Страницы

27.02.2014

1-ci kanalın 58-ci yaşı

Elçin Bayramlı

1926-cı ildə Bakıda Şərqin ilk radio verilişləri stansiyasının fəaliyyət başlamasından düz 30 il sonra- 1956-cı il fevralın 14-də  Bakıda Televiziya Studiyası fəaliyyətə başladı. Bu televiziya da Şərqdə ilk idi.
“Sehirli güzgü”nün efirini sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək gənc aktrisa Nəcibə Məlikova “Göstərir Bakı!” sözləri ilə açıb və tamaşaçıları təbrik edib. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. İlk rəhbəri Ənvər Əlibəyli olan Bakı televiziya studiyası SSRİ-də ən inkişaf etmiş televiziyalardan sayılırdı.
1985-ci ildə müxtəlif proqramlarla Mərkəzi Televiziyadakı çıxışlarına görə Sovet İttifaqı üzrə 4-cü yeri tuturdu.
1981-ci ildə tikilməsinə başlanan 310 metrlik teleqüllə dünyada ən hündür qüllələrdən biridir. Hazırda Azərbaycan televiziyasının yaydığı verilişlərə peyk vasitəsilə dünyanın əksər ərazilərində baxmaq mümkündür.
1991-ci ildən sonra Azərbaycanda özəl telekompaniyalar yaranmağa başladı. Hazırda ümumrespublika telekanallarının sayı 10-a çatıb. 10-dan artiq regional televiziya var. İndi internet televiziyalarının sayı da  artır. Nəticədə Ana Televiziyamızın tamaşaçı auditoriyası xeyli azalıb.
Lakin Azərbaycan televiziyası həmişə hamımız üçün sözün hər mənasında 1-ci kanal olaraq qalır- hər nə qədər bəzi “samozvanets” telekanallar heç bir əsas olmadan özlərini “1-ci kanal” adlandırsalar da.
Azərbaycan Televiziyası ölkəmizin, xalqımızın mədəniyyət məbədidir, vizual xəzinəsidir. Onun arxivlərində sayı-hesabı bilinməyən veriliş, kino, müxtəlif filmlər və s teleistehsallar qorunub saxlanır.
Mən bilmirəm, həmin arxivin yeni texnologiya ilə yeni disklərə və digər informasiya daşıyıcılarına köçürürüb qorunması nə səviyyədədir, amma internetdə rast gəldiyim köhnə bəzi teleistehsallar deməyə əsas verir ki, hər halda bu iş aparılır.
Məlum olduğu kimi, köhnə lentlər və onları oxudan aparatlar zamanın təsiri ilə sıradan çıxır. Onları yeni rəqəmsal arxivə köçürmək və gələcək nəsillər üçün qorumaq lazımdır. Hətta yaxşı olardı ki, bir çoxu internetdə yerləşdirilsin ki, ölkə və dünya tamaşaçıları üçün daha əlçatan olsun.
Ana televiziyamızın üstünlüyü təkcə bunda  deyil. Xalqın maarifləndirilməsi, onların bədii-estetik zövqünün yüksək səviyyədə formalaşması, bilik və dünyagörüşünün artırılması, milli və bəzəri dəyərlərin qorunması və təbliğ edilməsini özündə ehtiva edən proqram siyasətindədir. Bu sözlər elə bu gün öz ad gününü qeyd edən (14 fevral 2011-ci ildə AztV-nin nəzdində yaradılmış) və qısa müddətdə tamaşaçıların ən sevimli kanalına çevrilmiş “Mədəniyyət” kanalına da aiddir.
Çox təəssüf ki, bunları bunları özəl telekanallarda görmürük. Əskinə, bu telekanallar sanki cəmiyyətin mənəvi-əxlaqi cəhətdən aşınması, dəyərlərin mənfi istiqamətdə dəyişməsi, gənc nəslin təlim-tərbiyəsinə sağalmaz yaralar vurulması, aqressivliyin, eqoizmin, maddiyyatçılığın təbliği, pis nümunələrin cəmiyyətə yaxşı numunə kimi göstərilməsi kimi məsələlərdə kiminsə qarşısında öhdəlik götürüblər.
Düzdür, onların AzTv kimi nəhəng arxiv bazası yoxdur. Lakin səviyyəli verilişlər yaratmaq üçün maliyyə, texniki, kadr cəhətdən heç bir problemləri də yoxdur. Necə olur ki, mənasız, hətta zərərli verilişlərə milyonlarla vəsait sərf edilir, amma cəmiyyətin xeyrinə olan teleistehsallara pul tapılmır?!
Özəl telekanalların efirində sosial reklamlara nadir hallarda rast gəlirik. Nadir halda yayımlananların da haqqını od qiymətinə hansısa təşkilatdan alırlar, halbuki Reklam haqqında Qanunda sosial reklamların pulsuz, həmçinin simvolik ödəniş müqabilində ümumi reklama ayrılmış vaxtın azı 5 faizi həcmində yayımlanması öhdəliyi təsbit olunub.
Ədalət naminə, AzTv-nin tamaşaçı kütləsinin azalmasının səbəblərini qeyd etmək lazımdır. Bu da sırf siyasi və xəbər verilişləri bağlıdır. Bu kanalda sosial problemlərin işıqlandırılması da zəifdir. Bunlar da onun dövlət televiziyası olması ilə bağlıdır.
Bütün bunlara rəğmən demək olar ki, Azərbaycan televiziyası 58 ildə layiqli yol keçib, xalqımızın zəngin mədəniyyətinin dünyaya çatdırılması, cəmiyyətin maarifləndirilməsi,  elmin, təhsilin, humanist dəyərlərin təbliği üçün böyük əmək sərf edib.
Ana Televiziyamızın ilk efir günündən indiyədək orda çalışmış bütün əməkdaşlarını təbrik edir, dünyasını dəyişənlərə ruhu şad olsun deyirik. Bayramınız Mübarək!

modern.az

Комментариев нет:

Отправить комментарий