Страницы

26.02.2014

ŞEYX FAZİL QAFQAZİ LƏNKƏRANİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Qafqazi ləqəbi ilə məhşur olan Ayətullah Şeyx Fazil Lənkərani, Ayətullahül-üzma Şeyx Məhəmməd Fazil Lənkəraninin atasıdır. O, yüksək dərəcəli fəqih və dəyərli islam alimlərindən biri kimi, öz əsrində mərcəyi təqlidlər tərəfindən ən elmli hesab olunan şəxsiyyətlərdən biridir. O, 1892-ci ildə Lənkəranın Ərkivan kəndində pak və nəcib bir ailədə dünyaya göz açıb.
Atası Hacı Bəşir təqvalı və dindar bir tacir, öz ad-san, hörmət və əqidəsinə görə el arasında özünə məxsus şəxsiyyətə malik olub. O zaman Ərkivan kəndi çox da böyük olmasına baxmayaraq, geniş inkişaf etdiyinə görə çoxlu alim və müctehidlər yetişdirib cəmiyyətə təqdim etmişdir. Onlardan yüksək dərəcəli alim kimi Şeyx Mustafa Lənkərani, Hacı Axund, Şeyx Bəşir Lənkərani, Şeyx Əbdürrəhim Badkubəyi, Molla ağa Şeyxül İslam və başqalarının adlarını qeyd etmək olar ki, onlarında bəziləri Nəcəfi-əşrəfdə dərs alıblar.
 Fazil Lənkərani Qafqazi yeniyetmə ikən islam elmlərinə geniş marağı olduğu üçün ərəb ədəbiyyatının müqəddimat dərslərini öz kəndində siqətul-islam Məhəmmədquludan öyrənməyə başlayır. İyirmi iki yaşında İranın Ərdəbil şəhərinə köçür və müqəddimat dərslərinin davamını orada Ağa Seyyid Məhmud Ərdəbilidən alır. Bundan sonra Zəncan elmi hövzəsinə gedir və üç il orada qalaraq Axund Molla Məhəmməd Təqi Müdərris və Saleh Mirzə Nəqi kimi məhşur ustadlardan dərs alaraq təhsilini davam etdirir. Bundan sonra Qafqaza öz vətəninə qayıdır və şəri vəzifəsini yerinə yetirməyə başlayır. Amma bu dövrdə bolşeviklərin hakimiyyətə gəlməsi nəticəsində ruhanilər müəyyən problemlərlə üzləşmişdilər. Trotskistlər müsəlmanlara əzab-əziyyət verdiklərinə və ruhaniləri güllə-baran etdiklərinə görə, alim Qafqazda qala bilməyib bir daha İrana qayıdır. Əvvəlcə Məşhəd şəhərinə gedir və orada məhşur alimlər Ayati-izam Mirzə Məhəmməd Ağazadə (Axund Xorasaninin oğlu), Ağa Hüseyn Borsi, Hacı Ağa Hüseyn Təbatəbai Qumi kimi ustadlardan ali səviyyədə “fiqh xaric” dərslərini alır. “Hikmət” və “Fəlsəfə” dərslərini isə Ağa Şeyx Əsədullah Yəzdi və Ağa Şeyx Həsən Kaşanidən öyrənir.
 Fazil Lənkərani təxminən 1930-cu illərdə öz təhsilini təkmilləşdirmək məqsədi ilə, Qum şəhərinə gəlir. O zamanlar Qum elmiyyə ocağı Ayətullah Şeyx Əbdül Kərim Hairinin vasitəsi ilə yenicə fəaliyyətə başlamışdı. Məhz bundan sonra hər tərəfdən məhşur alimlər Əhli-beyt ocağına- Fatimeyi Məsumənin başına yığışaraq, bu şəhəri islam məktəbinə çevirdilər. Fazil Qafqazi də bu şəhərdə qalmağı qərara alır və üsul və fiqh dərslərini ali səviyyədə Ayətullah, Hairi Yəzdidən əxz edir. Bu vaxtlarda Şeyx oxuduğu dərsləri İmam Xomeyni ilə mübahisə edirdi. Qum şəhərində Ələvi seyidlərindən olan Musa Mübrəqənin (Qumda dəfn olunub) nəslindən pak və nəcabətli qadınla ailə qurur və çoxlu övlad sahibi olur. Bu övladlardan ən çox tanınmışı Ayətullahül-uzma Məhəmməd Fazil Lənkəranidir.
