Страницы

20.11.2013

Mircəfər Bağırovun mühafizəçisi: “Əlindəki qovluğu Xruşşovun başına vurdu”

Azərbaycan tarixinin ən ziddiyyətli şəxsi, 21 il respublikaya rəhbərlik etmiş Mircəfər Bağırovun şəxsi mühafizəçisi Məhəmməd Şıxəliyev danışır

…Siyəzənin mərkəzindən üzü dənizə tərəf yol alırıq. Kiçik bir kənddir. Elə kəndin gircəyindədi Məhəmməd kişinin evi. Amma özü evdə yoxdur...
- Sahədədir. Bircə gün də işsiz qalmır, içsiz dayana bilmir. Uşağı göndərim çağırsın.
Gəlir. Açığı 87 yaş vermək mümkün deyil. Çox cavan qalıb, özü deyir ki, indinin özündə belə hər səhər turnikdə dartınır, azı 10 dəfə. “İdmansız bu yaşa gəlib çatmazdım” deyir.
 
- Qoy əynimi dəyişim, çöldən gəlmişəm, yaxşı deyil axı, mənim balam…
O biri otağa keçən kimi qızı dillənir.
- İnandırım sizi, biz özümüz bir-iki ildi bilmişik ki, kişi Bağırovun “teloxranitel”i olub. Heç anama da demirmiş e? (Gülür) İnanın, özümüzə də maraqlıdı…
Kostyumunu geyinib gəlir. Həyat yoldaşı da gəlib oturur yanında. Amma nəsə narazı görünür bir az.  Deyəsən özü də hiss edir. Balaca təpinir də arvada.
- Nə oturmusan, dur çay hazırla…
Lap əvvəldən başlayır Məhəmməd baba. Deyir milisdə işləyirmiş. O vaxtkı “Dinamo”da da samboyla məşğul imiş.
- 51-ci ilin sentyabr ayı idi. Bakıda milisdə işləyirdim. İşdən sonra, həftə 3 dəfə “Dinamo”nun məşq zalına gedirdim. Bir gün məşqçimiz Sabir müəllim dedi ki, Mərkəzi Komitədən gələcəklər məşqə baxmağa. Elə təzə məşqə başlamışdıq ki, Sabir müəllimi çağırdılar. Gedib qayıtmağı 10 dəqiqə çəkmədi, amma tir-tir titrəyirdi. Dedi tez düzülün sıraya. Sakitcə bir cərgə yığışdıq. Zala əvvəl iki nəfər zabit girdi. Ardınca da Bağırov. Vallah, nə gizlədim, içi mən qarışıq dizlərimiz əsirdi. Fikirləşirdik ki, xeyir ola? Sıranın qabağından keçib zalın o başına qoyulmuş stulda oturdu. Sabir müəllim də komanda verdi ki, məşq davam eləsin. Amma nə oyun çıxardığım yadımda deyildi. Mən bir rusla işləyirdim, onunla məşq edirdim. Beləcə 20 dəqiqə də keçdi. Sabir müəllim yenə komanda verdi, dayandıq. Sonra o, həmin zabitlər və daha iki nəfər Bağırovun başına yığışdılar. Nəsə pıçıldaşdılar. Sabir müəllim məni və daha iki nəfəri çağırdı. Qalanlarına dedi ki, gedin geyinin.  Bağırov ayağa qalxıb yanımıza gəldi. Adımızı, familiyamızı, haralı olduğumuzu soruşdu. Mən dağlı olduğumu deyəndə qayıtdı ki, “dağlı balası, məni qoruya biləcəksən?” Həyəcandan dillənə də bilmədim, düzü. Başımla təsdiqlədim ki, hə. Qımışdı. Sabir müəllimə dedi ki, bunların geyindirin, lazımi paltarları alın, sabah ikisi də mənim yanımda olsun. İndi gəlmişəm evə, sambo çıxaranı da söyürəm, milisdə işlədiyimə görə də özümü lənətləyirəm. Deyirəm ki, mənim nə işim vardı axı burda?
- Nədən çəkinirdiz ki?
- Nədən? Bağırov idi e, a bala, Bağırov. Adam onun gözünün içinə də baxmağa qorxurdu. Amma səhəri kabinetində bizi elə qarşıladı ki, rahatlıq tapdım azca. Bizə dedi ki, mənim bir neçə “teloxranitelim” var. Sizi isə şəxsən ona görə seçdim ki, daim yanımda olacaqsınız. Gecə-gündüz, böyrümdə. Mən sizə bircə səlahiyyət verirəm. Burda, bu binada, evimdə, bağımda mənə mühafizəçi lazım deyil. Bu yerlərdə mənim hökmüm keçəcək, amma bu binadan çıxdımsa, mən sizə tabeyəm. Nəyi etmək lazım olduğunu siz müəyyən edəcəksiniz.
- Və o da əmrə tabe olurdu?
- (Gülür) Hə, sözün düzü hə. Amma bu əmr deyildi axı? Biz ona əmr edə bilərdik? Yavaşca deyirdik ki, yoldaş Bağırov icazə verin, filan şeyi, filan cür edək.
- Məsələn?
- Nə bilim ay oğul, o qədər olub ki? Bir sırıqlısı vardı. Hə, adi bir sırıqlı. O sırıqlını geyib, bazara-zada çıxardı. Arxasınca da biz. Heç kim hiss etməzdi, bilməzdi. Bakıda Kömürçü Meydanı var ha, bir gün dedi ki, çıxırıq ora. Mərkəzi Komitənin arxa qapısından çıxdıq. Mən və daha iki nəfər də mühafizəçi. Gəldik Kömürçü Meydanına. Sən demə, orda bir alverçi varmış, camaatın başına oyun açırmış, sələmə pul verirmiş. Bazara girən kimi düz getdi onun yanına, elə bil neçə ildir tanıyırmış. Dedi mənə düyü və un lazımdı. Müharibədən sonra idi, qıt idi bunlar. Yadımda deyil, nəsə böyük bir qiymət dedi. Bu da qayıtdı ki, pulum yoxdur, arvadımın qızılların gətirmişəm. Qızılları görüb qiyməti bir az da qaldırdı. Bağırov da az qala yalvardı ki, o qədər qızılı verməyə imkanı yoxdu. O da qayıtdı ki, almırsan, cəhənnəmə al. Bağırov da heç nə demədi. Aralandı, biz də arxasınca. Qayıtdı iş yerinə. Onca dəqiqə keçmədi ki, həmin adamı gətirdilər onun yanına. Elə mən özüm içəri saldım onu, kabinetə. Bağırovu görən kimi mənim üstümə yıxıldı. Bir təhər ayıltdıq. Bağırov ona heç nə demədi. Eləcə tərs-tərs necə baxdısa yenə ürəyi getdi. Otaqdan zorla çıxarıb apardılar. Elə o gedən getdi.
 
