Страницы

24.02.2014

Nə olsun?


İlqar Salmanov

Əslində bu sual Azərbaycan insanı üçün həmişə doğma olub. Bizlər heç nəyi qeyri-adi qəbul etməmişik. Gördüklərimiz, şahidi olduğumuz hadisələr nədənsə bizim üçün həmişə gözlənilən olub. Heç bir xəbərlə bizi təəccübləndirmək mümkün deyil.
Bu sualın yükünü isə daha çox media mənsubları çəkməli olub. “Gündəmdə nə var?”, “nə yazaq ki, oxunaq?” və s. kimi suallar bizim yazarların ağrılı yerinə çevrilib. Siyasətdən tutmuş kriminal mövzuya qədər heç bir xəbər, yaxud analizlə Azərbaycan oxucusunu şaşırtmaq mümkün deyil.
Eyni zibildən, eyni ilə nə qədər yazmaq olar. İndi azərbaycanlıların istənilən xəbərə bir cavabı var: “nə olsun?”.
Deputat Elton Məmmədovun oğlu, ardınca isə Nazim İbrahimovun oğlu şəxsi təyyarəsini, nə bilim qiyməti yüzminlərlə ölçülən maşınlarını reklam edir. Bizlər də bunu ictimailəşdirməklə şok yaratmaq istəyirik. Alınmır-Azərbaycan oxucusunun cavabı yenə də eyni olur: “nə olsun?”. Bu gün nəinki deputat, nazir oğlunun, sıradan bir məktəb direktorunun da oğlu yüzminlik maşına sahib ola bilər. Burada təəccüblü nə var ki?
Son zamanlar biz “yenixeber.info”da Ağdam və Ağcabədi rayonlarında bəzi vəzifə sahibləri və işbazların dövlət vəsaitini kütləvi mənimsəməsi faktlarından yazırıq. Yazılarımız konkret faktlarla davam edir. Düşünürük ki, bu araşdırmalarımızla həm dövləti maraqlarımıza xidmət etmiş olarıq, həm də oxucularımızın sayı artmış olar. Amma... Yenə də “nə olsun?”.
Bu ölkədə hansısa vəzifə sahibinin dövlətin malını yeməsində təəccüblü nə var ki? Belə də olmalıdır də. Təəccüblü bunun əksi olardı. Hansı ki, Azərbaycan insanı bunu heç yuxuda da görə bilməz.
Yaxud Bakını da özünə bənzədən Hacıbala Abutalıbovun son günlər dillər əzbəri olan “aforizmi”. Adam deyir ki, “bu ölkədə bir kişi var, o da cənab prezidentdir”. Heç kim də Hacıbala Abutalıbovdan bu sözə görə təəccüblənmədi. Nə olsun, Hacıbaladır də, ağlı, zəkası ilə həmişə seçilib.
“Nə olsun?” çağdaş Azərbaycan insanının “kəşf”i deyil. Yüzillərin sınağından keçib, dəyərini qoruyub bu “müdrük kəlam”. Müqəddəs bir əmanətdir əcdadlarımızdan bizlərə.
Bizim “nə olsun?”u göz bəbəyimiz kimi qoruyub, gələcək nəsillərə ötürmək kimi bir müqəddəs borcumuz da var. Qoy gələcək nəsillər də əcdadlarımız kimi, bizim kimi olsun. Bunun sayəsində biz həmişə dünya xalqlarından seçilməmişikmi? 
Olmaz məgər, başqaları fərqlidir? Olsun də. Nə olsun?

Комментариев нет:

Отправить комментарий