Страницы

01.12.2013

Moskvanın 10 ən nüfuzlu mafiyası

Müxtəlif meyarlarla “dövlət içində dövlət” kimi müəyyən edilən Rusiya paytaxtı özünün məşhur mafiya qruplaşmaları ilə də tanınır

Keçmiş SSRİ-də mafia və ya mütəşəkkil cinayətkarlıq 1960-cı illərdə yaranıb. Məsələn, Qərbdə “rus mafiyası” dedikdə nəinki Rusiya, hətta postsovet ölkələrindən olan bütün mafioz qruplaşmalar nəzərdə tutulur. Amma Rusiyanın özündə nüfuzlu və güclü təsir imkanlarına malik 20-dən çox mafioz qruplaşmalar vardır. Paytaxt Moskvaya gəldikdə isə “dövlət içində dövlət” kimi müəyyən edilən bu şəhərdə mütəşəkiil formada fəaliyyət göstərən və ümumilikdə Rusiya və hətta onun hüdudlarından kənarda da tanınan çox böyük nüfuza malik mafioz qruplaşmalar mövcuddur.
Beləliklə, Moskvanın 10 ən nüfuzlu mafiyalarını diqqətinizə təqdim edirik.  

1. Podolsk mafiyası. Moskva ətrafında formaşalan ən böyük qruplaşmalardan biridir. Qruplaşmanın rəhbəri 57 yaşlı Sergey Lalakindir (Lujok). Podolsk mafiyası, demək olar ki, əksər iri şirkətlərdən bac alır. Varşavskoye şossesindəki avtosalonlar da bu qruplaşmanın nüfuz dairəsində fəaliyyət göstərir. 80-ci illərdən fəaliyyətdə olan mafiya Rusiyanın ən böyük “obşakı” və ən varlı qruplaşmalardan biri sayılır. Onların inzibati orqanlarla yaxşı əlaqələri var, hətta hüquq-mühafizə orqanlarında öz adamları mövcuddur. Təqribən 100-150 nəfər fəal üzvü olan qruplaşmanın sevimli məkanı “Rusotel”dir. Podolsk mafiyası qanuni oğrularla heç zaman yaxından əlaqə qurmayıb. Yalnız vaxtilə Vyaçeslav İvankov (Yaponçik) ilə isti münasibətlərdə olublar.
2. Solntsevo mafiyası. Rusiya və MDB ölkələrində ən tanınmış cinayətkar qruplaşmadır. Ayrı-ayrı vaxtlarda Solntsevo qruplaşmasında 200-dən 500-ə qədər “döyüşçü” cəmləşib. Qruplaşmanın rəhbəri “Mixas” ləqəbli Sergey Mixaylovdur. Yeri gəlmişkən, Mixas cinayətkar aləmdə maraqlı bioqrafiyası ilə fərqlənir. O, Rusiya, İsrail və Kosta-Rika vətəndaşıdır. Mixas Kosta-Rikanın diplomatik pasportuna sahibdir və az qala bu ölkənin fəxri konsulu statusu alacaqmış.
Mixasın keçmiş məhbus, qruplaşmanın gələcək liderlərindən birinə çevriləcək Viktor Averinə rast gəlməsi Solntsevo mafiyası üçün yeni ideologiyanın formalaşması ilə nəticələndi. Belə ki, klassik cinayət aləminin əksinə olaraq onlar mafiya üzvləri arasında içki və narkotiklərin istifadəsini qadağan edildi, onlar idmanla məşğul olmağı vacib saydılar, eyni zamanda onlar pravoslavlıq və ailə dəyərlərinə çox böyük önəm verirdilər.  
Solntsevo mafiyası Moskvanın cənub-şərqində, demək olar ki, bütün ticarət obyektlərinə və şirkətlərə nəzarət edir, ötən illərdə başlanan “Lujniki” və “Yujnıy port” bazarları kimi böyük ticarət obyektləri, onlarla mehmanxana və kazinolar bu mafiya tərəfindən idarə olunur.
3. Taqanskaya mafiyası. Moskvanın mərkəzində fəaliyyət göstərən yeganə slavyan mafiyasıdır. Mafiyanın Quba, Cek, Tretyak kimi liderləri ad çıxarsa da, qruplaşma qanuni oğru İsayev (Rospis) tərəfindən idarə olunurdu. Moskvanın Taqanka rayonu və onun ətrafı, Yeni Arbat küçəsində bir çox bahalı dükanlar onlara məxsusdur. Həmçinin şəhərin Kurskiy, Paveletskiy və Kiyevskiy dəmir yol vağzalları və bir neçə bank bu qruplaşmanın nəzarəti altındadır. Taqanskaya mafiyası bir neçə dəfə Çeçen mafiyası ilə qanlı qarşıdurmalara gedib və bir neçə nüfuzlu adamını itirib.
