Страницы

13.12.2013

“Qara siyahı” ədalətlidirmi?

Lalə Ramizqızı

Mətbuatı bu qədər sıxmaq korrupsionerlərin, dələduz və rüşvətxorların marağına uyğun gəlir.

Ölkə prezidenti cənab İlham Əliyevin “Jurnalistlərin dostu” elan edilməsi ürəyimcə oldu. Bəlkə bundan sonra mətbuatın üzərinə edilən yerli-yersiz hücumlar bir az azaldı.
Qəribədir, son zamanlar əlinə mikrafon keçirənlər yalnız jurnalistlərdən o ki var “döşəməyə” girişir. Guya ölkədə nə qədər çatışmazlıqlıq varsa, hamısının səbəbkarı jurnalistlərdir. İndi hamı kimi məni də bir sual düşündürür; nədən yazmalı və yaxud kimi tərifləməli? Axı səsləndirilən fikirlərdən belə məlum olur ki, jurnalist hər hansı idarənin fəaliyyətindən, müdirlərin, sədrlərin, direktorların özbaşınalıqlarından, süründürməçiliklərindən və hətta rüşvətxorluqlarından bir kəlmə olsun yaza bilməzmiş...
Yazarsan, həmin dəqiqə adının qarşısına “reket” kəlməsi artırıb inzibati orqanlara şikayət edərlər. İndi gəl görüm, özünü necə müdafiə edəcəksən? Bu da olmasa, ən azından Mətbuat Şurasına müraciət ediləcək ki, həmkarlarımız da bir o qədər araşdırma aparmaqda maraqlı olmayıb, mətbu orqanın adını qaralayıb, “qara siyahı”ya salacaqlar.
Necə ki, “Millətim”in adı illər uzunudur “qara siyahı”ya salınıb. Təbii ki, artıq bu bizi bir o qədər ilgiləndirmir. Çünki bir neçə dəfə müraciət edib, “Millətim”in adının layiq olmadığı siyahıdan çıxarılmasını xahiş etsək də, müraciətimiz qulaqardına vuruldu. Ən maraqlısı isə odur ki, nə üçün və hansı səbəbdən adımız qara siyahıya salınıb. Axı “Millətim”in heç bir əməkdaşı hansısa idarənin və ya müəssisənin qapısını döyməyib. Ümumiyyətlə, qapı-qapı gəzmək “Millətim”in fəaliyyət kursuna birmənalı olaraq zidd olub. Söhbəti təkcə “Millətim”in taleyi üzərində qurmaq fikrinən çox uzağam.
Ümumiyyətlə isə, Mətbuat Şurasının fəaliyyətinin əksər məqamlarını daima dəstəkləmişəm. Qeyri profesional, jurnalistikanın adına xələl gətirən, jurnalistikadan uzaq birilərinin ifşa edilməsinə dəstək verməyi vəzifə borcum hesab etmişəm. Ancaq “reket”lərin cəzalandırma mexanizmi dəyişməlidir. “Reket”liklə kiminsə şantaj edib para qazanmaq istəyinə düşən “jurnalist”lərin cəzasını inzibati metodla müəyyən etmək daha doğru olmazdımı? Axı belə olmazsa, saf niyyətlə hər hansı müəssisənin fəaliyyəti barədə yazı hazırlamaq istəyən jurnalist, yazdığı tənqid qarşılığınnda həmin müəssisələrin rəhbərləri tərəfindən şantaja məruz qalmazmı?
Çətindir...İndi jurnalistlərin durumu çox çətindir.  Bir neçə gün öncə telekanallardan birində jurnalistlərin fəaliyyətinə həsr edilmiş verilişə baxdım. Müzakirələrdəki primitivlikdən xəcalət çəkməmək mümkün deyildi. Sonrakı söhbət jurnalistdən deyil, hansısa tüfeyli barədə aparılırdı. Dünənə qədər isə jurnalistləri  “dördüncü hakimiyyət”in nümayəndələri adlandırılmağımızdan qürur duyurduq.
Söz yox, həmkarlarımızdan hansınınsa reketliyə qurşandığını bilə-bilə onu müdafiə etməyin özü yanlışlıq olardı. Bununla belə, konkret olaraq fəaliyyət dairəmiz müəyyənləşməli, informasiyanı  necə almağımızın yolları göstərilməlidir. Düzdür, indi əksər nazirliklərin, idarələrin mətbuat xidmətlərinin mövcudluğunu vurğulayıb, onlarla əlaqə saxlamağı məsləhət edə bilərsiniz. Həmin məsləhəti vermədən öncə, çalışın özünüz mətbuat xidməti adıyla əməkhaqqı alanlardan informasiya əldə etməyə. Əgər bunun öhdəsindən gələ biləcək həmkarlarımız tapılsa, onda onu xüsusi mükafata layiq görmək vacibdir.
Bu gün hər bir jurnalist qürur duya bilər ki, ölkə prezidenti bizim dostumuzdur. Sözün əsil mənasında prezidenti özümüzə dost hesab ediriksə, onda öz fəaliyyətimizlə prezidentə dəstək verməliyik. Bu dəstək isə rüşvətxorluğun, korrupsiyanın, süründürməçiliyin, saxtakarlığın ifşa edilməsinə yardımımızla edilməməlidirmi? Əksinə, bunları görməzdən üstümüzə hücum çəkənlər elə bağırırlar ki, qeyd etdiyim əməlləri guya bəzi yarıtmaz məmurlar deyil, jurnalistlər törədir.
Bəli, “Millətim” qəzeti öz fəaliyyət prinsiplərinə uyğun olaraq “qapı-qapı” gəzməyin tam əleyhinədir. Həm də daima bir çağırışımız olub ki, ölkədə yeganə olaraq prezidentimiz tənqid edilməsin. Əksinə, onu daima müdafiə etməyimizlə, beynəlxalq aləmdə daha da güclü görünməyinə çalışmalıyıq. İlham Əliyev apardığı möhtəşəm, uğurlu daxili və xarici siyasəti ilə təbliğ olunmağı doğrudan-doğruya haqq edir. Ancaq elə məmurlar var ki, tənqidi jurnalistikasız xalqın başına min oyun açarlar. Tənqid, jurnalist araşdırması istənilən cəmiyyət üçün zəruridir. Cəmiyyətdə baş verən neqativ halların aradan qaldırılmasında jurnalistikanın xidmətini inkar etmək nadanlıq olardı.
Təbii ki, jurnalistika yalnız tənqiddən ibarət deyil. Çağdaş tariximizin əksər məqamları jurnalistlərin qəzet və jurnallarda yer almış yazılarıyla qələmə alınacaq. Həvəsləndirmə də jurnalistikanın əsas mövzularından olmalıdır. Müharibə şəraitində yaşamağa məcbur edilmiş ölkəmizdə gənclərə vətənpərvər hisslərin aşılanması üçün həvəsləndirmə yazıların rolu əvəzsizdir. Eləcədə hərbi xdmətdə olan əsgərlərimiz barədə yazılara xüsusi diqqət yetirməliyik.
Kim deyir ki, səhvsizik? Belə düşünməyin özü qəbahət sayılır. Hər kəsin səhvi olur və hər kəs səhvlərini aradan qaldırmaq üçün dost məsləhətinə ehtiyac duyur. Çəlin, hamılıqla jurnalistləri özümüzə dost hesab edək. Onlara öz peşə fəaliyyətlərini icra etmək üçün imkan yaratmaqdan çəkinməyək.
İnanın ki, əsil peşəkar jurnalistlər öz fəaliyyətlərini Vətən, millət sevgisi üzərində qurublr. Milli jurnalistikamızın inkişafı naminə jurnalistlərin müstəqil informasiya ala bilmələrinə, azad fəaliyyətlərinə imkan yaradılması hədsiz zəruridir.

"Millətim" qəzeti

Комментариев нет:

Отправить комментарий