Страницы

20.02.2014

Ayaz Mutəllibov: “Çingiz Mustafayevi ora məhz mən göndərmişdim”

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov ilə müsahibə

"Amma mən Xalq Cəbhəsini Xocalı genosidinin törədilməsinə görə heç vaxt ittiham eləməmişəm"

-Ayaz müəllim, Xocalı soyqırımından sonra sizin mətbuat xidmətiniz orada baş verən faciənin miqyasının böyük olmasını inkar etdi və bildirdi ki, Xocalıda yüzlərlə adamın həlak olması barədə deyilənlər həqiqətəuyğun deyil. Siz o faciənin miqyasını əvvəlcə niyə gizlətməyə çalışdınız?
-Kimin nə haqda məlumat yaymasının indi heç bir əhəmiyyəti yoxdur. Xocalıda baş verənlər fevralın 25-i saat 23:00-a qədər bizə ümumiyyətlə məlum deyildi. İstənilən halda mən təkzib haqda da heç kimə heç bir tapşırıq verməmişdim.
Bunu niyə qətiyyətlə dediyimi izah edim. Çünki o zamankı milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov və daxili işlər naziri Tofiq Kərimov da mənim yanımda idilər. Hətta onlar da faciənin miqyası barədə heç nə bilmirdilər. Bizim əlimizdə Xocalıda baş verənlər barədə heç bir informasiya yox idi. İndi də yoxdur. Bu gün bu mövzunu qurdalamaq, “nə qədər adam ölüb, hakimiyyət bunu niyə gizlədib” deyə suallar vermək əsla lazım deyil. Bunu gizlətmək mənim nəyimə lazım idi?! Bu, daha çox bəzi rəhbər şəxslərin özfəaliyyətinin nəticəsi idi. İndi bunu çoxu deyəsən unudub ki, jurnalist Çingiz Mustafayevi ora məhz mən göndərmişdim. Göndərmişdim ki, bu genosidin miqyasını lentə alsın. Buna baxmayaraq bəziləri nəyə görəsə iddia edirlər ki, mən faciə qurbanlarının real sayını guya gizlədirəm. Baş verənlərin mahiyyətini bilmədən belə danışmaq olmaz. Əgər bu primitiv millətçilər mənə qarşı bir-birinin ardınca təxribatlar törətməsəydilər, sizi əmin edirəm ki, heç nə də baş verməyəcəkdi.

-Amma siz bir dövlət başçısı olaraq yaxınlaşan fəlakəti öncədən görməli və bunun qabağını nə yolla olursa olsun almalı idiniz...
-Xocalıda, ümumən Dağlıq Qarabağda baş verənlərin hamısı geosiyasi çalarlara malik idi. Bunların geopolitika baxımından sətiraltı anlamları vardı. 1991-ci ilin oktyabrında, ya da ondan azca əvvəl Azərbaycanın Ali Sovetində sovet qoşunlarının Azərbaycandan çıxarılması və Viktor Polyaniçkonun rəhbərlik etdiyi Dağlıq Qarabağ üzrə komitənin buraxılması məsələsi müzakirə olunurdu. Bu qərar mənim iradəmin əleyhinə olaraq qəbul edildi. Dağlıq Qarabağ üzərində nəzarəti SSRİ-nin Daxili Qoşunları ilə birgə məhz bu komitə həyata keçirirdi. Bu da erməniləri narazı salırdı. Bununla belə ora biz nəzarət edirdik. Ali Sovet bu qərarı qəbul edəndən sonra qoşunlar çıxdı. Bizim əlimizdə isə Qarabağ üzərində nəzarəti həyata keçirməyə öz qüvvələrimiz yox idi. Sərəncamımızda yalnız vəziyyətə nəzarət etmək üçün lazımi qədər gücə malik olmayan OMON vardı. Bununla belə biz Şuşa və Xocalıya bacardığımız qədər kömək edirdik. Sizə bir əhvalatı danışım. Baronessa Koks bir dəfə Qarabağa gəlmişdi. Mənim göstərişimlə ona Qarabağı təcili tərk etməsi və rəsmi Bakının icazəsi olmadan bir daha ora ayaq basmaması üçün vaxt verdilər. SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanov səhərisi gün mənə zəng elədi: “Ayaz, sən nə edirsən? Sənin üzündən biz diplomatik qalmaqalla üzləşmişik”. Mənsə ona dedim ki, bəs birinin evinə çağırılmamış qonaq kimi gəlmək nə vaxtdan dəbə minib. Baronessa Koks növbəti dəfə Qarabağa gəlmək istəyəndə bu səfəri Bakı ilə razılaşdırmağa məcbur oldu. Mən baronessa Koksla görüşdüm, iki saat söhbət etdik. Sonra o, jurnalistlərə dedi ki, “prezident Mütəllibov haqlıdır, o, mənim vəziyyət barədəki baxışlarımı dəyişdirdi”.

-Yaxşı xatırlayırıq ki, siz bu və ya digər generalı müdafiə naziri təyin edən günün az qala səhərisi Xalq Cəbhəsi Müdafiə Nazirliyinin binası qarşısında o dəqiqə piket keçirir, sonra da binaya soxularaq “yeni yaramaz” naziri kabinetdən çıxarıb qovurdu. Bu dərəbəyliyin qarşısını almaq, onu yaradanların cavabını vermək doğrudanmı heç cür mümkün deyildi?
-“Narıncı inqilab”ların ilk təcrübəsi Bakıdan sınaqdan çıxarılıb. Fikir verin, metodlar da eyni idi: hökumət binalarının mühasirəyə alınması, hakimiyyət rəhbərlərinin yaxın ətrafının satqınlığı, sabotaj. Bəyəm Yanukoviç indi Ukraynada nəsə edə bilir? Bax, o zaman da mən belə vəziyyətdə, hətta daha pis durumda idim. Baxın, indi Azərbaycanda polis var, Daxili Qoşunlar var. Mənim sərəncamımda isə bunların heç biri yox idi. Bundan əlavə, Qərb o zaman bütün yeni dövlətlərə hələ uzaqdan durbinlə baxırdı. Təsəvvür edin ki, o zaman repressiyalara başlasaydım, gör nə olardı. Bütün dünyada hamı səs-səsə verib deyəcəkdi ki, Mütəllibov diktatordur.

-Amma indidən fərqli olaraq Azərbaycan o zaman Avropa Şurasının üzvü deyildi, Qərb qurumları ilə sıx münasibətləri yox idi...
-Düzgün yanaşma deyil. Qərb Azərbaycanın geosiyasi əhəmiyyətini nəzərə alaraq burada baş verənləri həmişə diqqətlə izləyib. Doğrudur, Qərb o zaman bizə birbaşa təzyiq göstərmirdi. Amma Qərb Moskvaya təzyiq edirdi, Kreml də bizə. Bəs bu əldəqayırma “demokratlar” haradan çıxmışdılar? Onları da elə həmin bu Moskva və Qorbaçov yaratmışdı. Özünüz düşünün, Xalq Cəbhəsinin rəhbərləri kimlər idi? Hamısı heç nəyə yaramayan savadsız adamlar. Doğrudur, orada yaxşı ziyalı adamlar da vardı. Amma onlar Elçibəy kimi millətçi ilə savaşda uduzdular. Bütün bunlar məgər təsadüfi idi? Ziyalı cəbhəçilər sadəcə olaraq geri çəkildilər və bu maxnoçulara müqavimət göstərə bilmədilər. Əldəqayırma “millətçilər” isə geniş oyun meydanı əldə edərək Qarabağ münaqişəsini istismar etməyə başladılar. Bəs bütün bu biabırçılığı kim təşkil etmişdi? Məhz Qorbaçov! Bəs Qorbaçov niyə belə edirdi? Ona görə ki, əks halda Qərb ona inanmazdı. Mən Qorbaçova bir neçə dəfə sərt formada dedim ki, əməllərin səni uçuruma aparır. Qorbaçov nə “Üçlər ittifaqı”nın, nə də faşizmin dağıda bilmədiyi nəhəng bir ölkəni dağıtdı. Bu isə cinayətdən də ağır əməldir. İndi deyirlər ki, Xalq Cəbhəsinin rəhbərləri guya dissident olublar. Onlar haçandan dissident idilər? Hər yoldan ötən də özünü dissident adlandırır. Onların hamısı sovet çörəyi ilə böyümüşdülər. Öz dissertasiyalarında Sov.İKP-ni mədh etmişdilər. Sonra da özlərini dissident adlandırırdılar. Elçibəyin nəyi dissident idi?! Biz ölkəmizi dağıdan bu adamların qarşısında heç nə edə bilmədik.

-Amma axı sizin yaxın ətrafınız da Xalq Cəbhəsinin tərəfinə keçmişdi...
-Deyim də necə oldu. 1992-ci il, martın 5-6-da artıq bilirdim ki, Ali Sovetin sessiyasında mənə qarşı təxribat hazırlanır. Mən bu sessiyanın keçirilməsinə razılıq verdim. Bakının o zamankı meri Rüfət Ağayev yanıma gəlib dedi ki, “cənab prezident, hər şey hazırdır, heç bir problem olmadan gələ bilərsiniz, biz vəziyyətə nəzarət edirik”. Mən o zaman hətta belə tapşırıq da verdim ki, Xocalı faciəsini əks etdirən fotostend hazırlayıb Milli Məclisin foyesinə qoysunlar. Özüm də ora getdim. Amma mən əsla bilmirdim ki, Rüfət Ağayev özü də bu çirkin oyunda iştirak edir. Bilmirdim ki, Ağayev bundan bir gün qabaq Xalq Cəbhəsinin rəhbərləri ilə görüşüb və sonuncular da ona baş nazir vəzifəsini vəd ediblər. Mən bunları indiyə qədər heç kimə danışmamışam. Mən ümumən çox şeyi danışmamışam. Milli Məclisin foyesində qoyulmuş fotolar deputatlara pis təsir eləmişdi. Onlara baxmaq doğrudan da ağır idi. Həmin sessiya mənə qarşı çevrildi. Müxalifət orada erməni vəhşiliyini pisləmək, buna qarşı çıxmaq əvəzinə mənim istefamı tələb etdi. Mənim öz komandam yox idi. İşlədiyim adamların hamısı mənə sovet dövründən miras qalan kadrlar idi. Bir də ermənilərin Qarakənd üstündə vurduğu bir qrup insan vardı. Rüfət Ağayev isə mahiyyət etibarilə düzgün adam deyilmiş.
Bu dramatik hadisələr düz iki gün davam etdi. Mən cəbhəçilərə müraciət etdim, onlardan belə etməməyi, ölkəni rüsvay eləməməyi xahiş elədim. Amma onlar mənə qulaq asmadılar. Öz təxribatçı siyasətlərini yürütməkdə davam edib məni şantaj elədilər. Bu silahlar müxalifətdə haradan idi? Onlar həmin silahlardan vətənin, torpaqlarımızın müdafiəsi üçün niyə istifadə etmirdilər? Parlamentdə olduğum həmin günlərdə özümə sual verirdim ki, öz xalqıma qarşı güc tətbiq edə bilərəmmi? Və özüm də özümə cavab verirdim ki, yox, bunu edə bilməzsən. Heç bir vəzifə, o cümlədən prezident postu insan həyatından qiymətli deyil. Ona görə də mən istefa verməyimlə bağlı fəlakətli dərəcədə yanlış bir qərar verdim. Amma onu da deyim ki, cəbhəçilər bu oyunda yalnız icraçılar idilər. Mənim vəzifədən kənarlaşdırılmağımın sifarişçisi Yeltsinin yaxın ətrafından istifadə edən Ermənistan idi. Qalina Starovoytova və Gennadi Burbulis o zaman Xalq Cəbhəsi rəhbərliyi ilə sıx əlaqədə idilər. Amma mən Xalq Cəbhəsini Xocalı genosidinin törədilməsinə görə heç vaxt ittiham eləməmişəm. Hətta ən məkrli düşmənini də ittiham eləmək mənim təbiətinə yaddır.

-Üstündən xeyli vaxt keçəndən sonra geriyə boylananda necə düşünürsünüz, Azərbaycan bu faciədən qaça bilərdimi?
-Əlbəttə. Hələ sovet Azərbaycanı zamanı idi. Mən Azərbaycan KP MK Bürosunun üzvü kimi o zamankı I katib Kamran Bağırovun yanına gedib dedim ki, ermənilər bizim həmvətənlərimizi Ermənistandan deportasiya edirlər, gəl o qaçqın azərbaycanlıları Dağlıq Qarabağa yerləşdirək. Əgər o zaman bunu etsəydik, Ermənistan öz təxribatlarını, təcavüzünü dərhal dayandıracaqdı. Amma Kamran Bağırov qorxdu və heç nə eləmədi. Mən fəxr edirəm ki, ermənilər məni bütün ermənilərin düşməni elan etmişdilər. Biz “Həlqə” əməliyyatının gedişi zamanı öz kəndlərimizi erməni banditlərindən bir gecədə təmizləmişdik. Bu əməliyyatları davam etdirəcəkdik. Amma təəssüf ki, yerli cəbhəçilər, dünya erməniləri və Moskvadakı antiazərbaycan qüvvələr mənə qarşı kampaniya aparmağa başladılar. Nəticədə məni devirməyə nail oldular. Yeltsinin ətrafı və Türkiyə səfirliyi onda yerli millətçilərin faktiki olaraq “beyin mərkəzi”nə çevrilmişdi. Mənə qarşı mübarizə geosiyasi xarakter almışdı. Bu qüvvələr qarşılarına məni nəyin bahasına olursa olsun vəzifədən kənarlaşdırmaq məqsədi qoymuşdular. Tarix hamımızı mühakimə edəcək. Həmin millətçilərin indi hansı vəziyyətə düşdüyünü hamımız görürük. Bu, onların həmin dövrdə törətdikləri əməllərinə görə çəkdikləri cəzadır. 

virtualaz.org

Комментариев нет:

Отправить комментарий