Rövşən Yerfi
Tanrıma…
Tək mütləq həqiqəti ölüm olan həyatın, hüdudsuz kainatın məntiqi sonluğu heç demə, onun sadəcə ötəriliyində imiş. Yaşadığımız zaman, verilən can, yetirilən mal ötəriliyindən savayı bir şey deyilmiş… Həm ötəri, həm də əbədi aləmin sahibi - uca Tanrımın dərgahında güman və inam var ki, dünyaya gələn hər bir insanın əvvəli də, sonu da, sonsuzluq – əbədiyyət karvanındakı yeri də məlumdur. Yəni, hətta ona qullarından kimin cənnətə, kimin cəhənnəmə düşəcəyi də əvvəlcədən məlumdur!..
Bunları düşünərkən qəlbimdə Tanrıma məlumluqla bağlı saysız suallar yaranır: əgər nəticə əvvəlcədən bəllidirsə, Adəmdən bəri bəndəsinə kolbaya bənzər həyat adlı “sınaq şüşəsində” əzablar çəkdirmək nəyə lazım? Cənnətin, cəhənnəmin dəyərini artırmaq üçünmü? Bu “demokratik” imtahan – avtokrat olmağını pərdələmək xatirinədir, yoxsa insanın “faili muxtarlığını” sərgiləmək üçünmüdür? Mənası olmayan yarımçıq azadlıqla insan, demək, ömrünü məlum “təyinatına” sərf edirmiş? Aldadıcı həzzdən, əyləncədən ibarət dünya həyatı ilə bəşər əhlinin başını qatmaq, ələ salmaq çoxmu gərəkdir?..
Onda elə isə, ey ali Yaradıcı, sənə yalnız hər şeyi aşkar olan bu “müqəddəs oyunun” məlum nəticələrini gözləmək qalır – uğurla başa vurub, yeni oyuna başlamağın üçün… Rəhm və rəhmanına şükürlər, oyunçu aparsın!..
Qədər
Uca Tanrı tərəfindən dünyada, hər şeyin və hər kəsin müəyyən edilmiş ölçüsü, həddi - qədəri var. O ayrılan qədərə istənilən canlını, ələxsus insanı sürükləyən, təbii ki, daxilindəki bitib-tükənməyən nəfsidir. İnsan mələyə dönərdi nəfsi olmasaydı. Böyük Yaradan bəndəsini yaradanda nəfsi - onun bütün ömür boyu hərəkətverici qüvvəsi seçib. Şüurumuzda yerləşən bu hiss bizi düşündürür, fəallaşmağa istiqamətləndirir və yaşadır. Odur ki, nəfssiz insan yoxdur.
Şübhəsiz, nəfsin dərəcəsi qədərindən çox olanda tamaha çevrilir. Tamah isə həmişə Şeytana meyilli olur. Şeytan məhz tamahın köməyi ilə insanı əsirinə döndərib Tanrının yolundan azdırır.
