Страницы

23.02.2014

SOVET həqiqətləri

Dedilər ki sovet “ işğalçı” olub, “talançı” olub, sərvətimizi daşıyıb- aparıb. İndi hər il “sovet işğalından” qurtuluşu bayram edirlər. Onların elmi, siyasəti, təbliğatı hamısı bu yalan üzərində qurulub. “inkişafdan”, “maaş” artımlarından əhalinin guya artan gəlirləri haqqında fantastik statistikalar uydururlar. Kapitalizmin bərpasından iyirmi ildən çox vaxt keçir, gəlin araşdıraq görək Sosialist Respublika hakimiyyəti dövrüylə müqaisədə əhalinin pul gəlirləri artıbmı?
Kapitalizmin bərpasından indiyənə kimi Azərbaycanda təqribən yarım milyard ton neft çıxarılıb, hansı ki hazırki bazar qiymətləriylə bu 250 milyard dollar pul deməkdir. Sizin gəlirlər necə, artdımı?

Sürücü: Sosialist Respublika hakimiyyəti zamanı adicə tramvay- trolleybus sürücüsü 140 manat maaş alırdı, bəlkədə bu pulun nominal göstəricisi kiməsə “az” görünə bilər amma pulun REAL dəyəri, alıcılıq qüvvəsi onun nominal göstəricisi və sıfırların sayıyla ölçülmür. Biz sovetin troleybus sürücüsünün maaşını indiki dövrün elmlər doktorunun maaşı ilə müqaisə edəcəyik, hətta. Hazırda ali məktəbdə dərs deyən orta statistik elmlər doktorunun aylıq gəliri elmi dərəcə pulu ilə birlikdə 450  manat təşkil edir, bəs elmlər doktoru bu pula nə qədər ət ala bilər? 45 kiloqram ət almaq olar. Bəs sovetin troleybus sürücüsü necə, aldığı 140 manata nə qədər ət ala bilərdi? Orta hesabla 70 kiloqram ət ala bilərdi. Bu isə o deməkdir ki, sovetin trolleybus sürücüsü indiki kapitalist Azərbaycanın elmlər doktorundan REAL olaraq az qala 2 dəfə çox qazanırdı. Sosialist Respublika hakimiyyəti zamanı elmi dərəcəsi olan dosentin maaşı 320 manat təşkil edirdi. Bu pula sovet dosenti 150 kiloqram yüksək keyfiyyətli doktorski kolbasa alardı lakin bu gün 2 min dollar maaş alan deputat isə  maaşına  hazırda cəmi 100 kq doktorski kolbasa ala bilər. Bu isə o deməkdir ki, sovetin unversitet müəllimi indiki deputatdan 1.5 dəfə çox REAL qazanc əldə edirdi. Sovet dosentinin maaşının REAL alıcılıq qabiliyyəti hazır ki, Milli Məclis sədrinin, nazirlərin maaşının real alıcılıq qabiliyyətinə bərabər idi. Bu isə o deməkdir ki, hazırda orta statistik bir dosent ayda 3- 4 min manat maaş almalıdır ki, sovet dövrüylə müqaisədə gəlirinin REAL olaraq artığından danışa bilsin. Əgər kapitalizm şəraitində Azərbaycanda ən yüksək kateqorya maaşlardan olan millət vəkili maaşı 25- 30 il əvvəl ki, sovetin instut müəlliminin maaşından REAL olaraq 1. 5 dəfə azdırsa onda baxın ki, fəhlənin, müəllimin, həkimin vəziyyəti necə acınacaqlıdır və “maaşların artımı”, “əhalinin pul gəlirlərinin artımı” haqqında danışılan söhbətlər nə qədər mənasız bir şeydir.
Həkim: Sosialist Respublika hakimiyyəti zamanı həkimin aylıq maaşı 210 manat təşkil edirdi. Sovet həkimi bu maaşa nələr ala və hansı xidmətlərdən istifadə edə bilərdi? Sovet həkimi cəmi 30 manata Sovet İttifaqının ən tanınmış krortlarında, istirahət düşərgələrində iki həftə istirahət edə bilərdi. Bu gün 30 manat pula heç Bakı bulvarında da istirahət etmək mümkün deyil. Hazırda dağüstü parkda bir dəfə çay içməyin minimum xərci 25 manatdan başlayır. Amma bu pula sovet vaxtı vətəndaş gedib Rusiyada iki həftə dincəlib gələrdi ( iş yerindən göndəriş əsasında).
Siz fikir verin, Sosialist Respublikaya qarşı təşkil olunmuş qəsddən 23 il ötür amma Azərbaycan həkiminin hazır ki maaşının NOMİNAL göstəricisi belə sovet vaxtındakı maaşından azdır, hələ biz REAL alıcılıq qabiliyyətindən danışmırıq. Sovet vaxtı həkim aldığı 210 manatla bazara girərdi 20 kq ət alardı, 20 kq yüksək keyfiyyətli kolbasa alardı, sonra cəmi 2- 3 manata bütün kommunal xərclərini( qaz, işıq və. s) ödəyərdi və bütün bunlardan sonra onun cibində 117 manatda pul qalardı amma indi 20- 30 il sonra həkim aldığı 180 manat maaşı qoysun cibinə və girsin bazara sovet həmkarının etdiyi bazarlığın heç ¼ – nidə edə bilməz və bazardan çıxanda onun cibində qalsa- qalsa ancaq avtobus pulu və hələ də ödənməmiş kommunal borcların qəbizləri qalacaqdır. İyrənc kapitalizmin 23 ildə bu xalqa verdikləri ancaq budur.
Müəllim: Sosialist Respublika hakimiyyəti zamanı müəllim (orta məktəblərdə) 132 manat, elmi dərəcəsi olmayan əməkdar müəllim isə 170 manat maaş alardı və 1 kq ətin 1 manat 75 qəpik olduğu bir ölkədə bu 90- 100 kq ət demək idi, bu gün bu miqdarda ətin qiyməti 1000 manat təşkil edir, bəs müəllimin maaşı min manatdırmı? Yox, indi müəllim cəmi 180 manat maaş alır. Deməli müəllimin maaşının artımından danışmaq üçün gərəkdir ki, müəllim maaşı ən azı 1000 manat olsun və yalnız bundan sonra müəllim sovet həmkarıyla müqaisədə gəlirinin REAL olaraq artmasından danışa bilər. Bu isə o deməkdir ki, müəllimin REAL əmək haqqı sovet dövrüylə müqaisədə 8 dəfə azalıb. Əgər kimlərsə inanırsaki kapitalizm şəraitində bu fərqi örtmək mümkündür, YANILIR. Bu kapitalizmdə həyata keçirilməsi mümkün olmayan arzudur. Nə üçün? Məgər müəllimin əmək haqqını 8 dəfə artırmaq mümkün deyil? Əlbətdə mümkündür amma bazar qiymətlərinin və xidmətlərin 10 dəfə bahalaşmasından sonra.
Tələbə: Tələbələr sovet hakimiyyəti zamanı təhsil haqqından tamamı ilə azad idilər və üstəlik dövlət tələbələri yüksək təqaüd və pulsuz yataqxanalarla təmin edirdi. Sosialist Respublika zamanı zərbəçi tələbə ayda 50 manat tələbə təqaüdü alırdı. Yeməkxanada katletin birinin 10 qəpik, 1 stəkan kompotun cəmi 4 qəpik, çörəyin 2 qəpik olduğu bir ölkədə tələbə üçün 50 manat pul yüksək məvacib hesab oluna bilərdi. Məsələn bir nəfər alim mənə danışırdı ki: “Sovet vaxtı Kiyevdə aspiranturada oxuyurdum. Dövlət ayda 85 manat təqaüd verirdi və bundan əlavə yemək çeki verirdi və biz gündə 2 dəfə bu çeklərdən istifadə edərək pulsuz yemək yeyirdik. Bura isti, soyuq yeməklərdə daxil olmaqla ürəyin istəyən kimi qidalanma daxil idi. İstirahət günləri isə xüsusi yeməkxanalar təyin edilmişdir ki, ora daxil olub çekləri verib yemək yeyə bilərdik. Pulu xərcləməyə yer yox idi; yataqxana pulsuz, yemək pulsuz, ona görədə təqaüdü yığırdıq və evə gələndə inanın elə bil oxumaqdan yox qazancdan gəlmişik kimi bir təsürat yaranırdı. Kiyev Bakı təyyarə bileti 45 manat idi. İldə bir- neçə dəfə gəlib gedərdik pulun qalanınıda evə verərdik”.
Bəs indi? Tələbələrin 85%- i təqaüddən məhrum edilib. 75% tələbə pullu təhsil alır. Bunun müqabilində kirayə haqları baha, qiymətlər baha; budurmu kapitalizmin bizlərə vəd etdiyi işıqlı gələcək?
Sosialist Respublika hakimiyyəti zamanı pulsuz təhsil alan, pulsuz yataqxanayla və 50 rubul təqaüdlə təmin olunan tələbə istədiyi yeməkxanada porsu cəmi 5 qəpiyə vineqred yeyə, 30- 40 qəpiyə qarnını doyura bilər hələ istəsə üstündən 1 bakalda pivə ötürər ( 0,5 litri 20 qəpik), cəmi 5- 10 qəpiyə kinoteatrda bir seans film izləyə bilərdi və bütün bunlara çəkilən xərc bir manatı keçməzdi. Biz bu cəmiyyətin qədrini bilmədik onu kapitalizmin ucuz reklamına dəyişdik. Ona görədə kapitalizm indi bizim başımızda “qədirağacı” əkir.
Türkiyəli jurnalist Banu Avar şərqi Avropa ölkələrinin birində (keçmiş sosialist ölkəsi Çexyada) səfəri zamanı bir restoranın tarixçəsindən və olduqca heyrətlə danışırdı. O, bildirirdi ki kommunistlərin vaxtında burada 1 krona (sovetin 80 qəpiyi) əməlli başlı nahar edərmişlər, amma indi burada kofenin bir fincanını 100 dollara satırlar. Bu bir tək sosialist şərqi Avropadamı belə idi? Yox, bu hal bütün sosialist dövlətlərinə xas xüsusiyyət idi.

P. S. Bu gün dünyagörüşcə zəif adamlar sosializmi “dövlətin verdiyi qəpik- quruşla kifayətlənən aciz, təmbəl insanların cəmiyyəti” kimi xarakterizə etməyə çalışırlar və nədənsə heç başa düşmək belə istəmirlər ki, sovetin həkimə verdiyi 210 rubul bu günün 2 min manatına bərabər bir məbləğ idi. Və yaxudda unversetdə dərs deyən elmlər namizədinin aldığı 300- 350 rubl öz alıcılıq qabiliyyətinə görə hazırda ancaq nazir və komitə rəhbərlərinin maaşı ilə müqaisə oluna bilər. Təbii ki, bu hələ ancaq maaş formasında işçiyə çatan gəlir idi. Amma sosializmdə paralel olaraq ictimai- istehlak fondlarının xətti ilə də təminatlar mövcud idi. Bura işçilərin müəssə hesabına pulsuz mənzillə təminatından tutmuş hər bir işçinin dövlət vəsaiti hesabına içtimai sığortasına qədər çeşidli xidmətlər və təminatlar daxil idi.

QEYD; Bir rubl:  — 33 stəkan limonadlı meyvə şirəsi;
                              — trolleybus və ya metroda 20 gediş;
                              — gündüz seansı üçün 20 bilet;
                              — kişi bərbəri və ya hamama 5 dəfə getmək imkanı;
                              — yeməkxanada mükəmməl bir nahar;

  SOSİALİST RESPUBLİKA UĞRUNDA MÜBARİZƏDƏ BİRLƏŞƏK!!!

kommunist.biz

Комментариев нет:

Отправить комментарий