Страницы

25.02.2014

"Qarpızları qurban kəsdik Çillə gecəsində"

Esmira Fuad
Filologiya üzrə Fəlsəfə doktoru, 
AMEA-nın aparıcı elmi işçisi

Bu yazımda daşları çox sevən, daşları ən sevgili yoldaşları-dostları bilən, onların dilini anlayan, "daşların sirrini bilmək üçün daşa çevrilərək keçmişlərindən, gələcəklərindən onların öz dillərində danışmağı" bacaran "Başına dolanıram, Daşın oluram, Başıma düşürsən, Başımdan bitir daşlar" fəlsəfəsilə yazıb-yaradan gənc bir şairdən -çağdaş Güney Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələ-rindən olan Ramin Cahangirzadədən bəhs etmək istəyirəm...
Və onun içində bulunduğumuz zamanla-fevral ayının ikinci yarısı, başqa sözlə desək, kiçik çillənin son günləri ilə tam uyğun gələn, daha doğrusu böyük və kiçik çillənin mahiyyətinin açılmasına yönəlik bircə şeirindən-"Qarpızlanma" şeirindən...
O, 1978-ci ildə Güney Azərbaycanın Muğan bölgəsində dünyaya göz açıb. İbtidai və orta məktəbi doğma yurdunda bitirdikdən sonra Təbriz şəhərində ali təhsil alıb (1997-2001). Hazırda Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayır. Bu günədək Raminin sırf uşaqlar üçün yazdığı "Ulduz" I və II (2004 və 2008-ci illərdə) çap, "Gözləri gül açıbdı" (2007), "Ay suda" (2011), "Nar" (I və II çap-2013) adlı şeir məcmuələri işıq üzü görüb və körpə fidanlara bir dünya sevinc duyğuları yaşadıb... 
2008-ci ildə nəşr edilən "Dan yeli" dərgisinin "Tarla" adlı özəl sayında bütünlüklə uşaqlara həsr olunmuş şeirləri toplayan Ramin "Bir az dərinə gedirəm" adlı nəsr kitabını da elə həmin ildə çap etdirərək oxucuların ixtiyarına verib... "Daşlar" adlı yeni şeir məcmuəsi isə AYB-nin Güney Azərbaycan şöbəsinin maliyyə dəstəyi ilə Bakıda ("Nurlan", 2011) çap olunmuşdur. III cildlik "Peşələr" və "Ailələr" adlı dörd uşaq şeir məcmuəsi isə hazırda çap prosesindədir....
Məhsuldar şair "Doymuram səni içməkdən" (yeni satirik şeirlər), "Mayallaq" (satirik nəsr əsərləri), "Minimal satirik şeir və nəsr əsərləri" - I və II cild, həmçinin uşaqlar üçün yazdığı "Sel qızı", "Nazlı", "Əlifba", "Dörd fəsil", "Xallı və allı", "Qarışqam", "Rəqəmlər", "Boyalar", "Çiyələk", "Elay və İlkay", "Heyvanlar" (3 cilddə), "Küçə", "Tiraxtur basdı qaza", "Dörd fəsil" adlı şeir, "Orxan və mani" adlı hekayə məcmuələrini çapa hazırlayıb...
Ünvanıma göndərdiyi ömürlük orijinallığı ilə diqqətimi çəkdiyindən haqqında qələmə aldığım bu yazıya həmin ömürlüyü də əlavə etməyi və oxuculara postmodernist şairi daha yaxından tanıtmağı qərarlaşdırdım və düşündüm ki, onun xarakterini özünəməxsus tərcümeyi-halındakı bu misralarda sərgilənən fikirlərdən daha gözəl açan ikinci bir vasitə ola bilməz:

"Yekə - yekə cırmağıma baxmayın,
Çox da yekə deyiləm:
Boyum 165 sm, çəkim 60 kq,
Adım "Günəş tanrısının oğlu" anlamını daşısa da,
Günəş tanrısının oğlu deyiləm...
Sadəcə anamın iztırablarından boy atıb boylanan,
Günəşdən çörəyi çıxan, bir əkinçinin balasıyam.
Ayaqyalın bir uşaq idım.
Böyüyüb, böyüyüb,
Yekəlib, bu günə düşmüşəm...
İlan ilində dünyaya ayaq basdığım üçün
Dilimdən zəhər tökülür...
Hərdən sürətlə gedib özümdən çıxsam da,
Çox da uzağa gedən deyiləm...
Tez qayıdıram özümə...