Nəfsinin qulu olan bəşər əhli yaranışından tamahına görə, girovuna çevrildikləri qəribə bir sehrin təsirindən heç vaxt qurtula bilməyib və bir qayda olaraq əksərən Tanrımın sınağından üzüqara çıxıb. Səmadakı Cənnətdən Adəmi qovduran tamah az imiş, Yerdə də qardaşı qardaşa düşmən etdi: Qabil dünyanın ilk qatili, Habil isə birinci nakamı oldu. Görəsən insanlığın nəfsinin qədərinə qane olub, tamahına qalib gələcəyi gün – nə zamansa gələcəkmi?!. O gün güman ki, - Şeytanın intihar günü olacaq…
Dünyanın, həyatın mənası qədərdədir. Hər şey gözdən düşür, əhəmiyyətini itirir qədərini ötəndə. Hətta yaşamaq da…
Ən çox sevdiyim üç dua
Səhər gözümü açandan - gecə yatanadək, hətta yuxuda da ruhuma hopmuş, Tanrıma ünvanlanan üç yalvarış hər vaxt dilimdən düşmür. Ən əvvəlincisi: ”Ya Tanrım, Sən kömək ol mənə!” Hər işi başlayanda ilk növbədə ağlıma bu istək gəlir. Bəzən öz-özümə soruşuram: özündən böyüyə sən deməyi mədəniyyətsizlik sayan bəndə niyə öz İlahisinə Siz deyə müraciət etmir? Heç bir pafossuz, təntənəsiz, sadəcə “Sən” deyir. Bu “Sən” – onun təkliyinin müqəddəsliyinə olan inamımızdanmı, yoxsa könlümüzə ən yaxın, ən məhrəm bildiyimizə görəmidir?.. Qəribədir insan: qəlbindəkiləri sevsə də, həmişə hansısa səbəbdən ehtiramı, mədəniyyəti başqaları üçün edir…
“Ey Tanrım, sənə qurban olum, səni tanımayan kafirdir. Həmd olsun sənə!” Böyük Yaradan hər dəfə məni heyrətləndirəndə özümdən asılı olmayaraq ürəyimdən belə nida gəlir. Doğrudanmı ona qurban olmağa hazıram? Yoxsa xoşuna gəlməkdən ötrü dilxoşluq edirəm? İstəsəm də, o şərəfə layiqmiyəm? Düşünürəm ki, şübhəsiz, mənim kimi hər qurban olmaq istəyəni, O, özünə qurban seçməz. Heç ehtiyacı da yoxdur. Hər şeyi görən, duyan Ulu Qüvvə - onu kim nə qədər sevir, hamıdan yaxşı bilir.
Həyatın pis üzünü xatırladığım anlarda ürəyimi şükürlə ovundururam: ”Tanrım, şükür yaratdığın günə. Verdiyini mənə çox görmə!” Nicat şükürdədir, naşükürlükdən xeyir tapan olmayıb. Həyat - yaradanını unutmayıb şükür edənlərin, yaşadığı anın dəyərini bilənlərindir.
Hərdən mənə elə gəlir ki, bu yalvarış dolu dualar gəlib-gedən nəfəsimdir…
Tanrımın bayramları
Tanrım heç nəyi tək yaratmadıığı kimi bayramını da – ramazan və qurbanı da cüt yaradıb. İldə ən azından iki dəfə də olsa insanlara özünü xatırlatmağa, düşündürməyə sövq etmək üçün. Yəni: “Ey naşükürlər, bəndəm olmağınızı, insanlığınızı, unutmayın!”
Ramazan ayı – insanın özünə qayıdışı, ona maddiyyatın heç də əsas amil olmamasının anladılması, ruhun dirçəlməsi, təmizlənib paklanması, təntənəsi ayıdır. Bu ay sanki, O, bəndələrini ildə bir ay da olsa belə, əsl insan kimi yaşamağa, günahdan, haramdan uzaq olmağa vadar edir. Bəşəriyyəti sülhə, ədalətə, özünüdərkə səsləyir. Nahaqdan Ramazana on bir ayın sultanı deyilmir.
Qurban bayramı - əzizlərini, yaxınlarını, kasıbları, kimsəsizləri Tanrı xatirinə xatırlamaq, dayaq olmaq, hamını qurbanlıq ət payı ilə sevindirmək bayramıdır. Bayram, ələxsus, qullarının hər birinə ət qidasını yemək, onu pulsuz əldə etmək fürsətinin verilməsidir.
Bu bayramlarla Tanrım insanın əvvəlcə ruhuna , sonra isə cisminə qüvvət verir. Ruhsuz bədən yaşaya bilmədiyi kimi bədənsiz ruhun da maddi dünyamızda mövcudluğu mümkün deyil. Elə bil ruhla maddiyyatın – bədənin vəhdətinin anladılması bayramlarıdır – bu müqəddəs bayramlar...

Комментариев нет:
Отправить комментарий