Страницы

10.02.2014

Böyük şəhərlər

Nuray Nur

Yorucudur böyük şəhərlər. Qaçhaqaç, qovhaqov harasa, kiməsə tələsir burda hamı. Səs-küylüdür  böyük şəhərlər. Insan çığırışları, nəqliyyat uğultuları qulağını batırır və səni kar edir içindəki səsə. Özünü və özünlə bərabər hamını unudursan böyük şəhərlərdə. Yəqin elə bundandır  laqeydliyi şəhər sakinlərinin. Hami elə ögey, elə unutqandır ki, qəfil görə biləcəyin tanıdıq bir üz sevindirə bilər səni hüdudsuzca. Xatırlanmış olmanın sevinci üzündə təbəssümə, içində azacıq qürura çevrilər. Unudulmanın nə qədər acı, unutmanın nə qədər utancverici olduğunu anlayarsan xatırlandığını görəndə. 

Bəzənsə məhz ögeyliyi üzüdən qatil olar şəhərlər. Hamıya unutdurub özünə gömdürər insanı laqeydlik. Nə dosta əlin çatar, nə də özündən kömək gələr. Beləcə sükutun əlindən yapışıb ölümə gedər insan ya hansısa körpüdən, ya hansısa silahdan, ya da adicə kəndirdən. Bir sapdan asılı qalmış hörümçək kimi intiharın həfif toxunuşuyla ölümə yuvarlanar unudulan. Elə bu ölüüylə də xatırlanar birdən. Vaxtilə var olduğunun fərqinə varılar, amma artıq gec olar. 
Qəribə, anlaşılmaz insanlar kimidir böyük şəhərlər. Ya da insanlardır o şəhəri qəribə və anlaşılmaz edən. Ya ondan vaz keçməli, ya da əmrlərinə uyaraq dəyişməlisən o istəyən kimi. Çünki ya öldürərək, ya da yaşadaraq mütləq bir şeylər alacaq səndən şəhər. 

Gəncə

Комментариев нет:

Отправить комментарий