Страницы

29.01.2014

Geni dəyişdirilmiş məhsullar və insan faktoruna vurulan zərbə

Əkrəm Bəydəmirli

Bu gün geni dəyişdirilmiş Genetik Modifikasiya Olunmuş (GMO) məhsulların ölkəyə gətirilməsi, onların törədə biləcəyi fəsadlar barəsində cəmiyyətdə ciddi narahatlıqlar müşahidə olunur.
Həmin qidaların istifadəsinin fəsadları da hiss olunmaqdadır. Qanunla isə GMO məhsulların Azərbaycana gətirilməsi qadağan olunub. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan 2000-ci ildə “Bioloji müxtəlifliyə dair” BMT-nin konvensiyasına, 2005-ci ildə isə bu konvensiyadan irəli gələn “Biotəhlükəsizliyə dair Kartagen protokolu”na qoşulmuşdur.
Sonuncu sənədin tələblərinə görə, Azərbaycan GMO (genetik modifikasiya olunmuş orqanizm) mənşəli toxumların, malların nəzarətsiz buraxılmaması, risklərin öyrənilib qiymətləndirilməsi, bu sahədə əhalinin müntəzəm məlumatlandırılması kimi öhdəlikləri öz üzərinə götürüb. 
Verilən məlumatlara görə, bu məhsulların ölkədə yayılmasının qarşısını almaq üçün bir sıra dövlət qurumları birlikdə tədqiqatlar aparmalıdır. Əgər  araşdırmalar zamanı hər hansı formada geni dəyişdirilmiş genetik materiallar aşkara çıxarılarsa, laborator analizlərdən sonra onların məhvi barədə qərar qəbul edilməlidir. Ancaq nə etmək olar, satış mərkəzlərinin piştaxtalarını bu məhsullar  hər zaman bəzəyir.  
Təəssüf ki, bu sahə getdikcə inkişaf etməkdədir. Müşahidələrə görə, idxalın xeyli hissəsini mənşəyi bilinməyən məhsullar təşkil edir. Digər tərəfdən, Azərbaycanda da GMO əkinçiliyi, bitkiçiliyi inkişaf edib. Bir çox hallarda yerli fermerlər həm bostan məhsullarının yetişdirilməsində, həm də bağçılıqda məhz  həmin növ toxumlara, bitki şitillərinə üstünlük verirlər. İstehlakçı kimi hər birimiz mövsümü olaraq yetişdirilən bu məhsulları alarkən keyfiyyətsizliyini hiss edirik. 
Bu ticarətlə, bəzi hallarda onun yetişdirilməsi ilə məşğul olan şəxslər və onları himayə edən qüvvələr bildirirlər ki, bunlar GMO məhsullar deyil.
Bir vacib məqamı da qeyd etmək lazımdır ki, xaricdən idxal olunan bütün məhsulların  hamısına GMO adı vermək düzgün deyil. Hansı məhsulun GMO olduğunu laborator analizlərdən sonra müəyyən etmək olar. Bu gün müstəqil laboratoriyaların mövcudluğu və fəaliyyəti şübhə doğurur. Belə məqamda istehlakçı aldanır,  pulunu və sağlamlığını itirir.
Mən araşdırmalar nəticəsində bəzi rəqəmlərlə rastlaşdım. Deməli, Azərbaycanda yetişdirilən və satılan pomidorun 70, kartofun 40, qarpızın 60 faizini yeni növ məhsullar təşkil edir. Bunlar GMO məhsullarıdırmı, yaxud nədir onu demək çətindir. Əsas odur ki, həmin məhsullarların keyfiyyəti yoxdur və mənşəyi şübhə doğurur.
Digər bir narahatlıq doğuran Quba alması barədə bəzi məqamları qeyd etmək istərdim. Öncə onu qeyd edim ki, həmin bölgənin şanlı-şöhrətli almalarına rast gəlmək mümkün deyil. Bu gün Quba bağlarında daha çox yeni alma növlərinə üstünlük verilir. Yerli fermerlərin qənaətincə, bunun səbəbi isə daha çox məhsul əldə etmək istəyi ilə bağlıdır. Bəzən Quba alması adı ilə müxtəlif yerlərdə satıılan bu məhsulların satışı fermerlərin büdcəsini xeyli qaldırır. İstehlakçıların övqatını qaldırması çətin məsələdir.
Çox bəsit olsa da, bu fikri demək istərdim. Azərbaycan kimi zəngin iqlim şəraiti olan məkanda GMO məhsullarının yetişdiriməsinə nə ehtiyac var? Axı gen mühəndisliyinın olmadığı, yaranmadığı əvvəlki dövrlərdə daha yaxşı məhsullar yetişdirilirdi. Bu günün mənzərəsi onu deməyə əsas verir ki, GMO əməliyyatları kimlərinsə daha yaxşı para qazanmasına xidmət edir. İnsan faktoru, istehlakçının sağlamlığı hər bir normal cəmiyyətlərdə dəyərli kapitaldır. Onu da unutmaq olmaz ki, zərərli məhsullar Qarabağ münaqişəsi qədər insan faktoruna zərbə vurur.
Mənşəyi bilinməyən geni dəyişdirilmiş, xüsusilə xaricdən gətirilən bu məhsulların əhalinin genefonduna vurduğu ziyanı ortalığa çıxarmaq üçün ciddi tədqiqatlara ehtiyac var. 
Bu gün insanların böyük əksəriyyəti sağlamlığından şikayət edir. Əvvəlki illərlə müqayisədə xəstəxanaların xəstə sarıdan  problemi yoxdur. Mənim fikrimcə, bu qədər xəstəliklərin artmasının səbəblərindən biri də GMO məhsullardır. Çünki insanların qidalandığı bu məhsullarda olan zəhərli tullantılar zaman-zaman  yığılıb qalır. Nəticələr isə göz qabağındadır. Bu sahədə həyəcən təbili çalınmalıdır. 
İlk növbədə müxtəlif təbəqələr arasında maarifləndirmədən başlamaq lazımdır. İstehlakçı bilməlidir ki, onun qidalandığı məhsulun keyfiyyəti necədir, meyvə və tərəvəzlərin geninin dəyişdirilməsi nə deməkdir. İkincisi, yerli istehsala diqqət və qayğı daha da artmalıdır. Əgər geni dəyişdirilmiş müxtəlif bitkilərin, meyvə və tərəvəz növlərinin toxumundan yerli sahibkarlar tərəfindən istifadə olunursa, bu işə nəzarət edilməlidir, müxtəlif tədqiqat mərkəzləri tərəfindən bu məsələlər araşdırılmalıdır. Ən əsas bu sahədə ictimai nəzarəti təmin etmək məqsədilə  geniş tərkibli QHT Koalisiyasının yaradılmasına ehtiyac var.

qhtxeber.az

Комментариев нет:

Отправить комментарий