4. Kazan mafiyası. Moskvada 90-cı illərin əvvəllərindən fəaliyyət göstərən bu qruplaşmanın əksər üzvləri tatarlardır. Müxtəlif vaxtlarda Kazan mafiyasında 100-dən 300-ə qədər adam birləşib.
Digər slavyan mafiyalarından fərqli olaraq Kazan mafiyası qanuni oğrulara tabedir və “oğru qanunlarını” qəbul edir. Bu qruplaşma 1992-1997-ci illərdə ardıcıllıqla kriminal müharibələrdə iştirak edib. Eyni zamanda qruplaşmanın daxilində də, qruplaşmalar arasında da qanlı konfliktlər olub. Bu illər ərzində Radik Axmetşin (Hitler), Yuriy Kuznetsov (Boss), Valeriy Dluqaç (Qlobus – qanuni oğru), Rinat İqlamov (qanuni oğru), Fyodor İşin (Beşenıy), Dmitriy Voronin (Voron), Aleksandr Qibadulin, Vadim Pomerantsev (Pamir – qanuni oğru), İldar Qataullin, Xaydar Zakirov (qanuni oğru) kimi kriminal aləminin nüfuzlu şəxslərini öldürüblər.
Kazan mafiyasına bir çox qruplaşmalar daxildir. Moskvada qumar oyunları, şou-biznes, turizm sahəsinin mühüm bir hissəsi bu qruplaşmalar arasında bölüşdürülüb. Hazırda şərti olaraq mafiyanın lideri qanuni oğru Antip sayılır.
5. İzmaylovo mafiyası. İzmaylovo mafiyası Moskvanın ən qədim qruplaşmalarındandır. Bu qruplaşmada 200-dən çox fəal döyüşçü var. Mafiyaya 80-ci illərdən avtoritet Oleq İvanov rəhbərlik edir. Onunla birlikdə müxtəlif zamanlarda qruplaşma rəhbərliyinnə Viktor Nestruyev (Malçik), Anton Malevskiy (İzmaylovskiy), Sergey Trofimov (Trofim) kimi avtoritetlər daxil olublar.
İzmaylovo mafiyasının adı azərbaycanlılara yaxşı tanışdır. Moskvada uzun illər fəaliyyət göstərən Çerkiz bazarı məhz bu qruplaşmanın nəzarətində idi. Bazarın ərazisinin böyük bir hissəsi İdman Akademiyasından icarəyə götürülmüşdü. Mafiyanın əksər üzvləri isə bu Akademiyada gününü keçirən idmançılar idi. Bundan əlavə Moskvanın şərq, cənub-şərq rayonlarında əksər ticarət obyektləri, bir sıra banklar İzmaylovo mafiyasının tabeçiliyindədir. Qruplaşmanın özəlliklərindən biri sıralarında keçmiş polis və Federal Təhlükəsizlik Xidməti işçilərinin olmasıdır. İzmaylovo mafiyası “oğru qanunlarına” o qədər də məhəl qoymur, öz qanunları ilə hərəkət edir.    
6. Çeçen mafiyası. Moskvada Çeçen mafiyasının tarixçəsi Sovet dönəminin son illərindən başlayıb. Çeçenistandan Moskvaya axın edən tələbələr universitetlərdə oxumaqla yanaşı “yüngül reketlik” işi ilə də məşğul olurdular. 90-cı illərdən başlayaraq çeçenlərin cinayət aləmində nüfuzu yüksəlməyə başladı. Onlar ayrı-ayrı qruplaşmalarda Moskvanın 10-dan çox mehmanxanasına, yüzlərlə ticarət obyektlərinə nəzarəti ələ keçirdilər. Çeçenistanda başlayan müharibə Çeçen mafiyasına da öz təsirini göstərdi. Rusiya hüquq-mühafizə orqanlarının hesabatına görə, Çeçen mafiyası həmişə terrorçularla əlaqədə olub.
Moskvada 500-dən artıq fəal üzvü olan mafiyanın vahid lideri olmayıb. Çeçenlər uzun illər “oğru qanunlarını” qəbul etməyiblər. 90-cı illərdə yeganə çeçen qanuni oğru Sultan Davudov (Sultan Balaşixinskiy) 1994-cü ildə Zaxar adlı başqa bir qanuni oğru tərəfindən öldürülmüşdü.
İndi Çeçen mafiyası digər qruplaşmalar kimi leqallaşma mərhələsini keçir. Amma artıq onların da daxilində Hüseyn Slepoy, Omar Ufimskiy, Mayer kimi “ağır çəkili” qanuni oğrular var.
7. Azərbaycan mafiyası. Azərbaycan mafiyası Moskvada qədim tarixə malikdir. Hələ Sovet İttifaqı dövründə yeni yaranmış ticarət obyektləri və bazarların idarəçiliyində azərbaycanlılar fəal iştirak ediblər.
O zamanlar ən tanınan qruplaşma Fantomas Əlinin (Əlibaba Nəsrullayevin) dəstəsi idi. “Tsentralnıy”, “Leninqradskiy” və “Çeryomuşkinskiy” bazarları bu qruplaşmanın tam nəzarətində idi. Daha sonra Misrixan Abdulov, Cəmil Sadıqov, Qalib Əhmədov, Rafet Halomov, Kamal Hüseynov kimi nüfuzlu adamlar azərbaycanlıların qruplaşmasına rəhbərlik ediblər.
Azərbaycanlı qanuni oğrular Hikmət Muxtarov (Sabirabadskiy), Məmməd Hüseynov (Masallı) Azərbaycan mafiyasında xüsusi nüfuza malik olublar.
Digər qruplaşmalardan fərqli olaraq Azərbaycan mafiyası Moskvanın bütün ərazilərində fəaliyyət göstərir, konkret bir rayonda cəmləşməyib.
Azərbaycan mafiyasının nəzarətində əsasən meyvə-tərəvəz, gül, narkotiklər, kürü ticarəti cəmləşib.
Son illər azərbaycanlı qanuni oğrular arasında yaranmış münaqişələr onların ciddi parçalanmasına səbəb olub. Hazırda ən nüfuzlu şəxs Rövşən Caniyev (Lənkəranskiy) sayılır. Əksər bazarlar, Moskva ətrafında tikinti və asfalt şirkətləri Rövşənin nəzarəti altındadır.
8. Erməni mafiyası. Ermənilər də Moskvanın cinayət aləmində mühüm yer tuturlar. Doğrudur, indi erməni mafiyası özünün ən pis dövrünü yaşayır, amma erməni qanuni oğrular sayca başqa millətlərdən geri qalmır və fəaldırlar. Rusiya mətbuatının yazdığına görə, erməni mafiyası həmişə siyasətlə əlaqəli olub. Məsələn, ruslar ən böyük erməni mafiozu daha çox siyasətçi və diaspor nümayəndəsi kimi tanınan Serjik Cilovyanı hesab edirlər. Cilovyan öz mafioz sistemində bir çox nüfuzlu adamlarla, Moskvada erməni kilsəsinin apostolu Tiqran, nüfuzlu qanuni oğru Aleksandr Givoyev (Hay-Huy), Qarik Tavrizov (əslən Bakıdandır) və Aram Aybyan (Cazo), Cəmal Baroyan (Baron), Qaqik Gegamyan (Kartol), Robert Sarkisyan (Robik) kimi kriminal avtoritetlərlə sıx əlaqədədir.
Erməni mafiyası əsasən kiçik qruplaşmalardan ibarətdir. Onlar tikinti və nəqliyyat kimi sahələrdə fəaldırlar, eyni zamanda erməni mafiozlar bank və media sektoruna da təsirlidirlər. Məsələn, “Reqnum” və “LifeNews” agentlikləri kimi media qurumlar məhz ermənilərin nəzarətindədir.
9. Gürcü mafiyası. Moskvada soyğunçuluq, oğurluq, maşınqaçırma deyəndə ilk yada düşən gürcü mafiyasıdır. Gürcü mafiyası əsasən qanuni oğrular ətrafında formalaşıb. Ən çox qanuni oğru məhz gürcülərdəndir (100-dən artıq). Xırda xuliqanlıqdan başqa gürcü mafiyası hər zaman qumar oyunları və şou-biznesi öz nəzarətində saxlayıb. Mafiya əsasən Tbilisi, Kutaisi və Osetiya klanlarına bölünür. Tariel Oniani, Şakro Molodoy, Cemo, Merab, Robinzon kimi gürcü qanuni oğrularını az qala bütün dünya tanıyır.
 10. Orta Asiya mafiyası. Çoxları elə düşünür ki, Orta Asiyadan gələnlər Moskvada yalnız yük daşımaq və küçə süpürməklə məşğuldurlar, amma əslində onlar Moskvanın ən böyük mafiyalarından birini təşkil edirlər. Orta Asiyalıları vahid mafiya hesab etmək olmasa da, onlar bir-biriləri ilə sıx əlaqədədirlər.
Orta Asiya mafiyası Moskvada və, ümumiyyətlə, Rusiyada narkotik maddələrin dövriyyəsinin böyük hissəsini əllərində cəmləyiblər. Eyni zamanda onlar silah alveri və adam oğurluğunda da iştirak edirlər. Orta Asiya mafiyası dedikdə əsasən Özbək və Qırğız qruplaşmaları nəzərdə tutulur. Özbək mafiyasının Qafur Rəhimov, Səlim Abduvaliyev (Səlimbay), Yuldaş Aşurov (Juk – qanuni oğru) kimi simaları var. Qırğız mafiyası isə daha çox Risbek Akmatbayev və yeganə qırğız qanuni oğru Kamcibek Kolbayevlə tanınır. 

interaztv.com

Комментариев нет:

Отправить комментарий