Страницы

05.12.2013

Kriminal “imperiya”ların Zaqatala savaşı!

Zaqatala hadisəsinin pərdə arxası...

 Son zamanlar ölkəmizdə baş verən müəmmalı partlayışlar, qətllər, yanğınlar və digər motivli cinayət hadisələri, baş verənlərin vahid mərkəzdən idarə olunması şübhəsini yaratmışdı. Ölkəmizdə qarışıqlıq yaratmaq istəyən bəzi qonşu ölkələrin olduğu barədə də kifayət qədər məlumatlı olmağımız bizi belə qənaətə gəlməyə yönəltmişdi.
Xüsusilə, son illər kriminal hadisələrlə zəngin olmasıyla diqqət çəkən Zaqatalada üç şəxsin ölümünə səbəb olmuş cinayət hadisəsi ölkə ictimaiyyətini narahat etməyə bilməzdi.

Noyabrın 24-də Zaqatalanın Yuxarı Tala kəndinin ərazisində adı sonradan adı istintaq orqanlarına məlum olan –Balakən rayon sakini Samir Osmanov idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə, digər Balakən rayon sakini Vüsal Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil istiqamətində avtomat silahdan atəş açaraq, həmin avtomobilin sərnişinləri-Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar  Rəcəbovu qətlə yetirib. “Hyundai”nin sürücüsü Vüsal Əliqayev isə aldığı ağır xəsarətlərlə Zaqatala şəhər xəstəxanasına çatdırılıb.  
İlkin ehtimal olaraq hadisənin dini zəmində-vəhabilər tərəfidən törədildiyi söylənilsə də,  sonradan həmin ehtimalın doğrulanmadığı məlum oldu.
Belə ki, Zaqatala Rayon Polis Şöbəsinin rəis müavini Niyazi Məmmədov vesti.az saytına bildirib ki, silahlı insidentin radikal islamçılara bağlılığının olduğunu istisna edir.
O da məlum olub ki, “Hyundai” markalı avtomobilin sürücüsü, Balakən rayon Qullar kəndinin sakini, 1991-ci il təvəllüdlü Əliqayev Vüsal Xəlil oğlu taksi fəaliyyəti ilə məşğul imiş. O, sırf təsadüf nəticəsində ölümün pəncəsindən qurtula bilib. Avtomobilə atəş açılanda Vüsal özünü yerə ata bilib və nəticədə ağır yaralansa da sağ qalıb. Yaralının həyatı üçün aldığı yaranın təhlükə olmadığı bildirilir. Verilən məlumatlarda o da yer alıb ki, “Hyundai” markalı avtomobildən baxış zamanı tapança və narkotik maddə aşkarlanıb.
Hadisəni törətmiş Samir Osmanov yeri hələlik məlum olmasa da (artıq saxlanılıb-red.), onun cinayəti törətdiyi zaman idarə etdiyi “VAZ-2107” markalı avtomobili Zaqatala şəhər sakini, əvvəllər bir neçə dəfə narkotik satışına görə məhkum edilmiş Şahin Əsədovun həyətində tapmaq polis əməkdaşlarına mümkün olub.

“Balakən” kafesində “razborka” olubmu?

Hadisə iştirakçılarının bir neçəsinin əvvəllər müxtəlif müddətdə cəzaçəkmə müəssisələrində cəza çəkmələri məlum olduğundan, hadisənin kökünü kriminal “razborka”larda axtarmağın lazım gəldiyini təhmin etdik. Məhz həmin səbəbdən Balakən və Zaqatala rayonlarındakı mənbələrimizlə əlaqə yaratdıq. Aldığımız məlumata inansaq, hadisədən bir gün öncə tərəflər-cinayəti törətmiş Samir Osmanovla, qətlə yetirilən digər 3 nəfər-Kamil Həsənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov Balakən şəhərində yerləşən “Balakən” kafesində görüşüblər.
Görüş yeyib-içmək masası arxasında baş tutsa da, daha çox “razborka”ya bənzəyib. Masa arxasında Bakıdan Balakənə təşrif buyurmuş kriminal avtoritetlər Vasif və Vüqarın dəfələrlə Samir Osmanova ağır söyüşlər ünvanladıqları da aldığımız məlumatlar sırasındadır.
Təsdiq edilməmiş məlumata görə S.Osmanov hətta kriminal avtoritetlər tərəfindən bıçaqlanıb. Kriminal avtoritetlər tərəfindən təhqir edilən Samirin onlardan mütləq qisas alacağı barədə də məlumat verilir.
“Balakən” kafesindəki “razborka”nın səbəbi barədə müxtəlif versiyalar səslənməkdədir. Xəbər verən mənbələrdən biri Samirin Dibir adlı qardaşının cəzaçəkmə müəssisələrindən birində cəza çəkdiyini söyləyir. Guya Dibir kriminal aləmdə lotu “Quli” kimi tanınan Nadir Səlifovun qatı tərəfdarlarındandır.
Samirin qətlə yetirdiyi Vasif, Vüqar və Kamilin də qanunu oğru Rövşən Canıyevin (Lənkəranski) adamları olduğu bildirilir. Qətlə yetirilənlərdən birinin Rövşən Lənkəranski tərəfindən Azərbaycana “cmortyaşi” (vəsiyyətə baxan) qoyulduğu barədə aldığımız məlumat öz təsdiqini tapmaqdadır.
Qeyd edək ki, Rövşən Lənkəranski ilə Lotu Quli arasında münasibətlərin hədsiz gərgin olduğu kriminal aləmdə dəfələrlə qarşıdurmalarla müşahidə olunub.  
Etiraf etmək lazımdır ki, milli qəhrəman, general- leytenant Mədət Quliyev Ədliyyə Nazirliyi Pentiensiar Xidmətinin rəisi təyin olunduqdan sonra cəzaçəkmə müəssisələrində “oğru qanun”ları işləmir. Əvvəllər qanuni oğru səlahiyyətləri dayandırılmış lotu Qulinin ötən il yenidən oğru səlahiyyətlərini bərpa edə bilməsi, onunla  əzəli rəqibi olan Rövşən Lənkəranski ilə münasibətlərin gərginliyini “pik” nöqtəsinə qaldırıb. İndi 8 saylı Qapalı Xüsusi Rejimli Cəzaçəkmə müəssisəsində cəza çəkən lotu Qulinin digər qardaşının da bu yaxınlarda “tac”landırılması onun kriminal aləmdəki tərəfdarlarını hərəkətə gətirib. Səlifov qardaşlarının tərəfdarları Rövşən Lənkəranskinin adamlarının ölkədəki kriminal vəziyyətə (polojeniya) nəzarət etmələri razı salmayıb. Hər iki “kriminal imperiya” bir-birinə zərrəcə güzəştə getməyəcəyini qərarlaşdırdığından zaman-zaman onların arasında müxtəlif səviyyəli razborkalar aparılır ki, əksəriyyətinin sonucu qanla, qətllərlə tamamlanır.