Ramin modern və postmodern üslubda yazdığı maraqlı şeirləri ilə oxucuların diqqətini çəkməyi bacarır. Onun "Qarpızlanma" adlı yeni səpkili və yeni biçimli şeiri 2013-cü ilin poeziya məhsuludur. Gənc şairin bu şeiri ilin sonunda-dekabr (Aralıq) ayının 28-də yayınlamaqda məqsədi həm də Azərbaycan xalqının Çillə bayramını qutlamaqdır...
Qeyd edək ki, ilin iki çilləsi olur: Böyük və kiçik çillələr. 40 gün davam edən Böyük çillənin (21 dekabr-29 yanvar) ilk günü, dekabrın 20-dən 21-nə keçən Çillə gecəsi (Şəbi-Yelda) 365-366 günlük ilin ən uzun gecəsidir.  Sonra isə 20 günlük Kiçik çillə (29 yanvar-18 fevral) gəlir. Qədim inanclara görə, Günəş allahı Mitranın anadan olan günüdür. Çünki həmin gündən sonra günlər yavaş-yavaş uzanmağa başlayır, yəni, həmin gecə xeyir qüvvəsi (Ahuraməzda) şər qüvvəsi (Əhrimən) ilə kəskin mübarizəsi nəticəsində işığın qaranlıq üzərində simvolik qələbə çalır. Bayramın əsas ideyası da budur. Xristianlıqda əsas bayramlardan olan Milad bayramının da Çillə gecəsinə oxşarlığı qeyd edilir. Çillə gecəsi Avestada qeyd olunan qədim Zərdüştilik bayramıdır. Bu gecə əsasən İranda (Şəbi-Yelda), Türkiyədə və o taylı-bu taylı Azərbaycanın müxtəlif şəhərlərində-Urmiya, Təbriz, Ərdəbil, Zəncan, Xoy, Şəbüstər, Marağa, Naxçıvan, Şəki, Gəncədə, həmçinin kəndlərimizdə bu gecəni xüsusi şövqlə qeyd edirlər.
Çillə gecəsində qarın yağması yeni ildə məhsulun bol olacağını şərtləndirən əlamətdar bir hadisə sayılır və bu fakt insanlara sevinc, ətrafa isə həzin bir sakitlik, təmizlik, paklıq gətirir. Həmin gecə ailə üzvləri, qohum-qardaş, dost-tanış bir yerə yığışır, səmimi məclis qurur və ilin ən uzun gecəsini növbənöv meyvə-nar, alma, heyva, portağal, narıngi və s., müxtəlif şirniyyatlar-qoz halvası, kök halvası, paxlava, qoz, fındıq, balqabaq, günəbaxan tumu və s. yeməklə qeyd edir və sübhədək oyaq qalır, sanki zamanın uzunluğuna meydan oxuyaraq guya onu qısaldırlar. Bu gecənin ən əhəmiyyətli atributlarından biri isə qarpızdır. Belə ki, hər ailə həmin gecə mütləq bir qarpız kəsməlidir. Əgər yeni evlənən-ailə quranlar varsa, onlara da valideynləri qarpız hədiyyə edirlər. Çillə gecəsi törənləri xalq şeirində də xüsusi olaraq vəsf olunmuşdur:

Qovub qışı, ayazı,
Kəsdik çillə qarpızı.
Allah yetirsin ruzı
El qalmasın
tamarzı…(http://www.dgtyb.org/news)

Bu motiv, göründüyü kimi, Ramin Cahangirzadə şeirinə təsadüfən gəlməyib. Motiv ənənəvidir, amma ənənəviyə yanaşma metodu tamamilə yenidir. Yeni təfəkkürlü modernist şair "Qarpızlanma" şeirini məhz Çillə gecəsi hər bir türkün evinə sevinc gətirən içi qan kimi qıpqırmızı qarpızlara-Çillə qarpızlarına həsr etdi. Eyni zamanda Vətən daşı olmağı bacaran şair bu uzun gecədə kimsəsiz, yalqız və yuvasız qusları, yurdsuz, evsiz-eşiksiz qarındaşlarını da unutmayıb, bu orijinal əsəri onlara da ünvanlayıb... Lakin şairin əsas hadisəyə münasibəti elə birinci bənddəcə, bıçağı çəkən kimi Çillə qarpızının cırhacırla kəsilməsi, qapqara qarpızlardan axan qırmızı suyun ürəkdən axan qana bənzədilməsilə bitir, sonra isə yaşadığı həyatın reallıqlarına söykənən fərdi düşüncə və yozumları sıralanır:

Pıçaq çək! Cırhacır düşəcək!
Bax! Qara qarpızların da ürəyindən
Qan süzüləcək!..

Türkiyədə Çillə gecəsi, yəni ilin ən uzun, ən qaranlıq gecəsi ilə bağlı Osmanlı imperatorluğu dönəmində yaranmış bir beyt günümüzədək yaşamaqdadır. Beytin müəllifi maraqlı paralellər aparır və qeyd edir ki, bu zülmət gecənin uzunluğunu, neçə üzücü saat çəkdiyini qəmə tuş gələnlər, dözülməz kədərə mübtəla olanlar bilər, yəni dərdli insanın gecəsi bitməz, səhəri açılmaz:

Şeb-i yeldayı müneccim ile muvakkit ne bilir
Müptela-yı gama sor kim geceler kaç saat? (http://www.dgtyb.org/news)

Eyni mənanı Türküstanın ünlü şairi İshakxan İbrətin "Ahımın tüstüsündən həyatım, Yelda gecəsitək qara olubdur" beytində də izləmək imkanını etnoqraf alim Güllü Yoloğlu "21 dekabr - Çillə Gecəsi" yazısında (www.ayna.az) yaradıb. Şair növbəti beytdə yaşadığı cəmiyyətdə müşahidə etdiyi postmodernist mövqeyini sərgiləyir:

Qoltuqlarında qarpız gəzdirənlər
Dünyanı qarpızla almaq istəyirlər

Misralarda hədsiz lovğalanan yalançı işbazlar nəzərdə tutulur. Belə adamlar fərsiz, simasız, yaltaq insanlar tərəfindən o qədər yersiz tərif yağışına tutulur, "qoltuqlarına qarpız verilir" ki, bu işbazlar qarpız kimi şişirlər və dünyanı ayaqları altında sanırlar  və hər şeyə küy-kələklə nail ola biləcəklərini düşünürlər. "Bir əldə iki qarpız tutmaq olmaz" ata sözünü yaxşı bilsə də, Ramin, əsl postmodernist-yenilikçi və əskici-klassik tərzlərin hər ikisini bir əldə tutmağı bacarır. Ancaq bu iki cəhətin vəhdətindən yeni təfəkkürün işığında yaranan fikrin mahiyyətinə varmaq o qədər də asan olmur. Məhz bu səbəbdən Klement Qrinberq yazırdı ki, "Yüksək sənət yaratmaq adətən çətin və üzücü bir işdir, amma modernizmdə yüksək sənəti anlamaq yaratmaqdan da çətindir."

Qarpızlanmağınızı dilimləyib yedim
Keçəl olmaqdan qorxub
Qabığını yeməkdən çəkindim

"Hər bir şəxs, hər bir şey, hər bir əlaqə mütləq şəkildə istənilən başqa şeyi mənalandıra bilər" deyib Valter Benyamin...
Şeirdə bu mənalandırmanın öhdəsindən bacarıqla gələn şair qarpızlanan-yersiz lovğalanan adamların bu cəhətini dilimlənən qarpız kimi bir andaca heçliyə qovuşdurur... Və... "Keçəl olmaqdan qorxub qabığını yeməkdən çəkinmək" məsələsinə gəlir... Bəziləri elədiklərini o qədər dilə gətirib başa qaxınc edirlər ki, demək olar, "o şəxsin başını keçəl edirlər." Bu məsələyə diqqət çəkən Raminin insanın keçəlliyini qarpızın hamar səthinə bənzətməsilə yaratdığı təşbeh də diqqət çəkir.
"Qarpızları yeyəndən sonra, Tumlarını yeməyin! Yazıqsız!..Qarpızlara bağlanarsız!" tövsiyəsi verilən sonrakı misraların alt qatındakı fikirlər də asan anlaşılmır. Yediyin toxumlar içində cücərər, qarpızlaşarsan...eyhamı ilə əslində hər şeyin, bütün həyatın-türklüyün, azadlığın toxumdan cücərib boy verdiyini ironik tərzdə oxucularına çatdıran yenilikçi şair bu işdə bəlkə də artıq gecikdiyimizi "Tağlarınız çürüyüb, Daha qarpızlarızın Uralanmağının vaxtı çatıb..." sətirlərində sərgiləyir...