 Qafqazi Qum şəhərində Ayətullah Hairi Yəzdinin seçilmiş və çalışqan tələbələrindən biri idi. Ustadın tədris etdiyi dərslərin çoxunu toplayıb kitab şəklinə salmışdır. Ustadın çoxlu kitablarına, o cümlədən Kitabi səlata, üsula dəqiq haşiyələr yazmışdır. Çox keçmədən alim ictihad dərəcəsinə yetişir və bu yolda o qədər çalışır ki, Lənkəranda və Azərbaycanın digər şəhərlərində mərcəyi-təqlidə çevrilir. Ayətullah Şeyx Məhəmməd Fazil Lənkərani öz atasının barəsində belə buyurur: “Atam yaşadığı dövrdə dövlət tərəfindən ruhanilərin libasını çıxarılması məsələsi qarşıya qoyulmuşdu. Şah məmurları çox çətinliklər yaradır və ruhanilərə əziyyət verirdilər. Qumda hər gün səhər şahın məmurları Feyziyyə mədrəsəsinə gəlib, ruhani libası geymiş tələbələri özləri ilə naməlum yerə aparırdılar. Buna görə də sübh gün çıxmamışdan əvvəl tələbələr mədrəsədən çıxıb Qumun yaxın kəndlərinə pənah aparır, hava qaraldıqdan sonra mədrəsəyə qayıdırdılar. Əgər bir nəfər mədrəsədə qalsaydı, gərək elə hərəkət edəydi ki, guya burada heç kəs yoxdur. Atam deyərdi: “İmam Xomeyni başda olmaqla dostlarımızla iclas təşkil etmişdik. Bu iclasın aktual məsələsi bu idi ki, əgər iş o yerə çatsa, şahın məmurları bizim ruhani libaslarımızı çıxartsalar, bizim vəzifəmiz nədir? Axırda belə qərara gəldik ki, əgər bizim ruhani libaslarımızı əlimizdən alsalar da, biz hər hansı yolla olursa-olsun, əsas vəzifəmiz olan xalqa yol göstərmək və xalqı düz yola dəvət etmək borcumuzu yerinə yetirək”.
 Mərhum Ayətullah Lənkərani, Ayətullah Burucerdinin Qum şəhərinə gətirilməsinə və ona tam səlahiyyətli mərcəiyyət verilməsinə çalışmış və bu məsələnin həll edilməsinə nail olmuşdur. Burucerdi Quma gəldikdən və mərcəiyyət məqamını aldıqdan sonra onunla sıx əlaqədə olan ən yaxın şəxslərdən biri Ayətullah Fazil Qafqazi Lənkərani idi. Çox vaxt o, Ayətullah Lənkəranini ehtiram və etimadla başqalarına tanıtdırırdı. 
 Ayətullah Lənkərani Burucerdinin sual soruşduğu dostları sırasında idi. O, mədrəsələrin çətinlikləri və başqa tərbiyəvi məsələlərdə Lənkərani ilə məsləhətləşirdi. Ayətullah Lənkərani tələbələrin çətinliklərinin və istəklərinin yerinə yetirilməsində Ayətullah Burucerdi üçün etibarlı bir vasitə idi. Ayətullah Lənkərani var qüvvəsi ilə tələbələrin çətinliklərinin həll olunması üçün ciddi çalışırdı və bu işdə heç nəyi əsirgəmirdi. 
 Ayətullah Fazil Qafqazidən az əsərlər yadigar qalmışdır. Bunun da əsas səbəbi həmişə müxtəlif ali və orta səviyyələrdə dərs verməsi və ictimai məsələlərlə çox məşğul olmasıdır. Bununla belə, onun əsərlərindən “Nətaicül-əfkar”, “Ayətullah Burucerdinin dərslərinin Təqriratı”, “ Səlat və üsulun haşiyəsi” kitablarını qeyd etmək olar. Dəyərli alim 1972-ci ildə dünyasını dəyişmiş və Qumda Hacı Şeyx Əbdülkərim qəbiristanlığında basdırılmışdır.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий