Страницы

05.12.2013

Tatuajlar nə qədər təhlükəlidir?

Düzgün edilməyən tatuaj insanı əlindən, ayağından edə bilər

İllər ötdükcə gözəllik xatirinə müxtəlif üsullar - tatu, pirsinq, botoks, silikon və s. meydana çıxdı. Bunlar çox zaman qəbul olunmasa da, yeniliyi və qeyri-adiliyi sevənlərin sayəsində cəmiyyətin gözü bunlara alışmağa başladı. Bu gün çox az qadın tapmaq olar ki, süni gözəllik üsullarından istifadə etməsin. Qadınların ən çox müraciət etdiyi üsullardan biri də tatuajdır. 
Hindlilər, yaponlar və Afrikadakı bəzi qəbilələr tatuajı bəzək kimi qəbul etsələr də, bir çox cəmiyyətlərdə tatu xəstəliklərdən və mənfur ruhlardan qorunmaq üçün istifadə edilir. Tatu sənətinin çox qədim tarixi var.
Belə ki, Misir Fironlarında tatuajın olması günümüzdə aşkar edilən mumiyalardan aydın görünür. Romada və Yunanıstanda isə tatu damğa kimi ancaq kölələrə edilərdi. Xristianlıq dini bir ara tatunu qadağan etsə də, buna qarşı çıxan ilk xristianlar bədənlərinə İsanın adını, ya da xaç naxışları daşıyan döymələr etdirmişdilər. 
Tatu sənəti XX əsrin əvvəllərində dənizçilər arasında daha çox məşhur idi. Onların fikrincə, tatu romantik duyğuları və sevgini özündə birləşdirirdi. Bəzi ölkələrdə tatu vurularkən təmizlik şərtlərinə riayət edilməməsi AİDS və s. bu kimi xəstəliklərin yayılmasına səbəb oldu. Bununla da icazəsiz tatuajın edilməsinə qadağalar qoyuldu. Hazırda dünyanın bir sıra ölkələrində tatuaj sənəti var. 
Qardaş ölkə Türkiyənin bir sıra kəndləri var ki, o kəndlərdə döymənin xüsusən qadınlar tərəfindən qadınlara edilməsi bir ənənədir. Döymə xüsusən iki qaşın arasına və dodaq altına edilir, mənası isə böyük bir tayfanın ən böyük xanımı deməkdir. Məhz bu xanımlığa yüksələn qadınları digərlərindən ayırmaq üçün bu formada döymələr edilir. 
Avropada son illər döymə xüsusi məna kəsb edir. Belə ki, ailə quran cütlüklər nişan üzükləri yerinə məhz nişan barmağına üzük və ya hər hansı bir işarə döydürürlər. Keçici olan bu döymələr müəyyən müddətdən sonra yenidən işlənilir. Qalıcı edilməyən döymələr gələcəkdə ailənin boşanacağı təqdirdə problem yaratmaması üçün müddətli edilir. Bu üsul həm daha rahatdır, həm də sədaqət rəmzidir. Hər iki təfər əmin olur ki, sevdiyi insan istənilən məkanda bu işarəni silib, özünü subay insan kimi qələmə verə bilməyəcək. 
Azərbaycanda da tatu etdirənlər az deyil. Kimisi tatunu gözəllik, kimisi sədaqət rəmzi kimi qəbul edir. Bəziləri isə sadəcə dəbə uymağa çalışır. Daşıdığı döymənin mənasını bilmək isə ümumiyyətlə, heç kim üçün maraqlı deyil. 
Gənclər tatuaja müsbət, orta nəslin nümayəndələri lazımsız, yaşlılar isə dəhşət kimi yanaşırlar. Bakı sakini Tovuz Qurbanova deyir ki, döyməni ilk dəfə Bakıya gələndə konduktor oğlanın əlində görüb. Özü də qadın bədəninin forması: "Gəncədən Bakıya gələndə avtobusda gördüm. Elə bildim mazutdu, hardansa dəyib. Sonra dedilər ki, o döymədir. Pis görünür, ləkə kimi. Bizim vaxtımızda bədəndə olan hər hansı bir ləkəni yox etmək üçün əldən-ayaqdan gedirdik. İndi bunlar pulla bədənlərinə ləkə vurdururlar". 
Nazlı Cəlilova isə tatuajın tam tərəfdarıdır. Dediyinə görə, bir işarə ilə nə insanın insanlığı, nə də xarakteri dəyişir. "Gözəllikdir, burda pis nə ola bilər, axı" deyən həmsöhbətimiz biləyinə sonsuzluq işarəsi çəkdirmək niyyətində olsa da, valideynləri buna icazə vermir. Deyir ki, nə vaxtsa öz ixtiyarı özündə olsa, mütləq tatu etdirəcək. "Xoşum gəlmir xalçaya bürünmüş adam kimi görünməkdən. Həddindən artıq bəzəmərəm özümü. Amma kiçik işarələrin nə ziyanı olar. Sevirəm, qızlarda olan döymələrə qarşı isə xüsusi həssasam, çox bəyənirəm". 
Bakıda döymə məkanları olduqca çoxdur. Belə yerlərin əksəriyyəti təmizliyə, gigiyenik qaydalara ciddi riayət etmədikləri üçün özlərini gizləməyə məcburdurlar. Gözəllik salonlarında edilən kiçik döymələr istisna olmaqla kifayət qədər "padval" döyməçiləri də var. Elə bu döyməçilərə görə də dəhşətli xəstəliklərə tutulanlar az deyil. Qalıcı tatuaj AİDS-dən xroniki böyrək çatışmazlığına qədər bir çox xəstəliyə səbəb olur. Xüsusilə yaz aylarında gənclərin böyük maraq göstərdiyi tatuaj bədəni xəstəliklərə qarşı zəiflədir. 
Mütəxəssislərin fikrincə, qışda zəifləmiş bədən xarici təsirlərə məruz qaldığı üçün zəifləyir. Belə zamanlarda müxtəlif infeksiyalara yoluxmaq daha asan olur. Tatu sənətinin insanlara verdiyi ən böyük zərər isə AİDS-in surətlə yayılmasıdır. Müvəqqəti tatuajlar da ən azı qalıcı tatuajlar qədər təhlükəlidir. 
Dermatoloq Sahib Rzayevin sözlərinə görə, dəriyə ən böyük zərbəni elə tatuaj vurur. Çünki iynələrlə işlənilən tatuaj birbaşa dərinin altına müdaxilə edir: "Tatuirovka geniş sahələrə və qeyri-steril şəraitdə vurulanda toksiki dermatoz əmələ gələ bilər. Bu zaman qan zəhərlənir. Bəzi insanlarda çapıqlanmaya meyllilik var, buna kelloid xəstəliyi deyirlər. Bu cür insanlara tatuaj vurulanda dərinin tamamlığı pozulur, dəridə çapıqlar əmələ gəlir ki, bunlar da kelloid çapıqlar adlanır. Dərinin altına vurulan maddələrin, piqmetnlərin nə qədər təbii olması da şübhə altındadır. Zarafat deyil, düzgün edilməyən tatuaj insanı əlindən, ayağından edə bilər. Tatu etdirmək istəyən insanlara məsləhətim budur ki, qara xınadan istifadə etsinlər. Həm qalıcı deyil, həm də təhlükəsi yoxdur" deyən həmsöhbətimizə görə, döymənin ziyanı sayılmayacaq qədər çoxdur, konkret dermatoloji baxımdan dəriyə kəskin ziyan vurur, tamlığını pozur və vurulan maddənin keyfiyyətindən asılı olaraq dərinə çuxurlar yaradır. 
Dinimizdə də tatuaj haram buyurulub. Hacı Kamilin sözlərinə görə, öncə tatuaj prosesi ağrılı olduğu üçün haramdır. "İnsanın orqanizminə zərər vurması haram buyurulub. Tatuaj zamanı insanın bədəninin müəyyən bölgəsi ağrıya məruz qalır. Bu səbəbdən haramdır. İkinci bir səbəb isə insanın dərisi altında yad cismi daşıması ilə bağlıdır. Bundan əlavə, bədənin müxtəlif hissələrinə xal, süni qaş və s. çəkdirənləri mütləq ki, cəhənnəəm əzabı gözləyir. Çünki lazım olanı Allah yaradır və sonradan insanın ona müdaxilə etməsi yolverilməzdir. İstər kişi olsun, istər qadın, fərq etməz, tatuajın namaza, dəstamaza heç bir aidiyyatı yoxdur. Dində haram buyurulub və edilməsi qadağandır". 
Tatuaj edənlər isə bu qadağanın və haramın fərqində ola-ola işlərini davam etdirirlər. Şəhərin məşhur salonlarından birində döymə ustası olan Vüsal tatu sənətinin incəliklərini Almaniyada öyrəndiyini deyir. 3 ildən artıqdır ki, bu işlə məşğul olan ustanın sözlərinə görə, bu günə qədər 200-ə qədər döymə edib. Dediyinə görə, döymə üçün yanına gələn ən yaşlı müştərisi 60 yaşlı bir qadın olub. "Ağlıma da gətirməzdim ki, elə yaşda bir müştərim osun. Qadın sinəsinə "ürək" işarəsi və içinə 3 hərf döydürdü". 
Onun sözlərinə görə, müraciət edənlər çox zaman nə istədiklərini bilməsələr də, kataloqa baxandan sonra qərar verirlər. Usta bildirir ki, tatuda işlənilən şəkillərin mənaları çox dərindir. Kimi öz sevgisini, kimi adının şəkillərlə ifadəsini, bəziləri əzab-əziyyətini, bir başqası arzuladığı maşının modelini, digəri isə güc simvollarının döydürülməsini istəyir. "Döyməyə və xüsusən onların mənalarına marağım böyükdür. Öz kataloqumda da döymələrin mənaları yazılıb. Tatuaj etdiyim insana hökmən mənasını da başa salıram. Babamın əlinin üstündə olan döymələrə marağım böyük olub. Onların rəngi açıq yaşıl idi. Sonradan bildim ki, döymənin rəngi vurulan piqmentin tündlüyündən asılı imiş". 
Vüsal deyir ki, Azərbaycanda bir çox salonlarda tatu edilsə də, ən steril salonlardan biri elə onun çalışdığı salondur. "Bir əlcəyi ikinci dəfə geyinmirəm. İynələrim mütləq steril olur. Eyni zamanda gələn insandan da allergiyası, hər hansı bir xəstəliyinin olub-olmadığını soruşuram". 
Müsahibimiz oğlanların ən çox heyvan başları, qılınclar və yapon hərflərinə, qızların isə lələklər və kiçik naxışlar döydürdüklərini deyir. "Biz ən çox qara döymə edirik. Rəngli tatuaj çox baha olur. Çünki rəngli piqmentlərin qiyməti çox bahadır. Ən ucuz sadə qara tatuaj 40 manatdır. Bu, rəngli olarsa, qiymət 240 manata qədər qalxar. Nadir insan tapılar ki, bu qiymətə elətdirsin. Ona görə bu piqmentləri sifariş edib gətirtmək bizə sərf etmir. Ən çox istənilən döymə rum və yəhudi rəqəmləri ilə yazılmış yazılardır. Doğum günü tarixləri istəyənlər, kiçik ulduzlar istəyənlər də az deyil". 
Dediyinə görə, 18 yaşından aşağı insanlara tatu etmirlər. 25 yaşından aşağı olan qızların isə valideyni ilə gəlməsi mütləqdir. "Çünki sonra problem yaranır. Mənim isə kiminləsə dalaşmağa vaxtım və marağım yoxdur". 
Onun bildirdiyinə görə, döymə ilə tatuaj əslində fərqlidir. Bilən insanlar bunları ayıra bilər. Döymə sadəcə döyülərək qara, göy işarələrdir. Döymə hər hansı bir yerin izi, ləkəsi deməkdir. "Döymə əsgərliyin, həbsxananın, məhəllə qarajlarının qaranlıqlarının yadigarıdır. Amma tatu sırf peşəkar bir incəsənətdir. Azərbaycanda tatuaj hələ ki, məhşur deyil". 
Kiçik bir tatuaj təxminən 20-25 dəqiqəyə edilir. "Ağrı olur, sadəcə psixoloji olaraq buna hazır olmaq lazımdır" deyən Vüsalın sözlərinə görə, keçici tatuaj deyilən bir şey yoxdur. "Mən 1 aylıq, 2 aylıq tatu elətdirmişəm deyənlər var, hansı ki, onların bu sahədən, ümumiyyətlə, başları çıxmır. Tatuajın vurulma prosesini sözlə izah etsəm də, çətin başa düşmək olar. Sadəcə, onu deyim ki, iynələrlə dəri altına mürəkkəb yeridirik". 
Müsahibimiz bildirir ki, tatunu silmək də mümkündür. Bunu çox yerdə edirlər. Lakin düzgün silinməyəndə izlər, yanıqlar da qala bilir. Buna görə düzgün məkan seçmək vacibdir. Qara, tək rəng döymələrin silinməsi sarı, qırmızı, yaşıl döyməyə nisbətən daha asan olur. "Döymənin silinməsinə təsir edən ən əhəmiyyətli faktor döymənin dərinliyidir. Tatu boyası nə qədər dərindədirsə, silmə əməliyyatı o qədər çətin olur. Çünki döymə lazerlə silinir. Lazer işığının təsiri dərinin nə qədər altına ensə, o qədər azalır. Lazerlə tatu sildirmədə böyük rol oynayan digər amil isə döymənin edildiyi nahiyədir. Məsələn, üz və boyun bölgələrində işləmək daha asandır. Üz və boyun bölgəsindən uzaqlaşdıqca döymə sildirmə əməliyyatı çətinləşir. Sildirmə 1 ilə 10 seans arasında dəyişir. Açıq rəngli döymənin silinməsi tünd rəngli döyməyə görə daha çətindir. Bundan başqa, açıq dəri rənginə sahib insanlarda nəticə daha yaxşı olur. Döymənin professional, ya da həvəskar şəkildə edilmiş olması döymə silmə əməliyyatının seans sayına təsir edir". 

İradə CƏLİL      Günay RAMİZQIZI               online.ekspress.az

Комментариев нет:

Отправить комментарий