarici dil bilən" İlham Əliyevi seçərdim. 
Birincilərin aqibəti məlumdur, ikincilərin ağzının payını alması üçün cəmi 1 il kifayət etdi. Çünki Tayfa idarəçiliyində ancaq varis doğula bilərsən. Qarşılıqsız verilən dəstək nökər sədaqəti kimi qəbul edilir.
Mən tək deyildim. 2003-2005-ci illərdə AXCP-ə gənc beyin axını vardı. 23 yaşında siyasi startegiya və qlobalizmdən rusca kitab yazıb, çap etdirən AXCP GK üzvü vardı. Siyasi süstlük dövrü onları pərən saldı. İndi üzv olanlar onlarla müqayisəyə də gəlməz.
Qayıdaq Elçibəyə. Uşaq vaxtlarımda sevdiyim adam olub. Hakimiyyətdən gedəndə müdafiəsi uğrunda sinif yoldaşlarımla söz duelinə də çıxmışam. Çünki televiziyada eşitdiyimiz fəhlə-kəndli hökümətinin necə bir şey olmasını Cəbhə dövründə gördük. Fəhlə oğlu kimi fəhlə sinfinin söz sahibinə çevrildiyinin o vaxt şahidi oldum. 
Ancaq siyasətə münasibətini öyrəndikcə Elçibəyin Tayfa zehniyyətinin əsiri olan bir kəs olduğu ortaya çıxır.  İyun qiyamını çox səbəb-nəticəyə bağlayırlar. Həqiqətdə isə hakimiyyətin  bir  naxçıvanlıdan digər naxçıvanlıya ötürülməsi prosesi idi. Dılğır bir polkovnikin qarşısına çıxarmağa taa Naxçıvandan adam dəvət etməyə ehtiyacmı vardı? Heydər Əliyev əlində güc olan birisi deyildi. Arxasında İrana metal satmaqla kişi olmuş bir neçə naxçvanlının pul dəstəyindən başqa heç nə yox idi. Hərgah Elçibəy "qardaş" qanı tökmək istəmirdisə, səlahiyyətlərini ətrafındakı hər hansı güclü iradəli şəxsə verə bilərdi. Və həmin şəxs Surət Hüseynovu bir gecəyə qanında boğardı. Edə bilərdi... Tayfa zehniyyəti imkan versəydi. Elçibəy hakimiyyətin qeyri-naxçıvanlıya ötürülməsinə əsla razı ola bilməzdi. Məhşur foto var. Elçibəy və Heydər Əliyevin görüşərək öpüşməsi. Arxada üçüncü naxçıvanlı Rəsul Quliyev əlləri cibində razılıqla gülümsəyir. Bircə bu foto çox şeyi izah edir. 
Digər fakt: Hələ hakimiyyətə gəlməmişdən öncə Əbülfəz Əliyev (Elçibəy) kabinetinin divarından Əliyevin şəklini asıb. Təsəvvür edin - sizi haqsız yerə həbs etdirib, 1 il məhbus həyatı yaşadan, pedaqoji fəaliyyətinizə son qoyan şəxsin. Bunu etmək üçün ya idiot olmalısan, ya da ehtiraslı yerlipərəst. 
Hər il 16 iyulda bu cür sualla qarşılaşıram: Ad günü olan AXC-dir ya AXCP? AXC-nin hərəkat kimi yaranmasında Elçibəyin xidmətləri olub. Zərdüşt Əlizadə fərqli fikirdə olsa da. Ancaq AXCP-nin yaranması və hərəkatın partiyaya çevrilməsi sırf  Əli Kərimlinin xidmətidir. 
Ya Əli Kərimli hərəkatı partiyaya çevirməsəydi? Əlbəttə, hərəkatçılar boş qalmayacaqdılar. O zamanlar meydan sulayan AMİP, Vəhdət, Müsavat kimi partiyalara üzv olacaqdılar. 20 il sonranı görə bilməzdilər. Amma biz görürük və necə böyük faciədən qurtulduğumuz göz qarşısındadır. 
AXC partiya olmasaydı yaddaşlarda necə qalacaqdı? Uğursuz, gəldi-gedər hərəkat kimi. Hakimiyyətdə 1 il olub, sonra tamam yoxa çıxan insanlar kimi. Ancaq bu günün özündə də hökümət məmuru ilə dirəşən adama cəbhəçi deyirlər. Cəbhəçi adı sınmazlıq simvoludur. Partiya adı gələndə Elçibəyə yox, Əli Kərimli fədəkarlığına borcluyuq.
Bəs Elçibəy harda idi? Kələkidə Sakarya türküsü dinləyirdi. Sevimli donqilisi Fazil Mustafa isə Türkiyədə təhsil alır, gic bozqurdlarla Turan xəyalı qururdu. Hakimiyyətdən gedəndən sonra belə Tayfa zehniyyəti Elçibəyi tərk etmədi. Bu xüsusilə özünü ömrünün son illərində göstərdi. Qüdrət Həsənquliyevi partiyadan qovmuşdular. Əliyev agentini Elçibəy təzədən partiyaya dürtdü. Yenə yerliçilik hissi. 
Fazil Mustafa ilə Əli Kərimli arasında siyasi konflikt olanda Elçibəy Fazilin xeyrinə balans yaradırdı. Partiya kadrlarının peşəkarlığı yox, donqili balaların xətri onun üçün qiymətli idi. Nəhayət Elçibəy öldü. Və hər şey su üzünə çıxdı.
Sual oluna bilər ki, nə üçün Fazil, Qüdrət və digər tayfa üzvləri şəxsi ambisiyalarını boğub demokratiya idealları naminə partiyada qalmadılar? Çünki tayfabaşı ölmüşdü. Tayfa üzvü olmayanı isə əsla özlərinə başçı seçmək istəməzdilər. İstədiklərini də ala bilmədilər. Partiyada onları üstdə tutan bacarıqları yox, tayfabaşının mərhəməti idi. 
Müqayisəyə baxın. Elçibəyin ölümündən sonra partiyadan gedənlər bugünədək AXCP-ə hürürlər. Əli Kərimlinin sədrliyi dövründə hakimiyyətin AXCP-dən qopardığı şəxslərin (Asim Mollazadə, Qulamhüseyn Əlibəyli, Cəmil Həsənli və s.) biri belə Əli Kərimlinin əleyhinə danışmayıb. Qarşılaşdıqları hər yerdə də hörmətini saxlayırlar. Kadrı belə tərbiyə edirlər.
İndinin AXCP-i necədir? Regionçuluq baryerinin 0 olduğu tək partiyadır. Elçibəyin ölümü ilə qaragüruhluqdan da təmizləndi. Hər cür etiqad və ideoloji görüşlü gəncləri eyni məkanda görmək olar. Çünki fərqli fikrə liberal yanaşma var. Qərargahı, parlamentdəki yerləri itirmişik. Amma Azərbaycanı bugün də əsarətdə saxlayan Tayfa zehniyyətinə rədd ol! demişik. Ruhun şad olsun, Bəy! Nə yaxşı ki, bu dünyanı tərk etdin.

Комментариев нет:

Отправить комментарий