Страницы

21.02.2014

Azərbaycanda sulu qəlyanla bağlı SOS siqnalı: xərçəng qaçılmazdır!

Son vaxtlar qəlyandan qadınların istifadə etməsi hallarına da rast gəlinir

"Azərbaycanda qəlyan çəkənlərin sayının artması yuxarı tənəffüs, ağciyər xəstəliklərinin artmasına səbəb ola bilər. Mən gəncləri, əhalini qəlyan təklif edən iaşə obyektlərinin cəlbedici elanlarına aldanmamağa çağırıram”.
Bu sözləri Movqe.az-a açıqlamasında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov söyləyib.
E.Məmmədbəyov bildirib ki, insanlar bəzən qəlyanı siqaret çəkməklə müqayisədə ziyansız hesab etsələr də, əslində mütəmadi qəlyan çəkən insanlarda xərçəng xəstəliyinin belə, yaranmasına gətirib çıxarda bilər.
Movqe.az-ın əməkdaşı qəlyanın fəsadları ilə bağlı pulmonoloqla söhbətləşib. Pulmonoloq Aydın Məmmədov deyir ki, uzun müddət qəlyandan istifadə olunması sonda ağciyər xəstəliyinə gətirib çıxarır:
"Gənclərin siqaret qədər müraciət etdikləri ikinci zərərli vərdiş sulu qəlyandır. Qəlyan siqaretdən zərərsiz görünsə də, əslində 1 qəlyan 50 siqaretə bərabərdir. Alma, banan, nanə kimi ətirlərlə zənginləşdirilən qəlyanlar xüsusən siqaret çəkməyənlərin hobbisinə çevrilsə də, nəticədə hər ikisi orqanizmə ziyan vurur. Qəlyanın tərkibi ağır metallarla zəngindir. Qəlyandakı arsenium, nikel, kobalt, qurğuşun miqdarı siqaretin dumanındakı miqdardan olduqca çoxdur. Siqaret dumanında 50-135 nanoqram (milli qramın mində biri) arsenium varsa, qəlyanda bu, 175 ng-yə bərabərdir. Bu maddələrin hamısı torpaqdan tütünə keçən ağır maddələrdir. Qəlyan istifadə edənlər hesab edirlər ki, qəlyan dumanı sudan keçdiyi üçün zərərli maddələr suda qalır. Amma pulmonoloqun sözlərinə görə, bu, tamamilə səhv düşüncədir. Çünki, nikotin su ilə isladılır, sıxılır sonra qəlyana əlavə olunur. Qəlyan çəkən zaman sudan keçən tüstünü xaricə çıxarmaq üçün daha çox güc sərf eləməlidi. Bir saat qəlyan çəkən zaman insanın ciyərlərindən, bir siqaret çəkən zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir. Nəzər alın ki, su tüstünü zərərli maddələrdən tamamilə təmizləmir və həmin maddələr ciyərin daha dərin qatlarına gedir. İnsan orqanizmində düşən kömür hissələri yanaraq dəm qazı ifraz edir. Qəlyan çəkən zaman baş gicəllənməsi və ürək bulantısı da bununla bağlıdı”.
Müsahibimizin dediyinə görə, qəlyan eyni zamanda yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Belə ki, gün ərzində qəlyandan onlarla insan istifadə edir, ağızlığı və suyu nə qədər dəyişdirilsə də, dumanın keçdiyi boru dəyişmir: "Bu səbəbdən də nəfəs yolu ilə xəstəliklərin keçməsi qaçılmazdır. Xəstə bir insanın qəlyandan istifadə etməsi mikroorqanizmlərin o boruya yerləşməsinə və sağlam birini yoluxdurmasına səbəb olur”.
Britaniya kardiologiya fondu da qəlyan çəkmənin təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Britaniyada ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmasından sonra "şişa" adlanan qəlyanın çəkilməsi sayı 200 faiz artıb. Fondun nümayəndəsi bildirir ki, qəlyanın səhhətə ziyanı hələ də tam öyrənilməyib. Lakin insanın bir saat ərzində bir "şişa" çəkməsi 100 siqaretə bərabərdir.
Xatırladaq Ombudsman Elmira Süleymanova da bir müddət öncə Milli Məclisdə "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ndan irəli gələn vəzifələr və milli qanunvericilik" mövzusunda keçirilmiş "dəyirma masa"da qəlyanla bağlı məsələyə toxunmuşdu. E.Axundova bildirmişdi ki, "Bakıda bir elanda göstərilib ki, hər həftənin 5-ci günü gənc qızlar qəlyan çəkməyə dəvət olunur. Bu çox dözülməz bir haldır. Bu, əxlaqsızlığa dəvətdir. Belə əxlaqsızlıq yuvalarına qarşı hamı ciddi şəkildə mübarizə aparmalıdır".
Qeyd edək ki, son vaxtlar qəlyandan qadınların istifadə etməsi hallarına da rast gəlinir. Bu cür cəlbedici elanlar isə zərif cinsin nümayəndələri arasında qəlyan çəkənlərin sayının artmasına təsir edir.

bugun.az

Комментариев нет:

Отправить комментарий