Xalq deyimlərinə, folklorun qızıl səhifələri olan inanclara söykənmə onun ədəbi ənənələr boxçasının üstündə pərvaz etdiyinin göstərgəsidir. Bu gün də bu inanc yaşayır, qarpızı kəsərkən niyyət tutub "nəmnəmə" deyilən arxa hissəsini dörd yerə bölüb qarışdıraraq yerə atırlar. Əgər üçü bir, biri də ayrı düşərsə niyyətin gerçək olacaq... Bu inancın onun qələmindəki əks-sədası da çox ilgincdir:

Qarpızın nəmnəmənəsini kəsin!
Dörd yerə bölün!
Sonra ovuclarızın içində qarışdırın
Atın yerə!
Baxtız açılacaq!
Tək düşsə!

"Qarpız satırsız... Qarpız alırsız...  Heç bilirsizmi, alıb satdığınız qarpızlar öz içlərini yeyirlər?!-dediyində də haqlıdır şair, çünki bəzən qarpızları kəsərkən içinin boşalıb tumlarının töküldüyünə təsadüf edilir və bu bir qarpız-məhsul ömrüdür, kəsilmə vaxtı keçincə xarab olur, amma bu sualla şeirin alt qatındakı məna haqqında fəhmlə düşünməyə yönləndirir oxucusunu - "-Ey qoltuğu qarpızlılar, yalançı qəhrəmanlar, içi və baçı boş siyasətçilər, qrafomanlar insanları, xalqı həmin boşluğa-heçliyə-bədbəxtliyə sürükləyirsiniz, çəkilin mənasız mövqeyinizdən!!! İbrahim Sel Ramin Cahangirzadənin modern şeirləri haqqında resenziyasında onu müasir şair adlandırır və müasir şeirin özəlliklərini belə şərh edir: "Müasir şeirdə miflə bu günün mistik möcüzələri, irreallıqla ən real həyat görüntüləri, zaman və zamansızlıq bir araya gəlir. Dünyanın obrazı yaranır və bu dünya obrazında Yer vətəndaşı şairin öz dünyasını seyr edirsən (diasportv.com)" Doğru fikirdir, Ramin son bənddə yenə də xalqının mifoloji görüşlərinə baş vurur, Qurban bayramı ilə bağlı səhnəyə Çillə qarpızlarını gətirir və onları qurban kəsib öz dünyasının sətiraltı mənzərəsini cızıb:-Bəlkə bu qurbanlar qəbula keçər, Tanrı qara gecələrin uzunluğunu gödəldər və Güney xalqı azadlığına qovuşar!

Qarpızları qurban kəsdik
Çillə gecəsində
Bəlkə tanrı gecəmizi güdəltdi...

Təkcə "Qarpızlanma" şeirinin qısaca təhlilindən göründüyü kimi, Ramin Cahangirzadə müasir-modern, eyni zamanda postmodernist şairdir. O, Güney Azərbaycan türkcəsinin özəlliyini qoruyaraq özünəməxsus şirinlikdə fikrinin ifadəsinə nail ola bilir. Duyğusal və fəhm sahibi olan hər bir oxucunun anlaya biləcəyi biçimdə və məzmunda yazdığı şeirlərdə zamanın nəbzini, dövrün ritmini tutur, həyatın gerçəkliklərini əks etdirir, irreallıqla reallığı qovuşdurur.

525.az

Комментариев нет:

Отправить комментарий