“Barmaqlarını saldı briqadirin gözünə...”
 
Məhəmməd baba deyir ki, belə məqamların çox şahidi olub. Deyir bir dəfə Göyçay rayonundan bir qadın Mərkəzi Komitəyə, şəxsən Bağırova məktub yazmışdı. Məktubda da deyilirdi ki, əri müharibədə ölüb, iki uşağı qalıb. Özü kolxozda işləyir. Kolxozun briqadiri də ona göz-verib, işıq vermir.
- Günorta çıxdıq yola. Kəndin adı dəqiq yadımda deyil. Bircə o yadımdadı axşam düşmüşdü, şər qarışmışdı. Kəndin girəcəyində düşdük maşından. Maşını kənara verib piyada kəndin ortasına çatdıq. Yenə sırıqlıdaydı yenə. Bir-iki nəfər dayanmışdı yolun qırağında. Həmin briqadirin evini soruşdu. Evə çatanda mənə qayıtdı ki, sən dayan həyətdə, içəri girmə. Dedim olmaz, mən sizə cavabdehəm. Əlini atdı sırıqlının altına tapançanı çəkdi üstümə ki, sən öl, içəri girsən təpəndən vuraram. Əlim-ayağım əsdi, bir söz deyə bilmədim. Özü girdi evə. Heç beş dəqiqə keçməmiş hündürboylu bir kişi əlləri gözündə, qanı axa-axa, bağıra-bağıra çıxdı bayıra, dalınca da Bağırov. Sən demə, içəri girən kimi əl atıb buna, briqadir də havalanıb ki, ay Allah, Bağırov! İki barmağını da salıb briqadirin gözünə, dartıb gözünü çıxarıb ki, sən müharibədə həlak olmuş əsgərin ailəsinə çəp baxırsan? Sizə bir fakt da deyim. Həmin o gözü çıxmış briqadir bu yaxınlara kimi yaşayırdı. Elə o gəlin də. Hə, onu da deyim ki, mən bu hadisəylə bağlı məhkəməyə də çağırılmışam axı?
- Nə vaxt?
- Bağırovun məhkəməsinə, şahid kimi. SSRİ-nin Baş Prokuroru vardı e, Rudenko. Məhkəmədə əsas prokuror o idi. Həmin epizodla bağlı dindirmədə mənim üstümə bağırdı ki, bəs bu adam briqadirin gözünü çıxarırdı, sən də durub baxırdın. Niyə imkan verirdin ki? İstədim cavab verəm ki, ay kişi, mən Bağırova nə deyə bilərdim axı? Amma Seyid özü imkan vermədi. Rudenkoya dedi ki, bu adam adi mühafizəçiydi. Onun heç bir günahı yoxdur. Mən qoymadım içəri girsin. Beləcə mənimlə işləri olmadı.
 
“Şaumyana demişdi ki, rədd ol Bakıdan”
 
- Günahdan danışdız. Bəs Bağrovun necə, günahı çox idi?
- Oğlum, sənə bir həqiqəti deyim. İndi kimsə deyir ki, guya Bağırov məhkəmədə elə söz deməyib. Amma mən onun məhkəməsini əvvəldən axıra kimi izləmişəm. Bağırov cəmi 15 dəqiqə son söz deyib. Vur-tut 15 dəqiqə. Və sonuncu cümləsi də belə olub ki, “mən xalqıma qarşı çox qəddar olmuşam. Buna görə məni güllələmək azdır, məni şaqqalamaq lazımdır”. Bax, bu sözləri öz qulaqlarımla eşitmişəm. Amma sizə bir epizodu da deyim. Məhkəmə iclaslarının birində Rudenko ondan soruşdu ki, sən Suren Şaumyanı niyə Bakıdan didərgin salmısan? Suren Şaumyan sovet ensklopediyasının baş redaktoru olub. Bağırov ona 24 saat vaxt vermişdi ki, Bakıdan rədd olub getsin. Rudenkonun sualına cavabında dedi ki, Şaumyan Azərbaycanını arxivlərini oğurlayıb aparmaq istəyirmiş Moskvaya. Son məqsədi də onları məhv etmək olub. Rudenko söz tapmadı. Məhkəmədən sonra Bağırovu güllələmədilər ha, onu da biləsiz. Onu o vaxtkı Kuybışevə göndərdilər, hansısa işə. Deyirlər guya sonra güllələyiblər, o da yalandı. Sizə bir əhvalat da danışım. Təxminən 60, ya 61-ci il idi. Bakıda, “Beşmərtəbə”nin yanında Nizami rayonunun keçmiş birinci katibi ilə rastlaşdım. Məni görüb sevindi. Elə bilirmiş ki, Bağırovun “oxranası”nı da Sibirlik ediblər. Dedim narahat olma, bizə toxunmayıblar. Bağırovla sox yaxın dost olub həmin adam. Gəldik onun evinə. Evin bütün otaqlarının işığını söndürdü, pərdələrini endirdi. Arvadına dedi ki, sandığı aç, o məktubu gətir. Bağırov yazmışdı, inanın. Mən onun xəttini min xəttin içindən tanıyırdım. Yalvardı ki, bu barədə heç kimə bir kəlmə də. Üstündən 50 ildən çox keçib, indi, bu gün deyirəm. Ey a bala, elə şeylər olub ki? Siz bilirsinizmi Bağırovun hərbi rütbəsi nə olub? Və bilirsinizmi ki, Bakını Azərbaycandan ayırıb Rusiyaya birləşdirmək istəyirdilər?  Bağırov buna necə mane oldu? Çayını iç, söhbət edərəm…

“Dedi ki ,Dərbəndi də qaytarın bizə”

- İndiki kimi yadımdadır, Stalin çağırmışdı, şəxsən qəbul edəcəkdi. Kremlə mühafizəçilərdən ancaq məni buraxdılar. Qabaqda bir zabit idi, ortada Seyid, arxasınca da mən. Bir xeyli getdik. Üç-dörd yerdə dəhlizin başında əlisilahlılar dayanmışdı. Nəhayət, böyük bir otağa girdik. İçəridəkilərdən tanıdığım Anastas Mikoyan idi, bir də Xruşşov. Bağırov Mikoyana başıyla salam verdi. Xruşşovun yanına çatanda əlindəki qovluğu yüngülcə onun başına vurdu. Sonra da dedi ki, bilirəm, sənin işindi. Amma arzun gözündə qalacaq. Sən demə, Xruşşov plan qurubmuş  ki, Bakını ayırıb RSFSR-ə birləşdirsinlər.
Sənə bir söz də deyim, oğlum, Stalindən başqa heç kimlə hesablaşmırdı. Malenkov, Molotov, lap elə Mikoyanın özü, onlar da Stalinin qorxusundan bir söz deyə bilmirdi ona. Bakını alıb Rusiyaya birləşdirmək isətyirdilər, o qoymadı. Hələ Malenkov deyirmiş ki, Dağlıq Qarabağı da Ermənistana verin. Bağırov bununla bağlı Stalinin yanına getmişdi. Elə Malenkovun özünə demişdi ki, onda Ermənistanın  sərhəd rayonlarını da Azərbaycana verin. Üstəgəl Dərbəndi də, ləzgilər yaşayan Qasımkəndi də. Sonra görmüşdülər ki, belə alınmayacaq, bu fikirdən vaz keçmişdilər.
 
“Mikoyanı elə pis söyürdü ki...”
 
Məhəmməd baba bir tarixi hadisə barədə də gördüklərini nəql edir. Deyir İranda, Cənubi Azərbaycanda hərəkat başlayanda Bağırov Stalindən xahiş edib ki, bu torpaqları Azərbaycan SSR-ə birləşdirsinlər. Hətta Bağırov Cənubi Azərbaycanın xəritəsini də hazırlatdırıbmış. Amma Mikoyan Stalini yoldan çıxarıb. Stalinə deyibmiş ki, Azərbaycan birləşsə, Bağırovun qabağında durmaq çətin olacaq.
- 52-ci il idi, iyul-avqust ayı olardı. Naxçıvana getmişdik. Culfada maşını saxlatdırdı qəfil. Düşüb gəldi Arazın qırağına. Əsgərlər də heç bir söz demədilər. Yarım saata yaxın üzü o yana durub baxdı. Birdən bir ağlamaq ağladı ki, gəl görəsən. Yaxınlaşmağa belə qorxurduq. Sürücüyə əmr elədi ki, sür, qabaqda saxla. Özü təkcə çayın qırağı ilə gedir, biz də arxasınca. Bir kəlmə də danışmırdı. Nə bilim, yalan olmasın 3-4 kilometr beləcə getdi. Sonra mindi maşına qayıtdıq Naxçıvana.
Belə qəribəlikləri çox idi rəhmətliyin. O da yadımdadır ki, həmin vaxtlar Bakıda çoxlu İran azərbaycanlısı vardı. Heç vətəndaşlıq da almamışdılar. Bağırovun bir tək vaqonlu qatarı vardı. Qatarla bir dəfə Moskvaya gedirdik. Bizim üçün də həmin vaqonda yer vardı. Bağırovun özünün isə ayrıca yataq, yemək yeri. Yolda dayanmaq nəydi, bir də Moskvada dayanırdı. Stalindən həmin azərbaycanlılara mənzil və pasport verilməsini xahiş edəcəkdi. Biz yenə həmişəki kimi qəbul otağında gözləyirdik. Hardasa 3-4 saat söhbət elədilər. Bağırov onun yanından çox pərt çıxmışdı. Sonradan bildik ki, Stalin razılıq verməyib. Bu işə Mikoyan əngəl olubmuş. Çünki həmin günü Kremlin qonaq evində qaldıq. Gecəydi, sakitlik idi deyə otağında nə danışdığını eşidirdik. Mikoyanı elə pis söyürdü ki, heç deyiləsi deyil. Bundan bildik ki, Mikoyan Stalinin başını doldurubmuş.

“Qaçaq Abgüllə görüşmək üçün meşəyə getdi”

Məhəmməd baba danışır ki, Quba tərəflərdə bir qaçaq Abgül olub. Sovet hökuməti onun əlindən dad döyürmüş. Amma mərd adam imiş. Bağırov ona xəbər yollayır ki, silahı qoysun yerə, təslim olsun. Ona xətər toxunmayacaq. Amma razılaşmır. Sonda, bax bu Xızı tərəflərdə -əli ilə göstərir- meşədə ikisi görüşürlər. Abgülə deyir ki, hökumətlə hökumətlik edə bilməyəcəksən. Yaxşısı budur, Azərbaycandan çıx get. Abgül elə də edir. Yaddaşım məni aldatmırsa, Türkiyəyə çıxıb gedir. Hə, həmin Abgülün bir qardaşı oğlu vardı, Hacı. 51-də idi, ya bir az sonra, elə əmisi kimi qoçağın biriydi, amma oxumuşdu. Gəlmişdi qəbula. Bir xeyli söhbət elədilər. Hüquqşünaslıq oxumuşdu, Bakının hansısa rayonuna prokuror təyin elədi. 80-ci illərdə bir dəfə gördüm onu. Oturub xeyli dərdləşdik. Bilmirəm, ölər, ya qalar indi. Mən onda bəlkə də dünyada olmamışam, amma deyilənə görə, Qaçaq Maillə də dost olub. Hələ bir şeir də vardı onların dostluğuna aid yadımdan çıxıb. (Gülür)
- Bəs özü necəydi, yəni boş vaxtlarında neynirdi? Nə yeyirdi, nə içirdi. Məsələn, zarafatlaşırdımı?
- Çox zabitəli idi, çox. Hirslənəndə üzünü görmə. Adamı söyə də bilərdi. Amma bütün bunlara baxmayaraq ədalətli adam idi. Həm də sadə həyat tərzi keçirərdi, inanın. Bir dəfə yadımdadı, kimsə bunun qəbuluna gəlmişdi. Əyni-başı da pis gündə. Hələ kabinetə girəndə çarığını da çıxarmaq istəyirdi. Amma durdu ayağa ki, çıxarma, gəl otur. Yadımda deyil, nə isə problemi vardı. Problemi həll eləmək bir yana. Bir də gördüm qırmızı işıq yanır. Hə, bu qırmızı işıq nədir, sizə deyim. Qəbul otağında qırmızı işıq yandısa, demək çıxırıq. Tez hazırlaşdıq. Gördük ikisi də otaqdan çıxdı. Sürücü artıq aşağıda gözləyirdi. Bunlar pilləkənlə düşür mən də ardınca. Döndü arxaya mənə dedi ki, sürücüyə de maşın lazım deyil. Üçümüz Mərkəzi Komitədən çıxıb piyada gəldik bunun evinə. Girdik evə. Yoldaşına dedi ki, tez yemək hazırla. O vaxt da qulluqçu-filan nə gəzirdi? Tez əldə hazır olandan yemək bişirdi. Mən o biri otaqda qaldım. Bunlar bir yerdə nahar elədilər. Çıxanda məni çağırdı. Bir topa pul verib dedi ki, bu kişiylə get dükan-bazara, nə lazımdı al. Mən də dükandan ona kostyum, qalstuk alıram, razılaşmır ki, qalstuk bağlaya bilmirəm. Dedim bağla eee, təzədən onun yanına gedəcəyik. Sən onun gözünə pis görünsən, mənim atamı yandırar. Nə isə, kostyum, qalstuk, qapqara tufli, ağ köynək, bunu geyindirib gətirdim. Üzünü-gözünü də qırxdırmışdım. İçəri girəndə Bağırov güldü. Başqa bir probleminin olub-olmadığını soruşdu, yola saldı. Deyirsən nə yeyirdi? Vallah inanmazsan, mən heç onun nə yeyib nə içdiyini görmədim.
- Səfərə çıxırdız, bir yerdə yemirdiz ki?
- Yox, o həmişə ayrıca yeyirdi. Xüsusi bağlamada onun yeməyi olurdu, köməkçisi hazırlayırdı süfrəni. Yemək sarıdan bizə heç korluq verməzdi (Gülür). Amma onu bilirəm ki, yaxşı nərd oynamağı vardı. Gecə keçəndə bir də görürsən kefi durdu, kiməsə zəng elədi o da gəldi kabinetə nərd oynadılar.
- Kimlə oynayırdı?
- Üzeyir Hacıbəyovla. Bir dəfə Səmədlə də görmüşəm. Amma sənə bir söz deyim, Səmədi yaman çox istəyirdi. Bir də rəhmətlik Vahidi. Vahid ona bir şeir yazıbmış ki, evimi tarakan basıb, sən də mənim dostumsan. Gəl bu evə gör ağcaqanadlar, tarakanlar mənə necə divan tutur. (Gülür) Bu da eləmə tənbəllik, durub getmişdi. Amma onu xatırlamıram, ya Vahidə təzə ev verdilər, ya da  təmir etdilər.
Məhəmməd baba deyir ki, onu təkcə Azərbaycanda sevmirdilər.
- Yadımdadı, bir də görürdün Ermənistandan, Gürcüstandan, lap elə bu Dağıstandan onun yanına şikayət gəlirdilər. Bilirdilər ki, həll edəcəklər. Bilmirəm bunu bilirsiz, ya yox, ona hökm oxunandan sonra Tiflisdə gürcülər böyük bir mitinq keçirmişdilər. Stalinin heykəlinin yanında. Tələbləri də o idi ki, Bağırov azad edilsin.

Səbuhi Məmmədli, Siyəzən               news.lent.az

Комментариев нет:

Отправить комментарий