Cəzaçəkmə müəssisələrində hansı kriminal avtoritetin “qanun”ları işləyir?

Görünən odur ki, Penitensiar Xidmət bütövlükdə cəzaçəkmə müəssisələrini tam nəzarətə götürə bilib. Hətta, yaxın zamanlara qədər kriminal “zon” sayılan 1 saylı cəzaçəkmə müəssisəsində də oğru “qanun”ları işləmir.
Kriminal aləmin azadlıqda hərəkətə keçməsini də məhz  “içəri”də azadlıqlarının olmamasıyla əlaqələndirirlər.
Əvvəllər Pentiensiar Xidmətin müalicə müəssisəsi cəzaçəkmə müəssisələrində cəza çəkən avtoritetlər üçün “sxodka” və ya “razborka” məkanı hesab olunurdusa, aldığımız məlumata görə bir müddət öncə müalicə müəssisəsinə rəis təyin edilmiş Elgiz İsmayılov müalicə müəssisəsinin yalnız xəstə məhkumların şəfa tapmasına xidmət göstərəcəyini bəyan edib. Onun kriminal ailəmin qanunlarıyla barışmazlığı sayəsində oğru aləmində “Sentral” adlandırılan müalicə müəssisəsində avtoritetlərin hərəkəti mümkünsüz olub.
Bütün görülmüş tədbirlərə baxmayaraq, cəzaçəkmə müəssisələrində “Quli”çilərlə “Rövşən”çilər arasında barışmaz rəqabətin olduğu da inkar olunmur. Tərəflər demək olar ki, bərabər gücə malik görünürlər.
Rövşən Lənkəranskinin tərəfdarları “Quli”ni bir zamanlar cəzaçəkmə müəssisələrində “prestupnı mir” əvəzinə “sportivni mir” yaratmaqda ittiham edirlər. “Quli”çilər isə əksinə, Rövşəni hakimiyyət sturukturları ilə iş birliyində ittiham etməyə başlayıblar.

Ölkədə kriminal aləmin vəziyyətə nəzarət etməsi mümkündürmü?

Sözsüz ki, bütün cəmiyyətlərdə kriminal hadisələr olub. İndi də bəzi ölkələrdə cinayət az, bəzilərində isə çox olur. Etiraf etmək lazımdır ki, ölkəmizdə də cinayətkarlıqla mübarizə yaxşı təşkil edilib. Ancaq nə etmək olar, ani boşluq Zaqataladakı hadisəyə bənzər cinayət hadisələrinin baş verməsinə şərait yaradır. Müəyyən boşluq ölkəmizdə bəzi cinayətkar ünsürlərin bölgələrdə vəziyyəti müəyyən qədər nəzarətə götütməsinə şərait yaradır. “Sxodka”lar, “razborka”lar gündəlik yaşam  tərzinə çevrilir. Sözsüz ki, Balakəndən, Zaqataladan aldığımız məlumatlarda həqiqət kifayət qədərdir.
“Balakən” kafesində baş tutmuş kriminal “razborka”nın nəticəsi olaraq, ertəsi gün 3 nəfər qətlə yetirilib. Ən maraqlısı isə budur ki, ağır cinayəti törətmiş Samir Osmanovun cinayətkar olmadığı, kifayət qədər əxlaqlı birisi olduğu söylənilir. Balakənlilərin əksəriyyəti hələ də Samirin belə cinayət törətməsinə inana bilmir.
Ancaq nə etmək olar, hadisə baş verib və ətraf rayonların əhalisi qorxu içərisində yaşamaqdadırlar. İndi onları bir sual düşündürür; doğurdanmı, ölkəmizdə kriminal qanunlar işləyə biləcək?
Araşdırmalarımız və hadisə baş verəndən sonra keçirilmiş əməliyyat tədbirləri bunu söyləməyə əsas verir ki, ölkəmiz müqəddəs qanunlarımızla idarə olunur. Həmin qanunlara hörmət etməyən “razborka”lara önəm verənlərin cəzasını isə hüquq-mühafizə orqanları müəyyən edəcək.
P.S. Qeyd edək ki, Zaqatala Polis Şöbəsindən verilən məlumata görə həyata keçirilən əməliyyat-axatarış tədbirləri nəticəsində hadisəni törədən Balakən rayon sakini Osmanov Samir  Rəşid oğlu, həmçinin hadisənin digər bir iştirakçısı Vüqar Lahıcov artıq saxlanılıb.

Turan Türk             milletim-az.com

Комментариев нет:

Отправить комментарий