Страницы

25.02.2014

Rusiya və Qərb arasında Ukrayna döyüşü

Moskva Ukraynanın itirilməsi ilə barışmaq istəməsə də, bir fakt məlumdur ki, savaşın birinci mərhələsini Qərb qazandı
Ukraynada ötən ilin noyabrında hökumətin Avropa Birliyi ilə inteqrasiya sazişini imzalamamasına etiraz olaraq meydanlara çıxan Ukrayna müxalifəti prezident Yanukoviçi devirdi. Fevralın 23-də Ukrayna Ali Radasında keçirilən səsvermədə deputatlar prezident Yanukoviçin impiçment məsələsini səsverməyə çıxarıblar.
Deputatlar Yanukoviçin səlahiyyətlərinə xitam verilməsini dəstəkləyib. Böyük səs çoxluğu ilə deputatlar Yanukoviçin səlahiyyətlərinə xitam verilməsini dəstəkləyib. Dərhal sonra Ukrayna Ali Radasının spikeri Aleksandr Turçinov seçkilərə qədər ölkənin müvəqqəti prezidenti seçilib.
Ali Radanın 4204 saylı qətnaməsinin icra olunması üçün 285 deputat səs verib. Qəbul olunmuş qərara əsasən, yeni prezident seçkiləri keçirilənədək spiker Turçinov prezident səlahiyyətlərini icra edəcək. Ali Radanın qərarı ilə Ukraynada növbədənkənar prezident seçkiləri mayın 25-nə təyin edilib.
Yanukoviç axtarışda. Artıq dekabrın 24-də Ali Rada Kiyevdə dinc vətəndaşların kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı cinayət işi açılması ilə bağlı qərar qəbul edib. Yəni inqilab zamanı xalqa divan tutanlar cəzalandırılacaq. İndi isə Ukraynanın yeni hökuməti eks-prezident Yanukoviçi axtarır. Yanukoviçin harda olması isə sirr olaraq qalmaqdadır. Son məlumatlarda onun Rusiyanın təsirinin güclü olduğu Krımda gizləndiyi bildirilir. Ancaq aydın məsələdir ki, bütün bunlar inqilab dalğasında xırda detallardır.
Yanukoviç böyük oyunun xırda fiquru idi... Yanukoviçin qaçması və ya qalıb “mübarizə aparması”, yaxud məhkəməyə çıxarılması gələcək Ukraynanın taleyi üçün elə də böyük əhəmiyyət kəsb eləmir. Çünki artıq çoxdan bəlli idi ki, Ukraynın indi artıq adını “eks” sözönü ilə qeyd etdiyimiz prezident Yanukoviç böyük oyunun xırda fiquru idi...
Ukraynanın strateji vəziyyəti. Ukrayna 3 şərqi slavyan dövlətindən biri, SSRİ-də ərazisinə görə 3-cü, əhali sayına görə, 2-cü böyük respublikadır. 45 milyon əhalisi olan Ukrayna yerləşdiyi əraziyə və ərazisinə görə Şərqi Avropanın mühüm ölkəsi hesab olunur. Qara dəniz sahillərində əhəmiyyətli strateji mövqeyə sahib olan Ukrayna bölgənin önəmli ölkələrindən biridir. Bu ölkənin əsas özəlliyi isə etnik parçalanmadır. Ukraynın şərq hissəsində böyük çoxluq rus əhalidən və kazaklardan ibarətdir. Qərbi Ukrayna isə qərbi ukraynalılar, başqa deyimlə benderlərdən ibarətdir. Bu mənada Ukrayna çox həssas sərhədlərə malik bir ölkədir. 2004-cü ildə baş verən “Narıncı inqilab” bu ölkəni bölünmənin eşiyinə gətirsə də, son anda ölkə bölünmədən xilas olmuşdu. 
 Ukrayna 2004-cü ildə də bölünə bilərdi... Ukrayna ilk dəfə 2004-cü ildə Qərblə Rusiya arasında qarşıdurmanın cəbhəsi olmuşdu. Rusiyanın sərhədlərində Qərbə bağlı bir Ukraynanın qurulması cəlbedici görünürdü. Bu baxımdan Qərbin böyük maliyyə və siyasi dəstəyi ilə 2004-cü ildə rəngli inqilablar dalğasında Ukraynada qərbyönümlü Yuşşenko prezident seçildi. Ancaq Qərbin “adamı” olan Yuşşenko o dövrdə sürətlə güclənən Rusiyanın təzyiqləri qarşısında tab gətirə bilmədi. Yuşşenkonun 5 illik prezidentlik dönəmi hökumət böhranları ilə yadda qaldı. Növbəti seçkilərdə 2003-cü ildə Kuçma hökumətinin baş naziri və şərqi Ukraynanın namizədi Yanukoviç seçkilərdə qalib gələrək prezident postuna gəldi. Bu dövrə Ukraynanın yenidən Rusiya “orbitinə” qayıtması baş verdi. Qərbin yaratdığı və 4 post-sovet respublikasını (bir müddət Özbəkistan da beşinci idi) – Ukrayna, Gürcüstan, Azərbaycan və Moldovanı birləşdirən GUAM da tədricən fəaliyyətini dayandırdı. Bu baxımdan Ukrayna post-sovet arealında Qərb və Rusiya arasında qarşıdurmanın ön cəbhəsi və əhəmiyyətli nöqtəsi idi.
Əslində, Ukraynada baş verən Qərbin Rusiya ilə savaşı idi. Ukraynada insanları meydana əhalinin korrupsiyalaşmış Yanukoviç hakimiyyətinin Avropa ilə əməkdaşlıqdan imtina edərək Rusiyaya, Putinin yaratmağa hazırlaşdığı Avrasiya İttifaqına qoşulmaq istəməsi olsa da, əslində, Ukraynada baş verən Qərbin Rusiya ilə savaşı idi. Bu savaş ağır və amansız bir savaş idi. Bu savaşda uduzan Yanukoviç və onun şəxsində Rusiya oldu. Putinin Yankoviçə sahib çıxmaması, eks-prezidentin çarəsizcə Ukrayna şəhərlərində gizlənməsi onu göstərir ki, Rusiya bacarıqsız Yaukoviçə qəzəblidir və onun uduzmasını bağışlaya bilmir. Putinin fevralın 24-də Yanukoviçi sərt tənqid etməsi də imperatorun ön cəbhədə döyüşü uduzmuş sərkərdəsinə olan qəzəbi idi. Putin həlledici bir savaşı uduzdu. Artıq Rusiyada da anlayırlar ki, bu savaşın əsl hədəfi Rusiyadır.
Qərb- Amerika Rusiyadan Suriyanın heyfini Ukraynada çıxmaqla cəzalandırdı
Ukrayna hadisələri hər baxımdan bir ölkənin daxili işləri olmaqdan çıxmışdı. Avropa və Amerika rəsmilərinin açıq dəstək bəyanatları, ABŞ Dövlət Departamenti rəsmisinin Maydana gələrək əhaliyə çörək paylaması faktı bunu açıq şəkildə göstərirdi. Qərb – Amerika Rusiyadan Suriyanın heyfini Ukraynada çıxmaqla cəzalandırdı. Məsələ burasındadır ki, Qərbin Rusiya ilə sonuncu ciddi toqquşması Suriyada oldu. Ötən ilin avqustunda Suriyada kimyəvi silahdan istifadə iddiaları ortaya atılanda bir çoxları qəti şəkildə əmin idi ki, bu hadisə əvvəlcədən düşünülmüş oyundur və Suriyaya xarici hərbi müdaxiləyə imkan yaratmaq üçün hazırlanıb. Çünki indi də göründüyü kimi, Suriyada müxalifət daxilində bölünmə dərinləşirdi, üstəlik, anti-Suriya koalisiyası daxilində ciddi çatlar yaranmışdı. Belə bir mərhələdə vəziyyətdən yeganə çıxış yolu, prosesləri öz xeyrinə həll etmək üçün yeganə şans Suriyaya xarici hərbi müdaxilə idi. Bunun üçün də əsas lazım idi. Bu əsas avqustun 21-də Suriyada neytral ərazidə istifadə olunan kimyəvi silahlar idi. Bu günə qədər də kimyəvi silahalrın kimin tərəfdən istifadə olunduğu sübuta yetirilməsə də, Əsəd hökuməti müxalifəti, müxalifət isə hökuməti ittiham edir.
Rusiyanın Suriya məsələsində qətiyyətli addımı Qərbi durdurmuşdu. Rusiya Qərb üçün artıq yeni “QÜTB” əngəlinə çevrilməkdədir.
Ancaq bilindiyi kimi, Rusiya bu prosesdə aktiv iştirak etdi, sürətli diplomatiya, qətiyyətli addımlar nəticəsində Qərbin Suriyaya ilk gündən müdaxiləsi baş tutmadı. Baxmayaraq ki, artıq ilk gündən Amerika və Avropa donanması Suriya sahillərinə yeridilmişdi. Bu mərhələdə Putin çevik diplomatiya yürütməklə yanaşı, eyni zamanda Aralıq dənizinə donanma göndərməklə faktiki olaraq Suiryaya xarici hərbi müdaxiləyə əngəl oldu. Həmin vaxt Amerika mətbuatı Putinin Obamaya diplomatik qələbə çaldığını yazırdı. Suriyaya hərbi müdaxilə planının iflas olması Qərb üçün bir daha Rusiya problemi məsələsini aktuallaşdırdı. Çünki artıq Rusiya tam mənada “soyuq müharibə” illərində SSRİ-nin oynadığı rol qədər olmasa da, böyük ölçüdə ikinci qütb yaratmağa nail olmuşdu.
Bu mənada son 5 ildə, xüsusən də Gürcüstan müharibəsindən sonra Rusiyaya qarşı zəiflətmək planları işə salınması haqda ciddi iddialar ortaya qoyulub. Bir çox ekspertlərə görə, Qərbin İran İslam Respublikası ilə münasibətləri nizama salmaq, əlaqələri yaxşılaşdırma cəhdlərinin arxasında yeni siyasi prosesdə İranı neytrallaşdırmaq və Rusiyanı müttəfiqdən məhrum etmək məqsədi güdür. Eyni zamanda Qərbin İslam Respublikasının neft və qaz ehtiyatlarını dünya bazarına çıxarmasına yaşıq işıq yandırmasının arxasında enerji bazarında balans yaratmaq Rusiya təsirini azaltmaq, eyni zamanda qiymətləri aşağı salmaqla neft və qazdan asılı olan Rusiya iqtisadiyyatını zəiflətmək maraqlarının dayandığı iddia olunur. Aydındır ki, son illərdə böyük neft-qaz gəlirləri əldə edən Putin bu vəsaitləri Rusiyanın yenidən dirçəldilməsinə və yeni iddialar ortaya qoymasına sərf edib. Bu prosesin qarşısını almaq, Rusiyanı zəif duruma salmaq hazırda Qərb üçün əsas hədəfə çevrilib. Çünki Suriya hadisələri, o cümlədən Gürcüstandakı son seçkilər göstərdi ki, Rusiya qüdrətli dövlət olaraq qaldıqca Qərbin açılım layihələrinə qarşı ciddi müqavimət göstərəcək.
Bu baxımdan Qərbin açıq şəkildə Ukraynada etiraz edən müxalifətin yanında olması və inqilabın qələbə çalmasına dəstək verməsi onu göstərdi ki, bu savaş, əslində, Qərb və Rusiya arasında yeni toqquşmadır.
Qafqazda da oyunçular yerdəyimə edə bilər. Ukraynada qərbyönlü qüvvələrin hakimiyyətə gəlməsi AB ilə assosiativ sazişi imzalamış Moldova və Gürcüstan üçün böyük imkanlar deməkdir. Eyni zamanda keçmiş GUAM formatının, yəni post-sovet məkanında Rusiya çətirindən kənarda ölkələrin birliyini yenidən aktivləşdirəcək. Bundan başqa, Ukraynanı itirməsi Rusiyanın Avrasiya İttifaqı layihəsindən əl üzməsi, bu layihənin fiaskoya uğraması demək olacaq. Çünki Ukraynanın bu sazişdən imtina etməsi Azərbaycan hakimiyyətinin də əlini gücləndirir. Bu baxımdan Ukraynanı itirməsi Rusiya üçün böyük məğlubiyyətdir. Ancaq o da görünür ki, Rusiya bununla barışmaq istəmir, sona qədər Ukrayna üzərində təsirini qoruyub saxlamağa çalışacaq. Hətta bunun üçün ciddi siyasi və hərbi təsir göstərməyə də hazırdır.
Ukraynada proseslərin bu şəkildə davam etməsi Avropa Birliyinin, Qərbin bu bölgəyə yayılması, Rusiyanın təsirlərinin daha da zəiflədilməsi ilə nəticələnəcək. Əlbəttə, artıq indidən qəti nəticədən danışmaq tələskənlik olsa da, baş verənlər göstərir ki, Rusiyaya qarşı bu həmlə davamlı olacaq. Qərb Rusiyanın bu bölgədə təsirlərini zəiflətməyə çalışacaq.

birlik.az

Комментариев нет:

Отправить комментарий