Страницы

22.11.2013

Masallı Mamedin keçirdiyi “sxodka”


Faiq Balabəyli

10 saylı CÇM-də Mamedin gəlişindən sonra yaxşılıqlara doğru dəyişikliklər nəzərdən yayınmırdı. Ən azından dustaqların arasında bir-birinə qarşı olan haqsızlıq, oğurluq, “işverənlik” aradan qalxmışdı.

Güclü, zəifin başağrısına çevrilmirdi. Hər kəs ehtiyat edirdi. Məndə belə bir təəssürat yaranmışdı ki, artıq dustaqların hamisi gəlib. Onlar hər hansı bir narazılıqlarını deməyə adam tapmışdılar. Axı, hər hansı bir şikayəti Müəssisənin işçilərinə demək, “zapodlo” sayılırdı. Amma buna baxmayaraq, rejimə, ən çox da müəssisənin rəis müavini polkovnik-leytenant Vəli Şirinova “işləyənlər” də az deyildi.
Demək olar ki, bütün zabitlərin və nəzarətçilərin “sukaları” vardı. Bunsuz da onların işi getməzdi. Elə hər iki tərəfin. Əksəriyyəti “mostavik”lər olan bu işbazlar ciddi oğlan sayılmasalar da, xəbər daşımağı yaxşı bacarırdılar. Bəzən onlar dustağın hansısa problemini həll etməkdə yardımçı olmaqla, özlərinə qarşı doğmalıq yarada bilirdilər. Yaxşılarından iraq, necə ki, bu ifadə “zonda” işlənirdi, belələri əvvəl-axır “lomlanırdı”.

10–cu “zon” özünün həm də narahat dövrünü yaşamaqdaydı

Haqqında qısaca olsa da ötənlərdə bəhs etdiyim Möhsünün narahatçılığı isə uzaqdan bilinirdi. Onunla aramız yox idi. Bir vaxtlar yeri düşdükcə söhbət etdiyim bu adamdan uzaq gəzməyi qərara almışdım. Digər tərəfdən isə, mənim elə də boş vaxtım olmurdu. Səhərin açılışı ilə idman, mütaliə, sonra şahmat, filmə baxmaq, futbol oynamaq və axşamlar yazmaq. Bütün bunlar mənə gərək olmayan adamlardan uzaq durmağıma əsas idi həm də. Möhsünlə bağlı isə danışacağım bu əhvalat salam-kəlama son qoymuşdu.

İmkanlı adamın ucuz siqaret oğurlamağı

Əziz adlı dustaq gedəndən sonra Cəlilabad əhlinin ağsaqqalı mən sayılırdım. Və bir gün bizim əhldən olan Araz mənə dedi ki, Möhsün onun siqaretlərini oğurlayıb. İnanmadım. Möhsün “bedalaqa” (kasıb) dustaq deyildi. Həm də ziyarətçiləri də kifayət qədər idi. Pis dolanmırdı. Onun Arazın siqaretini götürməsini ağlıma sığışdıra bilmirdim. Həm də bu siqaretlər bahalı deyildi. Möhsün kifayət qədər bahalı siqaret çəkərdi. Məsələni böyütmək lazım deyildi. Onların əhl başçıları ilə söhbət etdik. Möhsünü söhbətə çağırdıq. Məsələylə bağlı “kurs” etdik. Əvvəlcə boynuna almadı. Araz hər şeyi olduğu kimi danışdı:
“O, iki gündür məndən tez qalxır yerindən, üzümə baxır və ehmalca şkafdan siqaretləri götürüb cibinə qoyur. Mən özümü yuxululuğa vururdum”.
Möhsün başını aşağı salıb: “Düzdür, götürmüşəm, cəmi 4 qutu siqaret idi. Kasıb, yetim dustaqlar var əhlimizdə. Onlara verdim”,- dedi.
Nə isə o gündən o adamla üz-üzə gəlmək istəmirdim. Bayırda böyük biznes imkanları vardı. Elə 2 ədəd yanacaqdoldurma məntəqəsinin sahibi olmağı bəs edərdi ki, kasıb-kusuba diqqət ayırsın. Amma kiməsə xoş gəlmək üçün cibinin pulu ilə deyil, oğurladığı siqaretlərlə hörmət qazanmaq istəyirdi. Bu söhbət elə orada da “ölmüşdü”.

Kəşfiyyatçı kapitan

İndi Möhsünün çox rahatsız görünməsinə əhəmiyyət vermək istəmirdim. Amma Göytəpə şəhərindən olan dustaq Nizar mənə demişdi ki, Mamed Möhsünlə maraqlanıb, nəsə xoş olmayan söhbət olacaq onun üçün.
Əgər, bunu Nizar deyirdisə, demək, informasiyada yanlışlıq ola bilməzdi. O,  hərbçi idi. Gədəbəydə kəşfiyyat batalyonunun komandiri olmuşdu. Əsgərlərini çox istəyir və onları bacardıqca qoruyurmuş- həm düşməndən, həm özümüzkülərdən. Elə əsgərlərini qoruduğuna görə də həbs olunmuşdu. Onun hekayətindən bunu başa düşmüşdüm ki, hərbi hissənin xüsusi şöbəsinin rəisi əsgərləri “muçit” edərmiş, onları bir-birindən xəbərçiliyə sövq etdirərmiş. O, kəşfiyyatçı əsgərlərdən zabitlərin nə işlə məşğul olduqlarını xəlvətcə ona çatdırmasını tələb edirmiş. Bu haqda komandirlərini məlumatlandıran keçmiş əsgərlər bu gün də Nizarı ziyarət edir, ona sovqat gətirir, xərcləmək üçün cibinə pul “basırdılar”. Axı Nizar “osobist”ə uşaqlarını narahat etməməyi tapşırdıqda mübahisələri duşmüş, dava-dalaş başlamışdı. Nəticədə kəşfiyyatçı kapitan “konselyariya siçovul”u olan “osobist” mayoru, öz təbirincə desək, dəli inək balasını tapdalayan kimi tapdalamışdı. Nəticə isə hərbi tribunalın çıxardığı 4 il azadlıqdan məhrum edilmə hökmü olmuşdu.

İşə Mamed qarışır

Nizarın mənə ötəri, söhbət əsnasında dediyi sözlərdən sonra imkan tapıb Mamedin yanına getdim. O, “Promzondakı” “xatasında” siqaret çəkə-çəkə televizora baxırdı. Bir az söhbət etdikdən sonra sözü yenə gətirib “sxodka” məsələsinin üstünə çıxartdım. “Sənə deyərlər”,- dedi.

Növbə ilə zorladılar...

Mamed “Sançastın” həyətində oturmuşdu. Bratva, zonun aralıq uşaqlarından bir neçə nəfər də ətrafında idi. Kimisi çöməlmişdi, kimisi isə kətil üstündə yerini rahatlamışdı. Mənə qəribə gələn o oldu ki, belə “sxodka”ların gecədən keçmiş, qapalı bir yerdə keçirilməsi haqda eşitdiyimin əksi olurdu indi. Amma bu dəfə gündüz və açıq havada söhbət ediləcəkdi.
Möhsün pərt halda boynunu büküb ayaq üstə durmuşdu. Ona divan qurulmuşdu. Üzdəniraqların “barakından” bir cavan oğlan özünün qəmli, faciəli hekayətini danışırdı:
“Mən sənə hər şeyi danışdım. İndi də danışım, qoy eşitsinlər, özü də eşitsin,- Möhsünə tərəf baxdı və davam elədi.- Bunu mən “detski”də olanda bizim kameraya saldılar. Briqadir idi, guya. Kameranın “polejeniya”sına mən baxırdım. Bu adam gələndən sonra başladı bizi incitməyə. 15 yaşım vardı. Məndən yaşda kiçiklər, böyüklər də vardı. Kamerada təmizlik işlərini növbəli edirdik. Bu isə yaşlı olduğundan razı olmadıq işləsin. Amma bu adam hər kəsi mənim üstümə qaldırdı, kiminə siqaret, kiminə yemək verib, məni “smotriyaşşi”likdən uzaqlaşdırtdı. Kamera yoldaşlarım bunun sözü ilə oturub-dururdular.
Uşaqlara dedim ki, bu poqonlara işləyir, onlar mənə inanmadılar. Bir gecə yatdığım yerdə uşaqlar üstümə hücum çəkib, mənim ağzımı, qollarımı bağladılar. Baxıb gördüm ki, bu da siqaret çəkərək qımışır. Uşaqlar əvvəl buna təklif etdilər, amma o özü olmadı, “mən bunun anasını tapıb onunla olacam”,- dedi. Uşaqlar məni növbə ilə zorladılar. Sonra da xəbər verdilər ki, bu “aportaçenni”dir, məni üzdəniraqların kamerasına saldılar. O vaxtdan mən “aportaçenni” olaraq təmiz oğlanlarla danışa bilmirəm”.
Mamed Möhsünə tərəf döndü.
Möhsün: “Düz demir, qədeş, belə olmayıb, o, uşaqları incidirdi, mənə qarşı hörmətsizlik edirdi. Uşaqlar sözü bir yerə qoydular, mən mane ola bilməzdim. Özüm onlardan qorxurdum, ehtiyatlanırdım”,- dedi və ardınca da yalvar–yaxar dolu baxışlar, özünə haqq qazandırma üsullarına əl atma. Mamed başqa “zonlar”da olan həmin kameradakı uşaqlardan gələn “molyevkala”rı oxutdurdu.
Demək, məsələni tam aydınlaşdırmamış, iştirakçıların fikrini öyrənməmiş “sxodka”ya başlamamışdı. “Molyevka”larda hamı “11-ci barakın” sakininin dediklərini təsdiq edirdi. Onlar Möhsün tərəfindən yoldan çıxarıldıqlarını yazır, günahlarını etiraf edirdilər.

Mamedin çıxardığı hökm

Hamı Mamedə baxırdı. Nə olacaq, görəsən, nə deyəcək? Hökmün veriləcəyi anı kənardan sakitcə izləyənlərdən biri də mən idim. Qanuni oğru isə arxasında əyləşdiyi stolun üstündən “Parlament” siqaretini götürdü, qara dəri gödəkçəsinin cibindən kibrit qutusunu çıxarıb siqaretini yandırdı. Dərin bir qullab vurdu. Kibrit qutusunu tələsmədən cibinə qoydu. Stolun üstündə isə yenə də alışqan vardı. Onun  alışqanla siqaretini yenə də yandırmaması diqqətimdən yayınmadı. “Vaxt tapıb soruşacam...” - yenə də yerində olmayan axmaq fikir gəldi ağlıma.
Sən o oğraşlardansan ki, zamanə sizlərin üzündən oğraşlaşıb...
Mamed Möhsünə cəmi bircə dəfə baxdı. İkrah, nifrət dolu baxışlarla baxdı və siqareti elə sümürdü ki, az qala ovurdları bir-birinə dəydi. O:
”Sən günaha o vaxt batmışdın ki, uşaqların “detski” kameraya girməyinə razılıq vermişdin. Bu sənin qorxaq və satqın olmağından, zəifliyindən xəbər verir. Səni ora ona görə atıblar ki, orda özünü tanıyan, haqsızlıqla barışmayan uşaqlar olub. Onları sənin kimi “prodajnı şkura”ların əlləriylə sındırıblar. Sən onun ayaqlarını, qollarını sındırsaydın, fiziki şikəstliyinə səbəb olsaydın, bu gün bu adam nə səndən söz açardı, nə biz bura toplaşıb sənin murdar “morda”na baxardıq. Sən onun həyatını sındırıbsan, sən onu öldürübsən, onun bütün həyatı qabaqdadır və sən onun həyatının qabağına sədd çəkibsən. Sən necə yatırsan, nə görürsən yuxuda? O uşaqlar ki, qətl törədiblər, oğurluq ediblər, dava-dalaş salıblar, onlarda bir qorxusuzluq, mərdlik olub, “vnujden” olublar, kim istər ki, burda qohumundan, qardaşından uzaq düşüb qalsın? Üzə vurmasalar da, peşmançılıq keçiriblər, amma heç bir kəsə bildirmədən. Sən o oğraşlardansan ki, zamanə sizlərin üzündən oğraşlaşıb”.

Gözləniməyən hökm...

Mamed yenidən siqaret yandırdı, bu dəfə də kibritlə. Siqaretin tüstüsü ciyərlərinə çatmamış ətrafdakı “strimlyaqa”lara baxdı. Ayağa durdu, asta addımlarla “sançastın” həyətində gəzişməyə başladı. Aralıq uşaqları Möhsünə bir-iki qapaz vurdular, “dur rədd ol burdan”,- dedilər, gedəndə arxasına da təpik ilişdirdilər. Möhsün sevinirdi. Qədeş çoxlarının, elə Möhsünün də gözlədiyi hökmü verməmişdi. Amma onun yaxşı oğlanların arasında söz demək hüququ alınmışdı, ancaq öz həyatını yaşamalı idi. “Zon”un həyətindəki pişiklər, siçanlar təki... insan kimi yox.
Möhsün “sançast”ın həyətindən və insanların arasından qovulandan sonra Mamed yerində əyləşdi:
“Sözümü o qardaşlara deyirəm ki, özlərini tanıyır, yerlərini bilir. Kim ki, bu yolu özünə seçib, gərək “posajir”ləri yola versin. Onlara çətindir. Hər kəs burdan çıxmaq istəyir, bilirəm. Hər kəsi ailəsinin yanına salamat qayıtmalıdır. Burda həkim var, müəllim var, onlar qıraqda lazımdır insanlara, onları qoruyun, demirəm, burda onları “minən” var, onları elə dustaqlardan, “bespredel”lərdən qorumaq lazımdır. Pis şeylərə qurşanmasınlar. O dustaqlar da yadda saxlasın ki, uşaqların damarını deşir, onların məhv olmasına şərait yaradır, onlarla daha pis olacaq.

Dövlət əmlakını mənimsəyənlərə xüsusi “diqqət”

Bu mənim Mamedin apardığı ilk və son “sxodkası” – toplantısı idi. Mamedlə 21 günlük cəzaçəkmə müəssisəsindəki tanışlığın xatiratını isə bir kitaba sığışdırmaq mümkün idi.
Mamedin vaxtıyla dövlət əmlakını mənimsəmiş, vəzifə tutub sərvətlər əldə etmiş dustaqlara da xüsusi “diqqəti” vardı. “Obnaliçka”nın imperatoru adlanan Kürdov Əhməd isə Mamedin tapşırığı ilə görüş yerlərinin bütün otaqlarını təmir etdirdi və qapıları yenilətdirdi.
Onun haqqında hətta nəzarətçilər və zabitlər də xoş sözlər deyirdi. Onu yoluxmağa gələnlər də çox olurdu. İş adamları, kriminal aləmdə tanınanlar, nə vaxtsa problemini həll etdiyi adamlar... Rusiyadan isə bir dəfə bir rus qadın da gəlmişdi. Görüş yerində bir neçə nəfərlə oturub çay içirdilər.
Ona “qrev” olaraq müxtəlif sayda və xeyli çəkidə ərzaq gələrdi. O, bütün bunları kasıb dustaqların arasında bölüşdürtdürərdi. Xeyirxah idi.

Ölümündən sonra kitab yazmaq

Bir dəfə ona haqqında kitab yazacağımı dedim. Razılaşmadı. Xeyli söhbət etdik. Dedim ki, siz qanuni oğrular haqda ancaq öləndən sonra kitab yazılır. Olmaz ki, biriniz haqda sağ olarkən yazılsın? Razılaşmadı. Özü haqda heç nə danışmadı. Danışmaq istəmirdi.
2007-ci il iyul ayının 11-də mən azadlığa çıxarkən onunla xudahafizləşəndə kitab məsələsinin üstünə bir daha gəldim. Yenə də razılıq vermədi. Amma “mənim haqda öyrənmək istəsən, Moskvada Seymur var, onu taparsan”,- dedi. Ona yazdığım şeiri özünə verdim. Təşəkkür etdi. Həmin şeiri “Burda darıxmaq olmaz” kitabıma saldım. Həmin kitabdakı şeirlərin hamısı dustaqlığın ilk günündən yazılan şeirlər idi. Yazıldığı tarixdən ardıcıllıqla düzülən şeirlərin sonuncusu Mamedə yazdığım şeir idi. Mənim azadlığa çıxacağım günün axşamı yazılmışdı...

axar.az

Комментариев нет:

Отправить комментарий